Məhkəmə qərarları › İş №2-1(103)-3787/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3787/2025

06.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3787/2025 06.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Qasımov Vidadi Kamal oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı "xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi" tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6863/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək pensiyasından tutulmanın əsassız edilməsi və tutulmanın dayandırılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bundan sonra o, iddianın dəyişdirilməsi barədə ərizə verərək əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini, əmək pensiyasından aparılmış tutulmanın qanunsuz hesab edilməsini və geri qaytarılmasını xahiş etmişdir. Daha sonra o, yenə də iddianın dəyişdirilməsi barədə ərizə verərək əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən, iddia tələbi "əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi" kimi dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 28 dekabr 2024-cü il tarixli 03- 17-1/L K322060/2024 nömrəli məktubla iddiaçıya bildirmişdir ki, xx.xx.2021-ci il tarixli müraciəti əsasında əmək pensiyası yenidən hesablanarkən fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2006-cı ildən xx.xx.2013-cü ilədək qeydə alınmış pensiya kapitalı 6364,43 manat (2013-cü ilə indeksləşdirilmiş) hesablanmalı olduğu halda, 8513,57 (2013cü ilə indeksləşdirilmiş) manat nəzərə alınaraq hesablanmışdır". Cavabdeh həmçinin qeyd edir ki, ((Qanunun 37.3.1-ci maddəsinə əsasən (6 illik) yenidən hesablama zamanı fərdi şəxsi hesabınızın sığorta hisəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2013-cü ildən xx.xx.2019-cu ilədək nəzərə alınmalı olduğu halda, xx.xx.2013-cü ildən 2020-ci ilədək nəzərə alınaraq hesablanmışdır. Cavabdeh bunu əsas gətirərək hər ay pensiyasından 78 manat məbləğində tutur. Pensiyasından tutulmanı əsassız hesab edir. Belə ki, 2013-cü ildə cavabdeh tərəfindən buraxılmış səhvə görə (11 il keçdikdən sonra) iddiaçının pensiyasından tutulmanın həyata keçirilməsi qüvvədə olan qanunvericiliyin tələblərinə ziddir. Bundan əlavə, xx.xx.2019-cu ilədək hesablanmalı olduğu halda xx.xx.2020-ci ilədək olan pensiya kapitalı əsasında hesablamanı səhv hesab etmir. Belə ki, son nəticədə iddiaçının pensiyası xx.xx.2020-ci ilin kapitalına uyğun hesablanaraq ödənilməlidir. Pensiya ödənişi vaxtaşırı icra edilməli öhdəlikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü bəndində qeyd olunur ki, "Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir". Qanunvericilik başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6863/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, cavabdeh tərəfindən İddiaçı barəsində qəbul edilmiş "Əmək pensiyasının yenidən hesablanması haqqında" xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, ilk dəfə yenidən hesablama zamanı nəzərə alınan pensiya kapitalının məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, pensiya kapitalının indeksləşdirilməsi qaydası ilə bağlıdır və cavabdeh tərəfindən bildirilənlər iddiaçının inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi hal kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab etmişdir ki, nəzərə alınan pensiya kapitalına münasibətdə iddiaçının etimadının qorunması hüququnu istisna edən hər hansı hal mövcud deyildir. Məhkəmə qeyd edir ki, İddiaçı hazırda işləməyən əmək pensiyaçısıdır və bu əsasla əmək pensiyasının yenidən hesablanması hüququna malikdir. Cavabdeh orqan iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı xx.xx.2013-cü ildən xx.xx.2019-cu ilədək olan dövrü nəzərə almalı olduğu halda, bu dövrü xx.xx.2013-cü ildən xx.xx.2020-ci ilədək əmək pensiyasını yenidən hesablamış və "artıq ödəmə" yaranmışdır. Lakin nəzərə alınmalıdır ki, iddiaçının əmək pensiyasını 2025-ci ildə yenidən hesablayan zaman iddiaçının fərdi vəziyyətini nəzərə alaraq cavabdeh qeyd edilənləri aradan qaldırmaq, yəni xx.xx.2020-xx.xx.2025-ci ilə münasibətdə yenidən hesablama həyata keçirmək imkanı mövcuddur. Aydındır ki, toplananların yeri dəyişəndə cəm dəyişmir. Yəni iddiaçının növbəti dövr üçün əmək pensiyasının yenidən hesablanması zamanı xx.xx.2019-cu ildən deyil, xx.xx.2020-ci ildən hesablanmaqla yol verilmiş uyğunsuzluğu iddiaçının hüquqlarını pozmadan və ona hər hansı narahatlıq yaşatmadan, özündən asılı imkanlarla aradan qaldırıla bilərdi. Həmçinin, faktiki olaraq cavabdeh tərəfindən qəbul edilmiş əlverişsiz inzibati akt "İnzibati icraat haqqında" Qanunun tələbləri (maraqlı şəxsi icraata cəlb etmək, onun dinlənilmə hüququnu təmin etmək və s.) riayət edilmədən qəbul edildiyi işin mübahisəsiz halıdır. Belə ki, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, "Əmək pensiyasının yenidən hesablanması haqqında" qərar qəbul edilməmişdən öncə iddiaçıya bildiriş göndərilməmiş, şəxs inzibati icraata dəvət edilməmiş və dinlənilmə hüququ pozulmuşdur. İşin hallarına əsasən, İddiaçı dinlənilmə hüququnu istisna edən qanuni müddəa olmamışdır. Həmçinin məhkəmənin mövqeyi Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-3135/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarında ifadə edilən aşağıdakı hüquqi mövqeyə əsaslanır: "54. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 6.1.4-cü bəndinə görə, əmək pensiyasının yenidən hesablanmasına əsas olan hallardan biri də Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığının aşkar edilməsi halıdır.

55. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya təyin edildikdən sonra pensiya təyinatını həyata keçirən orqan sonradan apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığını aşkar etdikdə, bununla bağlı şəxsin pensiya işində pensiya təyin olunmasına əsas olan hər hansı sübutun mötəbərliyini şübhə altına aldığı təqdirdə "İnzibati icraat haqqında" Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər.

56. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar "İnzibati icraat haqqında" Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur.

57. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, "lazımi idarəetmə" prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə "səhv"in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140).

58. Beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün "İnzibati icraat haqqında" Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz". Birinci instansiya məhkəməsi hesab etmişdir ki, şəxsə münasibətdə əlverişli inzibati aktın ləğvi üçün "İnzibati icraat haqqında" Qanunun 68.2-ci maddəsində nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud olmalıdır, hazırda isə həmin dörd əsasdan heç biri müəyyən edilmir və cavabdeh qeyd edilən hallardan hər hansı birinə əsaslanmır. Lakin cavabdeh qurum faktiki olaraq inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində həmin aktı qəbul etməməyə haqlı olduğunu qeyd edir. Vaxtilə inzibati orqan tərəfindən məhkəmə təcrübəsinə uyğun olaraq tətbiq olunan qanunun vətəndaşı əlverişsiz vəziyyətə salmaqla səhv olduğuna dair qənaət vətəndaşın dövlətə olan etimadı ilə bağlı məsələləri ortaya çıxara bilər. Məhz etimad prinsipinin pozulması ictimai maraqlara ziyan vura bilər. Odur ki, qanuni əlverişli inzibati aktın ləğvi üçün iki dispozisiya şərti yerinə yetirilmiş olmalıdır: inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olması ilə yanaşı həm də: ı) ya maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etməməli, ıı) ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirməməli; ııı) ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmalıdır. (ı) və (ıı) halların hazırkı situasiyaya aidiyyəti yoxdur. Lakin (ııı) hala münasibətdə qeyd edilməlidir ki, əksi, yəni məhz həmin qanuni əlverişli inzibati aktın ləğvi ictimai maraqlara ziyan vura bilər, yəni qeyd edilən halda etimad prinsipi pozulmuş olar. Belə ki, dövlət maraqları və ictimai maraqlar məhz "etimad" prinsipinə riayət etməklə təmin edilmiş olur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 7-ci maddəsinin xx.xx.2013cü ildə qüvvədə olmuş tələblərinə əsasən, İddiaçı həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Pensiya işi qovluğunda olan sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən xx.xx.2006-cı ilədək 29 il 3 ay 21 gün sığorta stajı və xx.xx.2006-cı ildən xx.xx.2013-cü ilədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan 6364,43 manat (2013-cü ilə indeksləşdirilmiş) pensiya kapitalı, pensiya təyin olunan tarixdən sonra 6 il işlədiyi üçün xx.xx.2013-cü ildən xx.xx.2019-cu ilədək 11937,25 manat (2019-cu ilə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2021-ci ildən 552,98 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən, iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2022-ci ildən 571,78 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü ildən əlavə edilmiş 26.4-cü maddəyə əsasən, 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Sözügedən maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği xx.xx.2023-cü ildən 588,44 manat müəyyən edilib və Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq indeksləşdirilərək həmin tarixdən 674,94 manata, xx.xx.2024-cü ildən 750,53 manata çatdırılıb. Qanunun 39.1-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Xidməti araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının xx.xx.2021-ci il tarixli müraciəti əsasında əmək pensiyası yenidən hesablanarkən fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2006-cı ildən xx.xx.2013-cü ilədək qeydə alınmış pensiya kapitalı 6364,43 manat (2013-cü ilə indeksləşdirilmiş) hesablanmalı olduğu halda, 8513,57 (2013-cü ilə indeksləşdirilmiş) manat nəzərə alınaraq hesablanmışdır. Həmçinin, Qanunun 37.3.1-ci maddəsinə əsasən, (6 illik) yenidən hesablanma zamanı iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2013-cü ildən xx.xx.2019-cu ilədək nəzərə alınmalı olduğu halda, xx.xx.2013-cü ildən xx.xx.2020-ci ilədək nəzərə alınaraq hesablanmışdır. Nəticədə Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla İddiaçı əmək pensiyasının məbləğində xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilədək artıq ödəmə müəyyən edilmişdir. Bundan əlavə olaraq, iddiaçının xx.xx.2025-ci il tarixli müraciətinə cavabdeh tərəfindən verilmiş 3-17-1/2-K-20261/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Qanunun 37.3.1-ci maddəsinə əsasən əmək pensiyası yenidən hesablandıqdan sonra 6 il işlədiyi üçün Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.2019-cu ildən xx.xx.2024-cü ilədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 17110,10 manat (2024cü ilə indeksləşdirilmiş) pensiya kapitalı əsasında pensiyanın məbləği yenidən hesablanaraq xx.xx.2025-ci ildən 988,17 manat müəyyən edilmişdir. Belə ki, məhkəmə qərarında qeyd edilmişdir ki, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün "İnzibati icraat haqqında" Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli qərarından da göründüyü kimi, qeyd edilən hallar mütəmadi aparılan daxili araşdırma zamanı müəyyən edilmiş və həmin qərar "İnzibati icraat haqqında" Qanunun 68.4-cü maddəsində nəzərdə tutulan 1 illik müddət ötürülmədən qəbul edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, İddiaçı hazırda işləməyən əmək pensiyaçısıdır və bu əsasla əmək pensiyasının yenidən hesablanması hüququna malikdir. Cavabdeh orqan iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı xx.xx.2013-cü ildən xx.xx.2019-cu ilədək olan dövrü nəzərə almalı olduğu halda, bu dövrü xx.xx.2013-cü ildən xx.xx.2020-ci ilədək əmək pensiyasını yenidən hesablamış və "artıq ödəmə" yaranmışdır. Lakin nəzərə alınmalıdır ki, iddiaçının əmək pensiyasını 2025-ci ildə yenidən hesablayan zaman iddiaçının fərdi vəziyyətini nəzərə alaraq cavabdeh orqan qeyd edilənləri aradan qaldırmaq, yəni xx.xx.2020-xx.xx.2025 münasibətdə yenidən hesablama həyata keçirmək imkanı mövcuddur. Aydındır ki, toplananların yeri dəyişəndə cəm dəyişmir. Yəni iddiaçının növbəti dövr üçün əmək pensiyasının yenidən hesablanması zamanı xx.xx.2019-cu ildən deyil, xx.xx.2020-ci ildən hesablanmaqla yol verilmiş uyğunsuzluğu iddiaçının hüquqlarını pozmadan və ona hər hansı narahatlıq yaşatmadan, özündən asılı imkanlarla aradan qaldırıla bilərdi. Cavabdeh məhkəmənin bu mövqeyi ilə də razılaşmayaraq bildirirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının əsasnaməsi təsdiq olunmuşdur. Həmin əsasnamənin 3.1.3-ci bəndinə əsasən, sosial ödənişlərin təyin edilməsi, yenidən hesablanması va bir növdan digərinə keçirilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) əsaslılığının araşdırılması, sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onların təhrif olunduğu aşkar edildikdə müvafiq tədbirlər görülməsini təmin etmək filialın vəzifələrinə aid edilmişdir. Qeyd olunanlardan göründüyü kimi, Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı inzibati akt qəbul etmək səlahiyyətinə malikdir və inzibati orqan hesab olunduğundan "İnzibati icraat haqqında" Qanunun 3.1-ci maddəsinə əsasən, həmin qanun filialın fəaliyyətinə şamil olunur. Beləliklə, Filial əsasnaməsinin 3.1.3-ci bəndinə əsasən, tədbirlər görərkən "İnzibati icraat haqqında" Qanuna əsaslanmaqla inzibati akt qəbul etməkdə haqlıdır. İnzibati orqan iddiaçının ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. Əgər məhkəmənin yuxarıda qeyd etdiyi kimi iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı yol verilmiş texniki səhvlərin növbəti yenidən hesablama zamanı nəzərə alınaraq aradan qaldırılması, "İnzibati icraat haqqında" Qanunun 68.4-cü maddəsində nəzərdə tutulan 1 illik müddətin ötürülməsinə və Fondun büdcəsinə dəymiş ziyanın həcminin daha da artmasına səbəb olacaqdır. Buna görə də müvafiq səhvlər aşkar olunduğu andan qısa müddət ərzində aradan qaldırılmalıdır. Məhkəmənin yuxarıda qeyd olunan əsaslandırmasından görünür ki, işə birinci instansiya qismində baxmış Bakı İnzibati Məhkəməsi işi maddi və prosessual maddələrin tələblərinə uyğun olaraq araşdırmamış, iddiaçının izahatları, ərizə və təklifləri ilə kifayətlənmiş, iddia tələbini təmin edərkən sadəcə olaraq cavabdehin dəlillərinin əsaslılığına və hüquqi marağına uyğun digər sübutlara münasibət bildirməmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ:

Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi. İddiaçı isə apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi.

İŞİN HALLARİ:

İş materiallarından görünür ki, iddiaçı xx.xx.1950-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 172 nömrəli xx.xx.2013-cü il tarixli qərarına əsasən, xx.xx.2013-cü ildən yaşa görə ömürlük pensiya təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********6 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarına əsasən, 552,08 manat pensiya məbləği yenidən hesablanaraq 612,12 manat təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarına əsasən 828,53 manat pensiya məbləği yenidən hesablanaraq 750,53 manat təyin edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ:

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 1.0.14. Gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası": 1.1. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra– Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir; 6.1. Əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: 6.1.1. Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği artırıldıqda; 6.1.2. Qanunun 37.3.1-ci, 37.3.2-ci və 37.3.2-1-ci maddələrində nəzərdə tutulmuş hallarda; 6.1.4. əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə; 6.1.6. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 6.1.7. Qanunun 9.6-cı maddəsində nəzərdə tutulmuş şəxslər hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edildikdə; 6.1.8. Qanunun 18.2-ci maddəsində nəzərdə tutulmuş hallarda; 6.1.9. Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş şəxslərə əmək pensiyası təyin edilərkən onların sonuncu xidmət (qulluq) keçdikləri dövlət orqanı tərəfindən təqdim edilmiş məlumat vərəqəsində qeyd olunanlardan fərqli məlumat (məlumatlar) əks olunan yenilənmiş məlumat vərəqəsi Fondun aidiyyəti struktur bölməsinə təqdim olunduqda. 6.3. Avtomatlaşdırılmış qaydada təyin olunmuş əmək pensiyalarının yenidən hesablanması zamanı Qanunun 22-1-ci maddəsinin tələbləri nəzərə alınır. 6.6. Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1 ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir.

"İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunu: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur; 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır; 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir; 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur; 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir; 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət; 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır; 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır; 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır; 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır; 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur; 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır; 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər; 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir; 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda; 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:

Məhkəmə kollegiyası aşağıdakı hallara görə bu qənaətə gəldi ki, birinci instansiya məhkəməsi mübahisəni düzgün həll etmişdir. İş materiallarından görünür ki, iddiaçıya onun 63 yaşı tamam olduğu xx.xx.2013-cü ildən yaşa görə əmək pensiyası təyin edilmiş, iddiaçı hazırda işləməyən əmək pensiyaçısıdır, bu əsasla iddiaçının əmək pensiyası xx.xx.2021-ci ildə və xx.xx.2024-cü ildə yenidən hesablanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh orqan iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı xx.xx.2013-cü ildən xx.xx.2019-cu ilədək olan dövrü nəzərə almalı olduğu halda, bu dövrü xx.xx.2013-cü ildən xx.xx.2020-ci ilədək əmək pensiyasını yenidən hesablamış və "artıq ödəmə" yaranmışdır. Lakin nəzərə alınmalıdır ki, iddiaçının əmək pensiyasını 2025-ci ildə yenidən hesablayan zaman iddiaçının fərdi vəziyyətini nəzərə alaraq cavabdeh orqan qeyd edilənləri aradan qaldırmaq, yəni xx.xx.2020-xx.xx.2025 münasibətdə yenidən hesablama həyata keçirmək imkanı mövcuddur. İddiaçının növbəti dövr üçün əmək pensiyasının yenidən hesablanması zamanı xx.xx.2019-cu ildən deyil, xx.xx.2020-ci ildən hesablanmaqla yol verilmiş uyğunsuzluğu iddiaçının hüquqlarını pozmadan və ona hər hansı narahatlıq yaratmadan, özündən asılı imkanlarla aradan qaldırıla bilərdi. Hazırkı işin hallarından göründüyü kimi, cavabdeh daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq "İnzibati icraat haqqında" Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmadan, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etmədən, araşdırmanı onun iştirakının təmin etməklə aparmadan, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Halbuki "İnzibati icraat haqqında" Qanunda nəzərdə tutulan "etimadın qorunması" prinsipinin mahiyyətindən aydın olur ki, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar və Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Kollegiya bildirir ki, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, inzibati orqan özünün qəbul etdiyi inzibati aktın qanunsuz olması ilə bağlı hər hansı əsaslı hallar müəyyən etsə belə, bu halda həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Yalnız bu halların müəyyən edilməsindən sonra inzibati orqan inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Bundan əlavə, "İnzibati icraat haqqında" Qanunun 67.12-ci maddəsinə görə, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Yuxarıda qeyd olunan normaya əsasən, burada iki əsas məsələyə diqqət yetirilməlidir. Birincisi, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır, yəni inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 il ərzində yeni qərar qəbul edilməsidir. Onu da qeyd etmək lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də bu vaxt yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyən edilməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün "İnzibati icraat haqqında" Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz. Eyni zamanda, cavabdeh orqan tərəfindən bildirilənlər iddiaçının inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi hal kimi qiymətləndirilə bilməz. Kollegiya hesab edir ki, nəzərə alınan pensiya kapitalına münasibətdə iddiaçının etimadının qorunması hüququnu istisna edən hər hansı hal mövcud deyildir. Digər inzibati orqanlar kimi pensiya təminatını həyata keçirən cavabdeh də öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəldi ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir və cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas vermir. Ona görə də cavabdehin apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6863/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar