Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3798/2025 11.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Ceyhun Bəşir oğlu (sədrlik edən), X6 və X2 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Şirkətinin cavabdeh Bakı şəhəri Binədəqi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı “sərəncamın etibarsızlığının tanınması″ tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10337/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Şirkəti cavabdeh Bakı şəhəri Binədəqi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binədəqi rayonu Binəqədi qəsəbə X1 istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 192/1 saylı, xx.xx.2005-ci il tarixli sərəncamının qanunsuzluğunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10337/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və və iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddialara iddia müddəti tətbiq edildiyi halda, “müəyyən etmə və tanınma” haqqında iddialara iddia müddətinin tətbiq olunması nəzərdə tutulmamışdır. Həmçinin, Şirkət Saziş əsasında onun istifadəsinə verilmiş kontrakt sahəsinin torpaqları barəsində 2 ayrı şəxsin, yəni Bələdiyyə və vətəndaşın arasında hər hansı razılaşmanın, qərar və ya sərəncamın mövcud olmasından məlumatlı olmamışdır. Hər kəsə bəllidir ki, bu günə kimi istənilən Bələdiyyə qurumu tərəfindən vətəndaşa torpaq sahəsinin ayrılması barədə verilmiş qərar və sərəncamlar heç bir dövlət orqanında, o cümlədən Daşınmaz Əmlakın DövlətReyestri Xidmətində qeydiyyata alınmamış və bu gün də belə bir hal mümkün deyildir. Torpaq sahəsinin mülkiyyətçisi barədə məlumatlar isə istər əvvəlki zamanda, istərsə də hazırda Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz ƏmlakınDövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin təsdiqlənmiş bazasında mövcud olmalıdır. Lakin göründüyü ki, Binəqədi qəsəbə Bələdiyyəsinin vətəndaşa torpaq ayırma barədə sərəncamı adı çəkilən orqanda qeydiyyata alınmamış və bu barədə məlumat da həmin orqanın bazasında mövcud deyildir. Belə olan halda Şirkətin həmin qərarın mövcudluğundan xəbərdar olması tamamilə yalnış və absudr bir fikirdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasına gəlməmişdir. Qanunverciliyin tələbləri baxımından məhkəmə kollegiyası iclası 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, inzibati məhkəmədə qaldırılan iddia – subyektiv hüququ olan şəxs tərəfindən və inzibati icraat qaydalarına uyğun iddia növünə müvafiq olan və prosessual qanunvericiliyin tələbləri (iddia müddətinə, formasına və s. riayət olunmaqla) qaydasında, cavabdehliyi qanunvericiliklə müəyyən olunan inzibati orqana qarşı qaldırıldıqda və formal olaraq hüquq və azadlıqların pozulması (müvafiq sübutlar da əlavə edilməklə) əsaslandırıldığı halda, məhkəmə icraatı mümkündür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarında qeyd etmişdir ki, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir (b.b. 1.1;1.4; 2.3). Konkret halda, iddiaçının cavabdehə qarşı ″sərəncamın etibarsızlığının tanınması″ tələbinə dair hazırkı iddiasının məhkəmə icraatını mümkün edən əsasların mövcudluğu müəyyən olunmur. Hazırki işin hallarından görünür ki, iddiaçı Bakı şəhəri Binədəqi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən qəbul edilmiş inzibati aktı mübahisələndirir. Nəzərə alınmalıdır ki, həmin sərəncama əsasən Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 5000 kv.m torpaq sahəsini sahibkarlıq fəaliyyətinin tikintisi üçün X7 alqısatqı yolu ilə mülkiyyətinə vermişdir. İddiaçı isə hazırda həmin qərar ilə ayrılan torpaq sahəsinin Saziş əsasında onun istifadəsində olduğunu iddia etmiş və buna görə də həmin inzibati aktı mübahisələndirmişdir. Nəzərə alınmalıdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Göründüyü kimi iddiaçının mübahisə açdığı inzibati akt müvafiq olaraq 2005-ci ildə verilmişdir. Həmin vaxt da qüvvədə olmuş qanunvericiliyə görə maraqlı şəxs hüququnun pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etmək hüququ var idi. Kollegiya qeyd edir ki, hazırkı işdən iddiaçının qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə ki, iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə verilmişdir. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının hazırkı iddia tələbi iddia müddəti ötürülməklə verildiyindən inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə cavab vermir. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə yuxarıda qeyd olunanlar nəzərə alınmaqla iddianı mümkün saymamışdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə də, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmadığını, təqdim edilmiş subutlara prosessual qanunvericiliyinin tələbləri səviyyəsində hüquqi qiymət verilmədiyini, əsassız olaraq iddianı mümkün saymadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10337/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10337/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3798/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3798/2025
11.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver