Məhkəmə qərarları › İş №2-1(103)-3794/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3794/2025

05.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3794/2025 05.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarların ləğvi, səyyar vergi yoxlaması, “qara mühasibatlıq” sənədləri əsasında vergilərin hesablanması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), Mədətli Fərid İlham oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6532/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. Cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********150015 nömrəli qərarı ilə iddiaçıya münasibətdə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2021ci il tarixədək olan vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, yoxlama xx.xx.2021-cil tarixdə başlanılmış, xx.xx.2022-ci il tarixdə başa çatdırılmış və xx.xx.2022-ci il tarixli, **********150355 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir.

2. Həmin akta əsasən, yoxlama nəticəsində iddiaçı tərəfindən mənfəət vergisinin 2018-2020-ci illər üzrə ümumilikdə 220361,40 (20194,76+98012,77+102153,87) manat; əlavə dəyər vergisinin 2019-2021-ci illər üzrə ümumilikdə 1426366,70 (0,07+1269008,34+157358,29) manat, aksiz vergisinin 2020-2021-ci illər üzrə ümumilikdə 5030311,60 (4600847,28+429464,32) manat, ödəmə mənbəyində tutulan verginin 2020- 2021-ci illər üzrə ümumilikdə 1017,86 (700,52+317,34) manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının 2020-2021-ci illər üzrə ümumilikdə 0,13 (0,10+0,03) manat azaldılması müəyyən edilmiş və buna müvafiq maliyyə sanksiyasının, həmçinin pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla nağd qaydada aparılmış ******* manat məxaric əməliyyatının 50% miqdarında, yəni ******* manat, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü və 3.4.4-cü maddələrinin tələblərinin pozulmasına görə Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsinə əsasən ümumilikdə 13330 manat, bəyannamənin əsas olmadan müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə 40 manat maliyyə sanksiyasının tətbiq olunması təklif edilmişdir.

3. Cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********167603 nömrəli qərarına əsasən, səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2022-ci il tarixli, **********150355 nömrəli akt nəzərə alınaraq iddiaçı qanunvericiliyin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilmişdir.

4. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********264600 nömrəli qərarına əsasən, iddiaçıya 2021ci il üzrə 66304,36 manat əlavə mənfəət vergisi hesablanmışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********167603 nömrəli və “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********264600 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərarlar cavabdeh tərəfindən Vergi Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, cavabdeh səyyar vergi yoxlamasını Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən başlasa da, hansı mənbəyi bəlli məlumat əsasında yoxlama təyin etməsini qərarında əsaslandırmamışdır. Həmçinin, yoxlama 2018-ci ilin sentyabr ayından 2021-ci ilin iyul ayına qədər olan dövrü əhatə etdiyi üçün hər bir dövrə həmin dövrdə qüvvədə olan vergi qanunvericiliyi tətbiq olunmalıdır. 2018-ci ildə qüvvədə olmuş Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, vergi məbləğinin hesablanması və maliyyə sanksiyasının tətbiqi üçün müəyyən olunmuş müddət başa çatdığından, cavabdeh tərəfindən 2018-ci ilin mənfəət vergisi üzrə hesablanmış 20194,76 manat mənfəət vergisinin hüquqi əsası yoxdur. Həmçinin qeyd edilməlidir ki, yoxlama zamanı iddiaçıya vergi məbləği xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-də aparılmış operativ nəzarət tədbiri zamanı götürülmüş elektron informasiya daşıyıcılarında olan məlumatlara əsasən hesablanmışdır. Halbuki, həmin məlumatlar iddiaçıya məxsus deyil və iddiaçının təsərrüfat əməliyyatları ilə hər hansı bağlılığı yoxdur. Bundan əlavə, cavabdeh tərəfindən aktın tərtibi müddətinin uzadılması barədə xx.xx.2022-ci il tarixdə **********163393 nömrəli qərar qəbul edilsə də, belə bir qərar yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Eləcə də, xx.xx.2021-ci il tarixdən başlayan yoxlamaya Vergi Məcəlləsinin 38.2-ci maddəsinin 2022ci il tarixədək qüvvədə olan redaksiyası (təqvim günü) şamil olunsa da, 2021-ci ilin sonunadək yoxlama iş günləri ilə nəzərə alınmışdır ki, bununla da göstərilən maddənin tələbləri pozulmuşdur. Qeyd olunanlardan əlavə, yoxlama zamanı guya malların əskik gəlməsi müəyyən edilmiş və 2020-ci ilin mart ayında əskik gəlmiş malların dəyəri ƏDV və aksiz vergisinə cəlb edilmişdir. Bununla da, Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə, vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Vergi Məcəlləsinin tələbinə görə əskik gəlmə mühasibat uçotu və ilkin uçot sənədləri əsasında müəyyən edilməlidir ki, həmin sənədlər əsasında malların əskik gəlməsi müəyyən olunmur.

7. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Etiraz onunla əsaslandırılmışdır ki, vergi yoxlaması iddiaçının vergi orqanında olan uçot-baza məlumatları, onun bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, onun tərəfindən kağız daşıyıcıda və onlayn kargüzarlıq vasitəsilə elektron qaydada yoxlamaya qismən təqdim edilmiş sənədlər, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli, **********7472 nömrəli qərara əsasən iddiaçıya münasibətdə keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində götürülmüş sənədlər və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********1021 nömrəli qərara əsasən "xxxx" MMC-də (VÖEN: **********) aparılmış operativ vergi nəzarəti tədbiri zamanı müəssisəyə məxsus elektron informasiya daşıyıcılarından elektron yaddaş qurğusuna (fləşkarta) köçürülərək götürülmüş məlumatlar əsasında aparılmışdır. İddiaçıya münasibətdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixli, **********56443 nömrəli qərara əsasən keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində tərtib olunmuş protokola əlavə edilmiş xx.xx.2018-ci il tarixli, HUŞ seriyalı, 002404 nömrəli, xx.xx.2018-ci il tarixli, HUŞ seriyalı, 002405 nömrəli “Hazır məhsulun təsərrüfat daxili yerdəyişmə qaimə-fakturası”nda qeyd olunan malların xx.xx.2020-ci il tarixli, **********7472 nömrəli qərara əsasən keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində götürülmüş istehsal həcmi barədə dəftərin məlumatları ilə eyni olduğu müəyyən edilmişdir. Belə ki, keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı götürülmüş sənədlərdə iddiaçı tərəfindən 2018-2020-ci illər dövrünün hər ayı və iş günləri üzrə istehsal olunmuş spirtli içkilərin çeşidi, tutumu, sayı və digər göstəriciləri barədə müvafiq qeydlərin aparıldığı müəyyən edilmişdir. Həmin məlumatlar elektron daşıyıcılarda “2018kitab”, “2019-kitab” və “2020 kitab” kimi yerləşdirilmişdir. Yoxlama zamanı həmin məlumatlar araşdırılaraq, onların iddiaçının vergi bəyannamələrində əks etdirdiyi göstəricilərlə müqayisəsi aparılmışdır. İddiaçıya münasibətdə keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində götürülmüş sənədlər və iddiaçı tərəfindən təqdim edilmiş yoxlamanın əhatə etdiyi dövrün əvvəlinə, yəni xx.xx.2018-ci il tarixə və operativ vergi nəzarəti tədbiri zamanı xx.xx.2020-ci il tarixə müəyyən edilən mal-material qalıqları nəzərə alınmaqla aparılmış hesablamalar zamanı iddiaçının istehsal etdiyi alkoqollu içkinin 1233688,95 litr həcmində əskik gəlməsi müəyyən edilmişdir. İddiaçının xx.xx.2018-ci il tarixə mal qalığı iddiaçıya münasibətdə xx.xx.2018-ci il tarixli, **********56443 nömrəli qərara əsasən keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində xx.xx.2018-ci il tarixə müəyyən edilən mal qalığı və xx.xx.2018- xx.xx.2018-ci il tarixə alış, istehsal və satış nəticələrinə əsasən müəyyən edilmişdir. Müəssisədə alkoqollu içkilərin müxtəlif tutumlu butulkalara qablaşdırıldığı və həmin tutumların satılmış alkoqollu içkilərdə xüsusi çəkisi və satış qiymətləri nəzərə alınmaqla müvafiq hesablamalar aparılmışdır. Həmin hesablamalar nəticəsində ƏDV-yə cəlb edilməli dövriyyənin ümumilikdə 5675949,35 manat azaldılması və nəticədə 1021670,88 manat ƏDV-nin yayındırılması müəyyən edilmişdir. Eyni zamanda, yoxlamanın əhatə etdiyi dövr üzrə aksiz vergisinin 3947804,64 manat azaldılması müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, aşkarlanan kənarlaşmalar yoxlamanın əhatə etdiyi xx.xx.2018-xx.xx.2020-ci il dövrü üzrə müəyyən edilmişdir. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********1021 nömrəli qərara əsasən "xxxx" MMC-də aparılmış operativ vergi nəzarəti tədbiri zamanı müəssisəyə məxsus elektron informasiya daşıyıcılarından elektron yaddaş qurğusuna (fləşkarta) köçürülərək götürülmüş məlumatlara baxış keçirilərkən iddiaçıya aid olan və vergilərin hesablanmasına əsas verən satış dövriyyələri müəyyən edilmişdir. Belə ki, qeyd edilən məlumatlara, AVİS hesabat/axtarış baza məlumatlarına əsasən və aparılan araşdırma ilə iddiaçının alqı-satqı əməliyyatlarını əks etdirən sənədlərə əsasən müvafiq vergilər hesablanmışdır. Eyni zamanda araşdırma zamanı "xxxx" MMC-də keçirilmiş operativ vergi nəzarət tədbiri zamanı götürülmüş bir ədəd elektron yaddaş qurğusunda iddiaçının fəaliyyətinə aid olan “Suzanna mühasib köməkçisi” iş qovluğunda “novaya papka” iş qovluğunda olan “İş 2020’’ adlı faylda “Kassa 2020”, “Kassa 2021 yanvar” (ƏDVli, aksizli) nağd ödənişləri, o cümlədən 2020-ci il üzrə: aprel 78456,51 manat, may 194951 manat, iyun 172302 manat, iyul 76367 manat, avqust 142991 manat, sentyabr 186230 manat, oktyabr 367925 manat, noyabr 278897 manat, dekabr 302382 manat (cəmi: 2020ci ilin aprel-dekabr ayları üzrə ******* manat, o cümlədən spirtli içki satışı üzrə 1621434,51 manat), 2021-ci il üzrə: yanvar 229352 manat, fevral 278637 manat, mart 343902 manat, aprel 144598 manat, may 31735 manat, iyun 40817 manat, iyul 8980 manat (cəmi: 2021ci ilin yanvar-dekabr ayları üzrə ******* manat, o cümlədən spirtli içki satışı üzrə ******* manat) olduğu müəyyən edilmişdir. Beləliklə, araşdırma nəticəsində təqdim edilmiş mallar üzrə 2653005,51 manat (ƏDV ilə, aksiz vergisi ilə) əlavə dövriyyə müəyyən edilmişdir. Yoxlama zamanı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən iddiaçıya münasibətdə keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı götürülmüş sənədlər və elektron informasiya daşıyıcılarından fləşkarta köçürülərək götürülmüş məlumatlara, "xxxx" MMC-də keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı götürülmüş elektron yaddaş daşıyıcıları (fləşkart) məlumatlarına baxış keçirilərkən iddiaçıya aid olan məlumatlara (həmin məlumatların araşdırılması zamanı müəssisə tərəfindən qeyri-rəsmi şəkildə aparılmış kassa əməliyyatları müəyyən edilmişdir) və Vergi Məcəlləsinin 67-ci, “Mühasibat uçotu haqqında “Qanunun 2.1.10-cu və 2.1.11-ci maddələrinin istinad edilmişdir. İddiaçıya xx.xx.2021-ci il tarixli, **********150022 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnamə çıxarılmış və xx.xx.2021-ci il tarixdə əlbəəl qaydada iddiaçıya təqdim olunmuşdur. Tələbnamə əsasında tələb edilmiş sənədlər iddiaçı tərəfindən yoxlamaya qismən təqdim edilmişdir. Bununla əlaqədar olaraq, xx.xx.2021-ci il tarixdə “Sənədlərin qismən təqdim edilməsi barədə” akt tərtib edilmiş və aktın bir nüsxəsi xx.xx.2021-ci il tarixli məktubla iddiaçının elektron poçt ünvanına göndərilmişdir. İddiaçı tərəfindən yoxlamaya sənədlər təqdim olunmadığı üçün xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubları iddiaçının elektron poçt ünvanına göndərilmişdir. İddiaçının vergi orqanında olan uçot-baza məlumatlarında, habelə iddiaçı tərəfindən təqdim edilmiş bəyannamə məlumatlarında və vergi orqanı (VCİABİ) tərəfindən keçirilmiş operativ tədbirlər zamanı iddiaçıdan fəaliyyəti ilə bağlı götürülmüş sənədlərdə vergi qanunvericiliyinin pozulması halları olduğuna, onların öyrənilməsinə əlavə vaxt tələb olunduğuna və bu pozuntuların araşdırılması bilavasitə sənədlərlə (əşyalarla) bağlı olduğuna görə, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 23cü və 43-cü maddələrində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********155761 nömrəli qərar çıxarılmışdır. İddiaçı tərəfindən sənədlərin yoxlamaya təqdim edilməsi ilə əlaqədar vergi orqanına elektron qaydada göndərilmiş xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli məktublar və həmin məktublara qoşma sənəd kimi ancaq butulkanın hərəkətinə dair cədvəl əlavə edilmişdir. İddiaçının fəaliyyəti ilə bağlı digər ilkin mühasibat sənədləri yoxlamaya təqdim edilməmişdir. Qeyd edilənlər nəzərə alınaraq, “Sənədlərin təqdim olunmasından imtina barədə” xx.xx.2022-ci il tarixli, **********163268 nömrəli akt tərtib edilərək iddiaçının elektron poçt ünvanına göndərilmişdir. Baş İdarənin “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********156341 nömrəli qərarına əsasən müəssisədə qiymətlilərin inventarizasiyası aparılmış və nəticəsi xx.xx.2022-ci il tarixli aktla rəsmiləşdirilmişdir. İnventarizasiya nəticəsində müəssisədə 81019 manat dəyərində 30929,70 litr həcmində hazır məhsulun və 1156827,18 manat dəyərində əsas vəsaitlərin mövcud olduğu müəyyən edilmişdir. Tərtib edilmiş inventarizasiya aktı müəssisənin direktoru və vergi əməkdaşları tərəfindən imzalanmışdır. Vergi Məcəlləsinin 23.1.3-cü maddəsinə əsasən, vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxışın keçirilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Qanunvericilikdə göstərilən maddələrə əsasən iddiaçının fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektinə (obyekt kodu: **********-20001) baxış həyata keçirilmiş və baxışın nəticələri “Vergi ödəyicisinin və ya sığortaedənin ərazilinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli **********1163291 nömrəli protokol ilə rəsmiləşdirilmişdir. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin olunmaması xahiş edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin (hakim: Orxan Həsənov) 22 sentyabr 2023-cü il tarixli, 2-1(112)-6532/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********167603 nömrəli qərarı qismən – ödəmə mənbəyində tutulan vergi, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və ona tətbiq olunmuş maliyyə sanksiyası istisna olmaqla digər hissələrdə, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********264600 nömrəli qərarı isə tam ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə verilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyində qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli, **********150355 nömrəli səyyar vergi yoxlaması aktında və sənədlərdə Vergi Məcəlləsinin 58.7-1-ci və 58.3-cü maddələrinin tələblərinə əsasən tətbiq olunmuş maliyyə sanksiyaları haqqında ətraflı məlumat (yəni əməliyyatların konkret hansı sənəd üzrə və hansı tarixdə aparılması ilə bağlı məlumat və s.) mövcud deyildir. Təqdim edilmiş iş materiallarında olan sənədlərə (mühasibat sənədlərinə) və Mülki Məcəllədə nəzərdə tutulmuş növbəlilik pozulmasına dair tələblərə əsasən iddiaçı tərəfindən yoxlama dövründə (09/2018 - 07/2021) Mülki Məcəllədə nəzərdə tutulmuş növbəlilik pozulmaqla məxaric əməliyyatlarının aparılması müəyyən olunmadı. Həmçinin qeyd edilir ki, təqdim edilmiş iş materiallarında olan sənədlərə (mühasibat sənədlərinə) əsasən, iddiaçı tərəfindən yoxlama dövründə (09/2018 - 07/2021) “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3cü və 3.4.4-cü maddələrinin tələblərinin pozulması halları müəyyən olunmadı. Tədqiqatla yalnız səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********167603 nömrəli qərarla 2021-ci ilin 2-ci rübü üzrə ÖMV bəyannaməsinin təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə əsasən tətbiq olunmuş maliyyə sanksiyalarının düzgünlüyü müəyyən olunur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qeyd olunmuş azalmaların (ödəmə mənbəyində tutulan vergi və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi istisna olmaqla) və pozuntuların mövcudluğu müəyyən olunmadığından, iddiaçıya münasibətdə təqdim olunmuş maliyyə sanksiyası (ödəmə mənbəyində tutulan vergi və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergiyə tətbiq olunan hissədə istisna olmaqla) silinməlidir.

11. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6532/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Şərafət Məmmədova /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Pərviz Hüseynov) 01 oktyabr 2024-cü il tarixli, 2-1(103)-1555/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı qismən – iddianın təmin olunan hissəsində ləğv edilmiş və həmin hissədə iddia rədd olunmuşdur.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, vergi ödəyicisi yoxlama ilə əhatə olunan dövrdə mənfəət vergisinin ödəyicisi olmuşdur. Yoxlama ilə 2018-ci, 2019-cu və 2020-ci illər üzrə mənfəət vergisi bəyannamələri əhatə edilmişdir. Səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 104-cü, 108-ci, 134-cü, 135-ci və 136-cı maddələrinin tələblərinə müvafiq olaraq iddiaçının vergi orqanında olan uçot-baza məlumatları, onun bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən iddiaçıya münasibətdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı götürülmüş sənəd və məlumatlar, eyni zamanda "xxxx" MMC-də aparılmış operativ vergi nəzarəti tədbirləri zamanı elektron informasiya daşıyıcılarında olan məlumatlara baxış keçirilərkən götürülmüş və iddiaçının fəaliyyətinə aid olan məlumatlar (həmin məlumatlar fləşkarta köçürülərək götürülmüşdür) və vergilərin hesablanmasına əsas verən digər sənəd və məlumatlar əsasında onun istehsal və satış dövriyyələri müəyyən edilmişdir.

14. Eyni zamanda Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********1021 nömrəli qərara əsasən "xxxx" MMC-də aparılmış operativ vergi nəzarəti tədbiri zamanı götürülmüş elektron informasiya daşıyıcıları (fləşkart) məlumatlarına baxış keçirilərkən, onların iddiaçıya aid məlumatlar olduğu müəyyən edilmiş və həmin məlumatların araşdırılması zamanı iddiaçı tərəfindən qeyrirəsmi şəkildə aparılmış kassa əməliyyatları nəticəsində satışdan əldə edilmiş əlavə dəyər vergisinə cəlb edilən 2248309,75 manat dövriyyənin (o cümlədən 2020-ci ilin xx.xx.2020xx.xx.2020-ci il dövrü üzrə 1374097,06 manat) vergi orqanına təqdim edilmiş bəyannamələrdə əks etdirilmədiyi müəyyən edilmişdir. Nəticədə 2020-ci ilin yekunu üzrə ƏDV-yə cəlb edilən dövriyyənin 7050046,29 manat (o cümlədən, 4600847,24 manat aksiz vergisi), gəlirin isə 2449199,05 manat (7050046,29-4600847,24) azaldılması müəyyən edilmişdir. Göründüyü kimi, 2020-ci il üzrə iddiaçının ümumi gəlirinin 3303526,79 manat (iddiaçı tərəfindən 2020-ci il üzrə göstərilmiş 854327,73 manat ümumi gəlir nəzərə alınmaqla) təşkil etdiyi müəyyən olunmuşdur. Qeyd edilənlər və iddiaçı tərəfindən sənədlərin yoxlamaya qismən təqdim edilməsi nəzərə alınaraq, iddiaçının 2018-2020-ci illər üzrə mənfəət vergisi gəlirə görə xərclərin müəyyən edilməsi metodu ilə 20 faiz rentabellik səviyyəsi tətbiq edilməklə hesablanmışdır (2018-2019-cu illər üzrə iddiaçı tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannamələrində göstərilən gəlirlər nəzərə alınmaqla).

15. 2018-ci il üzrə yoxlama ilə hesablanmış 148475,17 manat vergiyə cəlb edilən mənfəətdən 20% vergi dərəcəsi ilə 29695,03 manat mənfəət vergisi hesablanmışdır. İddiaçı tərəfindən 2018-ci ilin yekunu üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 8500,27 manat mənfəət vergisi hesablanması nəzərə alınmaqla mənfəət vergisinin 21194,76 manat azaldılması müəyyən edilmiş və azaldılmış vergi məbləğinə 50% miqdarında, yəni 10597,38 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. 2019-cu il üzrə yoxlama ilə hesablanmış 720605,65 manat vergiyə cəlb edilən mənfəətdən 20% vergi dərəcəsi ilə 144121,13 manat mənfəət vergisi hesablanmışdır. İddiaçı tərəfindən 2019-cu ilin yekunu üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 46108,36 manat mənfəət vergisi hesablanması nəzərə alınmaqla mənfəət vergisinin 98012,77 manat azaldılması müəyyən edilmiş və azaldılmış vergi məbləğinə 50% miqdarında, yəni 49006,39 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 2020-ci il üzrə yoxlama ilə hesablanmış 550587,80 manat vergiyə cəlb edilən mənfəətdən 20% vergi dərəcəsi ilə 110117,56 manat mənfəət vergisi hesablanmışdır. İddiaçı tərəfindən 2020-ci ilin yekunu üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 7963,67 manat mənfəət vergisi hesablanması nəzərə alınmaqla mənfəət vergisinin 102153,89 manat azaldılması müəyyən edilmiş və azaldılmış vergi məbləğinə 50% miqdarında, yəni 51076,95 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

16. Qeyd edilənlərə əsasən, iddiaçı tərəfindən vergi orqanına təqdim olunmuş vergi bəyannamələrində gəlir və xərclər düzgün göstərilməmişdir. Bu səbəbdən də, yoxlama zamanı Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin göstəriciləri əsasında vergilərin hesablanmasına zərurət yaranmışdır. Ona görə də analoji vergi ödəyicisinin müəyyən edilməsi məqsədi ilə müvafiq struktura müraciət olunmuş, cavab olaraq analoji fəaliyyətlə məşğul olan bir sıra vergi ödəyiciləri müəyyən edilmiş, lakin qeyd edilən vergi ödəyicilərinin iqtisadi göstəriciləri ilə iddiaçının iqtisadi göstəricilərinin, eyni zamanda işçi saylarının, istehsalatda istifadə edilən avadanlıqların texniki xarakteristikalarının və digər göstəricilərin oxşar olmaması müəyyən edilmişdir. Bu səbəbdən qeyd edilən müəssisələrin analoji müəssisə kimi qəbul edilib, analoji hesablamaların aparılması mümkün olmamışdır. Bundan başqa digər analoji vergi ödəyicisi tapılmamışdır.

17. Yoxlama ilə əhatə edilən dövr üzrə iddiaçı həm də əlavə dəyər vergisinin ödəyicisi olmuşdur. Yoxlama ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələri əhatə olunmuşdur. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli, **********7472 nömrəli qərara əsasən iddiaçıya münasibətdə keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində götürülmüş sənədlər və iddiaçı tərəfindən təqdim edilmiş yoxlamanın əhatə etdiyi dövrün əvvəlinə, yəni xx.xx.2018-ci il tarixə və operativ vergi nəzarəti tədbiri zamanı xx.xx.2020-ci il tarixə müəyyən edilən mal-material qalıqları nəzərə alınmaqla aparılmış hesablamalar zamanı müəssisədə istehsal olunan alkoqollu içkilərin 1233688,95 litr həcmində əskik gəlməsi müəyyən edilmişdir. Müəssisədə alkoqollu içkilərin müxtəlif tutumlu butulkalara qablaşdırıldığı və həmin tutumların satılmış alkoqollu içkilərdə xüsusi çəkisi və satış qiymətləri nəzərə alınmaqla müvafiq hesablamalar aparılmışdır. Həmin hesablamalar nəticəsində vergiyə cəlb edilməli dövriyyənin ümumilikdə 5675949,35 manat azaldılması və nəticədə 1021670,28 manat ƏDV-nin yayındırılması müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, aşkarlanan kənarlaşmalar yoxlamanın əhatə etdiyi xx.xx.2018- xx.xx.2020-ci il dövrü üzrə müəyyən edilmişdir. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********1021 nömrəli qərara əsasən "xxxx" MMC-də aparılmış operativ vergi nəzarəti tədbiri zamanı müəssisəyə məxsus elektron informasiya daşıyıcılarından elektron yaddaşa (fləşkarta) köçürülərək götürülmüş məlumatlara baxış keçirilərkən iddiaçıya aid olan və vergilərin hesablanmasına əsas verən satış dövriyyələri müəyyən edilmişdir. Operativ vergi nəzarəti zamanı elektron yaddaşa (fləşkarta) köçürülərək götürülmüş məlumatlara, AVİS hesabat/axtarış baza məlumatlarına və aparılan araşdırma ilə iddiaçının alqı-satqı əməliyyatlarını əks etdirən sənədlərə əsasən müvafiq vergilər hesablanmışdır. Həmin informasiyaların iddiaçıya məxsus olmasını əsaslandıran şərtlər: iddiaçı tərəfindən rəsmi şəkildə aparılan mühasibat uçotu məlumatlarında bütün bank əməliyyatlarının, bütün işçi kontingentinin və onların vəzifə funksiyalarının, işçilərin ezamiyyətdə olduğu günlərin, müəyyən tarixlərdə istehsal edilmiş malların çeşidlər üzrə üst-üstə düşməsi və digər məlumatların eyni olması həmin məlumatların iddiaçıya məxsus olmasını təsdiq edir. Qeyd edilən sənədlər və götürülmüş elektron yaddaş məlumatları əsasında aparılmış hesablamalar nəticəsində 2020-ci il üzrə ümumilikdə 7050046,39 manat (5675949,35+1374097,04) dövriyyənin ƏDV-yə cəlb edilmədiyi və nəticədə ƏDV-nin 1269008,35 manat azaldılması, həmçinin 2021-ci ilin yanvar-avqust ayları üzrə ümumilikdə 874212,71 manat dövriyyənin ƏDV-yə cəlb edilmədiyi və nəticədə ƏDV-nin 157358,29 manat azaldılması müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, aparılmış hesablamalar zamanı iddiaçı tərəfindən alkoqollu içkilərin çeşidi və tutumları üzrə tətbiq etdiyi satış qiymətləri əsas kimi götürülmüşdür. Əlavə dəyər vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 1426366,64 manat azaldılmasına görə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 713183,32 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

18. Yoxlanılan dövr üzrə həmçinin iddiaçı tərəfindən təqdim olunmuş aksiz vergisi hesabatlarının düzgünlüyü də yoxlanılmış və onun tərəfindən Vergi Məcəlləsinin 184 və 185-ci maddələrinin tələbləri pozulması müəyyən edilmişdir. Yoxlama ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan dövr üzrə təqdim edilmiş aksiz bəyannamələri əhatə olunmuşdur. Müəssisədə alkoqollu içkilərin müxtəlif tutumlu butulkalara qablaşdırıldığı və həmin tutumların satılmış alkoqollu içkilərdə xüsusi çəkisi və satış qiymətləri nəzərə alınmaqla müvafiq hesablamalar aparılmışdır. Həmin hesablamalar nəticəsində yoxlamanın əhatə etdiyi xx.xx.2018-xx.xx.2020-ci il dövrü üzrə aksiz vergisinin ümumilikdə 3947804,64 manat azaldılması müəyyən edilmişdir. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən iddiaçıya və "xxxx" MMC-yə münasibətdə keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı götürülmüş sənədlər və elektron məlumatlar əsasında aparılmış hesablamalar nəticəsində aksiz vergisinin 2020-ci il üzrə ümumilikdə 4600847,24 manat (3947804,64+653042,60), 2021- ci ilin yanvar-avqust ayları üzrə ümumilikdə 429464,31 manat azaldılması müəyyən edilmişdir. Nəticədə yoxlamanın əhatə etdiyi dövrdə, yəni xx.xx.2018-xx.xx.2022-ci illər üzrə aksiz vergisinin ümumilikdə 5030311,55 manat (4600847,24+429464,31) azaldılması müəyyən edilmiş və azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 2515155,78 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd etmək lazımdır ki, aparılmış hesablamalar zamanı iddiaçı tərəfindən alkoqollu içkilərin çeşidi və tutumları üzrə tətbiq etdiyi satış qiymətləri əsas kimi götürülmüşdür.

19. Yoxlamanın əhatə etdiyi dövrdə iddiaçıya münasibətdə 2020-ci ilin avqust ayı üzrə aparılmış kameral vergi yoxlamasının nəticəsi yoxlama zamanı araşdırılmış və təsdiqlənmişdir.

20. Məhkəmə kollegiyası qeyd edir ki, səyyar vergi yoxlaması xx.xx.2021-ci il tarixli, **********135200 nömrəli xidməti məlumata əsasən təyin edilmişdir. Həmin xidməti məktubda qeyd olunur ki, təhlil zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələrdə hesablanmış vergi məbləği onun fəaliyyəti barədə iqtisadi göstəricilərə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun bəyan edilməmişdir. Həmçinin, vergi orqanı tərəfindən səyyar vergi yoxlaması zamanı vergi qanunvericiliyində nəzərdə tutulmuş prosessual müddətlə bağlı heç bir pozuntuya yol verilməmiş, yəni Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbləri pozulmamışdır. Belə ki, vergi qanunvericiliyinin digər sahəvi qanunvericiliklə qarşılıqlı təhlili tam olaraq onu deməyə əsas verir ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsində nəzərdə tutulmuş müddətlər, yəni günlərlə ifadə olunmuş prosessual müddətlər məhkəmənin barəsində şikayət olunan qərarında ifadə etməyə çalışdığı təqvim gününü deyil, məhz iş gününü nəzərdə tutur.

21. Birinci instansiya məhkəməsi xüsusi olaraq qeyd etmişdir ki, vergi orqanı tərəfindən mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə edilməklə əlavə vergilərin hesablanması yolverilməzdir. Belə ki, qeyd olunan sənədlərin kimə məxsus olması, hansı tarixdə tərtib edilməsi və hansı hesabat dövrünü əhatə etməsi qeyri-müəyyəndir və bu xüsusat həmin sənədlərin vergilərin hesablanması zamanı mənbəyi bəlli olan məlumat qismində istifadə edilməsini istisna edir. Məhkəmə kollegiyası diqqətə çəkir ki, yuxarıda qeyd edildiyi kimi, müəssisə tərəfindən rəsmi şəkildə aparılan mühasibat uçotu məlumatlarında bütün bank əməliyyatlarının, bütün işçi kontingentinin və onların vəzifə funksiyalarının, işçilərin ezamiyyətdə olduğu günlərin, müəyyən tarixlərdə istehsal edilmiş malların çeşidlər üzrə üst-üstə düşməsi və digər məlumatların eyni olması həmin məlumatların iddiaçıya məxsus olmasını təsdiq edir. Eyni zamanda iddiaçı fəaliyyətini dayandırdıqdan sonra "xxxx" MMC-nin analoji fəaliyyətə başlaması və hər iki müəssisənin eyni ünvanda, eyni avadanlıqlarla fəaliyyəti və nəhayət hər iki müəssisənin vəzifəli şəxslərinin, baş mühasibinin eyni şəxsin olması həmin məlumatların iddiaçıya məxsus olmasını təsdiq edir.

22. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəməyə təqdim edilmiş sübutlar və şəxsi hesab vərəqəsi üzrə 2019-cu ildə vergi ödəyicisinin 512185,52 manat vergi borcunun olması və iddiaçı tərəfindən Mülki Məcəllədə nəzərdə tutulmuş növbəlilik pozulmaqla məxaric əməliyyatlarının aparılması, eyni zamanda “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü və 3.4.4-cü maddələrinin tələblərinin pozulması halları təsdiq olunmuş, lakin məhkəmə tərəfindən təqdim edilmiş sübut nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/4448 nömrəli ekspert rəyini əsas sübut kimi qəbul etmişdir.

23. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Kassasiya instansiyası məhkəməsində icraat

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 545/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1555/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

d) Apellyasiya şikayətinin dəlilləri

25. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşarlıq təşkil edir.

e) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

f) Prosses iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

29. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16.1 və 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 23.1.1 və 23.1.2 (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara, birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüququdur. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Maddə 38.2 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: – nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; – səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Maddə 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; Maddə 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Maddə 39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Maddə 39.3. Vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 39.4. Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Maddə 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Maddə 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 67.1 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Maddə 67.2 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Maddə 67.3 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Maddə 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Maddə 67.14 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə 83.3 (xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Maddə 83.9 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Maddə 85.4 (xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada). Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər

30. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1.11. İlkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir.

31. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2017-сi il tarixli, Q-01 nömrəli qərarı ilə təsdiq edilmiş “Maliyyə hesabatlarının beynəlxalq standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”

2.1.14. İlkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir; 7.2. İlkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. Əməliyyatların xarakterindən və mühasibat uçotu subyektinin fəaliyyətinin xüsusiyyətindən asılı olaraq ilkin uçot sənədlərinə digər əlavə rekvizitlərin daxil edilməsinə yol verilir.

32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.

36. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

39. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

40. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

41. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

42. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

43. İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:

44. İş materiallarına əsasən müəyyən edilmişdir ki, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********150015 nömrəli qərarı ilə iddiaçıya münasibətdə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, yoxlama xx.xx.2021-cil tarixdə başlanılmış, xx.xx.2022-ci il tarixdə başa çatdırılmış və xx.xx.2022-ci il tarixli, **********150355 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir.

45. Həmin akta əsasən, yoxlama nəticəsində iddiaçı tərəfindən mənfəət vergisinin 2018-2020-ci illər üzrə ümumilikdə 220361,40 (20194,76+98012,77+102153,87) manat; əlavə dəyər vergisinin 2019-2021-ci illər üzrə ümumilikdə 1426366,70 (0,07+1269008,34+157358,29) manat, aksiz vergisinin 2020-2021-ci illər üzrə ümumilikdə 5030311,60 (4600847,28+429464,32) manat, ödəmə mənbəyində tutulan verginin 2020- 2021-ci illər üzrə ümumilikdə 1017,86 (700,52+317,34) manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının 2020-2021-ci illər üzrə ümumilikdə 0,13 (0,10+0,03) manat azaldılması müəyyən edilmiş və buna müvafiq maliyyə sanksiyasının, həmçinin pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla nağd qaydada aparılmış ******* manat məxaric əməliyyatının 50% miqdarında, yəni ******* manat, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü və 3.4.4-cü maddələrinin tələblərinin pozulmasına görə Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsinə əsasən ümumilikdə 13330 manat, bəyannamənin əsas olmadan müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə 40 manat maliyyə sanksiyasının tətbiq olunması təklif edilmişdir.

46. Cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********167603 nömrəli qərarına əsasən, səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2022-ci il tarixli, **********150355 nömrəli akt nəzərə alınaraq iddiaçı qanunvericiliyin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilmişdir.

47. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********264600 nömrəli qərarına əsasən, iddiaçıya 2021ci il üzrə 66304,36 manat əlavə mənfəət vergisi hesablanmışdır.

48. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi cavabdeh tərəfindən onun barəsində qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********167603 nömrəli qərarın qismən – ödəmə mənbəyində tutulan vergi, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və ona tətbiq olunmuş maliyyə sanksiyası istisna olmaqla, digər hissələrdə, “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********264600 nömrəli qərarın isə tam ləğvinə nail olmaqdan ibarətdir.

49. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi mübahisələndirilən qərar əsasında iddiaçıya – mənfəət, ƏDV, aksiz, ödəmə mənbəyindən tutulan, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə əlavə vergi məbləğləri hesablamışdır. Qeyd olunmalıdır ki, tərəflər arasında yaranmış mübahisənin səbəbləri – yoxlanılan dövr üzrə iddiaçının apardığı əməliyyatlara dair vergitutma anı barədəki fikir ayrılığıdır. Nəzərə alınmalıdır ki, vergi orqanı tərəfindən iddiaçıya münasibətdə vergilərin hesablanması sonuncunun sahibkarlıq fəaliyyətinin yoxlanılması ilə bağlı aparılmış səyyar vergi yoxlaması nəticəsində həyata keçirilmişdir. İddiaçı hesab edir ki, mübahisələndirilən inzibati akt bir çox prosessual əsaslara görə əsassız hesab olunur.

50. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edildiyi hallarda növbədənkənar vergi yoxlamasının keçirilməsinin mümkünlüyünü nəzərdə tutur.

51. Hazırkı iş üzrə isə cavabdeh Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə növbədənkənar yoxlama aparsa da, mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş və yoxlamanın qanuniliyini əsaslandırmamışdır. Nəzərə almaq lazımdır ki, növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.

52. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir.

53. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə ızah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır.

54. Belə ki, yuxarıda istinad olunan normaya (VM-nin 38.3-cü maddəsinə) görə növbədənkənar yoxlamanın keçirilməsi ilə bağlı cavabdeh diskresion səlahiyyətə malikdir.

55. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsini, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar yoxlamanın keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü maddənin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur.

56. Hazırkı mübahisəyə münasibətdə isə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul olunmuş qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanuniliyi iş materialları ilə təsdiq olunmur.

57. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir.

58. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 545/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarında bildirilmişdir ki, iddiaçıya münasibətdə səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən başlansa da, yoxlamanın keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarda hansı mənbəyi bəlli məlumat əsasında yoxlamanın başlanması qeyd olunmamışdır.

59. Bundan başqa, yoxlamanın əhatə etdiyi dövr xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək qeyd olunsa da, mübahisələndirilən inzibati akt (qərar) xx.xx.2023-cü il tarixdə qəbul olunmuşdur. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq hüququna malikdirlər. Həmin maddənin xx.xx.2020-ci il tarixədək qüvvədə olan redaksiyasında göstərilən 3 illik müddətin axımının yoxlamanın başlanması tarixindən hesablanması nəzərdə tutulmamışdır. Bununla da, cavabdeh tərəfindən 2018-ci və 2019cu il dövrləri üzrə xx.xx.2023-cü il tarixli qərarla hesablanmış vergilərə münasibətdə 3 illik müddət ötürülmüşdür.

60. Eyni zamanda, 09/2018 – 03/2020-ci vergi dövrləri üzrə dəftər əsasında götürülən dövriyyə məbləği cəmlənərək bir aya - 2020-ci ilin mart ayına ƏDV və aksiz vergisi üzrə hesablama aparılmışdır ki, bu hal Vergi Məcəlləsinin 12-ci, 166-cı, 174-cü və 178-ci, 191ci maddələrinin tələblərinə ziddir. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji hallar üzrə formalaşan vahid hüquqi mövqeyinə görə, həmin normaların qarşılıqlı təhlili və təfsiri baxımından ƏDV və aksiz vergisi üzrə hesabat dövrü təqvim ayı olduğundan, yalnız həmin ay üzrə aparılan əməliyyatlar hesablama zamanı əsas götürülməlidir.

61. Eyni zamanda, kollegiya bildirir ki, cavabdehin səyyar vergi yoxlamasının aparılması ilə bağlı sənədlərdən də göründüyü kimi cavabdeh vergi orqanı tərəfindən səyyar vergi yoxlaması vergi qanunvericiliyinin tələblərinə zidd olaraq təqvim günləri ilə deyil, iş günləri ilə aparılmışdır. Belə ki, səyyar vergi yoxlamasının təyin edilməsi barədə qərar əsasında vergi orqanı yoxlama müddətini xx.xx.2021-xx.xx.2021 tarixlər arasında aparılmasını nəzərdə tutmuşdur ki, bu da yoxlama müddətinin 39 gün təşkil etdiyini, yəni yoxlamanın ilkin olaraq təqvim günü ilə deyil məhz iş günləri ilə aparılmasının nəzərdə tutulduğunu göstərir.

62. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Yoxlama cavabdeh tərəfindən ümumilikdə 11 dəfə dayandırılmışdır. Bunlardan 3 hal ardıcıl olaraq vergi ödəyicisinin rəhbərinin müvəqqəti əmək qabiliyyətinin itirilməsi əsası ilə rəsmiləşdirilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, cavabdeh şəxsin həqiqətən əmək qabiliyyətini itirməsini təsdiq edən sənədləri iddiaçıdan tələb etməmiş və bu halın mövcudluğunu araşdırmamış, uzun müddət əmək qabiliyyətinin itirilməsi nəticəsində direktorun səlahiyyətlərinin başqa şəxs tərəfindən icra edilməsinin mümkünlüyünü nəzərdən keçirməmişdir. Vergi Məcəlləsinin 38.7.2-ci maddəsində “vergi ödəyicisinin rəhbərinin və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi” halını dayandırmanın əsası qismində nəzərdə tutmaqda qanunvericinin niyyəti, yuxarıda qeyd edildiyi kimi, inzibati icraat çərçivəsində obyektiv araşdırmanın və inzibati icraatda maraqlı şəxslərin iştirakının təmin edilməsi məqsədlərinə xidmət edir. Vergi orqanı Vergi Məcəlləsinin 38.7.2-ci maddəsinə istinadən yoxlamanı dayandırdıqda, həmin ərizənin nəzərə alınmamasının obyektiv araşdırma prinsipinə kölgə salacağı ehtimalından (əsaslı ehtimaldan) çıxış etməlidir. Bununla yanaşı, qanun konkret olaraq müəyyən edir ki, bu əsasla yoxlamanın dayandırılması yalnız və məhz əmək qabiliyyətinin itirilməsi vəziyyəti mövcud olduqda mümkündür. Ona görə də, cavabdehin yoxlamanı dayandırmaq üçün yalnız bu barədə ərizəyə istinadı yetərli saya bilməz, cavabdeh həm də ərizəyə əmək qabiliyyətinin itirildiyini təsdiq edən sübutların əlavə olunmasını da yoxlamalıdır. Hazırkı işdə isə icraatı aparan inzibati orqan bu qaydada davranmamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş icraat materiallarından müəyyən olunur ki, iddiaçı müəssisənin direktoru yoxlamanın dayandırılmasına dair ərizədə yalnız müvəqqəti olaraq əmək qabiliyyətini itirdiyini bildirməklə kifayətlənmiş və bu halı təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. Cavabdeh də müvafiq sənədi tələb etməmişdir.

63. Bundan başqa, səyyar vergi yoxlaması 8 dəfə ekspert (mütəxəssis) dəvət edilməsi əsası ilə dayandırılmış, sonradan ekspertin rəy verilməsindən imtina etdiyi qeyd olunmuşdur. Bununla bağlı qeyd olunmalıdır ki, yoxlama zamanı ekspert və ya mütəxəssis dəvət olunması vergi orqanı tərəfindən vergilərin düzgün hesablanması vəzifəsinin icrasına xidmət edir. Həmin imkandan yoxlama müddətini süni şəkildə uzatmaq məqsədilə istifadə olunması yolverilməzdir. Hazırkı yoxlama zamanı isə cavabdehin uzun müddət yoxlamanı ekspert (mütəxəssis) dəvət olunması əsası ilə uzatması və sonda rəyin verilməməsi yoxlamanın əsassız olaraq dəfələrlə dayandırıldığı qənaətini yaradır.

64. Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir.

65. Həmin Məcəllənin 68-ci maddəsinin müddəalarına görə bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır (68.1). Hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir (68.2).

66. Normaların məzmunundan və əlaqəli təhlilindən göründüyü kimi yoxlamanın müddəti iş günləri ilə deyil, təqvim günləri ilə müəyyən edilir. Məcəllənin 38.4-cü maddəsində səyyar vergi yoxlamasının iş günündə keçirilməsi tələbi həmin Məcəllənin 38.2-ci maddəsində təsbit edilən 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmur. Əgər həmin 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmaq lazım gəlsəydi, qanunverici bunu həmin normada birbaşa göstərərdi. Belə ki, qanunverici müddətlərin iş günləri ilə hesablanmasını, elə həmin Məcəllənin (iddiaçıda vergi yoxlamasının aparıldığı müddətdə qüvvədə olan redaksiyada) 36.3 (10 iş günü), 72.7 (3 iş günü), 157.2 (5 iş günü), 221.4.7-ci (iki iş günü) maddələrində nəzərdə tutmuşdur.

67. Həmçinin nəzərə alınmalıdır ki, səyyar vergi yoxlamasının müddəti, cavabdehin hesab etdiyi kimi, iş günlərinin sayı ilə hesablanmalı olsaydı, Vergi Məcəlləsinin 68.2-ci maddəsində müddətlərin hesablanması qaydasının müəyyən edilməsinə zərurət qalmazdı. Həmin normaya görə bu Məcəllədə nəzərə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. Deməli, 38.2-ci maddədə nəzərdə tutulmuş 30 təqvim gününün sonuncu günü qeyri-iş gününə təsadüf etdikdə, növbəti iş günü yoxlama müddətinin sonuncu günü olacaqdır. Bu tələb isə, müddətin daxilindəki digər qeyri-iş günlərinə deyil, yalnız həmin müddətin sonuncu gününə aiddir. Bu səbəbdən, 30 təqvim günü daxilində səyyar vergi yoxlamasının aparıldığı iş günlərinin sayı, qanunla iş günü kimi təsbit edilmiş günlərin sayından asılı olaraq, məsələn, 21-22 iş günü və s. təşkil edə bilər.

68. Qanunverici vergi sisteminin sahibkarlıq və investisiya fəaliyyətinin təşviqinə xidmət etməli olduğunu rəhbər tutaraq səyyar vergi yoxlamasının müddətini (habelə, bu müddətin uzadılmasının və ya dayandırılmasının əsaslarını) Vergi Məcəlləsində dəqiq müəyyən etmişdir. Səyyar vergi yoxlamasına aid edilən istənilən hərəkət qanunla müəyyən edilmiş müddətlərdə icra olunmalıdır. Həmin müddətlərin xaricində aparılan səyyar vergi yoxlaması və onun nəticələri qanunsuzdur.

69. Həmçinin, qeyd edilməlidir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 3 dekabr 2021-ci il 406-VİQD nömrəli Qanuna əsasən Vergi Məcəlləsinə edilən və 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minən dəyişikərdən biri də, məhz səyyar vergi yoxlamalarının 30 təqvim günü ilə deyil, iş günləri ilə aparılması olmuşdur ki, bu hal da bir daha əvvəlki, yəni 1 yanvar 2022-ci il tarixədək olan vergi qanunvericiliyinin tələblərinə görə səyyar vergi yoxlamaların yalnız təqvim günləri ilə aparılmalı olmasını təsdiq etmişdir. Göstərilən qanun dəyişikliyi cavabdeh vergi orqanın səyyar vergi yoxlamaların təqvim və ya iş günləri ilə aparılmasına dair irəli sürdüyü dəlillərin əsassız olmasına bilavasitə dəlalət edir.

70. Eyni zamanda Kollegiyası qeyd edir ki, iddiaçı barəsində aparılmış kameral vergi yoxlaması nəticəsində hesablanan vergilərin əsasını “qara mühasibatlıq” sənədləri təşkil edir.

71. Cavabdehin qeyd olunan sənədlər əsasında vergi hesablanmasının qanuniliyinə dair əsas dəlili ondan ibarətdir ki, iddiaçıya məxsus obyektdən götürüldüyündən mənbəyi bəllidir və bu elektron məlumatlar əsasında iddiaçıya vergilərin hesablana bilməsi vergi qanunvericiliyində birbaşa nəzərdə tutulmuşdur (Vergi Məcəlləsinin 67.1.9-cu maddəsi).

72. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq qeyd edir ki, şikayətin dəlilləri əsassız olmaqla qanunvericiliyin müddəaları ilə ziddiyyət təşkil edir.

73. Belə ki, İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

74. Cavabdeh iddiaçının “qara mühasibatlıq” sənədləri əsasında dövriyyəsinin bəyan ediləndən daha artıq olması qənaətinə gəlmiş, başqa sözlə, bu əsasla mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə çalışmışdır. Lakin cavabdehin istinad etdiyi sənədlərin mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir. Bu onunla əlaqədardır ki, inzibati qanunvericiliyin tələbi baxımından, vergi orqanının inzibati icraat zamanı (bu halda səyyar vergi yoxlaması aparılarkən və müvafiq qərar qəbul edilərkən) işin hallarını obyektiv araşdırmaq vəzifəsi vardır (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“İnzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi).

75. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri o vaxt mötəbər hesab oluna bilərdi ki, yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməmiş olsun, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmış olsun, (məs.: izahat almaq, müəssisənin qarşılıqlı fəaliyyətdə olduğu digər müəssisələrdən əlavə məlumat əldə etmək və s.), başqa sözlə, mötəbər, şübhədən kənar sübutlar təqdim etmiş olsun. Hazırkı iş üzrə isə cavabdeh İPM-nin 14.1-ci maddəsi baxımından qanuniliyini sübuta yetirə bilmədiyindən, mübahisələndirilən qərarın ləğv edilməsində birinci instansiya məhkəməsi haqlı olmuşdur.

76. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, səyyar vergi yoxlaması ilə hesablamanın qara mühasibatlıq məlumatları əsasında – iddiaçıya münasibətdə xx.xx.2020-ci il tarixdə keçirilən operativ vergi nəzarəti tədbiri nəticəsində götürülmüş dəftər və xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə münasibətdə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı götürülmüş və fləşkarta köçürülmüş eqzel fayllar əsasında aparıldığı müəyyən olunur. Lakin hər iki operativ vergi nəzarəti tədbirinin keçirilməsinə dair sənədlərə nəzər yetirdikdə müəyyən olunur ki, həmin tədbirlərin məqsədi malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə, həmçinin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi olmuşdur. Cavabdeh isə qeyd olunan tədbirin məqsədlərindən kənara çıxmış, yoxlama predmetinə aid olmayan və qanunsuz qaydada əldə etdiyi məlumatları vergilərin hesablanması məqsədilə istifadə etmişdir. Nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsinin 43.5-ci maddəsinə görə, səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır. Həmin Məcəllənin 50.6-cı maddəsinin ikinci cümləsinə görə, operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39- 49-cu maddələrinin müddəaları tətbiq edilir. Göründüyü kimi, cavabdeh göstərilən normaların tələbləri çərçivəsində davranmamış və operativ vergi nəzarəti tədbiri ilə əhatə olunmayan məsələlərə müdaxilə etmiş və vergiləri yalnız həmin məlumatlara istinadən hesablamışdır.

77. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanuni əsaslar olduğu zaman götürülən sənədlərin vergi ödəyicisinə aidiyyəti müəyyən olunmalı, yəni həmin sənədlərin barəsində vergi yoxlaması və hesablama aparılan şəxsə məxsus olduğu müəyyən və təsdiq olunmalıdır. Hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən istinad olunan iddiaçıdan götürülmüş dəftərin (4-cü cild, i.v. 34) və "xxxx" MMC-dən götürülən eqzel faylın iddiaçının fəaliyyətinə bağlılığına dair hər hansı sübut iş materiallarında mövcud deyildir. Məhkəmə kollegiyası, kassasiya instansiyası məhkəməsinin “qara mühasibatlıq” məlumatları əsasında aparılan hesablamalara münasibətdə formalaşmış təcrübəsinə uyğun olaraq bir daha bildirir ki, götürülən məlumatların vergi ödəyicisinə məxsusluğu və götürülən anda göstəriciləri əks etdirən formada rəsmiləşdirilməsi (hər vərəqənin çap olunmaqla səlahiyyətli şəxs tərəfindən imzalatdırılması və möhürlə təsdiqlənməsi) zəruridir. Götürülən məlumatların sonradan emal olunması artıq həmin məlumatların həqiqiliyini şübhə altına aldığından (müdaxilə imkanlarının mövcudluğuna görə) ona istinad olunaraq vergilərin hesablanması yolverilməzdir. Bununla yanaşı, götürülən məlumatlar Vergi Məcəlləsinin 12-ci maddəsi ilə müəyyən olunan vergitutma elementlərini – vergilərin hesablanması üçün məzmun baxımından yetərli və inandırıcılıq baxımından ağlabatan məlumatları əks etdirməlidir. Başqa sözlə, həmin məlumatlar iddiaçının sahibkarlıq fəaliyyətinə aid olmalı, hansı əməliyyatları (alış, satış, borc və sairə), o cümlədən həmin əməliyyatların aid olduğu malları və ya xidmətləri (malın və ya xidmətin adı, çeşidi), onların miqdarını və qiymətini, əməliyyatlarla bağlı ödənişləri, əməliyyatların aparıldığı digər subyektləri müəyyən etməyə imkan verməlidir. Eyni zamanda, əlavə vergilərin hesablanması üçün həmin məlumatlarda yazılan məbləğlərin pul vahidini ifadə etdiyi və vergi ödəyicisinə ödənildiyi aşkar müəyyən olunmalıdır. Başqa sözlə, qara mühasibatlıq məlumatları ehtimallar üzərindən qiymətləndirilməməli, oradakı göstəriciləri şübhə altına alacaq hər hansı imkana malik olmamalıdır. Bundan başqa, həmin məlumatlar onların həqiqiliyi baxımından inzibati icraat çərçivəsində vergi ödəyicisinin rəsmi əməliyyatları ilə müqayisəli şəkildə təhlil edilməli və üzləşdirmə aparılmalı, qarşı tərəf vergi ödəyicilərinin münasibəti öyrənilməli, bir sözlə götürülən məlumatların həqiqiliyi istiqamətində yetərli araşdırma aparılmalıdır.

78. Hazırkı mübahisə üzrə isə cavabdehin istinad etdiyi məlumatlar yuxarıda qeyd edilən qaydada yoxlanılmamışdır. Hesablamada istinad olunan dəftər və eqzel faylın iddiaçıya məxsusluğunun sübut olunmaması ilə yanaşı, həmin məlumatlar vergitutma elementlərini də özündə əks etdirmir.

79. Hazırkı mübahisənin xüsusi halı isə ondan ibarətdir ki, yoxlamanın əhatə etdiyi xx.xx.2018 – xx.xx.2021-ci il tarixlərindən daha əvvəl, yəni xx.xx.2018-ci il tarixdən başlayaraq iddiaçı müəssisədə davamlı olaraq aksiz postu quraşdırılmışdır. Yəni bütün yoxlama dövründə müəssisənin istehsalı və satışları vergi orqanının nəzarəti ilə həyata keçirilmişdir. Səyyar vergi yoxlaması zamanı qeyd olunan xüsusat, ümumiyyətlə araşdırılmamışdır. Aksiz postu dövründə aparılan hər bir əməliyyat vergi orqanının qeydiyyat kitabında əks olunmuşdur. Bununla yanaşı, iş materiallarında olan sənədlərə əsasən, aksiz postu dövründə iddiaçı tərəfindən mütəmadi olaraq bütün satışların cədvəlləşdirilmiş formada təsdiqlənərək vergi orqanına təqdim edildiyi müəyyən olunur. Həmin satışların cavabdeh tərəfindən tanınması işin mübahisəsiz halıdır. Həmçinin, aksiz postu müddətində vergi orqanının nümayəndələri tərəfindən mütəmadi olaraq inventarizasiyalar aparılmış və nə aksiz markalarının, nə də hazır məhsulların qalığında hər hansı əskiklik mövcud olmamışdır və bu müvafiq aktlarla rəsmiləşdirilmişdir. Belə olan halda, səyyar vergi yoxlaması zamanı müəssisədə paralel olaraq “qara mühasibatlığın” aparılması imkanının mövcudluğu ümumiyyətlə nəzərə alınmamışdır. Halbuki, “aksiz postu” üzrə rəsmiləşdirilən nəticələr cavabdeh tərəfindən də qəbul olunmuş və həmin sənədlərin mötəbərliyini şübhə altına alacaq hər hansı hala cavabdeh tərəfindən istinad edilməmişdir.

80. Cavabdeh tərəfindən iddiaçıdan xx.xx.2020-ci il tarixdə götürülən dəftərə nəzər yetirdikdə 2020-ci ilin aprel, iyul, avqust, sentyabr aylarına aid qeydlərin olduğu müəyyən olunur. 2020-ci ilin mart ayında götürülən dəftərdə həmin ilin sonrakı aylarına aid qeydlərin olması imkansızdır və bu mənada həmin dəftərin mötəbər sübut kimi qəbul olunması və oradakı məlumatlara əsasən vergilərin hesablanması yolverilməzdir.

81. Bundan başqa, cavabdeh "xxxx" MMC-dən götürülmüş fləşkartdan çıxarılan eqzel faylda adları yazılan işçilərin əvvəl iddiaçı müəssisədə işləyən və ezamiyyədə olan şəxslərlə eyni olduğuna, bank əməliyyatları məlumatlarının və istehsal olunmuş mallar üzrə çeşidlərin üst-üstə düşməsinə, hər iki müəssisənin baş mühasibinin eyni şəxs olmasına istinad etməklə həmin faylın iddiaçı müəssisəyə məxsus olduğunu bildirir. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, götürülən fayl vergi orqanı tərəfindən həmin anda deyil, sonradan emal olunmuşdur və bu da həmin fayla müdaxilə imkanını istisna etmir. Fayla müdaxilə imkanı onun mötəbərliyini şübhə altına aldığından, həmin məlumatlar vergilərin hesablanmasının əsasını təşkil edə bilməz. Həmçinin, eyni şəxsin müxtəlif müəssisələrdə baş mühasib vəzifəsində işləməsi, həmin müəssisələrin eyni müəssisə olduğuna dair yetərli əsas sayıla bilməz. Həmin mühasibin iş materiallarında olan əmək kitabçasının surətindən də görünür ki, o, aksizli malların istehsalı fəaliyyəti üzrə ixtisaslaşmış və uzun müddət "xxxx" MMC-də baş mühasib vəzifəsində çalışmışdır. Müxtəlif müəssisələrin ixtisaslaşmış şəxsi mühasib kimi cəlb etməsi normal qəbul olunmalıdır və belə hal müəssisələrin eyni olmasının yeganə təsdiqi kimi çıxış edə bilməz.

82. Xüsusilə qeyd olunmalıdır ki, cavabdehin istinad etdiyi "xxxx" MMC-dən götürülən fləşkartda olan “suzanna muhasib komekcisi” adlı qovluğa artıq kassasiya instansiyası tərəfindən münasibət bildirilmişdir və həmin hal hazırkı iş üzrə predusiyal əhəmiyyətə malikdir. Belə ki, iş materiallarına əlavə olunmuş kassasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)-1083/2024 nömrəli qərarından müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı götürülmüş fləşkart məlumatları əsasında "xxxx" MMC barəsində əlavə vergilərin hesablanmasına dair inzibati akt qüvvəyə minmiş məhkəmə aktı ilə ləğv olunmuşdur. Həmin Qərarın 58-ci bəndində qeyd olunmuşdur ki, “İş materiallarından isə müəyyən edilir ki, cavabdeh iddiaçının istehsal sexindən götürülmüş “elektron yaddaş qurğusunda olan “suzanna muh komekchisi” papkasındakı “2021” papkasında olan “Debitorlar, Kreditorlar, üzləşmə aktı” papkasındakı “Spirt hərəkəti-debitor” adlı excel cədvəli, “arena bash buqalter pk” papkasındakı “Raboçiy stol” papkasında olan “realizəsiyə arena” adlı excel cədvəli” əsasında dövriyyəsinin bəyan ediləndən daha artıq olması qənaətinə gəlmiş, başqa sözlə, bu əsasla mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə çalışmışdır. Lakin cavabdehin istinad etdiyi sənədlərin mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir”. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsi tərəfindən “suzanna muhasib komekcisi” qovluğuna artıq qüvvəyə minmiş yekun məhkəmə aktı ilə münasibət bildirilmişdir. Nəzərə almaq lazımdır ki, hazırkı mübahisədə cavabdehin istinad etdiyi altqovluqlarda olan eqzel faylları da məhz “suzanna muhasib komekcisi” qovluğunun tərkibində olmuşdur (qeyd olunan hal cavabdehin özü tərəfindən kassasiya şikayətində də qeyd edilmişdir).

83. Eyni zamanda, səyyar vergi yoxlaması ilə cavabdeh tərəfindən Vergi Məcəlləsinin 58.3-cü maddəsinə görə ******* manat, Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə görə isə 525560 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Hər iki maliyyə sanksiyası digər hesablamaların istinad mənbəyi olan “qara mühasibatlıq” məlumatları əsasında tətbiq olunduğundan və yalnız “qara mühasibatlıq” sənədləri əsasında hesablama aparılmasının yolverilməzliyinə yuxarıda ətraflı münasibət bildirildiyindən, həmin hissələrə ayrıca münasibət bildirilməsinə lüzum qalmır.

84. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********167603 nömrəli qərara münasibətdə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması Ali Məhkəmə tərəfindən “qara mühasibatlıq” sənədlərinə əsasən vergilərin hesablanmasına dair işlər üzrə formalaşmış məhkəmə təcrübəsindən yayınma və ya həmin təcrübənin dəyişdirilməsi kimi qəbul olunmamalıdır. Belə ki, hazırkı iş bu qəbildən olan əvvəlki işlərlə yalnız zahiri baxımdan oxşardır, işin mahiyyəti baxımından isə bu oxşarlıq müəyyən olunmur. Başqa sözlə, hazırkı mübahisəyə münasibətdə fərqli yanaşma baxılan işin fərqli faktiki hallara (xüsusatlara) malik olması və iş üzrə obyektiv qərarın qəbulu baxımından həmin halların şübhələri aradan qaldıracaq həcmdə yoxlanılması, həmin halları təkzib və ya təsdiq edən sübutların araşdırılması zərurətindən irəli gəlir.

85. Məhkəmə kollegiyası cavabdeh tərəfindən “qara mühasibatlıq” sənədləri əsasında aparılan hesablamalara münasibətdə kassasiya məhkəməsinin formalaşmış hüquqi mövqeyinə sadiqliyini bir daha vurğulayaraq qeyd edir ki, “qara mühasibatlıq” sənədləri vergilərin hesablanması üçün digər təkzibolunmaz və dəstəkləyici mənbələrlə birlikdə qiymətləndirilməlidir. Bununla bağlı xüsusilə qeyd olunmalıdır ki, nə vergi öhdəliyinin müəyyən olunması üzrə inzibati icraatda, nə də vergi öhdəliyinə dair mübahisə üzrə inzibati məhkəmə icraatında “qara mühasibatlıq” sənədləri müstəqil sübut qismində qəbul edilə bilməz. Bununla belə, cavabdehin həmin sənədlərdə əksini tapmış məlumatlardan vergi ödəyicisinə aid digər rəsmi sənədlərdəki (vergi bəyannamələrində və ilkin mühasibatlıq sənədlərində olan) məlumatlarla və ya cavabdehin informasiya sistemində olan mənbəyi bəlli və mötəbərliyi şübhə doğurmayan digər baza məlumatları ilə əlaqəli şəkildə istifadə haqqı da tanınmalıdır. Belə yanaşma vergi ödəyiciləri tərəfindən vergilərin tam və lazımi qaydada ödənilməsi, eləcə də vergi ödəyicilərinin uçot məlumatlarının rəsmiləşdirilməsinə və vergi inzibatçılığına dair tələblərə riayət etməli olduqları ilə bağlı ictimai maraqdan irəli gəlir.

86. Yuxarıda qeyd edilənlərə əsasən Kollegiya bildirir ki, cavabdeh tərəfindən təqdim olunmuş “qara mühasibatlıq” sənədlərinin vergi ödəyicisinə aidiyyatı müəyyən olunmadığından istinad edilən sənədlərin mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir.

87. Analoji işlər üzrə oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1902/2021 nömrəli, 26 oktyabr 2021-ci il tarixli; 2-1(102)-851/2022 nömrəli, 13 iyun 2022-ci il tarixli; 2-1(102)-1255/2022 nömrəli, 5 iyul 2022-ci il tarixli və 2- 1(102)-1245/2022 nömrəli, 15 iyul 2022-ci il tarixli qərarlarında da öz əksini tapmışdır.

88. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh obyektiv qərarın qəbulu üçün lazimi həcmdə və həddə inzibati icraat aparmadan vergi hesablamışdır. Bunun da nəticəsində iddiaçıya münasibətdə əsassız vergi hesablanmışdır.

89. Məhkəmə kollegiyası oxşar işlər üzrə qəbul edilmiş məhkəmə qərarlarındakı hüquqi mövqeni təkrarlayaraq qeyd edir ki, İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh iddiaçının “qara mühasibatlıq” sənədləri əsasında dövriyyəsinin bəyan ediləndən daha artıq olması qənaətinə gəlmiş, başqa sözlə, bu əsasla mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə çalışmışdır. Lakin cavabdehin istinad etdiyi sənədlərin mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir. Bu onunla əlaqədardır ki, inzibati qanunvericiliyin tələbi baxımından, vergi orqanının inzibati icraat zamanı (bu halda səyyar vergi yoxlaması aparılarkən və müvafiq qərar qəbul edilərkən) işin hallarını obyektiv araşdırmaq vəzifəsi vardır (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“İnzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi).

90. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri o vaxt mötəbər hesab oluna bilərdi ki, vergi orqanı yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməmiş olsun, həmin məlumatların həqiqiliyi istiqamətində əlavə araşdırma aparmış olsun, başqa sözlə, mötəbər, şübhədən kənar sübutlar təqdim etmiş olsun. Hazırkı iş üzrə isə cavabdeh mübahisələndirilən qərarın İPM-nin 14.1-ci maddəsi baxımından qanuniliyini sübuta yetirə bilməmişdir.

91. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, cavabdeh iddiaçıya vergi hesablayarkən həm maddi, həm də prosessual hüquq normalarını pozmuş, bununla da qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir.

92. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı).

93. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

94. Bununla belə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar.

95. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6532/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

96. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6532/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar