Məhkəmə qərarları › İş №2-1(103)-38/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-38/2021

19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-38/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Bakı filialının cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti və Maliyyə Nazirliyi) “dəymiş zərərin ödənilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-25/2018 saylı iş üzrə qəbul etdiyi 24 yanvar 2018-ci il tarixli qərarından iddiaçı, cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı Bakı filialı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti və Maliyyə Nazirliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş zərərin əvəzi olaraq İddiaçı Bakı filialına 9.295.963,22 (doqquz milyon iki yüz doxsan beş min doqquz yüz altmış üç manat 22 qəpik) manat məbləğində və qeyri- yaşayış sahəsinin sökülməsi nəticəsində içərisində olan əşyaların məhv olması nəticəsində 500.000 manat məbləğində kompensasiyanın ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi AR İPM-nin 13-cü maddəsini nəzərə alaraq iddia tələbinin “Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Komunal Təsərrüfat Departamenti tərəfindən qanunsuz olaraq İddiaçı Bakı filialına məxsus balans dəyəri 9.295.963,22 manat olan Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 10 ünvanının sökülməsi nəticəsində məhv olmuş 9.295.963,22 manat əmlakın dəyərinin və binanın sökülmə nəticəsində içərisində olan və məhv olmuş 500.000 manat dəyərində əşyaların dəyərinin 500.000 manatın ödənilməsi” sözlərini formal xəta hesab etmiş və iddia tələbini aşağıdakı kimi kimi qəbul etmişdir: “Bakı şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş zərərin əvəzi olaraq İddiaçı Bakı filialına 9.295.963,22 manat məbləğində və qeyri- yaşayış sahəsinin sökülməsi nəticəsində içərisində olan əşyaların məhv olması nəticəsində 500.000 manat məbləğində kompensassiyanın ödənilməsi” İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı filialı İran İslam Respublikasının eyni adlı dövlət bankının Bakıdakı filialıdır. Filial 1993-cü ildən Bakı şəhərində açılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 06.04.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən, iki mərtəbəli, təqribi 648,53 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında İddiaçı Bakı filialına məxsusdur, 18 noyabr 2014-cü il tarixində, saat 17:00 bankın əməkdaşının Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 10 ünvanından keçən zaman təsadüf nəticəsində banka məxsus yuxarıda qeyd olunan əmlakın söküldüyü aşkar olunmuşdur. Dərhal həmin ünvana gedilmiş, binanın sökülmə prosesində olduğu müşahidə edilmişdir. Söküntünün qarşısının alınması məqsədilə bankın əməkdaşı həmin ərazidə olan Bakı şəhər İcra Hakimiyyətinin başçısına və Bakı şəhəri, Xətai rayon İcra hakimiyyətinin başçısına müraciət olunaraq iddiaçıya məxsus əmlakın qanunsuz sökülməsinin dayandırılması xahiş və tələb olunmuş, lakin Bankın əməkdaşının haqlı tələbləri nəzərə alınmadan birmənalı olaraq söküntü baş vermişdir. İddiaçı Bankın mülkiyyətində olan və məlumat verilmədən Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sökülməsini qanunsuz hesab etmiş və banka külli miqdarda zərər vurulduğunu bildirmişdir. Bu əmlak bankın balansında 9.295.963 manat dəyərində tanınmışdır. Bundan başqa sökülmüş binada ümumi dəyəri 500.000 manat olan əşyalar da söküntü zamanı məhv olmuşdur. Söküntünü həyata keçirmiş Bakı şəhər İcra Hakimiyyəti və Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyətinin hərəkətləri ciddi qanun pozuntuları ilə müşahidə olunmuşdur. Sonradan iddiaçıya məlum olmuşdur ki, qanunsuz söküntü Bakı şəhər İcra Hakimiyyətinin 18.11.2014-cü il tarixli Sərəncamına əsasən həyata keçirilmişdir. İddiaçı Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin maddələrinə istinad edərək, hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Üçüncü şəxs Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti 557 saylı 10.08.2016-cı il tarixli iddia tələbinə münasibət məktubu ilə bağlı bildirmişdir ki, İddiaçı ünvan 4 ünvanında onlara məxsus qeyri-yaşayış binasının sökülməsi ilə bağlı kompensasiyanın ödənilməsi barədə müraciətinə 24.05.2016-cı il tarixli, Ş-10 saylı cavab məktubu ilə bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən qeyd edilən ünvanda qeyri-yaşayış binasının söküntüsü işləri həyata keçirilməmişdir. Ona görə də Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2 və 68-69-cu maddələrini rəhbər tutaraq məhkəmədən, İddiaçı Bakı filialının cavabdeh Bakı Şəhər İcra hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş edilmişdir. Üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi etiraz ərizəsi ilə müraciət etmişdir. Həmin etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə görə iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanının hərəkəti və hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliyin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 sayı qərarının 1.3-cü maddəsinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin qərarın 4.1-ci maddəsinə əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin qərarın 9-cu maddəsinə görə İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən bildirilir ki, iş materiallarında vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı iddiaçının (müvafiq ərizə ilə inzibati orqana müraciət etməsi və cavabdeh tərəfindən öhdəliyin icrasından imtina olunmasını göstərən sübutlar mövcud deyildir. Bu isə tərəflər arasında hazırkı vəziyyətdə hər hansı inzibati mübahisənin möcudluğunu və həmin işə hazırda inzibati məhkəmə icraatı qaydasında baxılmasını istisna edir. Digər tərəfdən iddiaçı tərəfindən hazırki kompensasiya məbləğləri ilə bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. İddiaçının tələb etdiyi kompensasiya şəxsi mülahizələrindən ibarətdir. İş materiallarında sözügedən tələblə bağlı sübutlar mövcud deyildir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq İddiaçı Bakı filialının cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı kompensasiyanın ödənilməsi tələbi barədə iddiasının mümkün sayılmamasını və iddia tələbinə etiraz etməklə həmin tələbin təmin edilməməsini məhkəmədən xahiş olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-25/2018 saylı 24 yanvar 2018-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş zərərin əvəzi olaraq İddiaçı Bakı filialına 2.555.000 (iki milyon beş yüz əlli beş min) manat məbləğində kompensasiyanın ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə 1400 (bir min dörd yüz) manat mütəxəssis rəyi xərcinin müştərək qaydada 700 (yeddi yüz) manat olmaqla cavabdeh Bakı şəhər İcra Hakimiyyətindən və 700 (yeddi yüz) manat olmaqla İddiaçı Bakı filialından “X8” MMC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Qərardan cavabdeh Bakı şəhər İcra Hakimiyyəti apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin bu qərarında göstərilmiş 2.555.000 (iki milyon beş yüz əlli beş min) manat məbləğində kompensasiya çox şişirdilmiş bir rəqəmdir, heç bir əsası yoxdur. Digər tərəfdən Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədrinin Maliyyə Nazirliyinə ünvanlanmış 09.04.2010cu il tarixli 2-182 nömrəli məktubu ilə bildirilmişdir ki, respublikanın rayon (şəhər) məhkəmələrinə, yerli iqtisad məhkəmələrinə və apellyasiya instansiyası məhkəmələrinə tövsiyyə edilmişdir ki, daşınmaz əmlakın qiymətləri ilə əlaqədar mübahisələrə baxılarkən daşınmaz əmlakın qiymətləndirilməsi prosesində iştirak etmək üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ekspert və ya mütəxəssislərinin iştirakını təmin etsinlər. Lakin “X7” MMC-nin 07 noyabr 2017-cı il tarixli CEG-M- 863 nömrəli rəyi ilə qiymətləndirlən əmlaklara görə şişirdilmiş və gələcəkdə dövlət büdcəsi qarşısında əlavə və kəskin maliyyə öhdəliyi yaradan kompensasiya müəyyən edilmişdir. Qiymətləndirilmənin aparılmasına Maliyyə Nazirliyi cəlb edilməmişdir. Həmçinin, iş üzrə üçüncü şəxs Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-25/2018 saylı iş üzrə qəbul etdiyi 24 yanvar 2018-ci il tarixli qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında iddiaçının məhkəmədən öncə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etməsini və cavabdehin iddiaçının tələbindən imtina etməsini sübut edən sənəd (imtina məktubu) yoxdur. İddiaçı tərəfindən təqdim edilmiş sənədlər adıçəkilən Məcəllənin 35.1-ci maddəsinin tələblərinə cavab vermir. Bu baxımdan iddiaçının ərizəsi mümkün sayılmamalıdır. Bununla yanaşı məhkəmə prosesində Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi iddiaçı ilə yaranmış mübahisənin məhkəmədənkənar həlli, o cümlədən sökülmüş obyektin əvəzinə başqa daşınmaz əmlakın verilməsi imkanları barədə təklif irəli sürsə də, məhkəmə bu halları nəzərə almamışdır. Bundan başqa məhkəmə əmlakın dəyərini müəyyən edərkən çoxsaylı pozuntulara yol vermişdir. Belə ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 31 mart 2010-cu il tarixli 14/03-175-1736 nömrəli məktubla Ali Məhkəməyə müraciət edilərək dövlət ehtiyacları ilə əlaqədar məhkəmə işlərinə Nazirliyin ekspert və ya mütəxəssislərin iştirakının təmin edilməsi xahiş edilmişdir. Maliyyə Nazirliyinin həmin müraciətinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin müvafiq məktubu ilə respublikanın rayon (şəhər) məhkəmələrinə, yerli iqtisad məhkəmələrinə və apellyasiya instansiyası məhkəmələrinə tövsiyyə edilmişdir ki, daşınmaz əmlakın qiymətləri ilə əlaqədar mübahisələrə baxılarkən daşınmaz əmlakın qiymətləndirilməsi prosesində iştirak etmək üçün Maliyyə Nazirliyinin ekspert və ya mütəxəssislərinin iştirakını təmin etsinlər. Lakin məhkəmə tərəfindən işə baxılarkən Ali Məhkəmənin yuxarıda göstərilən tapşırığına əməl olunmamış, Maliyyə Nazirliyinin mütəxəssisinin rəyi öyrənilməmişdir. Məhkəmə kompensasiyanı “X8” MMC-nin rəyinə əsaslanaraq müəyyən etmişdir ki, həmin rəyin hansı metodlarla tərtib olunduğu, tətbiq edilən qiymətləndirmə normalarının hüquqi və iqtisadi mənbəyi məlum deyildir. Eyni zamanda həmin rəydə obyektin köməkçi və əsas sahələrinin dəyəri fərqləndirilməmiş, habelə tikilinin 1 kv.m-nin qiyməti təxminən 3940 manatdan hesablanmışdır ki, bu da nə real bazar qiymətlərinə, nə də mövcud məhkəmə praktikasına uyğun deyildir. Qərardan, həmçinin, iddiaçı apellyasiya şikayəti verərək qərarın qismən- 2.555.000 (iki milyon beş yüz əlli beş min) manat məbləğində kompensasiyanın ödənilməsi hissəsində ləğv olunması və kompensasiya məbləğinin 9.295.963,22 manat həddində olması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qanunsuz sökülmüş ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 648,53 kv/m olan 2 mərtəbəli qeyri-yaşayış binası sökülmüşdür. Eyni zamanda 0.03734 ha torpaq sahəsində xüsusi mülkiyyətdə olmasına baxmayaraq əllərindən alınmış və üzərində park salınmışdır. Rəyin 1.1-ci bəndində görünür ki, qiymətləndirici yalnız ünvan 5 ünvanında yerləşən, ümumi səhəsi 648,53 kv/m olan 2 mərtəbəli qeyri-yaşayış binasının bazar dəyərini müəyyən etmişdir. Topaq sahəsinin qiyməti nəzərə alınmamışdır. Nəzərə alınsa ki, torpaq sahəsi Bakı şəhərinin əsas küçələrindən birinin üzərində yerləşir və dəyəri olduqca yüksəkdir. Qiymətləndirlən ekspertə təqdim olunan və iş materiallarına əlavə olunmuş şəkillərdən görunur ki, sökülmüş binada bank tam şəkildə fəaliyyət göstərmişdir. Binada qurğular, stol və stullar, şkaflar, generator və s. olmuşdur. Söküntü zamanı Bakı şəhər İcra Hakimiyyəti fəaliyyət göstərən bankdan heç bir əşyanın aparılmasına icazə verməmişdir. Söküntü bütünlüklə bir gün, yəni 18.11.2014-cü il tarixində başlanılmış və tam və bitmişdir. Qiymət qoyulan zaman qiymətləndirici binanın içərisində olan və ayrılmaz hissəsini təşkil edən avadanlıqları, o cümlədən isitmə və soyutma sistemini, işığın fasiləsizliyini təmin etmək üçün qoyulmuş generatoru, stol stullar, şkafları və digər əşyaları nəzərə almamışdır. Həmin binanın təmir və bərpa işlərinin aparılması üçün bank tərəfindən 500000 manatdan artıq vəsait xərclənmişdir. Sökülmüş əmlak barəsində fərqli qiymətin olması, aradakı fərq xeyli ziddiyyət yaratdığına görə, hazırkı “X8” MMC-nin 07 noyabr 2017-ci il tarixli, CEG-M-863 nömrəli hesabatının obyektiv və düzgün tərtib olunmasında kifayət qədər şübhələr vardır. Bu isə işin obyektiv həllinə təsir edir. Qanunvericilikdə ekspert rəyi məhkəmə üçün məcburi sayılmır və iş materiallarına əlavə olunmuş digər sübutlarla eyni qiymətləndirilir. Sökülmüş əmlakı balansa götürüləndən beş il sonra qiymətləndiriməsi onun real dəyərini müəyyən etmək mümkün deyildir. Əmlakın balansa məhkəmə qərarı əsasında götürülmüşdür ona görə də qüvvədə olan məhkəmə qərarında göstərilən dəyərdə zərər tanınmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı digər məhkəmələr üçün məcburidir. Bakı Apellyasiya Məhkəməsinin 01 may 2019-cu il tarixli 2-1(103)-258/2019 saylı qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-25/2018 saylı 24.01.2018-ci il tarixli qərarı dəyişdirilmiş, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş zərərin əvəzi olaraq İddiaçı Bakı filialına 972.795 (doqquz yüz yetmiş iki min yeddi yüz doxsan beş) manat məbləğində kompensasiya ödənilməsi qərara alınmışdır. Qərardan iddiaçı, İddiaçı və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən kassasiya şikayətləri verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-2773/2019 saylı 09.10.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 01 may 2019-cu il tarixli 2-1(103)-258/2019 saylı qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib yeni araşdırmaya göndərərkən əsas gostərişi apellyasiya məhkəməsində üçüncü şəxs Maliyyə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə ekspertiza keçirilməsinin mümkünsüzlüyünün məhkəmə tərəfindən əsaslandırılmaması olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuni qaydada məlumat verilmiş cavabdeh və üçüncü şəxs öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi izahat verərək tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin tam təmin edilməməsini, cavabdeh və üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətlərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilməli, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş zərərin əvəzi olaraq İddiaçı Bakı filialına 2.080.000 (iki milyon səksən min) manat məbləğində kompensasiya ödənilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: -İddiaçı Bakı filialının əsasnaməsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Bakı filialı 07.12.2005-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Bakı filialı (VÖEN **********) 29.01.1993-cü il tarixdə qeydiyyata alınmışdır, təsisçisi – İddiaçıdır. -1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 27 fevral 2013-cü il tarixli 2iqt(81)- 2410/2012 saylı qərardadının təsdiq edilmiş surətindən görünür ki, “xxxx” Bank ASC-nin 186599.32 (bir yüz səksən altı min beş yüz doxsan doqquz manat 32 qəpik) AZN manat həcmində pul tələbinin “xxxx” ASC-nin ləğvedicisi tərəfindən qəbul edilmiş tələblər siyahısına əlavə edilmiş, 29.08.2012-ci il tarixli üzləşmə aktına əsasən ilkin maliyyələşdirilmiş 663050 məbləğində ipoteka kreditlərinin qalıq məbləği üzrə hüquqlar Azərbaycan İpoteka Fonduna ötürülmüş və xxxx ASC-nin Fond qarşısında öhdəlikləri ilə əvəzləşdirilmiş, “xxxx” ASC-nin mülkiyyətində olan və ipoteka yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsini “xxxx” ASC ilə İddiaçı Bakı filialı arasında bağlanmış “Banklararası depozit yerləşdirilməsi üzrə” 25.07.2012-ci il tarixli, 01 AZN saylı müqavilə, “Banklararası depozitin yerləşdirilməsi üzrə” 24.05.2012-ci il tarixli, 02 AZN saylı müqavilə “Banklarararası depozitin yerləşdirilməsi üzrə” 24.05.2012-ci il tarixli, 03 AZN saylı müqavilə, “Banklararası depozitin yerləşdirilməsi üzrə” 24.05.2012-ci il tarixli, 01 USD saylı müqavilə, 24.05.2012-ci il tarixli, 01 AVRO saylı “X9” müqavilə və 24.05.2012-ci il tarixli, 01 USD “X9” müqavilələri üzrə “xxxx” ASC-nin cəmi 3.010.416,72 manat, 4.928.748,43 ABŞ dolları və 2.324.789,39 AVRO olan borcun əvəzi kimi İddiaçı Bakı filialina təqdim edilməsi və ipoteka predmetinə bu yolla tutmanın yönəldilməsi qət edilmişdir. -Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 10 ünvanında yerləşən qeyri-yaşayış binası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı Bakı filialının xüsusi mülkiyyətindədir. -Bakı şəhər İcra Hakimiyyətinin Başçısının ünvan 7 ünvanında yeni park kompleksinin salınması haqqında 542 saylı 18.11.2014-cü il tarixli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, son illər respublikada aparılan sosial-iqtisadi inkişaf proqramları çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının paytaxtında aparılan dünya standartlarına cavab verən abadlaşdırma işlərinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirilmiş və bu yöndə şəhərin sosial-iqtisadi inkişafına uyğun olaraq, əhalinin ümumi istifadə yerləri olan şəhər yollarının, küçə və meydanların, park və xiyabanların, habelə yaşayış sahələri üzrə ərazilərin abadlaşdırılması, yaşıllaşdırılması istiqamətində yenidənqurma və quruculuq işləri müntəzəm olaraq davam etdirilir. Aparılan bu işlərin məntiqi nəticəsidir ki, bu gün Respublikamızın paytaxtı Bakı şəhəri dünyanın ən gözəl paytaxt şəhərlərindən birinə çevrilməkdədir. Bakının təkrarsız görkəmə malik müasir şəhərlərdən birinə çevrilməsi, sosial infrastrukturun daha da inkşaf etdirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması, ekoloji vəziyyətin saglamlaşdırılması ümdə bir vəzifə kimi qarşıya qoyulmuşdur. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davam etdiıiməsi ilə əlaqədar şəhərdə aparılan abadlıq və yenidənqurma işlərinin tərkib hissəsi olaraq, ünvan 8 ünvanda yeni park kompleksinin salınması ilə bağlı ərazidə yerləşən qeyri-yaşayış sahələrinin qanunvericiliyə müvafiq şəkildə kompensasiya ödənilməklə alınmasını və həmin qeyri-yaşayış sahələrinin köçürülməsi işlərini təmin etmək məqsədi ilə ünvan 8 ünvanda yeni park kompleksinin salınması ilə bağlı ərazidə yerləşən qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə həvalə olunması qərara alınmışdır. Eyni zamanda Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qeyd olunan ərazidə əhalinin istirahətinin və asudə vaxtının səmərəli təşkili üçün miivafıq layihə hazırlamaqla müasir tələblərə cavab verən yeni park kompleksinin salınmasının təmin edilməsi tapşırılmışdır. -Xalq Sığorta tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə və Xətai rayon İcra Hakimiyyətinə ünvanlanmış 22 yanvar 2015-ci il tarixli 05/01-92 saylı məktubun surətindən görünür ki, tərəfimizdən RXA********** saylı daşınmaz əmlakın icbari sığortası növü üzrə sığortalanmış, mülkiyyət hüququ əsasında "İddiaçı” ünvan 10 ünvanında yerləşən 2 mərtəbəli, qeyri-yaşayış sahəsi 18 noyabr 2014-cü il tarixdə sökülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 924.2-ci maddəsinə görə, sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyəti dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrin təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsini) vəzifəsidir. Bununla əlaqədar olaraq, Sığortaçı ilə Sığortalı arasında münasibətləriı müəyyənləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alınaraq, 26 noyabr 2014-cü i tarixli 05/01-1430 saylı sorğu ilə qeyri-yaşayış sahəsinin sökülməsinin əsasları barədə məlumat verilməsi xahiş olunmuşdur. Eyni zamanda, Sığortalı "İddiaçı” Bakı filialı tərəfindən də bu məsələyə təcili baxılması və qərar qəbul edilməsi xahiş edilmişdir. Sorğunun cavabsız saxlanılması və lazımı məlumatın verilməməsi Sığortaçının “İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Bu səbəbdən də, yuxanda qeyd olunanları nəzərə alaraq, ünvan 11 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış sahəsinin sökülməsinin təfsilatı, eləcə də söküntünün dövlət ehtiyacları və yaxud digər məqsədlər üçün aparılması barədə məlumat verməsi təkrar xahiş olunmuşdur. -İddiaçı Bakı filialı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə və üçüncü şəxs Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyətinə 21 noyabr 2014-cü il tarixli, 2014/1673 saylı ərizə ilə müraciət edərək qanunsuz və əsassız olaraq Bakı şəhəri, Xətai rayonu Yusif Səfərov küçəsi 10 ünvanının sökülməsi nəticəsində İddiaçı Bakı filialına vurulmuş 9.295963,22 manat (əmlakın dəyəri), binanın sökülməsi nəticəsində içərisində olan və məhv olmuş 500.000 manata yaxın dəyərində əşyaların dəyərinin ödənilməsini xahiş etmiş, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti 7-5880/17 saylı, 28 yanvar 2015-ci il tarixli məktubu ilə Bakı şəhərində aparılan abadlıq və yenidənqurma işləri çərçivəsində Bakı şəhər İcra Hakimiyyəti başçısının 18.11.2014-cü il tarixli 542 saylı Sərəncamına əsasən ünvan 13 ünvanında yeni park kompleksi tikintisi işlərinin həyata keçirilməsi ilə bağlı həmin ərazidə bir sıra qeyri-yaşayış obyektlərinin, o cümlədən, Yusif Səfərov küçəsi 10 ünvanında yerləşən qeyri-yaşayış binasının sökülməsi zərurəti yarandığından müvafiq köçürülmə tədbirləri həyata keçirilməsinə istinad edərək, iddiaçının müraciətinə imtina cavabı vermişdir. Bundan sonra İddiaçı Bakı filialı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti və Maliyyə Nazirliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı şəhər İcra Hakimiyyəti tərəfindən “İddiaçı» ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş zərərin əvəzi olaraq İddiaçı Bakı filialına 9.295.963,22 manat məbləğində və qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində içərisində olan əşyaların məhv olması nəticəsində 500.000 manat məbləğində kompensasiaynın ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləş-dirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə görə dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 3.1.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alına biləcəyi dövlət ehtiyacı hesab olunur. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh edərək qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X1rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§71). Məhkəmə kollegiyası sadalananan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək, belə hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olduğu təqdirdə qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl olunmadan iddiaçının mülkiyyətindən məhrum edilməsi onun bir mülkiyyətçi kimi hüquqlarını pozmuşdur. Yuxarıda da qeyd olunan qanunvericilik aktlarından göründüyü kimi əmlakın mülkiyyətçidən məcburi alınmasına yalnız qanunla müəyyən edilmiş hallarda yol verilir və bu zaman alınmanın təsirinə məruz qalan şəxs kompensasiya almaq hüququna malikdir. Məhkəmə kollegiyası işin faktiki hallarına və yuxarıda göstərilən maddi hüquq normalarına əsaslanaraq qeyd edir ki, iddiaçıya mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 10 ünvanındakı qeyri-yaşayış sahəsinin Bakı şəhərində aparılan abadlıq və yenidənqurma işləri çərçivəsində Bakı şəhər İcra Hakimiyyəti Başçısının 18.11.2014-cü il tarixli, 542 saylı sərəncamının icrası ilə əlaqədar sökülməsi və buna görə iddiaçıya kompesasiyanın ödənilməməsi işin mübahisələndirilməyən halıdır. İşin mübahisələndirilən halı isə mübahisəli qeyri-yaşayış sahəsinin sökülməsinə görə verilməli olan kompensasiyanın məbləği ilə bağlıdır. Belə ki, iş materiallarına əlavə edilmiş, İddiaçı Bakı filialı maliyyə hesabatları üzrə 31 dekabr 2016-cı il tarixində bitən il üzrə qeydlərdən görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısı tərəfindən yeni parkın tikintisinə dair verilmiş 18 noyabr 2014-cü il tarixli sərəncamına əsasən, Banka məxsus 9.295.964 AZN xalis dəyərində bina sökülmüşdür. Bu fakt qeyri-ənənəvi ticarət alacağı məbləğinin yaranmasına səbəb olmuşdur. Tərəflər kompensasiyaya dair razılığa gələ bilmirlər. Bina 03 iyul 2013-cü il tarixdə Müstəqil Qiymətləndirici şirkət tərəfindən yenidən qiymətləndirilmişdir. Qiymətləndirilmə üçün istifadə edilmiş əsas əvəzedilmə dəyəri, diskontlaşdırılmış pul axını və bazar dəyəri metodlarının yığımı olmuşdur. Binanın qiymətləndirmədən sonrakı ədalətli dəyəri 9.400.000 AZN təşkil etmişdir. 31 dekabr 2016-cı və 31 dekabr 2015-ci il tarixlərində digər aktivlərin ədalətli dəyəri müvafiq olaraq 18.336.271 AZN və 9.720.597 AZN təşkil etmişdir. İddiaçı Bakı filialı tərəfindən təqdim edilmiş 18 iyul 2016-cı il tarixli, 2016/1058 saylı arayışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 06.04.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İddiaçı ünvan 15 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin balans qalıq dəyəri 9.295.963,22 manat məbləğindədir. İş materiallarına əlavə edilmiş İddiaçı Bakı filialı tərəfindən birinci isntansiya məhkəməsinə ünvanlanmış 22 iyun 2017-ci il tarixli 2017-933 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 10 ünvanında yerləşən qeyriyaşayış binası İddiaçı Bakı filialının balansına 15.05.2012 tarixdə daxil edilimiş və 31.12.2016 tarixə onun balans dəyəri 9 .295. 963,22 AZN təşkil etmişdir. İşdən görünür ki, “xxxx” MMC-nin 21.02.2013-cü il tarixli 07 nömrəli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabata əsasən qeyri-yaşayış binasının bazar dəyəri 9.400.000 manat olmuşdur. Digər qiymətləndirici şirkət “xxxx” MMC tərəfindən 03.06.2013-cü il tarixli 01/003 nömrəli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabata əsasən qeyri-yaşayış binasının bazar dəyəri 9.400.000 manat, likvid dəyəri isə 8.500.000 manat həddində müəyyən olunmuşdur. İşdən görünür ki, Bankın maliyyə-təsərrüfat fəaliyyətinin auditini həyata keçirən «Nexia» beynəlxalq müstəqil auditi təşkilatının rəyinə əsasən əmlakın balans dəyəri 9.295.963,22 manat məbləğindədir. İş materiallarına əlavə edilmiş, həmçinin, birinci instansiya məhkəməsinin sorğusu əsasında “X8” MMC tərəfindən CEG-M-863 saylı, 07 noyabr 2017-ci il tarixli məktubu ilə təqdim edilmiş qiymətləndirilməsindən görünür ki, qiymətləndirilən obyektin 07 noyabr 2017-ci il tarixinə olan bazar dəyəri 2.555.000 manat təşkil edir. Birinci instansiya məhkəməsi məhkəmə təşəbbüsü ilə əldə olunmuş “X8” MMC tərəfindən verilmiş 07 noyabr 2017-ci il tarixli ekspert qiymətləndirmə nəticəsini əsas götürərək mübahisəli əmlakın sökülməsinə görə 2.555.000 manat məbləğində kompensasiya ödənilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası kompensasiyanin məbləği ilə baglı hissədə Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib yeni araşdırmaya göndərərkən istinad etdiyi gostərişləri rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin 12.08.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Maliyyə Nazirliyinin mütəxəssislərinin iştirakı ilı ekspertiza keçirilməsi qərara alınmış, lakin qeyd olunan inzibati orqanlar məhkəmə kollegiyasına mütəxəssislərinin iştirakını təmin edəcəkləri barədə məktubla məlumat versələr də, ekspertiza keçirilməsində öz mütəxəssislərinin iştirakını təmin etməmişlər. Bakı Apellyasiya Məhkəməsinin 12.08.2020-ci il tarixli qərardadı əsasında verilmiş Azərbaycan Respublikası “xxxx” MMC tərəfindən verilmiş MB-13/1120 saylı 02.11.2020-ci il tarixli “Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi,10 ünvanında yerləşən qeyriyaşayış binasının bazar dəyəri haqqında” qiymətləndirmə hesabatından müəyyən edilir ki, qeyd edilən qeyri-yaşayış sahəsinin 02.11.2020-ci il tarixinə hesablanmış bazar dəyəri 2.080.000 (iki milyon səksən min) manat təşkil edir. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı Apellyasiya Məhkəməsinin 12.08.2020-ci il tarixli 2-1(103)-231/2020 saylı qərardadının icrası ilə əlaqədar göndərdiyi 15.01.2021-ci il tarixli **********26 saylı məktubdan müəyyən olunur ki, qərardadda qeyd olunan Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 10 ünvanında yerləşən iki mərtəbəli, ümumi sahəsi 648,53 kv.m olan qeyri-yaşayış sahəsi söküldüyündən bazar dəyərinin hesablanması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, ilk növbədə iddiaçı əmlakının dəyərinin 9.295.963,22 manat olmasını “xxxx” MMCnin 21 fevral 2013-cü il tarixli, 07 nömrəli “xxxx” MMC-nin 03 iyul 2013-cü il tarixli, 01/003 nömrəli qiymətləndirmə rəyləri və “Nexia” beynəlxalq müstəqil audit təşkilatının rəyinə əsasən müəyyən edildiyini bildirsə də, məhkəmə kollegiyasının təşəbbüsü ilə əldə olunmuş Azərbaycan Respublikası “xxxx” MMC tərəfindən verilmiş MB-13/1120 saylı 02.11.2020-ci il tarixli “Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi,10 ünvanında yerləşən qeyri-yaşayış binasının bazar dəyəri haqqında” qiymətləndirmə hesabatından müəyyən edilir ki, qeyd edilən qeyri-yaşayış sahəsinin 02.11.2020-ci il tarixinə hesablanmış bazar dəyəri 2.080.000 (iki milyon səksən min) manat təşkil edir. Eyni zamanda iddiaçı qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində içərisində olan əşyaların məhv olması nəticəsində 500.000 manat məbləğində zərərin dəyməsinə dair də məhkəmə kollegiyasına hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, mübahisə edilən daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi “xxxx” ASC olmuş, həmin əmlak “xxxx” ASC-nin müqavilələr üzrə öhdəliklərindən yaranmış borcunun əvəzi olaraq cavabdehin mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin apellyasiya məhkəməsinə ünvanlandığı məktubdan da müəyyən edilir ki, onlar mübahisə edilən əmlakın daha əvvəl özəlləşdirildiyi nəzərə alaraq həmin daşınmaz əmlakın bazar qiymətinin adı çəkilən obyektin özəlləşdirilməsi zamanı istifadə edilmiş qiymətə illik infilyasiya dərəcəsinin əlavə edilməsi ilə indeksləşdirilməklə müəyyən edilməsi məqsədəuyğun hesab edirlər. Məhkəmə kollegiyası üçüncü şəxsin şikayətinin dəlillərinə münasibətdə onu da qeyd edir ki, apellyasiya icraatı zamanı mübahisəli əmlakın təkrar qiymətləndirilməsi əmlak söküldüyunə görə baş tutmadığından kompensasiyanın məbləğini iş materialları əsasında qiymətləndirməyi zəruri hesab etmiş və “xxxx” MMC tərəfindən qiymətləndirilərək işdə olan sübutlar əsasında müəyyən edilmiş 2.080.000 manat həcmində məbləği bazar dəyərinə uyğun olduğundan həmin məbləğin ödənilməsini ədalətli və məqsədəmüvafiq hesab edir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh öz apellyasiya şikayətini mübahisəli daşınmaz əmlakın qiymətləndirilməsində Maliyyə Nazirliyinin cəlb edilmədiyini göstərmiş və yeganə olaraq bu əsasa söykənmişdir. Lakin yuxarıda da qeyd edildiyi kimi hazırki apellyasiya baxışında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Maliyyə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə ekspertiza keçirilməsi qərara alınmış, lakin qeyd olunan inzibati orqanlar məhkəmə kollegiyasına mütəxəssislərinin iştirakını təmin edəcəkləri barədə məktubla məlumat versələr də, ekspertiza keçirilməsində öz mütəxəssislərinin iştirakını təmin etməmişlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, həm cavabdehin, həm də üçüncü şəxsin apellyasiya şikayətlərinin dəlilləri bu hissədə əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilməli, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş zərərin əvəzi olaraq İddiaçı Bakı filialına 2.080.000 (iki milyon səksən min) manat məbləğində kompensasiya ödənilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayətləri qismən təmin edilsin. Hazırki iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-25/2018 saylı 24 yanvar 2018-ci il tarixli qərarı dəyişdirilsin. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş zərərin əvəzi olaraq İddiaçı Bakı filialına 2.080.000 (iki milyon səksən min) manat məbləğində kompensasiya ödənilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar