Məhkəmə qərarları › İş №2-1(103)-380/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-380/2023

14.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-380/2023 14.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2020-ci il tarixli sərəncamın, xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa və xx.xx.2020-ci il tarixdən ona əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7001/2022 saylı 08 iyun 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun sərəncama çıxarılmasının qanunsuz sayılması, sərəncamdan çıxarılması (işdən azad olunması) barədə xx.xx.2021-ci il tarixli, **********066200 saylı əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi və ona xx.xx.2021-ci ildən başlayaraq əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, işəgötürən olan cavabdeh ilə onun arasında 10 yanvar 2011-ci ildə əmək müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci ildə ona məlumat vermişlər ki, Vergilər Nazirliyinin müvafiq əmri ilə və "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnamənin 38-ci bəndinə uyğun olaraq təşkilat-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar tutduğu vəzifədən azad olunaraq sərəncama götürülmüşdür. Dəfələrlə bu prosesin nə vaxt qurtaracağını öyrənmək istəmiş, lakin ona demək olar ki, heç bir məlumat verilməmişdir. Onun yazılı müraciətindən sonra Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2022-ci il tarixli **********911400 saylı məktubla onun xx.xx.2021-ci ildə (bir il əvvəl) sərəncamdan çıxarılması barədə məlumat vermişlər. Həmin məktubda iddiaçıdan əmək kitabçasını götürməsi xahiş olunmuşdur. İddiaçını 1 (bir) il əvvəl işdən çıxarmışlar və bu barədə ona bir ildən sonra onun müraciətindən sonra məlumat vermiş, əmrdən çıxarışı ona təqdim etmişlər. Həmin əmrdən çıxarışdan görünür ki, iddiaçının işdən çıxarılması ilə əlaqədar **********066200 saylı əmr xx.xx.2021-ci ildə verilmişdir. Nə sərəncama çıxarılması barədə əmrdə, nə də sərəncamdan çıxarılmağı barədə əmrdə heç bir əsaslandırıcı fikir yoxdur. Cavabdehin məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazda bildirilmişdir ki, İddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət idarəsinin 1-ci şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. Daha sonra Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********066200 nömrəli əmri ilə İddiaçı xx.xx.2021-ci il tarixdən Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmışdır. Hazırkı iddia ərizəsi ilə iddiaçı xx.xx.2021-ci il tarixli **********066200 nömrəli sərəncamdan çıxarılma barədə əmri mübahisələndirərək işə bərpa edilməsini xahiş etmişdir. Halbuki qeyd olunan xx.xx.2021-ci il tarixli əmrlə iddiaçı Dövlət Vergi Xidmətinin sərəncamından çıxarıldığından həmin əmrin ləğvi iddiaçının işə bərpa edilməsi ilə nəticələnə bilməz. Çünki iddiaçı ilə Dövlət Vergi Xidməti arasında əmək müqaviləsinə həmin əmrlə deyil, yuxarıda da qeyd olunanlardan göründüyü kimi xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmrlə xitam verilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli **********98100 nömrəli əmrin icrası ilə əlaqədar olaraq xx.xx.2020-ci il tarixdə İddiaçı ilə təhvil-təslim işləri aparılmış və müvafiq akt əlavəsi ilə birlikdə iddiaçı tərəfindən imzalanmışdır. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktının əlavəsinə əsasən sabiq əməkdaş İddiaçı tərəfindən xidməti vəsiqə təhvil verilmiş və iddiaçı onun işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmrlə tanış edilmiş və əmrin bir nüsxəsi ona təqdim edilmişdir. Göründüyü kimi, İddiaçı ilə xx.xx.2020-ci il tarixdə təhvil-təslim işləri aparılmasına və məhz elə həmin tarixdə işdən azad edilməsi barədə əmrin ona təqdim edilməsinə baxmayaraq o, işə bərpa tələbi barədə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022ci il tarixdə, yəni iki ildən daha artıq müddət keçdikdən sonra müraciət etmişdir. Nəticədə, iddiaçı mübahisələndirilmə üçün qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2021ci il tarixli **********066200 nömrəli əmrə gəldikdə, həmin əmr sadəcə formal olaraq iddiaçının Dövlət Vergi Xidmətinin sərəncamından (ehtiyatından) çıxarılmasını nəzərdə tutur və bu əmrin ləğv edilməsi iddiaçının işə bərpa edilməsi anlamına gəlmir. xx.xx.2021-ci il tarixli **********066200 nömrəli əmrlə tanış olma məsələsinə gəldikdə isə **********682100 nömrəli xx.xx.2021-ci il tarixli məktubla şəxsin sərəncamdan çıxarılması və əmək kitabçasının götürülməli olması bildirilmişdir. Analoji məktub xx.xx.2021-ci il tarixli 025 nömrəli göndərilən poçt göndərişi ilə göndərilmişdir. Göründüyü kimi şəxs sərəncamdan çıxarıldığından da xəbərdar olmuşdur. Yuxarıda qeyd olunanlar İddiaçı iddiasının işə bərpa olunma hissəsində mümkün hesab edilməməsinə əsas verir. Sonradan iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun sərəncama çıxarılması barədə xx.xx.2020-ci il tarixli sərəncamın ləğv edilməsi, işdən azad olunması barədə xx.xx.2021-ci il tarixli **********066200 saylı əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsi və ona xx.xx.2020-ci ildən başlayaraq əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7001/2022 saylı 08 iyun 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: S.Salahova) Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını və işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, o, xx.xx.2020-ci il **********098100 saylı əmrlə 3 ay müddətinə heç bir əsaslandırma olmadan sərəncama götürülmüş, daha sonra bu müddət tamamilə əsassız olaraq uzadılmışdır. X4 Xidmətinin xx.xx.2021-ci tarixli, **********066200 saylı əmri ilə xx.xx.2021-ci il tarixindən sərəncamdan çıxarılmışdır. (Yəni köhnə tarixlə) xx.xx.2022-ci il tarixində heç bir məhkəmə prosesi keçirilməyib. Əgər məhkəmə prosesi xx.xx.2022-ci ildə keçirilibsə, nəyə görə ona göndərilən məktubun üzərində 23 iyun 2022-ci il tarixi göstərilib. Məktub isə poçta 22 iyul 2022-ci ildə, 1 ay 14 gün sonra verilib. Məhkəmə prosesinin xx.xx.2022-ci ildə keçiriləcəyi barədə ona heç bir məlumat verilməyib və ümumiyyətlə həmin günü heç bir iclas keçirilməyib. Onun tərəfindən öz hüququnun pozulduğunu bildikdən sonra qanunvericiliyin tələblərinə uyğun formada məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2020-ci ildə Sərəncama götürülməsi və xx.xx.2021-ci ildə sərəncamdan çıxarılması və hər iki halda ona məlumat verilməsi barədə qərardadda göstərilənlər tamamilə yalandır. Bu barədə heç bir təsdiqedici sənəd yoxdur. Mübahisəli əmrin (əmrlərin) təqdim olunmasını müəyyən etmək mümkün deyildirsə, (faktiki olaraq həmin əmr ona təqdim olunmayıb) məhkəmə iddia müddətinin keçirilməsini necə müəyyənləşdirib? Onun tərəfindən heç bir təhvil-təslim aktına imza edilməyib və heç bir sənəd təhvil verilməyib. Onun imzası saxtalaşdırılıb. Çox təəssüf ki, məhkəmə tərəfindən bu fakta qiymət verilmədi. Həmçinin, bildirmək istəyir ki, onun sərəncama çıxarılmağı barədə heç bir əsaslandırma məhkəməyə təqdim olunmadı. Çünki sərəncama çıxarılmağı tamamilə əsassızdır. O, sərəncamda olduğu müddətdə bir neçə dəfə cavabdeh orqanın səlahiyyətli şəxsləri tərəfindən dəvət edilmiş və ona müxtəlif işlər təklif edilib. Lakin cavabdeh orqan tərəfindən verilən sözə əməl edilməyib və o, aldaldığını bildikdən sonra məhkəməyə müraciət etmişdir. Sərəncamda olduğu müddətdə yenə də cavabdeh orqan tərəfindən qanunvericiliyin tələbləri qəsdən pozularaq ona əmək haqqı ödənilməmişdir. Cavabdeh orqanla xeyli danışıqlardan, verilən vədlərdən sonra nəticə olmadığını görmüş və bu məsələyə aydınlıq gətirilməsi və müvafiq tədbirin görülməsi barədə yazılı surətdə Dövlət Vergi Xidmətinə müraciət etmişdir. Lakin, həmin orqan tərəfindən heç bir əsaslandırıcı cavab almamış və bundan sonra məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhz həmin tarixdən sonra o, hüquqlarının pozulduğunu və aldadıldığını bilmiş və məhkəməyə müraciət etmişdir. Ona görə də iddia müddətin ötürülməsindən söhbət gedə bilməz. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı onun sərəncama çıxarılması barədə xx.xx.2020-ci il tarixli sərəncamın ləğv edilməsi, işdən azad olunması barədə xx.xx.2021-ci il tarixli **********066200 saylı əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsi və ona xx.xx.2020-ci ildən başlayaraq əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, İPM-nin 38-ci maddəsində inzibati aktın mübahisələndirilməsi üzrə müddətin axımının başlanması onun təqdim və ya elan olunduğu vaxtla müəyyən edilmişdir. Habelə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Beləliklə, inzibati qanunvericiliklə müddətin axımının başlanğıc tarixi bilavasitə inzibati aktın təqdim və ya elan edilməsi tarixi ilə əlaqələndirilmişdir. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin: -1-ci bəndinə görə vergi orqanlarında xidmət - Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları sisteminə daxil olan vergi orqanlarının funksiya və məqsədlərini öz peşəkar fəaliyyətləri ilə həyata keçirilən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. -8-ci bəndinə əsasən vergi orqanlarına xidmətə qəbul «Dövlət qulluğu haqqında» Qanunla və bu Əsasnaməyə uyğun olaraq aparılır. -75-ci bəndinə görə vergi orqanının vəzifəli şəxsinin xidmətinə aşağıdakı hallarda xitam verilə bilər: 1) öz təşəbbüsü ilə; 3) təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə; 4) tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə attestasiya komissiyasının qiyməti olduqda, əgər vəzifəli şəxsin vergi orqanlarında onun ixtisasına uyğun olan digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən şəxs imtina etdikdə, habelə sınağın nəticəsi qənaətedici olmadıqda; 5) xidməti intizamı bir dəfə kobud şəkildə pozduqda və ya xidməti vəzifələrini müntəzəm surətdə yerinə yetirilmədikdə; 6) Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; 7) Azərbaycan Respublikasının əmək qanunvericiliyinə müvafiq olaraq tərəflərin iradəsindən asılı olmayan hallarda; 8) Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulan digər hallarda. Bu maddənin 3-7-ci bəndlərində göstərilən əsaslara görə vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi müvafiq icra hakimiyyəti orqanının təşəbbüsü ilə həyata keçirilir. -79-cu bəndinə əsasən vergi orqanlarında xidmətinə xitam verilməsi və ya başqa vəzifəyə keçirilməsi barədə qərarla razı olmayan vergi orqanının vəzifəli şəxsinin həmin qərardan müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət hüququ vardır. -80-ci bəndinə görə vergi orqanlarında vəzifəyə bərpa olunmaq üçün əsas müvafiq icra hakimiyyəti orqanının əmri və ya qüvvəyə minmiş məhkəmə qərarıdır. Sadalanan normalardan müəyyən olunur ki, vergi orqanlarında xidmətə xitam verilmənin əsaslarından biri də təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilmədir. İşdə olan “Təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar işdən azad etmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə haqqında” xx.xx.2020-ci il tarixli **********098100 saylı əmrin surətindən görünür ki, İddiaçı (vergi xidməti müşaviri) Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət idarəsinin 1-ci şöbəsinin dövlət vergi müfəttişi ilə bağlanmış əmək müqaviləsinə 29 yanvar 2020-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. İddiaçı hazırda ilkin olaraq bu əmri mübahisələndirir və həmin əmrin ona təqdim edilmədiyini bildirir. Məhkəmə qeyd etmişdir ki, mübahisəli əmrin iddiaçıya təqdim edilmə tarixi müəyyən edilməsə də, işdə olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı bu aktı və əlavəsini imzalamaqla təsdiq etmişdir ki, Vergilər Nazirliyinin “Təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar işdən azad etmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə haqqında” xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmrin icrası ilə əlaqədar akta əlavə olunmuş siyahıda qeyd olunan sənədlər, inventar, avadanlıq və ofis ləvazimatı bu aktda sabiq əməkdaş kimi qeyd olunan şəxsdən təhvil alınmışdır.” Aktı təhvil verən qismində iddiaçı və təhvil alan qismində vergi orqanının əməkdaşları imzalamışlar. Həmin aktda iddiaçı artıq “sabiq əməkdaş” kimi qeyd edilmişdir. Məhkəmə iclasında iddiaçı həmin aktın onun tərəfindən imzalanmadığını və təhvil-təslim aparılmadığını bildirmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının bu dəlili qəbul edilsə və onun işdən azad edilməsi barədə əmrin ona təqdim edilmədiyi güman olunsa belə, iddiaçının xx.xx.2020-ci il tarixli əmrdən həmin tarixdən etibarən xəbərsiz olması ağlabatan hesab olunmur. Çünki şəxsin tutduğu vəzifədən azad edilməsi onun artıq əmək funksiyalarını icra etməməsi, hər hansı bir xidməti fəaliyyəti həyata keçirməməsi, əmək haqqı almaması deməkdir. Belə bir şəraitdə isə şəxs əmri və ya əmək kitabçasını almasa belə, ən azından əmək funksiyasını icra etdiyi yerə getmir ki, bu da onun işdən azad edilməsindən xəbərsiz olmasının ağlabatan olmadığını deməyə əsas verir. Digər tərəfdən, işdən görünür ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə xx.xx.2020-ci il tarixli və xx.xx.2020-cim il tarixli teleqram göndərməklə onun əsassız olaraq işdən azad edilməsini bildirmiş, həmin teleqrama cavab olaraq cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli **********531400 nömrəli məktubda iddiaçının xx.xx.2020-ci il tarixdə işdən azad edildiyi göstərilmişdir. Həmçinin işdə olan iddiaçının Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, o cavabdehin heç bir səbəb göstərilmədən onu tutduğu vəzifədən kənarlaşdırmasından şikayət etmiş, həmin şikayət xx.xx.2020-ci il tarixdə baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə göndərilmişdir. İddiaçı Azərbaycan Respublikasının Birinci vitseprezidentinə ünvanladığı xx.xx.2020-ci il tarixli teleqramda isə hazırda mübahisələndirdiyi əmrin tarixinə istinad etmiş, onun xx.xx.2020-ci il tarixdə heç bir səbəb və əsas olmadan Vergilər Nazirinin əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci bəndinə əsasən təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar sərəncama götürüldüyünü və işə bərpa olunmadığını bildirmişdir. Beləliklə, aydın olur ki, iddiaçının onun barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli əmrdən ən geci xx.xx.2020-ci il tarixdə məlumatı olmuş, cavabdeh isə müvafiq əmri ən geci xx.xx.2020-ci il tarixdə iddiaçıya elan etmişdir. Lakin iddiaçı məsələ ilə bağlı müxtəlif dövlət orqanlarına müraciət etsə də, xx.xx.2020ci il tarixli əmrin ləğvi üçün yalnız xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmiş, bununla da mübahisələndirmə haqqında iddia üzrə prosessual müddəti ötürmüş, bu zaman müddətin ötürülməsinin onun təqsiri ucbatından baş verməməsini təsdiq edən hər hansı bir ağlabatan hala istinad etməmişdir. İPM-in 24-cü maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir (maddə 24.1). Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır (maddə 24.2). Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir (maddə 23.3). Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz (maddə 24.4). İstinad olunan normalardan görünür ki, qanunverici prosessual müddətin ötürülməsindən 1 il keçdikdən sonra ötürülmüş müddətin bərpası imkanını belə istisna edir, bir şərtlə ki, müddətin ötürülməsi təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasın, hansı ki, hazırkı işdə belə bir halın olması müəyyən edilmir. İddiaçının ikinci tələbi onun sərəncamdan çıxarılması haqqında xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsidir. Belə ki, işdə olan sərəncamdan çıxarılma haqqında əmrdən görünür ki, Vergilər Nazirinin **********098100 saylı xx.xx.2020-ci il tarixli əmri ilə Vergilər Nazirliyinin sərəncamın götürülmüş İddiaçı xx.xx.2021-ci il tarixdən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sərəncamından çıxarımışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı bu əmrin mübahisələndirilməsi üçün müəyyən edilmiş müddəti də ötürmüşdür. Çünki iddiaçı Azərbaycan Respublikasının Birinci vitseprezidentinə ünvanladığı xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müraciətlərində onun xx.xx.2020-ci il tarixdə işdən azad edilməsinin qanunsuz olduğunu, həmçinin onun işə bərpa olunmaq əvəzinə xx.xx.2021-ci il tarixdə Dövlət Vergi Xidmətinin sərəncamından çıxarıldığını bildirmiş, bununla artıq sərəncamdan çıxarılma haqqında əmrdən məlumatlı olduğunu bəyan etmişdir. Həmçinin iş materiallarında olan Dövlət Vergi Xidməti tərəfindən İddiaçı ünvanlanan xx.xx.2022-ci il tarixli **********682100 nömrəli məktubda göstərimişdir ki, iddiaçı xx.xx.2020ci il tarixdə vergilər nazirinin müvafiq əmri ilə və "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnamənin 38-ci bəndinə uyğun olaraq təşkilat-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar tutduğu vəzifədən azad olunaraq sərəncama götürülmüş, xx.xx.2021-ci il tarixdən sərəncamdan çıxarılmışdır. Məktubda iddiaçıya məxsus əmək kitabçasını Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsindən götürməsi yaxud poçt vasitəsilə göndərilməsinə rəsmi razılıq verməsi xahiş olunmuşdur. Həmin məktub xx.xx.2021-ci il tarixdə iddiaçıya göndərilmişdir. İddiaçı isə onun sərəncamdan çıxarılması haqqında həmin əmrin mübahisələndirməsi üçün xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə yuxarıda istinad olunan normaların tələblərinə əsasən mübahisələndirmə üçün prosessual müddəti, habelə buraxılmış müddətin bərpası üçün ərizə verilməsi imkanını nəzərədə tutan 1 illik müddəti ötürmüşdür. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının ilk iki tələbi mübahisələndirmə haqqında iddia üçün tələb olunan mümkünlük şərtinə cavab vermədiyindən mümkün sayılmamalıdır. İddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və ona xx.xx.2020-ci ildən başlayaraq əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələbinə gəldikdə, həmin tələb birinci tələbin müsbət həllindən asılıdır və ilkin tələb mümkün olmadığı halda həmin tələbin də mümkünlüyü istisnadır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 saylı 10 aprel 2015-ci il tarixli, Qərarına əsasən, ...mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). İddiaçının hazırkı iddiası İnzibati Prosessual Məcəllənin 2.2.1 və 32.1-ci maddələrində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir. Belə ki, iddiaçı cavabdehin xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli əmrlərini mübahisələndirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşin hallarından və sadalan normaların tələblərindən məlum olur ki, iddiaçı hazırda mübahisələndirdiyi əmrlərin ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüş, yalnız əmrlərin qəbul edildiyi və ona məlum olduğu vaxtdan sonra məhkəməyə müraciət edərək, mübahisələndirilən əmrlərin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyristabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarına müvafiq olaraq mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-nin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-nin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyekti əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə əsasən Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7001/2022 saylı 08 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar