Məhkəmə qərarları › İş №2-1(103)-38/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-38/2023

12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-38/2023 12.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Həşim Rəşad Əlisahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 24 avqust 2021ci il tarixli, 2-1(112)-1797/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Donuzkökəltmə sovxozunun ərazisində istifadəsinə verilmiş 0,10 ha torpaq sahəsinin özəlləşdirilməsi və həmin torpaq sahəsinə aid olan mülkiyyət hüquqlarının qeydiyyatdan keçirilməsi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Donuzkökəltmə sovxozunun ərazisində istifadəsində 0,10 ha torpaq sahəsi vardır. Bu halı 28 avqust 1990cı il tarixli 135 №-li əmrdən çıxarış təsdiq edir. Cavabdeh təşkilata bir neçə dəfə müraciət edərək həmin torpaq sahəsinin özəlləşdirilməsini və mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etmişdir, lakin cavabdeh təşkilat ona hər dəfə bəhanə gətirərək imtina məktubu ilə cavab vermişdir. İmtinanın səbəbi ondan ibarət olmuşdur ki, cavabdehə sənədləri təqdim etdikdə, torpaq sahəsinə dair yerləşmə çizgisi təqdim edilməmiş və arxiv sənədlərində torpaq sahəsinin həcmi 700.0 kv.m olmuşdur. Həmin cavab məktubu ilə razılaşmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Belə ki, torpaq sahəsi adına rəsmiləşdirildikdə torpaq sahəsinin cizgisi ona faktiki olaraq verilməmişdir. Bundan başqa isə ona ayrılan torpaq sahəsi 0,10 ha olmaqla cavabdeh təşkilat arxiv məlumatlara görə istinad edir ki, 0,07 ha torpaq sahəsi istifadəsindədir. Arxiv məlumatların 0,07 ha olmasını hansı əsasla qeydiyyatının aparılması ona məlum deyil, ilkin torpaq ayırma sənədlərinə görə istifadəsinə 0,10 ha təşkil etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil etmiş və göstərilmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixlərdə müraciət etmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilmədiyindən sərhəd dəqiqləşməsi aparmaq mümkün olmamışdır. Həmçinin, təqdim edilmiş 135 nömrəli, xx.xx.1990-cı il tarixli əmrdən çıxarışda torpaq sahəsinin ölçüsü 1000.0 kv.m, arxiv sənədində isə 700.0 kv.m göstərilmişdir və bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə vətəndaşa xx.xx.2019-cu il tarixli, **********65 saylı cavab məktubu ünvanlanmışdır. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2-1(112)-1797/2021 saylı qərarı ilə (hakim A.Oruczadə) iddia tələbinin qismən təmin edilməsi, Abşeron rayon Donuzkökəltmə sovxozu direktorunun 12 iyul 1990-cı il tarixli, 135 saylı əmrinə əsasən İddiaçı ayrılmış 0,07 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq, həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2- 1(112)-1797/2021 saylı qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi Abşeron rayonu Donuzkökəltmə sovxozunun ərazisində istifadəsinə verilmiş 0,10 ha torpaq sahəsinin özəlləşdirilməsi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Bununla bağlı, o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən sözügedən torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilmədiyindən sərhəd dəqiqləşməsi aparmaq mümkün olmaması və həmçinin təqdim edilmiş 135 nömrəli, xx.xx.1990-cı il tarixli əmrdən çıxarışda torpaq sahəsinin ölçüsü 1000.0 kv.m, arxiv sənədində isə 700.0 kv.m göstərildiyindən və beləliklə əmrdən çıxarışla arxiv sənədi arasında uyğunsuzluq olması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra, o, hazırki tələblə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə cavabdehin imtinasında göstərilən yuxarıda qeyd edilən əsasların formal əsaslara söykənərək, iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüquqlarının pozulmasına səbəb olmasına istinad edərək iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. İddiaçı iddia tələbinin qismən təmin edilməsinə dair hissədə birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası iddianın qismən təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Abşeron Rayon Donuzkökəltmə Sovxozu üzrə 135 nömrəli, 12 iyul 1990-cı il tarixli əmrdən çıxarışın surətindən görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 №-li qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivinin şurasının birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cı il tarixli 23 №-li qərarın tələbinə uyğun olaraq İddiaçı fərdi ev tikdirmək üçün 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli F-499 nömərli arxiv arayışının surətindən görünür ki, Abşeron rayon Donuzkökəltmə sovxozu direktorunun 12 iyul 1990cı il tarixli 135 saylı əmri Abşeron rayon Dövlət Arxivində saxlanılır. 12 iyul 1990-cı il tarixli 135 saylı əmrdə göstərilir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 №-li qərarına və bu qərar əsasında sovxoz Həmkarlar Komitəsi ilə X3 birgə ümumi iclasında qəbul edilmiş, 10 iyul 1990-cı il tarixli 23 saylı qərarına əsasən sovxoz fəhlə və qulluqçularına 0,07 ha həyətyanı torpaq sahəsi ayrılır və adlı siyahı əlavə olunur. Adlı siyahıda vətəndaş siyahısında İddiaçı adı 943 sıra sayı ilə qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********55 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, elektron kadastr məlumatına əsasən məlum olmuşdur ki, sözügedən torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilmədiyindən sərhəd dəqiqləşməsi aparmaq mümkün olmamışdır. Həmçinin, təqdim edilmiş 135 nömrəli, xx.xx.1990-cı il tarixli əmrdən çıxarışda torpaq sahəsinin ölçüsü 1000.0 kv.m, arxiv sənədində isə 700.kv.m göstərilmişdir və bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16 iyun 2021-ci il tarixli **********76 nömrəli məktubla təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə baxış keçirilərək, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. İddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin faktiki ölçüsü 1023 kv.m-dir. Araşdırma təqdim edilmiş sənədlərə, naturada müəyyən edilmiş koordinatlara əsasən "xxxx" MMC-də aparılmış, elektron kadastr baza məlumatlarını, ölçülmüş ərazinin koordinatlarını və digər texniki parametrləri əks etdirən sxemlər təqdim edilmişdir. İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi ilə bağlı təqdim olunan hüquqmüəyyənedici sənədlərin texniki parametrlərini əks etdirən sxem təqdim olunmadığından hüquqmüəyyəedici sənədlərə əsasən müqayisənin aparılması mümkün olmamışdır. Azərbaycan Respubikasının Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinə sorğu göndərilmiş, xx.xx.2020-ci il tarixli sorğuya cavab məktubunda Abşeron rayonu Binə donuzkökəltmə sovxozu direktorunun 12 iyul 1990-cı il tarixli 135 saylı əmri ilə vətəndaşlara 0,07 ha torpaq sahəsinin ayrıldığı və həmin verilmiş siyahıda vətəndaş İddiaçı adının 943 sıra sayı ilə qeyd edildiyi bildirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsinin 21 iyun 2022-ci il tarixli **********97 nömrəli məktubla təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı Abşeron rayon Donuzkökəltmə sovxozu direktorunun 12 iyul 1990-cı il tarixli 135 saylı əmri və miqyaslı, koordinatlı, hər hansı istinad nöqtələrindən məsafə göstərilmiş sxemin təqdim edilməməsi səbəbindən ayrılmış torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahəsinin eynilik təşkil edib-etməməsini müəyyənləşdirmək mümkün olmamışdır. İddiaçı Abşeron rayon Donuzkökəltmə sovxozu direktorunun 12 iyul 1990-cı il tarixli 135 saylı əmri və miqyaslı, koordinatlı, hər hansı istinad nöqtələrindən məsafə göstərilmiş sxemin təqdim edilməməsi səbəbindən ayrılmış torpaq sahəsinin yerləşmə yerini və digər şəxslərin faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Lakin iddiaçı tərəfindən tanıdılmış ərazi 1029 kv.m. təşkil edir ki, bundan 426 kv.m torpaq sahəsi hal-hazırda özünün istifadəsindədir, 603 kv.m hissəsi isə yol ilə birlikdə digər şəxsin faktiki istifadəsindədir (plan əlavə edilir). Bundan əlavə, torpaq sahəsinin yerləşməsini bildirən ilkin cizgi (sxem) həmin sahəni ayıran (təhkim edən) təşkilat tərəfindən verilməli idi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 avqust 2022-ci il tarixli, 10/4456 saylı ekspert rəyinə əsasən 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı Abşeron rayon Donuzkökəltmə sovxozu direktorunun 12 iyul 1990-cı il tarixli 135 saylı əmri və miqyaslı, koordinatlı, hər hansı istinad nöqtələrindən məsafə göstərilmiş sxemin təqdim edilməməsi səbəbindən ayrılmış torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahəsinin eynilik təşkil edib-etməməsini müəyyənləşdirmək mümkün olmamışdır. İddiaçı Abşeron rayon Donuzkökəltmə sovxozu direktorunun 12 iyul 1990-cı İl tarixli 135 saylı əmri və miqyaslı, koordinatlı, hər hansı istinad nöqtələrindən məsafə göstərilmiş sxemin təqdim edilməməsi səbəbindən ayrılmış torpaq sahəsinin yerləşmə yerini və digər şəxslərin faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin qeyd olunur ki, iddiaçı tərəfindən tanıdılmış ərazi 1029 kv.m-dir. Bundan 426 kv.m torpaq sahəsinin hal-hazırda özünün istifadəsində, 603 kv.m hissəsinin isə yol ilə birlikdə digər şəxsin faktiki istifadəsində olduğu müəyyən olundu. Torpaq sahəsinin yerləşməsini bildirən ilkin cizgi (sxem) həmin sahəni ayıran (təhkim edən) təşkilat tərəfindən verilməli idi. İşdən müəyyən olunur ki, cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinasının əsası sözügedən torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilmədiyindən sərhəd dəqiqləşməsi aparmaq mümkün olmaması və həmçinin təqdim edilmiş 135 nömrəli, xx.xx.1990-cı il tarixli əmrdən çıxarışda torpaq sahəsinin ölçüsü 1000.0 kv.m, arxiv sənədində isə 700.0 kv.m göstərildiyindən və beləliklə əmrdən çıxarışla arxiv sənədi arasında uyğunsuzluq olması olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən, o cümlədən məhkəmə kollegiyası tərəfindən araşdırılmış işin hallarına görə iddiaçı ona 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün ona 0,10 ha torpaq sahəsinin ayrılması barədə Abşeron Rayon Donuzkökəltmə Sovxozu üzrə 135 nömrəli, 12 iyul 1990-cı il tarixli əmrdən çıxarışın surətini cavabdeh inzibati orqana təqdim etsə də, Abşeron Rayon Dövlət Arxivində saxlanılan sənədlərə əsasən iddiaçıya Abşeron rayonu Binə donuzkökəltmə sovxozu direktorunun 12 iyul 1990-cı il tarixli 135 saylı əmri ilə 0,10 ha torpaq sahəsinin deyil, 0,07 ha torpaq sahəsinin ayrıldığı müəyyən olunmuşdur. Lakin cavabdeh inzibati orqan qanuni əsas olmadan Abşeron rayonu Binə donuzkökəltmə sovxozu direktorunun 12 iyul 1990-cı il tarixli 135 saylı əmri ilə iddiaçıya ayrılmış 0,07 ha torpaq sahəsi üzərində də mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Hazırda cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri də iddiaçıya verilən imtina və iddia tələbinə qarşı etirazın dəlilləri ilə eyni məzmunda olduğunu nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin həmin imtina dəlili torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün kifayət deyildir. İmtina formal mülahizələrə istinadən verilmişdir və əsaslı dəlillərə söykənmir. Bunun əksinə, mübahisə predmeti olan torpaq sahəsinin iddiaçıya ayrılması barədə hüquqi sənəd hazırkı vaxtadək etibarsız hesab olunmamışdır və hazırda qüvvədədir. Qanunvericiliklə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları müəyyən edilsə də, cavabdeh qeyd edilən əsasların heç birinə istinad etmədən iddiaçının tələbinin yerinə yetirilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci hissəsinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (Qanunun 15.2-ci maddəsi). Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (Qanunun 19.2-ci maddəsi). Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (Qanunun 24.2-ci maddəsi). «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka digər hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər; qanuni qüvvəyə minmiş məhkəmə qərarları; bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair-hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair-tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd; Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunur. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.24) tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarizasiyasını həyata keçirmək, inventarizasiya işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Göründüyü kimi, icra hakimiyyəti orqanları tərəfindən dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin dövlət qeydiyyatı üçün əsasdır. İddiaçı 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün ona 0,10 ha torpaq sahəsinin ayrılması barədə Abşeron Rayon Donuzkökəltmə Sovxozu üzrə 135 nömrəli, 12 iyul 1990-cı il tarixli əmrdən çıxarışın surətini cavabdeh inzibati orqana təqdim etsə də, Abşeron Rayon Dövlət Arxivində saxlanılan sənədlərə əsasən iddiaçıya Abşeron rayonu Binə donuzkökəltmə sovxozu direktorunun 12 iyul 1990cı il tarixli 135 saylı əmri ilə 0,10 ha torpaq sahəsinin deyil, 0,07 ha torpaq sahəsinin ayrıldığı müəyyən olunmuşdur. Lakin cavabdeh inzibati orqan qanuni əsas olmadan Abşeron rayonu Binə donuzkökəltmə sovxozu direktorunun 12 iyul 1990-cı il tarixli 135 saylı əmri ilə iddiaçıya ayrılmış 0,07 ha torpaq sahəsi üzərində də mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Belə ki, cavabdehin həmin imtina dəlili torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün kifayət deyildir. Ona görə ki, mübahisə predmeti olan torpaq sahəsinin iddiaçıya ayrılması barədə hüquqi sənəd hazırkı vaxtadək etibarsız hesab olunmamış, hazırda qüvvədədir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2-1(112)-1797/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar