Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3788/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyaya məbləğinin indeksasiya edilərək ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya məbləğinin indeksasiya edilərək ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6954/2023 saylı 07 iyul 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 06 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1959-cı il təvəllüdlüdür. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1559/2019 saylı 4 iyun 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 15-ci maddəsinin “v” yarımbəndinə əsasən müharibə əlilləri və iştirakçıları sırasından olan və xidmət illərinə görə pensiya alan 3-cü qrup əlil hərbi qulluqçu kimi pensiyasının üzərinə yaşa görə minimum pensiyanın 150 faizi məbləğində əlavənin təyin edilməsi və xx.xx.2005-ci il tarixdən hesablanaraq İddiaçı ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1 noyabr 2019-cu il tarixli 2-1(103)-2274/2019 saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 iyun 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2020-ci il 2 noyabr tarixli 2-1(102)- 379/2020 nömrəli qərarına əsasən kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2274/2019 saylı 1 noyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 oktyabr 2020-ci il tarixli 2-1 (103)-1092/2020 nömrəli qərarına əsasən cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1559/2019 saylı 4 iyun 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021 tarixli 2-1(102)-1117/2021 nömrəli Qərarı ilə cavabdehin kassasiya şikayəti təmin olunmayaraq, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1 (103)-1092/2020 nömrəli 7 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1559/2019 nömrəli 4 iyun 2019-cu il tarixli qərarı qanuni qüvvəsini almışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli keçmiş dövr üzrə ödənilmiş fərq məbləği haqqında məktubundan görünür ki, iddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xidmət illərinə görə pensiya təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən ona əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. İddiaçı “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin “v” yarımbəndinə əsasən müharibə əlilləri və iştirakçıları sırasından olan və xidmət illərinə görə pensiya alan 3-cü qrup əlil hərbi qulluqçu kimi pensiyasının üzərinə yaşa görə minimum pensiyanın 150 faizi məbləğində əlavənin təyin edilməsi və xx.xx.2005-ci il tarixindən hesablanaraq ona ödənilməsi ilə əlaqədar məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 4 iyun 2019-cu il tarixli 2-1(81)-1559/2019 nömrəli Qərarı ilə iddiaçının tələbi təmin edilib. Mərkəzi Filial tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməyərək sözügedən məhkəmə qərarı qüvvədə saxlanılıb. Bununla əlaqədar 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 4 iyun 2019-cu il tarixli 2-1(81)-1559/2019 nömrəli qərarına əsasən keçmiş müddət üçün minimum pensiya məbləğlərinin artımlarına uyğun olaraq aşağıdakı məbləğlərdə əmək pensiyasının üzərinə əlavə edilib: -xx.xx.2005-ci il tarixindən-37,50 manat; -xx.xx.2006-cı il tarixindən-45,00 manat; -xx.xx.2006-cı il tarixindən-52,50 manat; xx.xx.2007-ci il tarixindən-60,00 manat; -xx.xx.2007-ci il tarixindən-75,00 manat; xx.xx.2008-ci il tarixindən-90,00 manat; -xx.xx.2008-ci il tarixindən-112,50 manat; xx.xx.2010-cu il tarixindən-127,50 manat; -xx.xx.2013-cü il tarixindən-150,00 manat; xx.xx.2016-cı il tarixindən-165,00 manat; -xx.xx.2019-cu il tarixindən-240,00 manat; xx.xx.2019-cu il tarixindən-300,00 manat. Qeyd olunanlara və pensiyanın ötən dövr üzrə ümumilikdə inventar olunmasına əsasən əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış ümumilikdə 29330,48 manat fərq məbləğinin 453,24 manat hissəsi xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində, 26136,84 manat hissəsi Mərkəzi Filiala müraciəti nəzərə alaraq xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində, qalan 2740,40 manat hissəsi isə xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində pensiyanın üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülüb. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 iyun 2019-cu il tarixli 2-1(81)-1559/2019 nömrəli Qərarı ilə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən ötən 2005-2021-ci illər üzrə hesablanmış məbləğin “Əmək pensiyaları haqqında Qanun”un 29.1-ci maddəsinə əsasən və Dövlət Statistika Komitəsinin “2005-2021-ci illər ərzində İstehlak qiymətləri indeksinin (inflyasiyanın) illik səviyyəsi”nə (əlavə edilir) görə indeksasiya edilərək ona ödənilməsi və bu öhdəliyin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1117/2021 nömrəli xx.xx.2021 tarixli Qərarı ilə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 iyun 2019-cu il tarixli 2-1(81)- 1559/2019 nömrəli Qərarı təsdiq edilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının sələfi) qarşı “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin “v” yarımbəndinə əsasən müharibə əlilləri və iştirakçıları sırasından olan və xidmət illərinə görə pensiya alan 3-cü qrup əlil hərbi qulluqçu kimi pensiyasının üzərinə yaşa görə minimum pensiyanın 150 faizi məbləğində əlavənin təyin olunması və xx.xx.2005-ci il tarixdən hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi təmin edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına (XŞTMF) müraciət edərək, “ötən illər üçün ödənilmiş pul vəsaitlərinin alıcılıq qabiliyyətini itirdiyini nəzərə alaraq, ödənilmiş məbləğin “Əmək pensiyaları haqqında Qanun”un 29.1 maddəsinə əsasən indeksasiya edilməsini xahiş etmişdir. 02 fevral 2023-cü il tarixli 17-1/2- S20954/2023 nömrəli cavab məktubunda XŞTMF “sözügedən əlavənin əmək pensiyasının sığorta hissəsinə aid olmadığından həmin əlavənin “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil” əsas tutaraq imtina etmişdir. Cavabdehin imtinası “Hərbi qulluqçuların pensiya təminatı haqqıda” Qanunun 15-ci maddəsinin v yarımbəndi, “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7.3, 29.1-ci maddələrinə əsasən əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etirazın məzmunu cavabdehin xx.xx.2023-cü il tarixli keçmiş dövr üzrə ödənilmiş fərq məbləği haqqında məktubu ilə eynilik təşkil etməklə əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinin xx.xx.2023-cü il tarixinədək qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunanlara əsasən sözügedən əlavənin iddiaçının əmək pensiyasının sığorta hissəsinə aid olmadığından həmin əlavənin “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Əlavə olaraq, İddiaçı ötən 2005-2021-ci illər üzrə hesablanmış məbləğin indeksasiya edilərək ödənilməsi ilə bağlı bildirilir ki, onun əmək pensiyasının sığorta hissəsi 2005-2021-ci illər üzrə hər il istehlak qiymətinin indeksasiya səviyyəsinə uyğun indeksləşdirilib və qanunvericiliyin tələblərinə uyğun qaydada sığorta hissəsinin artım məbləği qədər qulluq stajına görə əlavəsinin məbləği azaldılıb. “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən “bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır”. Əlavə olaraq, “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edilməsi haqqında xx.xx.2022-ci il tarixli 627-VİQD nömrəli Qanunun 1.12.1-ci maddəsinə əsasən Qanunun 29.1-ci maddəsinə “sığorta hissəsi" sözlərindən sonra “bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği” sözləri əlavə edilib. Həmin Qanunun 2.2-ci maddəsinə (keçid müddəaları) əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsi həmin Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əlavələr təyin edilmiş şəxslərin əmək pensiyalarının 2023-cü il yanvarın 1-dək olan dövr üçün yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Göstərilənlərə əsasən İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6954/2023 saylı 07 iyul 2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya məbləğinin indeksasiya edilərək ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaq cavabdeh inzibati orqan iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə onun iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından cavabdeh inzibati orqan imtina etdikdən sonra iddiaçı iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etməklə qanunla müəyyən edilmiş iddia müddətini ötürməmişdir. İddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququnun da olduğu nəzərə alınaraq Kollegiya hesab edir ki, iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 iyun 2019cu il tarixli 2-1(81)-1559/2019 nömrəli Qərarı ilə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən ötən 2005-2021-ci illər üzrə hesablanmış məbləğin “Əmək pensiyaları haqqında Qanun”un 29.1-ci maddəsinə əsasən və Dövlət Statistika Komitəsinin “2005-2021-ci illər ərzində İstehlak qiymətləri indeksinin (inflyasiyanın) illik səviyyəsi”nə (əlavə edilir) görə indeksasiya edilərək ona ödənilməsi” ilə bağlıdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçıya ödənilən minimum pensiya məbləğinin 150%-i miqdarında əlavənin həm də qulluq stajına əlavə hesab olunmadığından və onun ƏPQ-nun 29.1-ci maddəsinə əsasən indeksləşdirilməsi qanunun tələbinə uyğun hesab olunmadığına istinad edərək iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Göründüyü kimi, qanun pensiya məbləğlərində iki halda indeksləşdirməni nəzərdə tutur:
1. Əmək pensiyasının sığorta hissəsinin;
2. Qulluq stajına görə əmək pensiyasına əlavələrlə birlikdə müəyyən edilmiş məbləğin. “Hərbi qulluqçuların pensiya təminat haqqında” Qanunun 15-ci maddəsininə əsasən xidmət illərinə görə hərbi qulluqçuların pensiyaları (o cümlədən minimum məbləğdə hesablanmış pensiyalar) üzərinə aşağıdakı əlavələr hesablanır: v) müharibə əlillərinə və iştirakçılarına: İ qrup əlillərə—yaşa görə minimum pensiyanın 300 faizi məbləğində, İİ qrup əlillərə—yaşa görə minimum pensiyanın 250 faizi məbləğində, İİİ qrup əlillərə—yaşa görə minimum pensiyanın 150 faizi məbləğində. Hazırkı işin mübahisələndirilən halı iddiaçıya məhkəmə qərarı ilə təyin edilmiş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 15ci maddəsinin V yarımbəndinə əsasən ödənilən əlavənin yuxarıda qeyd edilən iki əsasdan birinə aid olub-olmamasının müəyyən edilməsindən ibarətdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.12-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. Hazırkı iş üzrə iddiçıya ödənilən yaşa görə minimum pensiyanın 150 faizi məbləğində məbləğ Qanunun 1.0.12-ci maddəsində qeyd edildiyi kimi pensiya kapitalı əsasında formalaşmadığından əmək pensiyasının sığorta hissəsinə aid deyildir və bu əsasdan indeksləşdirilə bilməz. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3-cü maddəsinə görə, hərbi qulluqçular -Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Hərbi qulluqçulara münasibətdə dövlət qarşısında xüsusi xidmətləri olan şəxs kimi həm pensiya yaş həddində, həm də pensiya məbləğində müəyyən güzəştlər tətbiq edilir. Qanunun 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. Qanunun 3.3-cü maddəsinə əsasən həmin qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. “Əmək pensiyaları haqqında” Qanunun V fəsli “Əmək pensiyasına əlavələr” adlanmaqla ilkin olaraq 2 maddəni: 9-cu maddə-“Əmək pensiyasının sığorta hissəsinə əlavələr” və 20-ci maddə “Qulluq stajına görə əmək pensiyasına əlavələr” maddəsini özündə birləşdirmişdi. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinə aşağıdakı əlavələr hesablanır: 19.1.7. yaşa görə əmək pensiyası alan müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə (Böyük Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan əlilliyi olan şəxslərə: 19.1.7.1. İ dərəcə əlilliyi olan şəxslərə 110 manat məbləğində; 19.1.7.2. İİ dərəcə əlilliyi olan şəxslərə 77 manat məbləğində; 19.1.7.3. İİİ dərəcə əlilliyi olan şəxslərə 55 manat məbləğində. Qeyd edilməlidir ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında Qanunun 15-ci maddəsinin V yarımbənindəki əlavələr ƏPQ-nun 19.1.7-ci maddələrinə uyğun olmuşdur. Həmin qanunun 19-cu maddəsi isə bütövlükdə 29 dekabr 2020-ci il tarixli 240VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir. Başqa sözlə, hazırkı halda, eləcə də iddiaçının inzibati orqana müraciət etdiyi vaxt qüvvədə olan qanunverici hərbi qulluqçu üçün əmək pensiyasının sığorta hissəsinə əlavəni qüvvədən salmış, yalnız qulluq stajına əlavəni saxlamışdır. Belə olan halda, iddiaçının aldığı yaşa görə minimum pensiyanın 150 faizi məbləğində əlavə əmək pensiyasının sığorta hissəsinə əlavə hesab olunmadığından indekləşdirmə tətbiq edilməklə yenidən hesablana bilməz. Nəhayət, iddiaçının aldığı əlavənin “qulluq stajına əlavə” olub-olmaması və onun təkibində indeksləşdirməyə əsas verib-verməməsinə gəlincə birinci instansiya məhkəməsi aşağıdakıları qeyd etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsi Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş qulluq stajına əlavəyə göndəriş edir. Həmin qanunun 20.14-cü maddəsinə əsasən bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; 20.14.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—50 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla; 20.14.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—55 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla; Göründüyü kimi, hərbi qulluqçular üçün qulluq stajına əlavə hərbi qulluqçunun təminat xərcliyindən hesablanır, hansı ki, təminat xərcliyi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Hazırkı iş üzrə iddiaçıya məhkəmə qərarı ilə təyin edilən və ödənilən məbləğ adından da göründüyü kimi, “Hərbi qulluqçuların pensiya təminat haqqında” Qanunun 15ci maddəsinin V yarımbəndində yaşa görə minimum pensiyanın 150 faizi məbləğində hesablanan əlavədir və bu əlavə hazırkı halda iddiaçının təminat xərcliyi əsasında hesablanmamış və təminat xərcliyinə uyğun olaraq da ödənilmir. Belə ki, təqdim olunan pensiya işinin surətindən görünür ki, iddiaçıya hərbi qulluqçu kimi xidmət illərinə görə pensiyanın məbləğində onun barəsində olan məlumat vərəqinə uyğun vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə faiz əlavəsi, ərzaq əvəzinə pul kompensasiyası, məharət dərəcəsinə görə əlavə də daxil olmaqla təminat xərcliyinin 88% miqdarında pensiya hesablanaraq ödənilir. Eyni zamanda xidmət illərinə görə hesablanmış həmin pensiya məbləğinin üzərinə müstəqil olaraq məhkəmə qərarı ilə xx.xx.2005-ci il tarixdən hesablanmaqla hər ilin ölkə üzrə minimum pensiya məbləğinin 150%-i miqdarında əlavə hesablanaraq ümumi pensiya məbləğinin üzərinə əlavə edilməklə ödənilir. Belə ki, təqdim edilmiş pensiya işindən görünür ki, 2005-ci ildə minimum əmək pensiyası-25 manatın 150%, yəni 37.5 manat, xx.xx.2006-cı il tarixdə minimum əmək pensiyası-30 manatın 150%, yəni 45 manat, (….), 2009-cu ildə minimum əmək pensiyası75 manatın 150%, yəni 112,5 manat, 2010-cu ildə minimum əmək pensiyası-85 manatın 150%, yəni 127,5 manat, 2013-cü ildə minimum əmək pensiyası-100 manatın 150%, yəni 150 manat, 2016-cı ildə minimum əmək pensiyası-110 manatın 150%, yəni 165 manat, 2019-cu ildə minimum əmək pensiyası-160 manatın 150%, yəni 240 manat, 2020-ci ildə minimum əmək pensiyası-200 manatın 150%, yəni 300 manat əlavə ödənilir. Beləliklə, iddiaçıya ödənilən minimum pensiya məbləğinin 150%-i miqdarında əlavə həm də qulluq stajına əlavə hesab olunmadığından onun “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilməsi qanunun tələbinə uyğun hesab olunmur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki. birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində qiymət verildiyindən bu barədə əlavə əsaslandırmaya zərurət yoxdur. Həmin dəlillər maddi və prosessual baxımdan düzgün olan məhkəmə qərarının ləğv edilib, iddiaçının iddiasının təmin olunması üçün əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6954/2023 saylı 07 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6954/2023 saylı 07 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov