Məhkəmə qərarları › İş №2-1(103)-3790/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3790/2025

26.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3790/2025 26.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “sağlamlıq imkanlarının 65-80% pozulmasının müəyyən edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9486/2025 nömrəli, 17 iyun 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyini üzərinə xx.xx.1968ci il təvəllüdlü İddiaçı təyin edilmiş 2-ci dərəcəli əlilliyin bərpa edilməsi, İddiaçı əlilliyin təyin edilməməsi ilə bağlı qəbul edilmiş qərarın ləğv edilməsi, yaranmış fərqin ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.2024-cü il tarixdən xüsusi səbəblərdən sağlamlığın pozulması səbəbi ilə 65- 80 faiz olmaqla 2 il müddətinə əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 08 avqust 1968-ci ildə Ermənistan SSR-in Spitak rayonunda anadan olmuşdur. SSRİ ilə Əfqanıstan arasında başlamış müharibədə iştirak etmiş və döyüşlərdə iştirakına görə ona vəsiqə verilmişdir. 1990-cı ildən daxili işlər orqanlarında xidmətə başlamışdır. Xidmətlərinə görə Azərbaycan SSR DİN-in 04 aprel 1991-ci il tarixli 744 saylı əmri ilə “Milis əlaçısı” döş nişanı ilə təltif edilmişdir. Nizami RPİ MŞ-də xidmət etdiyi müddətdə 45 saylı xx.xx.1992-ci il tarixli əmrlə xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Qarabağda gedən döyüşlərə ezam olunmuşdur. Laçın rayonunun Göytəpə və Göytala kəndi ərazisində gedən döyüşlərdə və Xocalı aeroportunun qorunması zamanı partlayan mina qəlpəsi nəticəsində kəllə beyin travması almışdır. Mina qəlpəsi sağ əlinin bilək nahiyəsindəki damarı kəsmiş və nəticədə çox qan itirərək təcili Şuşa rayon Xəstəxanasına yerləşdirilmişdir. Mərmi partlaması nəticəsində əlavə olaraq çənə və baş nahiyəsində çapıqlar əmələ gəlmiş və baş sümüyü çatlamışdır. Həmin xəsarətlər bu gün də əl, üz və baş nahiyəsində də açıq görsənir. Hətta aldığı xəsarətlərdən dolayı tez-tez səbəb olmadan gözlərindən yaş gəlməyə başlayır. Teztez huşunu itirir və ürək tutmaları olur. Qeyd edilənlər nəzərə alınaraq, ona sonuncu dəfə xx.xx.2018-ci il tarixində ikinci dərəcəli əlillik təyin edilmişdir. Lakin sonradan ona təyin edilmiş əlillik ləğv edilmişdir. Sonuncu dəfə Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumata əsasən ona əlilliyin verilməsindən imtina edilmiş və səbəb olaraq “diaqnoz əlillik əlaməti təyin etmir” cavabı verilmiş və bu barədə qərar qəbul edilmişdir. Diaqnoz isə “Üzvi (İ QM zamanı alınmış QKBT nəticəsində) şəxsiyyət pozuntusu, kobud davranış pozuntusu, koqnitiv funksiya enməsi ilə, qıcolma tutmaları ilə” qeyd edilmişdir. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2024-cü il tarixli bənzər məzmunda imtina verilmişdir. Ona təyin edilmiş ikinci dərəcəli əlilliyin ləğv edilməsini qanunsuz və əsassız hesab edir. Belə ki, ona əlillik təyin edilən zamandan indiyədək səhhətində heç bir yaxşılaşma baş verməmişdir. Əksinə, ağırlaşmalar var. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) 2-1(112)-9486/2025 nömrəli, 17 iyun 2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı orqanizmin funksiyalarının 65-80% pozulmasının göndərişin verildiyi xx.xx.2024-cü il tarixdən 2 il müddətinə (səbəbli əlaqəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olmaqla) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2024-cü il tarixdən xüsusi səbəblərdən sağlamlığın pozulması səbəbi ilə 65-80 faiz olmaqla 2 il müddətinə əlilliyin müəyyən edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı müvafiq qurumların hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd (məhkəmə qərarı və s.) əsas götürülür. Müəyyən olunmuşdur ki, iddiaçı dövlət tibb müəssisəsinin göndərişi və müraciəti əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barəsində diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, iddiaçının təqdim etdiyi sənədlərə əsaslanmış və müvafiq ekspertizanın həyata keçirilməsini təmin etməmiş, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun öz təsdiqini tapmaması iddiaçının əyani müayinəsi zamanı, həmçinin tibb müəssisələrinin müayinə sənədləri tədqiq edilən zaman Agentliyin tibbi-sosial ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, göndərişdə olan diaqnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəlik və onun ağırlaşmaları instrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən həkim rəylərinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, göndərişdə əsas diaqnoz kimi “F07- Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu qeyd edilmişdir. Əsasnamənin 7-ci bəndinə əsasən Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə Qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; aqressiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə- 35 faiz OFP müəyyən edilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili X5 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, dövlət tibb müəssisəsinin göndərişi və müraciəti əsasında o, xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuş, təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinizin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci i! tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barəsində diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli Qərarından görünür ki, iddiaçının müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 3 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Başın təpə nahiyyəsinin sol və sağ tərəflərində iki ədəd, başın ön alın nahiyyəsində üç ədəd, başın ön alın nahiyyəsində üç ədəd, başın sağ almacıq nahiyyəsində bir ədəd, sol qaşın tüklü hissəsində bir ədəd, qaşarası nahiyyədə bir ədəd, çənəaltı nahiyyədə bir ədəd, sağ əlin İV barmağının ovuc səthində bir ədəd, sağ saidin aşağı 1/3-nin ön səthində bir ədəd, sol əlin İİ daraq sümükləri nahiyyəsində bir ədəd köhnə çapıq toxuma” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, dəyişkən arterial təzyiq, qıcolma tutmalarından şikayətlənmiş, sağ əlində tremor nümayiş etdirmiş, Əfqanıstan və Qarabağda döyüşlərdə iştirak etdiyini, minaya düşdüyünü söyləmişdir. Dərmanlarının adlarını bilməmiş, kiçik vərəq üzərində yazılmış Ketilept, Clonozepam, Depakine, Zolomax preparatlarını qəbul etdiyini bildirmişdir. Qıcolma tutmalarının əsasən gecələr, yuxuda olarkən baş verdiyini, bu zaman ətrafda olanları hiss etmədiyini, qaşıqla yardım göstərildiyini, bəzən təcili yardım çağırıldığını qeyd etmişdir. Müayinə zamanı arterial təzyiqi 180/80 mm.cv.st olmuşdur. Nevroloji müayinə zamanı vətəndaşın şikayəti qıcolma tutmalarından olsa da, onları təsvir edə bilməmiş, sayını qeyd etməmiş, yuxuda olarkən tutma olduğunu bildirmişdir. Verilən suallara yayındırıcı cavablar vermişdir. Təqdim edilmiş EEQ müayinə nəticələrində epiaktivlik qeyd edilməmişdir. Psixi statusunda əsasən somatogen mənşəli şikayətlər bildirmişdir. Aqressivliyini və gərginliyini başağrıları ilə əlaqələndirmişdir. Kobud davranışları səbəbilə psixiatrik stasionara məcburi yerləşdirildiyini bildirmiş, lakin epikrizlər gündüz stasionarına aid olmuşdur. Psixi durumunda kənar şəxs nəzarəti və ya qulluğuna əsas verən patologiya izlənilməmişdir. UNİ klinikanın xx.xx.2024-cü il tarixli Kranioserebral MRT müayinəsinin nəticəsi: “Hər iki beyin yarımkürəsində, beyin şırımları və hər iki silvian fissurun dərinlik və genişliyi artmışdır (beyin atrofiyası). Hər iki beyin yarımkürəsi frontoparietal periventrikulyar və subkortikal dərin ağ maddədə və bilateral sentrum semiovaledə T2/FLAİR hiperintens siqnallı, DWİ diffuzyon restriksiyası göstərməyən mikroangiopatik ocaqlar izlənilir” kimi qeyd olunmuşdur. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024xx.xx.2024-cü il tarixli 104588 nömrəli Çıxarışında diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 3490 nömrəli Rəyində diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd edilmiş, öz təsdiqini tapmamışdır. 2 saylı Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli 4128/24 nömrəli Çıxarışında diaqnoz: “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, koqnitiv funksiyaların enməsi ilə, qıcolma tutması ilə” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. 2 saylı Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli Elektroensefaloqrafiya müayinəsində diaqnoz: “Diffuz rezidual-orqanik tipli dəyişikliklər qeyd olunur.” kimi qeyd edilmişdir. Şikayətlərinə əsasən, ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Sol mədəciyin sistola-diastolik boşluq ölçüləri böyüməyib və sistola-diastolik boşluq ölçüləri böyüməyib və sistolik funksiyası (LVEF=60%) pozulmayıb. Sol qulaqcıq və sağ boşluqlar normaldır. İVS və İAS tamdır. Sol mədəciyin cüzi ekssentrik (S-vari) hipertrofiyası izlənilir. Seqmentar divar hərəkət qüsuru qeyd edilmir. Aorta kökü¸ və qapaqları normaldır. Mitral klapanın arxa tayında kalsifik düyün izlənildi. Sol mədəciyin diastolik disfunksiyası relaksativ tip. Perikard boşluğu təmizdir. PDA, ASD, VSD yoxdur. Rəngli doppler EXO-KQ-də patoloji axın qeyd edilmir” kimi müəyyənləşdirilmişdir. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən nevroloji, psixi defisit aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş Əlillik Altsistemindən çıxarışlardan görünür ki: - İddiaçı xx.xx.2016-cı il tarixdən beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlilliyin səbəbi - ümumi xəstəlik. Diaqnoz: ÜİX-gərginlik stenokardiyası İİİ-fs. QDÇ-İİ-dər. Hipertoniya xəstəliyi İİİ-dər. - İddiaçı xx.xx.2018-ci il tarixdə əliliyin təyinindən imtina edilmişdir. İmtina səbəbi - Göndərişin natamam doldurulması: 1. Xəstənin göndərişdəki vəziyyətində status lokalisdən başqa digər sistemlərin, köməkçi diaqnostik və laborator müayinələrin nəticələrini əvəzinə nöqtələr qeyd edilib. 2. Diaqnozda xəstəliyin ağırlaşması göstərilməyib. 2016-cı ildən hal-hazıra kimi xəstənin dinamikası və aldığı müalicələr haqqında heç bir qeydiyyat aparılmayıb. 3. Son bir ildə stasionar müalicəsi azdır. - İddiaçı xx.xx.2018-ci il tarixdən beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlilliyin səbəbi - Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik. Diaqnoz: Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri. Somatik mənşəli asteno-nevrotik sindrom. Postravmatik ensefalopatiya. Tez-tez baş verən qıcolma tutmaları ilə (ayda 7-8 dəfə). Qan dövranı çatmamazlığı İİ-dər. Hipertonik angiopatiya. ÜİX-stabil gərginlik stenokardiyası, İİİ-f/s. - İddiaçı xx.xx.2024-cü il tarixdə əliliyin təyinindən imtina edilmişdir. Diaqnoz: Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış QKBT nəticəsində) şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, koqnitiv funksiyaların enməsi ilə, qıcolma tutmaları ilə. İmtina səbəbi - Diaqnoz əlillik əlaməti təyin etməməsi. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 3490 nömrəli həkim psixiatr komissiyasının rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə’’ əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə F07.0. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyasının 01 saylı qərarda qeyd edilmişdir ki, İddiaçı, 1968-ci il təvəllüdlü. Hərbi travma: ”Başın təpə nahiyəsinin sol və sağ tərəflərində iki ədəd, başın ön alın nahiyəsində üç ədəd, başın sağ almacıq nahiyəsində bir ədəd, sol qaşın tüklü hissəsində bir ədəd, qaşarası nahiyədə bir ədəd, çənəaltı nahiyədə bir ədəd, sağ əlin İV barmağının ovuc səthində bir ədəd, sağ saidin aşağı 3/1-nin ön səthində bir ədəd, sol əlin İİ daraq sümükləri proyeksiyasında bir ədəd köhnə çapıq toxuma”. Bəli, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Əsas: Az.Resp. DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 012-26558Y-3217 №-li arxiv arayışı, DİN-in BKİ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 0xx/xx-12451Y-3217 №-li məktub, Nizami MŞ tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli 185 №-li arayış, Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli K90/2017 saylı ekspert rəyi, Xüsusi-Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli protokolu. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi qaydası»: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında - 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında - 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlilliyin səbəbi - ümumi xəstəlik, diaqnoz «ÜİX-gərginlik stenokardiyası İİİ-fs. QDÇ-İİ-dər. Hipertoniya xəstəliyi İİİ-dər». xx.xx.2018-ci il tarixdə əliliyin təyinindən imtina edilmişdir. İmtina səbəbi - Göndərişin natamam doldurulması. Daha sonra iddiaçıya xx.xx.2018-ci il tarixdən beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlilliyin səbəbi - Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, diaqnoz «Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri. Somatik mənşəli asteno-nevrotik sindrom. Postravmatik ensefalopatiya. Tez-tez baş verən qıcolma tutmaları ilə (ayda 7-8 dəfə). Qan dövranı çatmamazlığı İİ-dər. Hipertonik angiopatiya. ÜİX-stabil gərginlik stenokardiyası, İİİ-f/s». İddiaçıya xx.xx.2024-cü il tarixdə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əliliyin təyinindən imtina edilmişdir, diaqnoz «Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış QKBT nəticəsində) şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, koqnitiv funksiyaların enməsi ilə, qıcolma tutmaları ilə». Daha sonra isə iddiaçı əyani müayinəyə cəlb edilmiş, cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. İş materialları ilə müəyyən edilir ki, sonuncu dəfə iddiaçıya dair əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi məqsədilə Bakı 2 nömrəli X2 tərəfindən xx.xx.2024-cü il tarixli, G00205754ZPJ nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçının xəstəlikləri aşağıdakı kimi olmuşdur: - Əsas diaqnoz. F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, koqnitiv funksiyaların enməsi ilə, qıcolma tutmaları ilə. - Ağırlaşma. F06.7 Yüngül koqnitiv pozuntu, koqnitiv funksiyaların enməsi ilə, qıcolma tutmaları ilə. - Ağırlaşma. F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Kəllə beyin travması nəticəsində şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti:

7. Psixi və davranış pozuntuları. 7.6. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular. 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0. 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti - 65-80; 2 il. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçının qeyd edilən əlillik təyin edən xəstəlikdən (üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0)) əziyyət çəkməsi xx.xx.2024-cü il tarixli tibbi göndərişlə təsdiqini tapmış, həmin tibbi göndəriş həkim müayinəsinə əsaslanmışdır. İddiaçı qeyd edilən xəstəliklərlə bağlı illər ərzində (2019-2024) mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində müayinə və müalicələrdə olmuş, həmin müayinənin nəticəsi digər tibb müəssisələri tərəfindən də təsdiqlənmişdir. Həmçinin iddiaçının İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində bu xəstəlikdən əziyyət çəkməsi iş materialları ilə təsdiq olunur, eyni diaqnozla əvvəllər müəyyən edilmiş əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik kimi qeyd olunmuşdur. İddiaçıda olan xəstəliyin qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əlilliyin təyin olunmasına əsas verməsinə baxmayaraq, əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, əlillik təyinatı zaman məhz yuxarıda qeyd edilən Qaydaların 7.6.2.2-ci bəndinə əsaslanmaqla orqanizmin funksiyalarının pozulmasının 65-80 faizi ilə 2 il müddətinə əlillik təyin edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş üzrə materiallardan görünür ki, iddiaçı barəsində xx.xx.2024-cü il tarixli müayinə nəticəsində əlillik təyinatının aparılmasından imtina edilmişdir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə uyğun olaraq iddiaçıya müvafiq əlillik dərəcəsi (orqanizmin funksiyalarının 65-80% pozulmasına uyğun olaraq) sonuncu imtina tarixindən - xx.xx.2024-cü il tarixdən təyin edilməli, yəni orqanizmin funksiyalarının pozulmasının təyini tarixi xx.xx.2024-cü il tarixli tibbi göndəriş əsasında iddiaçının müayinə olunduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı - qərara aldı hissəsində iddiaçının orqanizmin funksiyalarının 65- 80% pozulmasının təyin edilməsi tarixi xx.xx.2024-cü il göstərilməklə, dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9486/2025 nömrəli, 17 iyun 2025-ci il tarixli qərarı - qərara aldı hissəsində İddiaçı orqanizmin funksiyalarının 65-80% pozulmasının təyin edilməsi tarixi xx.xx.2024-cü il göstərilməklə, dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar