Məhkəmə qərarları › İş №2-1(103)-380/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-380/2022

15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-380/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); X1 və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil2 (Bakı şəhəri 4 saylı Vəkil Bürosu), Üçüncü şəxsin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı (xx.xx.1963-cü il tarixində Ermənistanın Krasnoselo rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti) “əmək pensiyasının yenidən hesablanması və ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2-1(112)- 1486/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 24.08.2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş əmək pensiyasının Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində X4 böyük müfəttiş vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanması və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1963-cü il tarixdə doğulmuşdur. 25.11.1994-cü il tarixdən 20.03.2017-ci il tarixədək Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətində X2 baş inspektor vəzifəsində xidmət etmişdir. Xidmət müddəti 27 il təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 1125 saylı, 24.11.2016-cı il tarixli Fərmanının 10-cu bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilməsi və onun səlahiyyətlərinin Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə verilməsi qərara alınmışdır. Həmin Fərmanın 12.3-cü bəndinə əsasən, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Həmin Fərmanın 12.4-cü bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1125 saylı, 24.11.2016cı il tarixli Fərmanının 12.3 və 12.4-cü bəndlərinin icrası Nazirlər Kabineti tərəfindən təmin edilərək Dövlət Feldyeger Xidmətində mövcud olmuş vəzifələr Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində mövcud olan vəzifələrə uyğunlaşdırılmışdır. Ona təyin edilmiş əmək pensiyası Dövlət Feldyeger Xidmətində tutmuş olduğu X2 baş inspektor vəzifəsinin təminat xərcliyindən hesablanmışdır. Azərbaycan Respublikası Prezidentinin 09.03.2018-ci il tarixli, 3771 saylı Sərəncamı ilə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılması qərara alınmışdır. Ona xidmətdən tərxis olunduğu zaman təyin edilmiş əmək pensiyası hazırda Xüsusi Dövlət Mühafizə Xidmətində uyğunlaşdırılan vəzifənin təminat xərcliyinə uyğun hesablanmalıdır. Lakin ona təyin edilmiş əmək pensiyasının Xüsusi Dövlət Mühafizə Xidmətində uyğunlaşdırılan vəzifənin təminat xərcliyinə uyğun hesablanması həyata keçirilməmişdir. O, bununla əlaqədar cavabdeh orqana müraciət etsə də, müraciəti təmin edilməmişdir. Buna görə də mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. 02.12.2020-ci il tarixli qərardad ilə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş əmək pensiyasının Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin diplomatik kuryer vəzifəsinin təminat xərcliyinə uyğun olaraq 2018-ci il martın 1-dən hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir, 29.06.2021-ci il tarixli qərardad ilə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2-1(112)-1486/2021 nömrəli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilmiş, İddiaçı təyin edilmiş əmək pensiyasının Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin diplomatik kuryer vəzifəsinin təminat xərcliyinə uyğun olaraq 2018-ci il martın 1-dən hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2-1(112)-1486/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının xidmət etdiyi Dövlət Feldyeger Xidməti Azərbaycan Respublikası Prezidentinin 1125 saylı, 24.11.2016-cı il tarixli fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmişdir. Tərxis olduğu NK yanında Dövlət Feldyeger Xidmətinin X2 Baş İnspektor vəzifəsinin XDMX-də Feldyeger Rabitəsi İdarəsində X4 böyük müfəttiş vəzifəsinə uyğunlaşdırılmışdır. Lakin iddiaçıya pensiya təyin edilərkən Dövlət Feldyeger Xidmətindəki təminat xərcliyi əsas götürülməklə pensiya təyin edilib, halbuki XDMX-dəki müvafiq vəzifə ilə Dövlət Feldyeger Xidmətindəki vəzifə tutan şəxslərin təminat xərcliyində əhəmiyyətli fərq vardır. İddiaçıya əmək pensiyasının təyin edilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Başqa sözlə, XDMX tərəfindən təqdim edilmiş Məlumat Vərəqi əsasında pensiya təyin edilmişdir. İşin materiallarına əlavə olunmuş həmin Məlumat Vərəqəsindən də göründüyü kimi İddiaçının cəmi təminat xərcliyi 682,80 manat təşkil edir və İdarə tərəfindən bu məbləğə uyğun pensiya tamamilə dəqiq şəkildə hesablanmışdır. Əlavə olaraq qeyd edək ki, İddiaçının pensiyaya çıxarkən tutduğu vəzifə üzrə təminat xərcliyinin XDMX-nin müvafiq İdarəsindəki böyük müfəttiş vəzifəsinin təminat Xərcliyinə uyğunlaşdırılması barədə tələbi tamamilə əsassızdır. Çünki, İddiaçı XDMX-nin müvafiq İdarəsində böyük müfəttiş vəzifəsini heç bir zaman tutmamışdır. Belə ki, İddiaçı 01 dekabr 2016-cı ildən 20 mart 2017-ci ilə kimi, yəni Dövlət Feldyeger Xidmətinin XDMX-ya birləşdirildiyi tarixdən iddiaçının ehtiyata buraxıldığı tarixədək XDMX rəisinin sərəncamında olmuşdur. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X6 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2- 1(112)-1486/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AA seriyalı ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. - İddiaçı məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 40 nömrəli, 14.11.1994-cü il tarixli əmrlə 15.11.1994-cü il tarixdə Azərbaycan Respublikası Feldyeger Rabitəsi orqanında xidmətə qəbul edilmiş, 35ş/h nömrəli, 25.02.2017-ci il tarixli əmrlə 20.03.2017-ci il tarixdə Azərbaycan Respublikası Feldyeger Rabitəsi orqanında xidmətkeçmə haqqında Əsasnamənin 93-cü maddəsinin 4-cü bəndinə əsasən (təşkilati ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar) xidmətinə xitam verilmişdir. - İddiaçı məxsus pensiya işində olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş İdarəsinin 02.05.2017-ci il tarixli Əmək pensiyasının təyin edilməsi haqqında Qərarına əsasən İddiaçı 21.03.2017ci il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən yaşa görə 484.79 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Həmin pensiya işində olan Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən tərtib edilmiş 18.04.2017-ci il tarixli 918 nömrəli məlumat vərəqəsindən görünür ki, İddiaçı təvəllüdü xx.xx.1963-cü il, rütbəsi f/x polkovnikleytenant, vəzifəsi XDMX rəisinin sərəncamında olan Dövlət Feldyeger Xidmətinin Feldyeger heyəti şöbəsinin baş inspektoru vəzifələrini icra edən, təqvim üzrə xidmət illəri 24 il 06 ay 14 gün, güzəştli xidmət illəri 02 il 05 ay 16 gün, ümumi xidmət illəri 27 il, təminat xərcliyi isə 682.80 manat təşkil etmişdir. İddiaçıya 21.03.2017-ci il tarixdən yaşa görə 484.79 manat məbləğində əmək pensiyası təyin edilmişdir. - işin apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin 18.01.2021-ci il tarixli, 2/72 saylı məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2019-cu il tarixli 170-7 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş Nazirlər Kabinetinin yanında Dövlət Feldyeger Xidmətindən ehtiyata buraxılmış və pensiya təyin edilmiş xüsusi rütbəli şəxslərin vəzifələri və vəzifə maaşları Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının mövcud olan vəzifələrinə və vəzifə maaşlarına uyğunlaşdırılmışdır. Qərara əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətində mövcud olmuş “baş inspektor” vəzifəsi Xüsusi Dövlət Mühafizə Xidmətində “diplomatik kuryer” vəzifəsinə 28,0 faiz nisbətində uyğunlaşdırılmışdır. İddiaçı vəzifə maaşı Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində olan idarədə diplomatik kuryerin vəzifə maaşına (835 manat (2017-ci ildə mövcud vəzifə maaşı)) 28,0 faiz nisbətində uyğunlaşdırılaraq 234 manat məbləğində müəyyən edilmiş, bütövlükdə onun təminat xərcliyi əlavə və artımlarla birlikdə 682.80 manat məbləğində müəyyən edilmişdir. Bundan əlavə 2018-ci il 1 mart tarixli artım (10 faiz) və 2019-cu il 1 sentyabr tarixli artım (25 faiz) nəzərə alınaraq bununla bağlı müvafiq məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna göndərilmişdir.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; Həmin Qanunun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla təyin edilir. «Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2016-cı il tarixli 1125 nömrəli Fərmanının 10-cu bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş və onun səlahiyyətləri Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə həvalə edilmişdir. Həmin Fərmanın 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin istifadəsində olan dövlət əmlakı Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə verilmişdir. İş materiallarından görünür ki, İddiaçı 15.11.1994-cü il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanında xidmətə qəbul edilmiş, 20.03.2017-ci il tarixdə Azərbaycan Respublikası Feldyeger Rabitəsi orqanında xidmətkeçmə haqqında Əsasnamənin 93-cü maddəsinin 4-cü bəndinə əsasən (təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar) xidmətinə xitam verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xidmət etdiyi Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2016-cı il tarixli 1125 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmişdir. İddiaçıya 21.03.2017-ci il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya məxsus pensiya işində olan Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən tərtib edilmiş 18.04.2017-ci il tarixli 918 nömrəli məlumat vərəqəsində iddiaçının vəzifəsi XDMX rəisinin sərəncamında olan Dövlət Feldyeger Xidmətinin Feldyeger heyəti şöbəsinin baş inspektoru qeyd edilmişdir və təminat xərcliyi həmin vəzifəyə uyğun hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2019-cu il tarixli 170-7 nömrəli qərarı və həmin qərara əlavə ilə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətindən 2017-ci ilin 1 mart tarixədək ehtiyata buraxılmış və pensiya təyin edilmiş xüsusi rütbəli şəxslərin vəzifələri və vəzifə maaşları Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının mövcud olan vəzifələrinə və vəzifə maaşlarına uyğunlaşdırılmış və həmin şəxslərin pensiyalarının 2018-ci ilin martın 1dən hesablanaraq ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Bu qərarla iddiaçının işləmiş olduğu Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətində baş inspektor vəzifəsi Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində diplomatik kuryer vəzifəsinə uyğunlaşdırılmış və uyğunlaşdırılacaq vəzifə maaşına faiz nisbəti 28,0 faiz müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən cavabdeh inzibati orqana təqdim edilmiş məlumat vərəqində iddiaçının vəzifəsi qeyd olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2019-cu il tarixli 170-7 nömrəli qərarı və həmin qərara əlavədə iddiaçının işləmiş olduğu vəzifə və vəzifə maaşı Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində olan vəzifəyə və vəzifə maaşına uyğunlaşdırılmış və həmin şəxslərin pensiyalarının 2018-ci ilin martın 1-dən hesablanaraq ödənilməsinin təmin edilməsi müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçıya təyin edilmiş pensiyanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd olunan qərarına əsasən uyğunlaşdırılmış vəzifənin təminat xərcliyinə uyğun olaraq yenidən 2018-ci ilin martın 1-dən hesablayaraq ödəməlidir. Cavabdehin apellyasiya şikayətinin dəlili olan iddiaçının pensiyaya çıxarkən tutduğu vəzifə üzrə təminat xərcliyinin XDMX-nin müvafiq İdarəsindəki böyük müfəttiş vəzifəsinin təminat Xərcliyinə uyğunlaşdırılması barədə tələbinin tamamilə əsassız olması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı daha sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona təyin edilmiş əmək pensiyasının Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin diplomatik kuryer vəzifəsinin təminat xərcliyinə uyğun olaraq 2018-ci il martın 1-dən hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmiş və birinci instansiya məhkəməsi tərəfindən dəqiqləşdirilmiş iddia tələbi təmin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2-1(112)-1486/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2-1(112)-1486/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar