Məhkəmə qərarları › İş №2-1(103)-3792/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3792/2023

06.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3792/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, əmək pensiyasının yenidən hesablanaraq artırılması və yaranmış fərq məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli, **********6 nömrəli qərarının ləğv edilməsi və ona təyin olunmuş əmək pensiyasının yenidən hesablanaraq artırılması və yaranmış fərq məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6099/2023 saylı 12 iyul 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 06 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. İddiaçıya xx.xx.2002-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda əmək pensiyası 728,14 manat məbləğində (vəzifə maaşı 685, rütbə maaşı 154, xidmət illərinə görə əlavə 167.80, ərzaq payı 64, ibarət olmaqla) təşkil edir və ona ödənilir. İddiaçı pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətinə davam etmiş və məcburi sosial sığorta haqlarını ödəmişdir. İddiaçı cavabdehə müraciət edərək pensiyaya çıxdıqdan sonra qeydə alınmış pensiya sığorta kapitalı nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli, **********6 nömrəli qərarı əsasında iddiaçının pensiyası yenidən hesablanmış və yenidən hesablanmış pensiya məbləği 728,14 manat (iddiaçı cavabdehə pensiyasının yenidən hesablanması barədə müraciət edən gündə aldığı pensiya məbləğinə bərabər məbləğdə) müəyyən edilmişdir. Bu hesablamadan narazı qalan iddiaçı ərizə ilə cavabdeh orqana müraciət etsə də, sonuncu onun müraciətinə münasibətdə hərəkətsizlik göstərmişdir (imtina etmişdir). Bundan sonra İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən pensiyasının hesablanması ilə bağlı qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********6 nömrəli qərarından narazı qaldığı üçün həmin qərarın ləğv edilməsi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29cu maddəsi tətbiq edilməməklə və 37.3.1-ci maddəsinə uyğun olaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən ona təyin olunmuş əmək pensiyasının yenidən hesablanaraq artırılması, yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2002-ci il tarixdən yaşa görə əmək pensiyası alır. Pensiyaya çıxdıqdan sonra xx.xx.2009-cu il tarixdən bu günədək əmək fəaliyyəti ilə məşğuldur. İddiaçı pensiyaya çıxdıqdan sonra işlədiyi müddət ərzində qazandığı sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalının məbləği nəzərə alınmaqla əmək pensiyası yenidən hesablanmalıdır. Əmək pensiyasının yenidən hesablanması üçün iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab verilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz və etiraza əlavə verilərək bildirilmişdir ki, iddiaçının 03 iyun 2021-ci il tarixdən işdən azad olunması ilə əlaqədar mərkəzə daxil olmuş müraciətinə əsasən fərdi hesabının sığorta hissəsində qeyd olunmuş sığorta kapitalına görə əmək pensiyası yenidən hesablanaraq 728,14 manat məbləğində müəyyən edilərək aşağıdakı tərkibdən ibarət olmaqla iddiaçıya ödənilir: -əmək pensiyasının sığorta hissəsi-341,17 manat; -qulluq stajına görə əmək pensiyasına əlavəniz-386,97 manat; -maddi yardıma görə əlavə hissəsi-72,81. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabın sığorta hissəsində 3357,65 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. 01 fevral 2023-cü il tarixdə “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edilmiş və həmin Qanunun 29.2-ci maddəsi qüvvədən düşmüşdür. Beləliklə, İddiaçı müraciətləri həmin Qanuna dəyişiklik edilməzdən öncəyə aid olduğu üçün onun tələbinin təmin olunması qanunvericilik baxımından mümkün deyildir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6099/2023 saylı 12 iyul 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli, **********6 nömrəli qərarının ləğv edilməsi, İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsi tətbiq edilməməklə və 37.3.1-ci maddəsinə uyğun olaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən ona təyin olunmuş əmək pensiyasının yenidən hesablanaraq artırılması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulnası qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə əlavə olaraq bildirilmişdir ki, məhkəmənin sözügedən qərardadının əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minən 5 noyabr 2022-ci il tarixli 627-VİQD nömrəli Qanuna əsasən “Əmək pensiyaları haqqında’ Qanunun 29.2-ci maddəsi ləğv edilmişdir. Halbuki həmin qanunun keçid müddəalarının 2.2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsi həmin Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əlavələr təyin edilmiş şəxslərin əmək pensiyalarının 2023-cü il yanvarın 1-dək olan dövr üçün yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Eyni zamanda, məhkəmə Qanunun 29.2-ci maddəsinin ləğvini Azərbaycan Respublikasının 149-cu maddəsində nəzərdə tutulan hüquqi vəziyyəti yaxşılaşdıran hal kimi qiymətləndirməklə də səhvə yol vermişdir. Belə ki, Qanunda edilmiş dəyişiklik şəxslərin hüquqi vəziyyətində hər hansı yaxşılaşdırmasına səbəb olmayıb. Bu dəyişikliklər sadəcə maddi vəziyyəti yaxşılaşdırmağa xidmət edir. Sözügedən dəyişiklik sadəcə hesablanma qaydasındadır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı onun pensiyaya çıxdıqdan sonra 2009-cu ildən etibarən əmək fəaliyyəti ilə məşğul olduğuna istinad edərək əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh orqana xx.xx.2022-ci il tarixdə müraciət etsə də, sonuncu onun tələbinin təmin olunmasından hərəkətsizlik göstərməklə imtina etmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 39-cu maddəsinə əsasən hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli, **********6 nömrəli qərarının ləğv edilməsi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsi tətbiq edilməməklə və 37.3.1-ci maddəsinə uyğun olaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən ona təyin olunmuş əmək pensiyasının yenidən hesablanaraq artırılması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədədir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddiası təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25ci maddəsinə, 29- cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarından: -Hərbi və xüsusi rütbəli şəxslərə ödənilən əmək pensiyası iki hissədən – sığorta hissəsindən və qulluq stajına görə əlavədən ibarətdir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onların son təminat xərcliyi əsasında təyin edilir və təminat xərcliyindəki onrakı artımlar əmək pensiyasının müvafiq qaydada artmasına səbəb olur (“Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi). -Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, işləyən pensiyaçıların qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ qanunla nəzərdə tutulmuş əlavə sosial təminatdır, onların alınması hüququ isə şəxs tərəfindən ödənilmiş sosial sığorta haqlarından deyil, onun müvafiq statusundan (dövlətlə xidməti və ya əmək münasibətlərinin mövcudluğundan) asılıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli Qərarı). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunundan: Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli Qanunu ilə 29.2-ci maddədə “2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu” sözlər “Bu” sözü ilə əvəz edilmişdir. Həmin Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir. Beləliklə, müvafiq dəyişikliyin qüvvəyə mindiyi xx.xx.2019-cu il tarixədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinin redaksiyası aşağıdakı kimi olmuşdur: - 2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. 37.3.1. Yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyasçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı pensiya təyin edildikdən sonra işləmiş və pensiya kapitalının formalaşdırılması üçün onun aldığı əmək haqqından məcburi dövlət sosial sığorta haqqı hesablanmış, iddiaçıya pensiya təyin edildiyindən hazırki halda sığorta hadisəsi kimi “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsinə əsasən onun əmək pensiyasının yenidən hesablanması hüququnun yaranması təşkil edir ki, istinad olunan normalara əsasən sığorta hadisəsi baş verdikdə şəxsin sığorta ödəməsini, yəni onun fərdi hesabında toplanan pensiya kapitalını almaq hüququ vardır. Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi ləğv edildiyindən və göstərilən hal iddiaçının vəziyyətini yüngülləşdirdiyindən iddiaçının Qanunun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq ona pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyindən ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını və bu zaman qulluq stajına görə əlavələrin məbləğinin azaldılmamasını tələb etməkdə haqlıdır. İşdən görünür ki, iddiaçı işləyən əmək pensiyaçı kimi toplanmış pensiya kapitalına əsasən əmək pensiyasının qulluq stajına görə əlavəsinin məbləğinin deyil, sığorta hissəsinin yenidən hesablanmasını xahiş etmiş, cavabdeh isə Qaydanın 1.2-ci bəndində nəzərdə tutulan hallardan (indeksləşdirmə və ya vəzifə maaşının artımı) hər hansı biri olmamasına baxmayaraq, iddiaçıya təyin edilmiş əmək pensiyasını, daha doğrusu, pensiyanın sığorta hissəsini Qanunun 37-ci maddəsinə əsasən yenidən hesablayarkən həm də ona ödənilən qulluq stajına görə əlavənin məbləğini də yenidən hesablamış və iddiaçıya ödənilən qulluq stajına görə əlavənin məbləğini azaltmışdır. Lakin iddaçının əmək pensiyasının yenidən hesablanmasının əsasını Qanunun 29.1-ci maddəsinə uyğun pensiyanın indeksləşdirilməsi təşkil etmədiyindən məhkəmə iddiaçıya Qanunun 29.2-ci maddəsinin tətbiqini qanuni hesab etməmişdir. Qeyd edilməlidir ki, cavabdehin iddiaçıya təyin etdiyi əmək pensiyasının mübahisələndirilən xx.xx.2022-ci il tarixli, **********6 nömrəli qərarda ƏPQ-nun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablandığı göstərilsə də, məhkəmə araşdırmaları zamanı məlum olmuşdu ki, həmin müddəa qərarda formal olaraq göstərilmiş, əslində cavabdeh qurum iddiaçının əmək pensiyasını Qanunun 29.2-ci maddəsinə uyğun olaraq hesablamış, hansı ki, həmin müddəa (Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır.) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 627VİQD nömrəli Qanunu ilə ləğv edilmişdir. Həmin Qanun xx.xx.2023-cü il tarixdən qüvvəyə minsə də, Kollegiya qeyd edir ki, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Məhkəmə həmin normanın ləğv edilməsinin iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi akt olmasını nəzərə alaraq hesab edir ki, iddiaçının Qanunun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq ona pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyindən ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını tələb etmək və bu zaman qulluq stajına görə əlavələrin məbləğinin azaldılmamasını irəli sürmək hüququ mövcuddur. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin tələbin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən qəbul edilmiş pensiyanın yenidən hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********6 nömrəli qərarının ləğv edilməsi, “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsi tətbiq edilməməklə və 37.3.1-ci maddəsinə uyğun olaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən iddiaçıya təyin olunmuş əmək pensiyasının yenidən hesablanaraq artırılması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır, buna görə də təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin xx.xx.2022-ci il tarixli, **********6 nömrəli qərarının ləğv edilməsi, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsi tətbiq edilməməklə və 37.3.1-ci maddəsinə uyğun olaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən ona təyin olunmuş əmək pensiyasının yenidən hesablanaraq artırılması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün cavabdehin apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin 2-1(112)-6099/2023 saylı 12 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6099/2023 saylı 12 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar