Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-380/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması” haqqında iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4052/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun zərərli istehsalat sahəsində işləməsi ilə bağlı güzəştli şərtlərlə 57 yaşdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinin tələblərinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü İddiaçı pensiya hüququnun yarandığı yəni, 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin olunmuş pensiyanın xx.xx.2019-cu il tarixdən ödənilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Bakı Şin Zavodunda işləmişdir. xx.xx.1982-ci il tarixdə Rusiya Federasiyasının Murmansk şəhərində yerləşən “Şimalbalıqsənayekəşfiyyat” Birliyinə matros vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1991-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1991-ci il tarixdə "xxxx" birgə müəssisəsinə işə qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə azad edilmişdir. xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair ərizə ilə 19.108.2022-ci il tarixdə cavabdeh tərəfindən imtina edilmişdir və verilmiş cavabda güzəştli iş stajının 1 il 1 ay 23 gün, iş stajının isə 22 il 7 ay 11 gün təşkil etməsi göstərilmişdir. Bu tamamilə əsassızdır, belə ki, ona məxsus əmək kitabçasından da görünür ki, onun zərərli sahədə işlədiyi müddət 12 il 6 aydan çoxdur, həmçinin ümumi iş stajı da 25 ildən artıqdır. 2006-cı ilin yanvar ayınadək onun iş stajı hərbi xidmətlə birlikdə 27 ildən artıqdır. Qeyd olunmalıdır ki, xx.xx.1982-ci il tarixdən Rusiya Federasiyasının Murmansk şəhərində yerləşən “Şimalbalıqsənayekəşfiyyat” Birliyində xx.xx.1991-ci il tarixədək işlədiyi illər nəzərə alınmamışdır. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən İddiaçı ИТ-İ ******* nömrəli əmək kitabçasına və əlavə olunmuş sənədlərə əsasən onun ümumi iş stajının 25 ildən az (22 il 7 ay 11 gün (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1991-ci U, xx.xx.1991-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixdən bugünədək cəmi 1 il)), güzəştli iş stajının 12 il 6 aydan az (1 il 1 ay 23 gün (xx.xx.1980- xx.xx.1982-ci il tarixləri arasındakı dövrlər)) təşkil etdiyi, bu səbəbdən də güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün hesab olunmadığı bildirilmişdir. Həmçinin, iddiaçının fərdi hesabında sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabında sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18554,16 manat təşkil edir. İddiaçı iddia ərizəsinin əsasları kimi xx.xx.1980-ci il tarixdən əmək fəaliyyətinə başladığını, 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən stajı olduğunu, lakin cavabdeh orqan tərəfindən xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Rusiya Federasiyasının Murmansk şəhərində yerləşən “Şimalbalıqsənayekəşfiyyat” Birliyində işlədiyi illərin nəzərə alınmadığını qeyd etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. İş üzrə icraat materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 27.07,2022-ci il tarixli 01/75 nömrəli arayışında İddiaçı Bakı Şin zavodunun vulkanlaşdırma sexində xx.xx.1980-xx.xx.1981-ci il tarixləri arasındakı dövr ərzində 3-cü dərəcəli avtoşin vulkanlaşdırıcısı, xx.xx.1981- xx.xx.1981-ci il tarixləri arasındakı dövr ərzində usta, xx.xx.1981-xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində 5-ci dərəcəli avtoşin vulkanlaşdırıcısı vəzifələrində işlədiyi, həmçinin həmin vəzifələrin “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №- li Qərarının 1 nömrəli siyahısının Vİİİ bölməsinin “Kimya istehsalatının 1080A010 şifrəsinə uyğun olduğu göstərilmişdir. Göstərilən illər iddiaçının güzəştli iş stajına daxil edilmiş və iddiaçının güzəştli iş stajı (1 il 1 ay 23 gün (xx.xx.1980-xx.xx.1982ci il tarixləri arasındakı dövrlər)) təşkil etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4052/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən cavabdeh inzibati orqana müraciət edilərkən xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Rusiyanın Murmansk şəhərində “Şimalbalıqsənayekəşfiyyat” Birliyində işlədiyi vəzifələrə dair Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na uyğun güzəştli arayış təqdim edilməmişdir. Məhkəmə tərəfindən iddiaçının işlədiyi sahə, vəzifəyə uyğun oxşar müəssisələrdən güzəştli arayış əldə olunmadan, öz mülahizəsinə əsasən iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Rusiyanın Murmansk şəhərində “Şimalbalıqsənayekəşfiyyat” Birliyində işlədiyi vəzifələr güzəştli iş stajı kimi nəzərə alınaraq iddia əsassız təmin edilmişdir. Həmçinin məhkəmə iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Rusiyanın Murmansk şəhərində “Şimalbalıqsənayekəşfiyyat” Birliyində işlədiyi dövr üçün güzəştli iş stajını hesablayarkən səhvə yol vermiş, əmək müqaviləsində nəzərdə tutulmuş güzəşti tətbiq edərkən faktiki 8 il 10 ay 14 gün iş stajının hər ilini 6 ay artıraraq 12 il 10 ay 14 gün hesablamışdır. Belə ki, iddiaçı ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsində SSRİ X8 xx.xx.1960-cı il və xx.xx.1967-ci il tarixli “Uzaq Şimal donanmasında işləyən işçilərin güzəştlərinin siyahıya alınması haqqında” sərəncamların tətbiq edildiyi qeyd olunmuşdur. SSRİ X10 Heyətinin Fərmanı əsasında respublikanın digər yerlərindən uzaq şimal rayonlarına göndərilən və ya işə dəvət edilən işçilərə həmin rayonlarda işləmək barədə əmək müqavilələri bağlamaq şərtilə aşağıdakı güzəştlər 3 il müddətinə təgdim edilir: D) uzaq şimal rayonlarında və uzaq şimal bölgələrinə bərabər olan yerlərdə bir il iş stajı, iş stajının hesablanmasında bir il altı ay iş stajı kimi, əmək, yaşlılıq və əlillik pensiyası almaq hüququ verir. Göründüyü kimi, iş stajının hesablanmasında güzəştlər 3 il müddətinə tətbiq edildiyi halda, məhkəmə iddiaçının faktiki 8 il 10 ay 14 gün iş stajının 3 ilini deyil, hər ilini 6 ay artıraraq, güzəştli iş stajını ən çoxu 1 il 6 ay artıraraq 10 il 4 ay 14 gün hesablamalı olduğu halda, güzəştli iş stajını 4 il artıraraq 12 il 10 ay 14 gün hesablanmışdır. Beləliklə, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il ümumi iş stajı, 12 il 6 ay güzəştli iş stajınının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Buna görə də hesab edirlər ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımdan əsassız olduğundan “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə İddiaçı oğlunun iddiası təmin olunmamalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq mövqeyini aşağıdakı şəkildə bildirir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakı qanunvericilik normaları diqqətə çatdırır: İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə istinad edərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Belə olan halda iddia tələbinin qanuni əsasını qeyd edilən Qanunun 9.8-ci maddəsi təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 2 nömrəli siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi iş stajı 25 ildən; - güzəştli iş stajı 12 il 6 aydan az olmamalıdır. İddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması işin mübahisələndirilməyən halıdır. Belə ki, Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla 57 yaşı xx.xx.2016-cı ildə tamam olmuşdur. İşin mübahisəli halı tələb olunan ümumi və güzəştli iş stajının mövcud olmaması ilə bağlıdır. İddiaçının ümumi iş stajına münasibətdə məhkəmə kollegiyası aşağıdakıları diqqətə çatdırır. İş materiallarında olan HB seriyalı ******* №-li hərbi biletin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus xx.xx.1980-ci il tarixdə doldurulmuş ИТ-İ seriyalı ******* №-li əmək kitabçasında (notarial qaydada tərcümə - təsdiq olunmuş surəti) qeyd olunmuş məlumatlardan müəyyən olunur ki, o, Bakı Şin Zavodunda xx.xx.1980-ci ildə vulkanizasiya sexinə 3-cü dərəcəli vulkanizator şagirdi vəzifəsinə qəbul edilmişdir, xx.xx.1981-ci ildə vulkanizasiya sexinin 5-ci dərəcəli avtoşin vulkanizatoru dərəcəsi verilmişdir, xx.xx.1981-ci ildə vulkanizasiya sexinə növbə ustası vəzifəsinə keçirilmişdir, xx.xx.1981-ci ildə vulkanizasiya sexinə 5-ci dərəcəli avtotəkər vulkanizatoru vəzifəsinə keçirilmişdir, xx.xx.1982-ci ildə tutduğu vəzifədən azad edilmişdir, “Şimalbalıqsənayekəşfiyyat” Birliyində xx.xx.1982-ci ildə matros vəzifəsinə qəbul edilmiş, xx.xx.1983-cü ildə MQ-1311-ə ikinci dərəcəli matros vəzifəsinə keçirilmişdir, xx.xx.1985-ci ildə MB-422-yə birinci dərəcəli matros vəzifəsinə keçirilmişdir, xx.xx.1989-cu ildə müəssisəsinin adı dəyişdirilərək “Şimal balıq axtarışı” EİM adlandırılmışdır, xx.xx.1991-ci ildə tutduğu vəzifədən azad edilmişdir, “Azərbaycan kənd təsərrüfatı” TİKİ-də (texnoloji-istehsalat komplektləşdirmə idarəsi) xx.xx.1991-ci ildə 2-ci dərəcəli fəhlə vəzifəsinə qəbul edilmişdir, xx.xx.1991-ci ildə tutduğu vəzifədən azad edilmişdir, Təsərrüfatı Hesablı Təmir-Tikinti Sahəsində: xx.xx.1991-ci ildə Rabitə qurğuları sexinə 2-ci dərəcəli fəhlə vəzifəsinə qəbul edilmişdir, xx.xx.1991-ci ildə tutduğu vəzifədən azad edilmişdir, “Azinteriol” birgə müəssisəsində xx.xx.1991-ci ildə avadanlığın təmiri üzrə çilingər vəzifəsinə qəbul edilmişdir, xx.xx.1991-ci ildə çilingərquraşdırıcı vəzifəsinə keçirilmişdir, xx.xx.1995-ci ildə ştat strukturuna əsasən vəzifəsi çilingər adlandırılmışdır, xx.xx.2002-ci ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1982-ci ildə İddiaçı ilə “Şimalbalıqsənayekəşfiyyat” Birliyi arasında Murmansk şəhərində bağlanmış əmək müqaviləsinin notarial qaydada tərcümə və təsdiq olunmuş surətindən müəyyən olunur ki, 17 mart 1982-ci ildən daimi yaşayış yeri olan Uzaq Şimalda işləyən İddiaçı, “Şimalbalıqsənayekəşfiyyat” Birliyində işə qəbul olunanadək mövcud qanunvericiliyə müvafiq olaraq “Şimalbalıqsənayekəşfiyyat” Birliyi ilə aşağıdakı şərtlərlə müqavilə bağlamışdır.
1. İddiaçı “Şimalbalıqsənayekəşfiyyat” Birliyində 11 mart 1990-cı il tarixindən dənizçi vəzifəsində işləməyi öhdəsinə götürür.
2. Gördüyü işlərə görə İddiaçı əmək haqqı təyin edilir.
3. İddiaçı iş qrafiki müəyyən edilir.
4. İddiaçı SSRİ X8 xx.xx.1960-cı il və xx.xx.1967-ci il tarixli, “Uzaq Şimal donanmasında işləyən işçilərin güzəştlərinin siyahıya alınması haqqında” sərəncamları tətbiq edilir. SSRİ X10 Heyətinin Fərmanı əsasında respublikanın digər yerlərindən uzaq şimal rayonlarına göndərilən və ya işə dəvət edilən işçilərə həmin rayonlarda işləmək barədə əmək müqavilələri bağlamaq şərti ilə aşağıdakı güzəştlər 3 il müddətinə təqdim edilir: D) uzaq şimal rayonlarında və uzaq şimal bölgələrinə bərabər olan yerlərdə bir il iş stajı, iş stajının hesablanmasında bir il altı ay iş stajı kimi, əmək, yaşlılıq və əlillik pensiyası almaq hüququ verir.
5. Mirzəbəyovla bu müqavilə nəzərdə tutulan bütün əmək münasibətləri Əmək Məcəlləsi və SSRİ X8 xx.xx.1960-cı il və xx.xx.1967-ci il tarixli sərəncamları ilə müəyyən edilir. xx.xx.1987-ci ildə İddiaçı ilə “Şimalbalıqsənayekəşfiyyat” Birliyi arasında Murmansk şəhərində bağlanmış əmək müqaviləsinin notarial qaydada tərcümə və təsdiq olunmuş surətindən müəyyən olunur ki, 17 mart 1982-ci ildən daimi yaşayış yeri olan Uzaq Şimalda işləyən İddiaçı, “Şimalbalıqsənayekəşfiyyat” Birliyinə işə qəbul olunadək mövcud qanunvericiliyə müvafiq olaraq “Şimalbalıqsənayekəşfiyyat” Birliyi ilə aşağıdakı şərtlərlə bu müqaviləni bağlamışlar.
1. İddiaçı “Şimalbalıqsənayekəşfiyyat” Birliyində 11 mart 1990-cı il tarixindən dənizçi vəzifəsində işləməyi öhdəsinə götürür.
2. Gördüyü işlərə görə İddiaçı məbləğində əmək haqqı təyin edilir.
3. İddiaçı iş qrafiki müəyyən edilir.
4. İddiaçı SSRİ X8 xx.xx.1960-cı il və xx.xx.1967-ci il tarixli, “Uzaq Şimal donanmasında işləyən işçilərin güzəştlərinin siyahıya alınması haqqında” sərəncamları tətbiq edilir. SSRİ X10 Heyətinin Fərmanı əsasında respublikanın digər yerlərindən uzaq şimal rayonlarına göndərilən və ya işə dəvət edilən işçilərə həmin rayonlarda işləmək barədə əmək müqavilələri bağlamaq şərti ilə aşağıdakı güzəştlər 3 il müddətinə təqdim edilir: D) uzaq şimal rayonlarında və uzaq şimal bölgələrinə bərabər olan yerlərdə bir il iş stajı, iş stajının hesablanmasında bir il altı ay iş stajı kimi, əmək, yaşlılıq və əlillik pensiyası almaq hüququ verir.
5. Mirzəbəyovla bu müqavilə nəzərdə tutulan bütün əmək münasibətləri Əmək Məcəlləsi və SSRİ X8 xx.xx.1960-cı il və xx.xx.1967-ci il tarixli sərəncamları ilə müəyyən edilir. X3 Xəzinadarlıq Müəssisəsinin xx.xx.2022-ci il tarixli, N4942 saylı arxiv arayışında göstərilmişdir ki, “Şimalbalıqsənayekəşfiyyat” Birliyinin arxiv fondunun sənədlərində xx.xx.1959-cu il təvəllüdlü İddiaçı, “Şimalbalıqsənayekəşfiyyat” Birliyində “mədən kəşfiyyatı və elmi-tədqiqat donanması, dəniz balıq tədqiqatlarının Elmi-İstehsalat Birliyi, okeanoqrafiya və “Şimalbalıqkəşfiyyat” Mədən Kəşfiyyatı İdarəsində dənizçi, 1, 2 sinifli dənizçi kimi fəaliyyət göstərmişdir, xx.xx.1982-ci ildən (xx.xx.1982 - ci il tarixli, 52-ci (sənəddə belə ki) dənizçi təhsili üçün müvəqqəti qəbul və mq-1316-cı il tarixli əmr. xx.xx.1982-ci il tarixli 70-ci əmr-xx.xx.1982- ci il tarixli” daimi işləyən hesab edilsin" (sənəddə belə) üzrə xx.xx.1991-ci il tarixədək (xx.xx.1991-ci il tarixli əmr) öz istəyi ilə işdən çıxarılma. RSFSR 31 ƏM) işləmişdir. Təşkilatlar Murmanskda yerləşirdi. Murmansk vilayətinin Murmansk şəhərinin inzibati ərazi bölgüsünün tarixi haqqında məlumat kitabçasma əsasən. 1982-1991-ci illərdə Murmansk vilayətinin ərazisində olmuşdur. “Şimalbalıqsənayekəşfiyyat” Birliyinin Gəmi işçiləri arxivində xx.xx.1959-cu il təvəllüdlü İddiaçı gəmilərdə olması haqqında aşağıdakı məlumatları var: МГ-1311 “Vadinsk”- matros Gəlmə tarixləri: Dənizə çıxışın rəsmiləşdirmə tarixi: xx.xx.1982-ci il. - xx.xx.1982 Dənizə çıxışın rəsmiləşdirmə tarixi: xx.xx.1982-ci il - xx.xx.1982
МГ-1311 “Vadinsk”- 2-ci sinif matrosu Dənizə çıxışın rəsmiləşdirmə tarixi: xx.xx.1982-ci il – xx.xx.1982 Dənizə çıxışın rəsmiləşdirmə tarixi: xx.xx.1982-ci il – xx.xx.1983 Dənizə çıxışın rəsmiləşdirmə tarixi: xx.xx.1983-cü il – xx.xx.1983 Dənizə çıxışın rəsmiləşdirmə tarixi: xx.xx.1983-cü il – xx.xx.1983
МБ-0422 “Nikolay Kononov” – 2-ci sinif matrosu Çıxışın rəsmiləşdirmə tarixi:xx.xx.1983-cü il – xx.xx.1983 МБ-0422 “Nikolay Kononov”- 1 sinif matrosu Çıxışın rəsmiləşdirmə tarixi: xx.xx.1983-cü il - xx.xx.1984 Çıxışın rəsmiləşdirmə tarixi: xx.xx.1984-cü il – xx.xx.1984
МВ-0105 “Artemida”- matros Gəmiyə daxil olma tarixi: xx.xx.1984-cü il – xx.xx.1984
MB-0425 “Parallaks” – 1-ci sinif matrosu Gəlmə tarixləri:
Çıxışın rəsmiləşdirmə tarixi: xx.xx.1984-cü il - xx.xx.1985
MB-0422 “Nikolay Kononov” - 1 sinif matrosu Çıxışın rəsmiləşdirmə tarixi: xx.xx.1985-ci il - xx.xx.1985 Çıxışın rəsmiləşdirmə tarixi: xx.xx.1985-ci il - xx.xx.1986
MB-0425 “Paarallaks” - 1 sinif matrosu Çıxışın rəsmiləşdirmə tarixi:xx.xx.1986-cıi il - xx.xx.1986 Çıxışın rəsmiləşdirmə tarixi:xx.xx.1986-cı il - xx.xx.1986
MB-0012 “Mixail Verbiçkiy”- 1 sinif matrosu Çıxışın rəsmiləşdirmə tarixi: xx.xx.1987-ci il - xx.xx.1988 Çıxışın rəsmiləşdirmə tarixi: xx.xx.1988-ci il - xx.xx.1988
MB-0023 “Nikolay Kuropatkin” -1 sinif matrosu Dənizə çıxışın rəsmiləşdirmə tarixi: xx.xx.1989-cu il - xx.xx.1989 Dənizə çıxışın rəsmiləşdirmə tarixi: xx.xx.1989-cu il - xx.xx.1990
МБ-0012 “Mixail Verbiçkiy”- 1 sinif matros Dənizə çıxışın rəsmiləşdirmə tarixi: xx.xx.1990-cı il - xx.xx.1990
Kollegiya ümumi iş stajına münasibətdə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992- ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Kollegiya qeyd edir ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən ümumi iş stajı hesablanarkən iddiaçının işlədiyi müddətlə yanaşı iddiaçının hərbi xidmət müddəti də pensiya təyinində nəzərə alınmalıdır. İş materialları ilə də müəyyən edilir ki, iddiaçının hərbi xidmətdə olduğu müddət 01 il 11 ay 24 gün təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının xx.xx.1982-xx.xx.1991-ci il tarixə kimi “Şimalbalıqsənayəkəşfiyyat” İdarəsində işlədiyi dövrdə əmək stajını 12 il, 10 ay, 14 gün kimi nəzərə almışdır. Belə ki, iş materiallarına əlavə edilmiş əmək müqavilələrinə əsasən, uzaq şimal rayonlarında və uzaq şimal bölgələrinə bərabər olan yerlərdə bir il iş stajı, iş stajının hesablanması bir il altı ay iş stajı kimi, əmək, yaşlılıq və əlillik pensiyası almaq hüququ verdiyi üçün iddiaçının faktiki olaraq 08 il, 10 ay, 14 gün iş stajı təşkil etsə də, 12 il, 10 ay, 14 gün kimi qəbul edilməlidir. Cavabdeh inzibati orqan apellyasiya şikayətinin dəlillərində iddiaçının əmək müqaviləsinə əsasən iş stajının hesablanmasında güzəştlərin 3 il müddətinə tətbiq edildiyinə istinad etsə də, məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddiaçı yalnız 1982-ci və 1987-ci il tarixli əmək müqavilələrini təqdim edə bilmiş, əmək kitabçasından da aydın olur ki, iddiaçı xx.xx.1982-xx.xx.1991-ci il tarixə kimi “Şimalbalıqsənayəkəşfiyyat” İdarəsində fasiləsiz işləmiş, qalan dövrlərə dair əmək müqavilələrinin təqdim edilməməsinin mümkün olmaması iddiaçının ziyanına şərh oluna bilməz. Belə ki, sözügedən müqavilələrdən də göründüyü kimi SSRİ X8 xx.xx.1960-cı il və xx.xx.1967-ci il tarixli, “Uzaq Şimal donanmasında işləyən işçilərin güzəştlərinin siyahıya alınması haqqında” sərəncamlarına istinad edilmişdir. Həmin sərəncamlara əsasən də məhz iş yerinin xarakterinə əsasən müvafiq güzəştlərin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Beləliklə, iddiaçının əmək kitabçasında qeyd edilmiş digər mübahisəsiz dövrlər: xx.xx.1980-cı il – xx.xx.1982-ci il tarixə kimi “Bakı Şina Zavodu”nda işlədiyi dövrdə əmək stajı – 01 il, 11 ay, 24 gün, xx.xx.1991-xx.xx.1191-ci il tarixə kimi “Azərbaycan kənd təsərrüfatı” TİKİ-də fəhlə vəzifəsində işlədiyi dövrdə əmək stajı 01 ay, 25 gün, xx.xx.1991-xx.xx.1991-ci il tarixə kimi Təsərrüfatlı Hesablı Təmir-Tikinti İdarəsində fəhlə vəzifəsində işlədiyi dövrdə əmək stajı – 02 ay,29 gün, xx.xx.1991-xx.xx.2002-ci il tarixə kimi "xxxx" Birgə Müəssisəsində çilingər işlədiyi dövrdə əmək stajı – 11 il, 02, 12 gün təşkil edir. Bununla da yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarını hərbi biletdə və əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən edilir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən çox yəni, 26 il, 07 ay, 07 gün təşkil edir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 01/75 №-li arayışında qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən Bakı Şin zavodunun Vulkanlaşdırma sexində xx.xx.1980-cı il (Əmr № 123-k, xx.xx.1980) tarixindən xx.xx.1981-ci il tarixinədək 3 dərəcəli avtoşin vulkanlaşdırıcısı, xx.xx.1981-ci il (Əmr №150-k, xx.xx.1981) tarixindən xx.xx.1981-ci il tarixinədək Vulkanlaşdırma sexində müvəqqəti olaraq usta, xx.xx.1981-ci il (Əmr № 05-k, xx.xx.1981) tarixindən xx.xx.1982-ci il (Əmr 20-k, xx.xx.1982)-ci il tarixinədək Vulkanlaşdırma sexində 5 dərəcəli avtoşin vulkanlaşdırıcısı işləmişdir. İddiaçı işlədiyi vəzifə ştat cədvəlinə uyğun olaraq fəhlə peşəsidir. X5 oglu xx.xx.1980-cı il (əmr № 123-k, xx.xx.1980) tarixindən xx.xx.1982-ci il (Əmr № 20-k, xx.xx.1982) tarixinədək (1 il, 1 ay, 23 gün) xüsusi zərərli sexdə- fəhlə peşəsində çalışmışdır. Tam iş günü 8 saat işləmiş və başqa işlərlə məşğul olmamışdır. Vulkanlaşdırma sexinin avtoşin vulkanlaşdırıcıları və ustaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş (Güzəştli şərtlərlə yaşa görə) pensiya hüququ verən istehsalatların peşələrin və vəzifələrin göstəricilərin 1 saylı siyahı üzrə “Vİİİ” bölmə, “Kimya istehsalatı” şifr 1080A010 pozisiyasına aiddir. Vulkanlaşdırma sexi xüsusi zərərli sexlər kateqoriyasına aiddir. Belə ki, rezinqarışığı istehsal etmək üçün reseptlərə uyğun olaraq inqridiyentlər kükürd, ammonyak, metal oksidləri, belil, kaolin, talk, potaş, duda, sulfenomid, kaptaks, altaks, benzinoidlər və nitroza anbardan hazırlıq sexinə qəbul olunur, Rezinqarışdirıcı maşında rezin hazırlanır sonra avtoşin yigıb, vulkanlaşdırmaq üçün Vulkanlaşdırma sexinə ötürülür. Bakı Şin zavodu üzrə verilmiş 01-k saylı xx.xx.2002-ci il tarixli əmrə əsasən Bakı Şin zavodu "xxxx" ASC-yə çevrilmişdir. Həmçinin, apellyasiya baxışı zamanı oxşar sahədə fəaliyyət göstərən müəssisə kimi AR X6 QSC tərəfindən verilmiş sorğuya xx.xx.2023-cü il tarixli 13-3/2-M-9xx-xx/2023 saylı cavab məktubunda qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”na, eləcə də Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"na əsasən “matros” vəzifəsi üzən heyətə daxildir. Eyni zamanda bildiririk ki, “matros” vəzifəsi 1993-cü il 21 iyun tarixli, 320 №-li qərarı ilə təsdiq edilmiş siyahıya uyğun olaraq “Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı- xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla)” kateqoriyasına aiddir (kod: ********). 2007-ci il 23 yanvar tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş siyahının 21.2-ci bəndinin "b" yarımbəndinə uyğun olaraq "matros vəzifəsi "Dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla)” kateqoriyasına aiddir. Beləliklə, göründüyü kimi iddiaçının işlədiyi matros və avtoşin vulkanlaşdırıcısı vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №li Qərarı ilə (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə nəzərdə tutulan peşə və ya vəzifədə nəzərdə tutulduğuna görə iddiaçıya güzəştli iş stajı imkanı verir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №li Qərarı ilə (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: “Nəqliyyat” XXVİİİ fəsil (kod 23000000, fəsil); Dəniz və çay donanması- bölmə 3 (kod ********); 1) Üzən heyət (Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla) (kod ********). Bununla yanaşı, iddiaçının Bakı Şin Zavodunda “avtoşin vulkanlaşdırıcısı” vəzifəsi də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş (Güzəştli şərtlərlə yaşa görə) pensiya hüququ verən istehsalatların peşələrin və vəzifələrin göstəricilərin 1 saylı siyahı üzrə “Vİİİ” bölmə, “Kimya istehsalatı” şifr 1080A010 pozisiyasına aiddir. Göründüyü kimi, iddiaçının “Şimalbalıqsənayəkəşfiyyat” İdarəsində işlədiyi peşənin güzəştli peşə olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Bununla yanaşı həmin idarədə iddiaçının güzəştli iş stajının müddəti ilə bağlı da məhkəmə kollegiyası bir daha diqqətə çatdırır ki, qanunvericilik normasının məzmunundan da aydın olduğu kimi tələb olunan şərt 12 il 6 ay müddətidir ki, qanunverici bu müddəti təqvim tarixi ilə nəzərdə tutmamışdır. Halbuki, həm Vətəndaşların pensiya təminatı haqqında Azərbaycan Respublikası Qanununa, həm də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa diqqət edildikdə aydın görünür ki, müxtəlif normalarda qanunverici “təqvim” tarixi sözlərindən istifadə etmiş, lakin güzəştli iş stajı ilə bağlı normada təqvim tarixi sözü işlədilməmişdir. Yuxarıda nəzərdən keçirilmiş iddiaçının Rusiyanın Murmansk şəhərində “Şimalbalıqsənayekəşfiyyat” Birliyində işlədiyi müddətdə bağlanmış müqavilələrdən və həmin dövrdə tətbiq edilən SSRİ X8 xx.xx.1960-cı il və xx.xx.1967-ci il tarixli, “Uzaq Şimal donanmasında işləyən işçilərin güzəştlərinin siyahıya alınması haqqında” sərəncamlarından aydın olur ki, sözügedən sahədə işləyən şəxslərin iş stajı 1 il -1il 6 kimi nəzərdə tutulmuşdur. Qeyd edilən şərtin həm ümumi iş stajının hesablanmasında, həm də güzəştli iş stajının hesablanmasında nəzərə alınması qanuni və ədalətli hesab edilməlidir. Beləliklə, iddiaçının faktiki olaraq həmin dövrdə işlədiyi müddəti nəzərə alındıqda müəyyən olunur ki, onun xx.xx.2006-cı il tarixədək 12 il 06 aydan çox (14 il, 07 gün) güzəştli iş stajı mövcuddur. Beləliklə, birinci instansiya məhkəməsi və apellyasiya icraatı zaman işin hallarının hərtərəfli araşdırılması nəticəsində iddiaçının əmək kitabçasındakı qeydlərin mötəbərliliyi onun işlədiyi müəssisə tərəfindən verilmiş arayışla təsdiqləndiyindən və eləcə də, həmin müəssisə tərəfindən verilmiş arayışa əsasən onun işlədiyi peşənin güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən peşə olması müəyyən edildiyindən, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən, xüsusi iş stajı isə 12 il 6 aydan artıq təşkil etmişdir. Bununla da, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 57 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Məhkəmə kollegiyası həmçinin, iddiaçının əvvəlki dövr üzrə ödənilməyən pul məbləğinin ödənilməsi ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, iddiaçının tələbi həmin hissədə də əsaslı hesab edilməkdə məhkəmə haqlı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasının 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməli olduğundan, iddiaçıya yaranmış pensiya fərqi onun müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdeh inzibati orqana ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə müraciət edilmişdir və qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri nəzərə alınmaqla ona xx.xx.2019-cu il tarixdən əvvəlki üç il üçün ödənilməmiş pensiya məbləği ödənilməlidir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4052/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov