Məhkəmə qərarları › İş №2-1(103)-3795/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3795/2024

29.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3795/2024 29.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı1 və onun vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “maddi yardımın ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5125/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı1 cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Koroğlu Rəhimov 53a saylı binanın 66B saylı mənzilin sökülməsi ilə əlaqədar ona 30500 manat, birdəfəlik maddi yardımın ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, Koroğlu Rəhimov 53a saylı binanın 66 saylı mənzilin sökülməsi ilə əlaqədar ona 30500 manat, birdəfəlik maddi yardımın ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 2-1(112)-5126/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə 2- 1(112)- 5126/2024 saylı inzibati iş üzrə məhkəmə icraatının 2-1(112)-5125/2024 saylı inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi və 2-1(112)-5125/2024 nömrə ilə qeydiyyata alınmaqla məhkəmə icraatı üzrə prosessual hərəkətlərin davam etdirilməsi qərara alınmışdır. 2-1(112)-5126/2024 nömrəli inzibati iş üzrə məhkəmə icraatına 2 1(112)- 5125/2024 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi ilə əlaqədar xitam verilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsi 53a saylı evin 66B nömrəli mənzilində yaşayır. Həmin mənzil onun xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin əmlaka dair ona xx.xx.2019-cu il tarixli çıxarış və texniki pasport verilmişdir. Mənzilin sahəsi 19.3 kv.m təşkil edir. Həmin mənzilə dair mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır. Sözügedən mənzillərə dair 1995-ci və 2000-ci ildən atasının adına orderlər mövcud olmuşdur. Halhazırda onun mülkiyyətində olan mənzili atası notarial qaydada ona bağışlamışdır. Xüsusi mülkiyyətində olan mənzil qəzalı vəziyyətdə olduğundan Azərbaycan Respublikasının Fövqəlada Hallar Nazirliyi tərəfindən sökülməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin yaşadığı binanın sakinlərinin təhlükəsizliyinin təmin edilməsi barədə müvafiq tapşırığı olmuşdur. Atasının həmin binada xüsusi mülkiyyətində olan 66 saylı mənzilə və ayrıca onun xususi mülkiyyətində olan 66b saylı mənzilə görə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən birdəfəlik maddi yardımın - 36000 manatın ayrılması nəzərdə tutulmuşdur. Həmin ünvanda atasına və ona ayrıayrılıqda mənzillər məxsusdur. Hər mənzilə dair 30500 manat vəsait cavabdeh tərəfindən ödənilməli olduğu halda ümumi şəkildə iki mənzilə dair 36000 manat vəsait cavabdeh tərəfindən ayrılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin birdəfəlik maddi yardımın ödənilməsinin hesablanmasına görə hər mənzilə 30500 manat ödənilməli idi. Onun mülkiyyətində olan qeyd edilən mənzilə dair ayrıca 30500 manat ödənilməlidir. Bakı şəhərində qəzalı vəziyyətdə olan bir necə çoxmənzilli binada yaşayan sakinlərin təhlükəsizliyinin təmin olunması barədə Bakı Şəhər İcra Hakimiyyətinin müraciəti ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq onun yaşadığı yataqxananın sakinlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə göstəriş verilmişdir. Həmin tapşırığa əsasən sahəsi 20 kv.metr və daha az olan sahədə yaşayan ailələrin hər birinə 30 min manat birdəfəlik maddi yardım ödənilməlidir. Mənzildə olan əşyaların daşınması üçün 500 manat qeyd edilən orqanlar tərəfindən ödənilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5125/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı1 qəzalı vəziyyətdə olan Bakı şəhəri Binəqədi rayonu Koroğlu Rəhimov 53a saylı binanın 66B saylı mənzilin mülkiyyətçisi kimi birdəfəlik 30500 manat məbləğində maddi yardımın ödənilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması, həmçinin İddiaçı2 qəzalı vəziyyətdə olan Bakı şəhəri Binəqədi rayonu Koroğlu Rəhimov 53a saylı binanın 66 saylı mənzilin mülkiyyətçisi kimi birdəfəlik 30500 manat məbləğində maddi yardımın ödənilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qəzalı vəziyyətdə olan Koroğlu Rəhimov 53 ünvanında yerləşən yataqxana binasında yaşayan 102 ailədən 81 ailəyə birdəfəlik maddi yardım ödənilməklə köçürülmə işləri həyata keçirilmişdir. Birdəfəlik maddi yardımla razılaşmayan sakinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə onlara qəzalı yataqxana binasında yerləşən mənzilə görə ayrılmış kompensasiya məbləğini almaqla 5 gün müddətində mənzilin boşaldılaraq Binəqədi Rayon İcra Hakimiyyətində yaradılmış Komissiyaya təhvil verilməsi barədə bildirişlər təqdim edilməklə xəbərdarlıq edilmişdir. İddiaçılar nəzərə almır ki, qəzalı vəziyyətdə olan binadan köçməkdən imtina edərək yaşamaqda davam etməsi onların və ailə üzvlərinin həyatı və sağlamlığı üçün ciddi təhlükə yaradır. İddiaçılar Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi, 53 saylı binanın 66 saylı mənzilinin və Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi, 53 saylı yataqxanada 66 B saylı mənzilin sökülməsi ilə əlaqədar onlara hər bir mənzilə dair 30500 manat birdəfəlik maddi yardımın ayrılması öhdəliyinin cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbuledilməsini məhkəmədən xahiş edir. Halbuki, Koroğlu Rəhimov küçəsi 53A ünvanında yerləşən qəzalı yataqxana binasında yaşayan ailələr siyahıya alınarkən iddiaçı 2 otaqlı, sahəsi 36 m2 olan 66 saylı mənzilə dair xx.xx.2012-ci il tarixli MA ******* seriyalı çıxarış təqdim etmiş, siyahıda yalnız onun adı qeyd olunmuş, siyahıya alınma prosesi və maddi yardımın ödənilməsi üçün mənzillərə dair müvafiq qurumlar tərəfindən müəyyən məbləğ ayrılmışdır. Buna baxmayaraq iddiaçılar müəyyən məbləğ ayrıldıqdan sonra həmin mənzili 2 mənzilə bölərək xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışları təqdim edərək, 2 mənzilə dair 61.000 manat məbləğində maddi yardımın ödənilməsini xahiş edirlər. Bu səbəbdən də qeyd olunan ünvanda yerləşən 66 və 66 B saylı mənzilə dair iddiaçıların istədiyi məbləğdə maddi yardımın ödənilməsi mümkün olmamışdır. Binəqədi Rayon İcra Hakimiyyəti Bakı Şəhər İcra Hakimiyyəti başçısının Bakı şəhəri Səbail, Suraxanı, Sabunçu, Binəqədi, Xətai, Yasamal Rayon İcra Hakimiyyətilərinin başçılarına xx.xx.2019-cü il tarixli 7-214/7g saylı məktubla verdiyi tapşırığa əsasən hərəkət edir. Həmin məktubda isə rayon ərazisində yerləşən və qəzalı vəziyyətdə olan binalarda yaşayan ailələrə ayrılan birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasının təmin olunması tapşırılmışdır. Bu istiqamətdə başqa səlahiyyətlər yuxarıda qeyd olunan Rayon İcra Hakimiyyətlərinə verilməmişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında apelyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılan cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə hər hansi məlumat verməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2019-cu il tarixli texniki pasportdan (hüquq subyekti İddiaçı1) görünür ki, ünvan 1 ünvanındakı mənzilin otaq sayı 1, ümumi sahəsi 19.3 kv.m, yaşayış sahəsi 18 kv.m təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2019-cu il tarixli texniki pasportdan (hüquq subyekti İddiaçı2) görünür ki, ünvan 2 ünvanındakı mənzilin otaq sayı 1, ümumi sahəsi 19.3 kv.m, yaşayış sahəsi 18 kv.m təşkil edir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı1 ünvanlanmış 5-10/2- 71-78/3-071/2/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Maliyyə Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 7/1417 saylı xx.xx.2019-cu il tarixli məktuba əsasən Bakı şəhərində qəzalı vəziyyətdə olan 21 çoxmənzilli binada yaşayan sakinlərin təhlükəsizliyinin təmin olunması barədə tapşırığına əsasən (MN-nin 2019-cu il 15 tarixli 09/02-3-64-438 nömrəli məktub) 17 binanın sakinlərinin köçürülməsi istiqamətində tədbirlərin həyata keçirilməsi ölkə rəhbərliyi tərəfindən məqbul hesab edilmişdir. Verilmiş tapşırığa əsasən Bakı şəhərində qəzalı vəziyyətdə olan 17 çoxmənzilli yataqxana binalarının sakinlərinə birdəfəlik yardım ödəməklə köçürülməsi nəzərdə tutulmuşdur. ünvan 6 ünvanda qəzalı vəziyyətdə olan yataqxana binalarının köçürülməsi və 30 kv.m-ə qədər olan otaqlara 30000,0 manat, 30 kv.m-dən çox olan mənzillərə hər kv.m-ə 1000,0 manat birdəfəlik maddi yardımın ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan səbəblərə əsasən ona və digər sakinlərə qəzalı binalardan köçürülməyi üçün birdəfəlik maddi yardım olaraq vəsait təklif olunmuş, lakin həmin məbləğlə razı deyil. Qeyd olunan yataqxana kəskin qəzalı vəziyyətdədir və bu hal orada hal-hazırda yaşayan sakinlərin və onun həyatı üçün böyük təhlükə yaradır. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2023-cü il tarixli 3-52/2-1498/2023 saylı məktubla Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək sözügedən yataqxanalarda yaşayan ailələrin təhlükəsizliyinin təmin olunması məqsədi ilə həmin ailələrin təxirəsalınmadan köçürülməsi üçün müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Odur ki, yuxarıda qeyd olunan ünvanda yerləşən yataqxananın boşaldılması tövsiyə olunur. Əks halda Koroğlu Rəhimov küçəsi 53A saylı ünvanda yerləşən yataqxananın müvafiq mənzillərini boşaltmaqdan imtina edən şəxslərin məhkəmə qaydasında köçürülməsinə dair müvafiq tədbirlər görüləcəkdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı1 ünvanlanmış 5-10/2- 71-78/4-071/3-t/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, o və atası İddiaçı2 tərəfindən cavabdehlər Binəqədi Rayon İcra Hakimiyyətinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Maliyyə Nazirliyinə qarşı məhkəmədə iddia qaldırılaraq mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsi, 53A saylı binanın 66 və 66B saylı mənzillərinin sökülməsi ilə əlaqədar hər mənzilə görə 30500 manat, ümumilikdə 61000 manat birdəfəlik maddi yardımın ayrılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul olunması xahiş olunmuş və hal-hazırda məhkəmə icraatı davam edir. Beləliklə də, aparılmış araşdırma zamanı müraciətdə qaldırılan məsələlər üzrə məhkəmə icraatının mövcud olduğu müəyyən olunmuşdur. Müraciətdə qeyd olunan hallar məhkəmə müstəvisində araşdırılaraq məsələyə hüquqi qiymət veriləcəkdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 7062/2024 **********62 saylı xx.xx.2024-cü il tarixli məktub ilə arxiv qovluğunda saxlanılan müvafiq sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. İddiaçı2 və İddiaçı1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 36 kv.m yaşayış sahəsi 36 kv.m olan 2 otaqlı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı1 bağışlanılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Binəqədi rayonu K.Rəhimov küçəsi ev 53a mənzil 66-ya dair bölgü sxemi təqdim edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2012-ci il) əsasən ünvan 2 İddiaçı2 xüsusi mülkiyyətindədir. 79 saylı müvəqqəti orderdən görünür ki, İddiaçı2 həqiqətən 3 nəfər ailə tərkibi ilə Bakı “Elektroştamp” X6 qəsəbəsi, Əlişir Nəvai küçəsi, 53a ünvanında yerləşən yataqxananın dördüncü mərtəbəsi 66, 66a saylı taqlarda yaşayış sahəsi almaq hüququna malikdir (ailə tərkibi İddiaçı2, X2, İddiaçı1). Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən təqdim edilmiş 1461 saylı xx.xx.2011-ci il tarixli arayışa əsasən İddiaçı2 həqiqətən 53a saylı evin 66 saylı mənzilində Rəhimov küçəsində 2 otaqlı 36,0 kv.m sahəli 5 mərtəbəli binanın dördüncü mərtəbəsində yaşayır. Ailə tərkibi 5 nəfərdən ibarətdir (İddiaçı2, X3, İddiaçı1, X7 və X5). 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi 78 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təqdim edilmiş 1462 saylı xx.xx.2011-ci il tarixli arayışa əsasən İddiaçı2 həqiqətən K.Rəhimov küçəsi 53a saylı evin 66 nömrəli mənzilində qeydiyyatdadır. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 181/2 saylı xx.xx.2011-ci il tarixli sərəncamından görünür ki, Bakı şəhəri Koroğlu Rəhimov küçəsində yerləşən 53a saylı evin yaşayış sahəsi 36,0 kv.m olan 2 otaqlı 66 saylı mənzilinə 5 nəfər ailə üzvü ilə (özü, arvadı, qızı və 2 oğlu) İddiaçı2 adına icarə müqaviləsi bağlanılmış və o, həmin mənzilin icarədarı hesab edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-48-2F/2-806/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı “Eletroştamp” Təcrübə zavodunun arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Vətəndaşlara mənzillərə dair verilən orderlər fərdi qaydada Dövlət Arxivinin Bakı filialında saxlanılmır. Azərbaycan Elektroenergetika və X1 Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 17 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, məhkəmənin məktubu baxılmaq üçün Azərbaycan Elektroenergetika və X1 Həmkarlar İttifaqı Respublika Komitəsinə göndərilmişdir. "xxxx" ASC uzun illərdir fəaliyyət göstərmədiyi üçün həmkarlar təşkilatına üzvlük haqqı ödəməmişdir. Bu səbəbdən zavod xidmət sahəsindən çıxarılmışdır. Kömək olunması məqsədi ilə ASC-yə tərəfindən müraciət olunmuş və xahiş edilmişdir ki, tələb olunan sənəd təqdim edilsin. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-52-13/2-359/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı şəhəri, Koroğlu Rəhimov küçəsi, 53a saylı evin, 66 saylı mənzilinə dair kirayə müqaviləsinin İddiaçı2 adına bağlanılması barədə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2011-ci il tarixli, 181/2 saylı sərəncamının təsdiq edilmiş surəti təqdim edilmişdir. Həmin sərəncamın verilməsinə əsas olmuş sənədlər müvafiq qanunvericiliyə uyğun olaraq saxlanılması üçün dövlət arxivinə təhvil verilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri “Yaşayış sahəsi üçün” 79 saylı orderdən görünür ki, İddiaçı2 Hüseyn oğlu həqiqətən 3 nəfər ailə tərkibi ilə Bakı “Elektroştamp” Təcrübə Zavodunun Ə.Nəvai küçəsi 53 “a”-da yerləşən yataqxanasının 4- cü mərtəbəsinin 66 nömrəli otağında yaşayış sahəsi almaq hüququna malikdir (ailə üzvləri: İddiaçı2, X4, İddiaçı1). Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-52-13/2-378/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə Bakı şəhəri, Koroğlu Rəhimov küçəsində yerləşən 53a saylı evin 66 saylı mənzilinə dair kirayə müqaviləsinin İddiaçı2 adına bağlanılması barədə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2011-ci il tarixli, 181/2 saylı sərəncamının təsdiq edilmiş surəti təqdim edilmişdir. Bildirilmişdir ki, həmin sərəncamın verilməsinə əsas olmuş sənədlər müvafiq qanunvericiliyə uyğun olaraq saxlanılması üçün dövlət arxivinə təhvil verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq BEŞ-X-24-0442/001 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı "Elektroştamp" X6 qəsəbəsi, Əlişir Nəvai küçəsi 53a ünvanında yerləşən yataqxanasında yaşayış sahəsi almaq üçün vətəndaş İddiaçı2 verilmiş 75 saylı orderin və yaşayış üçün orderin verilməsinə əsas olmuş zavod müdiriyyəti və zavod Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2000-ci il tarixli, 07 saylı birgə qərarının təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi barədə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasına ünvanladığınız xx.xx.2024-cü il tarixli, 2- l(112)-5125/2024 saylı məktubunuza tərəfimizdən baxılmışdır. Arxiv sənədlərinin bir hissəsinin məhv olması səbəbindən zavod müdiriyyəti və zavod Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2000-ci il tarixli, 07 saylı birgə qərarmın təsdiq edilmiş surətinin (arxivdə qalan sənədlərin içərisində mövcud deyil) məhkəməyə təqdim edilməsi qeyri mümkündür. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı1 ünvanlanmış 5-10/2- 71-78/2-071/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, yaşadığı binanın qəzalı vəziyyətdə olması ilə əlaqədar olaraq adlı siyahıya əsasən dövlət büdcəsindən 2019-cu ildə kompensasiya ayrılmışdır. Hüquqmüəyyənedici sənədlərin əslini təqdim edən sakinlərə 2019-cu ilin iyun ayından başlayaraq kompensasiya ödənilmişdir. Təqdim edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il tarixli MA0325128 nömrəli çıxarışın surətinə əsasən dövlət büdcəsində adlı siyahıya uyğun olaraq ona 2019-cu ildə birdəfəlik maddi yardımla birlikdə 36500 (otuz altı min beş yüz) manat kompensasiya ayrılmışdır (2019-cu ildə bazar qiymətlərinə uyğun olaraq). Lakin ona dəfələrlə müraciət etməyinə baxmayaraq tərəfindən hüquqmüəyyənedici sənədlərin əsli təqdim edilməmiş və razılıq protokolunun imzalanmasından imtina etmişdir. Bu səbəbdən ona kompensasiyanın ödənilməsi mümkün olmamışdır. Razılaşma protokolu imzalandıqdan sonra dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına ödənilməsi üçün kassa sifarişi əsasında maliyyə vəsaiti sifariş olunur və ödənilir. Qeyd olunanlara əsaslanaraq dövlət tərəfindən ayrılmış maddi yardımı almaqla qəzalı vəziyyətdə olan yataqxanadan köçməyi və mənzilin təhvil verilməsi tövsiyə olunur. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunmasına dair qənaətini onunla əsaslandırmışdır ki, qəzalı vəziyyətdə olan binanın 30 kv.m-ə qədər otağı olan sakinlərinə birdəfəlik 30500 manat məbləğində maddi yardımın ödənilməsi iddiaçılara münasibətdə də tətbiq edilməlidir. Bakı şəhəri Binəqədi rayonu Koroğlu Rəhimov 53a saylı binanın 66B saylı mənzilin mülkiyyətçisi kimi İddiaçı1, 66 saylı mənzilin mülkiyyətçisi kimi isə İddiaçı2, hər birinə 30500 manat (30 kv.m-ə qədər olan otaqlara 30000,0 manat və hər mənzil sahibinə ev əşyalarının daşınması və bir aylıq kirayə haqlarına görə 500 manat) məbləğində maddi yardımın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İşin hallarından müəyyən edilir ki, Bakı şəhəri Binəqədi rayonu Koroğlu Rəhimov 53a saylı bina qəzalı vəziyyətdə olan binalar sırasına daxildir və həmin binada 30 kv.m-ə qədər olan otaqlara 30000,0 manat, 30m2-dən çox olan mənzillərə hər kv.m-ə 1000,0 manat birdəfəlik maddi yardım verilməli, həmçinin hər mənzil sahibinə ev əşyalarının daşınması və bir aylıq kirayə haqlarına görə 500 manat birdəfəlik yardım ayrılmalıdır. İşin faktiki hallarına əsasən isə iddiaçılara mülkiyyətçisi olduqları mənzillə əlaqədar (30 kv.m-ə qədər olan otaqlara 30000,0 manat və hər mənzil sahibinə ev əşyalarının daşınması və bir aylıq kirayə haqlarına görə 500 manat) birdəfəlik yardım ödənilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun hesab edir. Cavabdehin apelyasiya şikayətinə münasibətdə isə Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş hər iki mənzilə dair mənzil planı və bölgü sxemindən görünür ki, birgə iddiaçıların hər birinə məxsus ümumi sahəsi 19.3 kv.m olan yaşayış otaqlarının hər birinin qapısı ümumi dəhlizə açılır və 66 b və 66 saylı mənzillərin arasında iki fərqli qonşu otaqlar (mənzillər) yerləşir. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, 66b və 66 saylı mənzillər faktiki olaraq fərqli nömrəli və sahəli mənzillər olmaqla bərabər, mənzillər yanaşı belə yerləşmir, onların arasında sərbəst girişi və çıxışı olan digər iki qonşu mənzil də yerləşir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 7.6-cı bəndinə əsasən, yerli icra hakimiyyətlərinin maliyyə mənbələri dövlət büdcəsindən ayırmalardan, büdcədənkənar vəsaitlərdən və qanunla qadağan edilməmiş digər mənbələrdən əldə olunan vəsaitlərdən ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Həmin Qanunun 19-cu maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslı, cavabdehin imtinası əsassız olduğundan, birinci instansiya məhkəməsi də iddia tələbi təmin etməklə düzgün nəticəyə gəldiyindən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5125/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5125/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar