Məhkəmə qərarları › İş №2-1(103)-38/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-38/2025

08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-38/2025 08.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, X5 və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin 2021-ci il gəlir vergisi üzrə xx.xx.2023-cü il tarixli, **********551700 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli 2-1(112)-1720/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Bakı İnzibati Məhkəməsində ilkin olaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq cavabdehin aprel 2022 dövrü üzrə qəbul edilən xx.xx.2022-ci il tarixli, **********718500 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən qəbul edilmiş 2021-ci il gəlir vergisi üzrə xx.xx.2022-ci il tarixli **********961800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə “qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin 2021-ci il gəlir vergisi üzrə xx.xx.2023-cü il tarixli **********551700 saylı və 2021-ci il gəlir vergisi üzrə xx.xx.2022-ci il tarixli **********961800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin 03 mart 2023-cü il tarixli Qərardadı ilə, iddia tələbinin dəqiqləşdirilməsinə dair İddiaçı ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı iddia həcminin azaldılması barədə ərizə təqdim edərək, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin 2021-ci il gəlir vergisi üzrə xx.xx.2023-cü il tarixli, **********551700 nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 21 sentyabr 2023-cü il tarixli Qərardadı ilə, İddiaçı ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh vergi orqanı tərəfindən 2021-ci il gəlir vergisi üzrə xx.xx.2023-cü il tarixli **********551700 saylı və 2021-ci il gəlir vergisi üzrə xx.xx.2022-ci il tarixli **********961800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar qəbul edilmişdir. Həmin qərarlar eyni vergi dövrü üzrə qəbul edilmiş və daha sonra isə xx.xx.2022-ci il tarixli qərar ləğv edilərək xx.xx.2023-cü il tarixli **********551700 saylı qərar qəbul edilmişdir. Ləğv edilən qərar qismən ləğv edilərək xx.xx.2023-cü il tarixli **********551700 saylı qərarda geriyə qalan hissə saxlanılmışdır. Belə ki, 2021-ci il üzrə iddiaçı tərəfindən gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir. Vergi orqanı isə təqdim edilməməsinə baxmayaraq həmin dövrə kameral vergi yoxlaması həyata keçirərək qərar qəbul etmişdir. 2021-ci il gəlir vergisi bəyannaməsi üzrə vergi orqanı tərəfindən kameral münasbiət bildirilməsi vergi məcəlləsində nəzərdə tutulmuşdur. Lakin həmin müddət vergi orqanı tərəfindən nəzərə alınmamışdır. Bundan əlavə vergi orqanı tərəfindən hansı əsasla vergi yoxlaması aparılması, hansı sənədlərə əsasən vergi hesablanması barədə dəlil təqdim edilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə dair yazılı mülahizəsində (etirazında) göstərilmişdir ki, , uçot baza məlumatlarına əsasən 2021-ci il dövrü ərzində gəlir, xərc və ya digər iqtisadi əməliyyatların (göstəricilərin) olmasına baxmyaraq, vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********999300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında “uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə cari vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və cari vergi bəyannaməsi təqdim olunmadığından 2021-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə 36553.29 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2022-ci il tarixli **********961800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Əlavə olaraq uçot baza məlumatlarına əsasən 2021-ci il ərzində NKA üzrə satışın 308621,2 manat olduğu, əldə edilmiş e-qaimə fakturaların 180316,5 manat, alış aktının 37247,96 manat, müvafiq dövr üzrə təqdim edilmiş vahid bəyannamə üzrə əməkhaqqı xərcinin 20505,85 manat, sosial sığorta haqqlarının 4710,33 manat və müvafiq dövr üçün təqdim edilmiş ÖMV bəyannaməsində fiziki şəxslər üzrə icarə haqqının 8280,00 manat olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləğinin 26217.53 manat hissəsi azaldılmış və bu barədə xx.xx.2023-cü il tarixli **********551700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmiş, şəxsi hesab vərəqəsində müvafiq düzəliş edilmişdir. Hazırda yalnız xx.xx.2023-cü il tarixli **********551700 nömrəli qərar qüvvədədir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmn edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli 2-1(112)-1720/2023 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilmiş, iddiaçı X1 barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********551700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun yazılmış və əlavə olaraq qeyd edilmişdir ki, uçot baza məlumatlarına əsasən 2021-ci il dövrü ərzində gəlir, xərc və ya digər iqtisadi əməliyyatların (göstəricilərin) olmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********999300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə cari vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və cari vergi bəyannaməsi təqdim olunmadığından 2021-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə 36553.29 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2022-ci il tarixli **********961800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Əlavə olaraq bildirirlər ki, uçot baza məlumatlarına əsasən 2021-ci il ərzində NKA üzrə satışın 308621,2 manat olduğu, əldə edilmiş e-qaimə fakturaların 180316,5 manat , alış aktının 37247,96 manat, müvafiq dövr üzrə təqdim edilmiş vahid bəyannamə üzrə əməkhaqqı xərcinin 20505,85 manat, sosial sığorta haqqlarının 4710,33 manat və müvafiq dövr üçün təqdim edilmiş ÖMV bəyannaməsində fiziki şəxslər üzrə icarə haqqının 8280.00 manat olduğu müəyyən edilmişdir. Eyni zamanda bildirirlər ki, kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləğinin 26217.53 manat hissəsi azaldılmış və bu barədə xx.xx.2023-ci il tarixli **********551700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmiş, şəxsi hesab vərəqəsində müvafiq düzəliş edilmişdir. Hazırda yalnız xx.xx.2023-ci il tarixli **********551700 nömrəli qərar qüvvədədir. Daha sonra cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə təqdim edilmişdir. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarından işin ümumiyyətlə araşdırılmadığı aydın şəkildə göründür. Belə ki, məhkəmə qərarını yalnız müxtəlif normativ-hüquqi aktlara istinad edərək “doldurmuşdur”. İşin mahiyyəti ilə bağlı isə məhkəmə yalnız iki dəlil gətirir. Birincisi, məhkəmə bildirmişdir ki, hazırda mübahisələndirilərı qərar ilə nəticələnən kameral vergi yoxlaması zamanı vergi orqanı tərəfindən əlavə vergi hesablanması üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş hansı qaydanı tətbiq etdiyini müəyyən etmək mümkün deyildir. Belə ki, cavabdeh məhkəməyə təqdim etdiyi etirazında iddiaçıya kameral qaydada vergi hesablanması üçün əsas olmuş məlumatları ( sənədləri) göstərməmişdir. İkincisi, məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının mübahisələndirdiyi qərarında göstərilmiş əlavə vergi məbləğinin hesablanmasının əsaslı olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, hər iki “arqumentin mahiyyəti ondan ibarətdir ki, cavabdeh tərəfindən məhkəməyə sənədlər təqdim edilməmişdir. Bununla bağlı ilk öncə bildiririk ki, məhkəmənin gətirdiyi dəlillər onun tərəfindən qərarında əks edilmiş faktlara ziddir. Belə ki, məhkəmə qərarının İİİ hissəsində (Təqdim edilmiş sənədlər, səhifə 3) qeyd edilir: "İddiaçı və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə öz dəlillərini təsdiq edən sübut qismində xx.xx.2020-xx.xx.2022-ci il dövrü üzrə vergi ödəyicisi üzrə kassa əməliyyatları barədə çıxarışı, həmin dövr üzrə vergi ödəyicisinin ƏDVDH üzrə çıxarışı, iddiaçının şəxsi hesab vərəqəsini, xx.xx.2023-cü il tarixli, **********551700 nömrəli ‘‘Vergilərin,sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarı, xx.xx.2022-xx.xx.2021-ci il dövrü üzrə vergi ödəyicisi üzrə kassa əməliyyatları barədə çıxarışı, gəlir vegisinin bəyannaməsi, gəlir vergisinin bəyannaməsinə əlavə N°1, gəlir vergisinin bəyannaməsinə əlavə N2, gəlir vergisinin bəyannaməsinə əlavə N°3 ‘‘Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli məktub təqdim edilmişdir". Nəzərinizə çatdırırıq ki, məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, **********582100 saylı etiraza qoşma olaraq vergi ödəyicisinin hesabat dövrü üzrə gəlirlərinin mövcudluğunu təsdiq edən kassa əməliyyatları barədə məlumat təqdim edilmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən cavabdehin sübut təqdim etməsi faktı təsdiq edilməsinə baxmayaraq, müvafiq sübutlara qiymət verilməmiş, hər hansı bir araşdırma aparılmamışdır. Uçot baza məlumatlarına əsasən 2021-ci il ərzində NKA üzrə satışın 308621,2 manat olduğu, əldə edilmiş e-qaimə fakturaların 180316,5 manat , alış aktının 37247,96 manat, müvafiq dövr üzrə təqdim edilmiş vahid bəyannamə üzrə əməkhaqqı xərcinin 20505,85 manat, sosial sığorta haqqlarının 4710,33 manat və müvafiq dövr üçün təqdim edilmiş ÖMV bəyannaməsində fiziki şəxslər üzrə icarə haqqının 8280.00 manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi, vergi ödəyicisinin 2021-ci il üzrə gəlirləri, həmçinin xərcləri barədə məlumatlar yalnız rəsmi məlumatlardır. Gəlir vergisinin hesablanmasına əsas nəzarət kassa aparatı üzrə dövriyyə, elektron qaimə-fakturalar, elektron alış aktları, əmək haqqı xərcləri barədə məlumatlar, icarə haqqı barədə məlumatlar olmuşdur. Məhkəmə tərəfindən isə qeyd edilənlər nəzərə alınmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı ə yeri barədə məlumat verilsədə iddiaçı məhkəmə iclasında iştirak etməməiş,iclasda üzrlü səbəbdən iştirak edə bilməyəcəyi ilə bağlı ərizə ünvanlamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayətlər birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktların ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, ilkin olaraq xx.xx.2022-ci il tarixli qərarı mübahisələndirmiş, bu zaman prosessual müddət ötürülməmişdir. İddia mümkün olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası aşağıdakı qanunvericilik normalarına diqqət çəkir: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 6.1. Dövlət vergilərinə aşağıdakılar aiddir: 6.1.1. fiziki şəxslərin gəlir vergisi; ... 15.1.8. Vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək, 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 24.1.1. Vergi orqanları vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar; 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar; 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir; 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir; 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir; 53.1. bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. 64. Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. 95. Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. 96.1. Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. 97.1. Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir - 67.1.Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. - 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: - 67.14. Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. - 83.9 Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. - 109.9 Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü,14.1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. 30 iyul 2024-cü il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli Qərarı təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin(gəlirin) hesablanması Qaydalarına əsasən: Bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. - 6.1. vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M1 = G1 : ( 100 + R) x R burada: M1 — vergi ödəyicinin mənfəəti; G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: 2.0.1. İnzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.3. Əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.4. Ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; 2.0.5. İnzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. 72.1. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə: İnzibati işin hallarından görünür ki, iddiaçı X1 vergi uçotuna alınmış vergi ödəyicisidir, iddaçı tərəfindən 2021-ci il üçün gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir, vergi orqanı tərəfindən kameral yoxlama aparılmış, həmin kameral vergi yoxlamasının nəticələrinə əsasən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli **********551700 saylı və xx.xx.2022-ci il tarixli **********961800 qərar qəbul edilmiş, daha sonra vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli qərar ləğv edilərək xx.xx.2023-cü il tarixli **********551700 saylı qərar qəbul edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********551700 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının əsassızlığı ilə bağlı cavabdehə müraciət etmiş, lakin müraciəti nəticə verməmişdir, odur ki, cavabdehin xx.xx.2023-cü il tarixli **********551700 qərarın ləğv edilməsi barədə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, iddiasını onunla əsaslandırmışdır ki, kameral vergi yoxlaması hansı sənədlər əsasında aparılmasına dair sübutlar təqdim edilməmişdir. Belə ki, cavabdeh tərəfindən 2021-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə 36553.29 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2022-ci il tarixli **********961800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Əlavə olaraq uçot baza məlumatlarına əsasən 2021-ci il ərzində NKA üzrə satışın 308621,2 manat olduğu, əldə edilmiş e-qaimə fakturaların 180316,5 manat, alış aktının 37247,96 manat, müvafiq dövr üzrə təqdim edilmiş vahid bəyannamə üzrə əməkhaqqı xərcinin 20505,85 manat, sosial sığorta haqqlarının 4710,33 manat və müvafiq dövr üçün təqdim edilmiş ÖMV bəyannaməsində fiziki şəxslər üzrə icarə haqqının 8280,00 manat olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləğinin 26217.53 manat hissəsi azaldılmış və bu barədə xx.xx.2023-cü il tarixli **********551700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmiş, şəxsi hesab vərəqəsində müvafiq düzəliş edilmişdir. Hazırda yalnız xx.xx.2023-cü il tarixli **********551700 nömrəli qərar qüvvədədir. Cavabdeh apelyasiya şikayətinin dəlili kimi o hala istinad etmişdir ki, xx.xx.2023-cü il tarixli, **********582100 saylı qərar xx.xx.2020-xx.xx.2022-ci il dövrü üzrə vergi ödəyicisi üzrə kassa əməliyyatları barədə çıxarışı, həmin dövr üzrə vergi ödəyicisinin ƏDVDH üzrə çıxarışı, iddiaçının şəxsi hesab vərəqəsini, xx.xx.2023-cü il tarixli, **********551700 nömrəli ‘‘Vergilərin,sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarı, xx.xx.2022-xx.xx.2021-ci il dövrü üzrə vergi ödəyicisi üzrə kassa əməliyyatları barədə çıxarışı, gəlir vegisinin bəyannaməsi, gəlir vergisinin bəyannaməsinə əlavə N°1, gəlir vergisinin bəyannaməsinə əlavə N2, gəlir vergisinin bəyannaməsinə əlavə N°3 ‘‘Kameral vergi yoxlaması üçün zəruri olan sənədlər əsasında qəbul edilmişdir. Apellyasiya icraatı zamanı aparılmış araşdırma nəticəsində məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, işin hallarının ətraflı araşdırılması məqsədilə apellyasiya icraatı zamanı 2- 1(103)-951/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadla məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsi qərara alınmışdır. Ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: - xx.xx.2023-cü il tarixli **********551700 “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən İddiaçı kameral vergi yoxlaması nəticəsində 2021-ci il üzrə vergi orqanı tərəfindən hesablanmış vergi məbləğlərinin düzgünlüyü müəyyən edilirmi? xx.xx.2025-ci il tarixli 9/3810 nömrəli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, vergi ödəyicisinin apardığı əməliyyatlara dair vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli **********551700 nömrəli Qərarla kameral vergi yoxlaması nəticəsində 2021-ci ilin gəlir vergisi üzrə hesablanmış 10.335,76 manat vergi məbləğinin düzgünlüyü müəyyən olunmadı. Rəy onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi, vergi ödəyicisinə 2021-ci ilin gəlir vergisi üzrə xx.xx.2023-cü il tarixli **********551700 saylı Qərarla hesablanmış əlavə vergilərə səbəb kimi Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi tərəfindən bəyannamə təqdim edilmədiyi əsas gətirilərək əlaqəli məlumatlara əsasən gəlir vergisinin hesablanması göstərilmiş və 10.335,76 manat gəlir vergisinin büdcəyə hesablanmaması qeyd olunmuşdur. Hazırkı tədqiqata təqdim edilmiş e-qaimələrin cədvəl məlumatlarından və vergi orqanının etirazında qeyd olunan alış aktlarından da göründüyü kimi, malın dəyəri ümumilikdə 278.936,51 manat təşkil edir. Bundan başqa qeyd edilir ki, vergi ödəyicisinin 2021-ci il üzrə çəkdiyi xərclər əməkhaqqı və ona bərabər tutulan ödəmələr üzrə 20505,85 manat, sosial sığorta haqları üzrə 4680,33 manat, müvafiq dövr üzrə təqdim edilmiş ÖMV bəyannamələrinə əsasən fiziki şəxslər üzrə icarə haqqının məbləği 8280,00 manat olmaqla, ümumilikdə 33466.18 manat, malın dəyəri ilə birlikdə isə 312.402,69 (278936,51 + 33466,18) manat təşkil edir. Həmçinin qeyd edilir ki, təqdim edilmiş iş materiallarının 90-93-cü səhifələrində öz əksini tapmış vergi orqanının etirazından da görünür ki, yuxarıda qeyd olunan əmək haqqı və əməkhaqqı ayırmaları ilə bağlı xərc elementləri öz təsdiqini tapmışdır. Beləliklə, vergi ödəyicisinin 2021-ci il üzrə apardığı əməliyyatlara dair dövriyyəsi və gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərc sənədləri üzrə tədqiqat aparılaraq müəyyən olundu ki, vergi ödəyicisinin 2021-ci il üzrə dövriyyəsi 308621,20 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 312.402,69 manat olmaqla, vergiyə cəlb olunan gəliri müyyən edilmədi. O cümlədən qeyd edilir ki, vergi ödəyicisinin bəyannamə hesabatlarında 2021-ci ili 20229,38 manat zərərlə başa vurduğu əks etdirilsə də, həmin məbləğin 20229,38 manat deyil, hazırkı tədqiqatla 3781,49 manat zərər olması müəyyən olundu. Beləliklə, hazırkı tədqiqatla bütün yuxarıda göstərilənlərə əsasən vergi ödəyicisinin apardığı əməliyyatlara dair vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli **********551700 nömrəli Qərarla kameral vergi yoxlaması nəticəsində 2021-ci ilin gəlir vergisi üzrə hesablanmış 10.335,76 manat vergi məbləğinin düzgünlüyü müəyyən olunmadı. Məhkəmə kollegiyası rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq həm də qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 54.0.1-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması olduqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Qeyd olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli **********551700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar hüquq normalarının pozulması ilə qəbul edildiyindən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə kollegiyası, hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri ümumilikdə 50 manat təşkil etmişdir. İddia tələbi təmin edildiyindən məhkəmə kollegiyası hesab edir ki, aparılmış tədqiqatın dəyəri qismində 50 manat cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli 2-1(112)-1720/2023 qərarı dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli ) manatın cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar