Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-380/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X16 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6906/2024 nömrəli, 12 iyul 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 84 ünvanında yerləşən ümumi sahəsi 134,40 kv.m olan torpaq sahəsinin, həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 69,20 kv.m fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun mərhum X10 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun mərhum X10 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əri X13 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Mərhum ərinin mülkiyyətində ünvan 2 ünvanında yerləşən torpaq sahəsi (ümumi sahə-134,40 kv.m) və üzərində fərdi yaşayış evi (texniki pasportda əks olunan cizgilərə əsasən- tikili “A” - 63,6 m və tikili “B” -5,6 m ) mövcuddur. Qeyd olunan daşınmaz əmlaka dair X5 adına verilmiş xx.xx.1992-ci il tarixli yaşayış evi üzrə texniki pasport verilmişdir. Həmin ünvan üzrə xx.xx.1984-ci tarixdən etibarən X13 özü, o, oğlu- X14, qızı- X6, X17 rayon Şurasının İcra Komitəsinin xx.xx.1984-cü il tarixli, 105/9 saylı qərarına əsasən, yaşadığı yer üzrə qeydiyyata alınmışdır. xx.xx.1989-cu il tarixdən isə həmin ünvan üzrə X5 oğlu-X12 da yaşadığı yer üzrə qeydiyyata alınmışdır. Kazımov Azizağanın adı çəkilən ailə üzvləri bu günə kimi həmin ünvanda yaşayırlar və qeyd olunan daşınmaz əmlaka sahiblik edirlər. xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən torpaq sahəsi və üzərində fərdi yaşayış evinin miras qoyan X10 məxsus olması barədə arayışın verilməsi ilə bağlı ərizə ilə cavabdehə müraciət etmişdir. Müraciətinə cavab olaraq, xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, təqdim olunan texniki pasport torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunmur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanın 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyatyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün əsas hesab edilir. Qeyd olunanlara əsaslanaraq cavabdeh tərəfindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Cavabdeh imtina məktubunda yalnız torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatı barəsində münasibət bildirmişdir. Lakin torpaq sahəsi üzərində olan fərdi yaşayış evinə dair cavabdeh heç bir münasibət bildirməmişdir. Qeyd olunduğu kimi, X13 və o, xx.xx.1984-ci tarixdən etibarən sözügedən fərdi yaşayış evində yaşayaraq, həmin evə və həyatyanı torpaq sahəsinə sahiblik etmişlər. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) e-2-1(112)-6906/2024 nömrəli, 12 iyul 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun İddiaçı mərhum əri X10 məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 134,40 kv.m olan torpaq sahəsinin, həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 69,20 kv.m fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun mərhum X10 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun mərhum X10 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması kimi qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə yazılı və rəsmi etiraz təqdim olunaraq qeyd edilmişdir ki, iddiaçı tərəfindən təqdim olunan texniki pasport torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunmur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanın 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün əsas hesab edilir. İdarənin mütəxəssisləri tərəfindən göstərilən əmlaka yerli baxış zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinin faktiki ölçüsü 63.6 kv.m təşkil edir. Fərdi yaşayış evinin A tikilisi genişləndirilmiş və həyətdə talvar quraşdırılmışdır. Təqdim edilən texniki pasportla göstərilən əmlakın faktiki yerləşməsi arasında cüzi perimetrik ölçü fərqi mövcuddur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun İddiaçı mərhum əri X10 məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İddiaçı tərəfindən təqdim olunan texniki pasport torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunmur. Bundan əlavə təqdim edilmiş texniki pasport mərhumun adınadır, vərəsələrin dairəsinin müəyyən edilməsi ilə bağlı məktub sənədlər toplusuna əlavə edilməmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən fərdi yaşayış evi üzərində hüquqların iddiaçıya məxsus olub-olmaması ilə bağlı tam və ətraflı araşdırma aparılmamışdır. İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun İddiaçı mərhum əri X10 məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrıvə Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh öz apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim olunan texniki pasport torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunmur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanın 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün əsas hesab edilir. İlkin olaraq İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 134,40 kv.m olan torpaq sahəsinin, həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 69,20 kv.m olan fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun mərhum X10 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, sonradan məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun mərhum X10 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması kimi qəbul edilməsini xahiş etmişdir. Yəni torpaq sahəsinə dair hüquqların tanınması tələbi geri götürülmüşdür. Cavabdeh bildirimişdir ki, idarənin mütəxəssisləri tərəfindən göstərilən əmlaka yerli baxış zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinin faktiki ölçüsü 63.60 kv.m təşkil edir. Fərdi yaşayış evinin A tikilisi genişləndirilmiş və həyətdə talvar quraşdırılmışdır. Təqdim edilən texniki pasportla göstərilən əmlakın faktiki yerləşməsi arasında cüzi perimetrik ölçü fərqi mövcuddur. Yaşayış sahəsinə dair məhkəməyə təqdim olunmuş texniki pasportda əks olunan “A” saylı yaşayış sahəsi zatən 63,60 kv.m təşkil edir. Odur ki, texniki pasportda qeyd olunan ölçülərlə cavabdehin nümayəndələri tərəfindən yerində müəyyən etdiyi ölçülər eynidir. Həyətdə quraşdırılan talvar yüngül konstruksiya olaraq olduğundan heç texniki pasportda da qeyd olunmur. İddiaçı 1982-ci ildən etibarən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır, həmin əmlaka faktiki sahiblik edir və qeyd olunan ünvana yaşayış yeri üzrə qeydiyyatdadır. Qeyd olunanları nəzərə alaraq, cavabdehin verdiyi apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının dəyişmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş olunur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir: tərəfinizdən təqdim olunan texniki pasport torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunmur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanın 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün əsas hesab edilir. İş materiallarında olan Nəsimi Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1984-cü il tarixli, 105/9 nömrəli qərarından görünür ki, X5 (Oktyabr rayon X23 əməkdaşı) xahişi ilə 4 nəfərlik ailə üzvü ilə birlikdə (özü, arvadı - İddiaçı, 2 uşağı - X7 və X15) Bakı şəhəri, Mərdanov Qardaşları küçəsi, 84 saylı evə qeydiyyata alınmaları qərara alınmışdır. İş materiallarında olan texniki pasportun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Bakı şəhəri Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1992-ci ilin aprel ayında X5 adına texniki pasport verilmişdir. Texniki pasporta əsasən torpağın sahəsi 134,40 kv.m, evin sahəsi 63,60 kv.m təşkil edir (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024cü il tarixli məktubla həmin texniki pasportun arxiv nüsxəsi məhkəməyə təqdim edilmişdir). İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci ildə verilmiş AZ-İ seriyalı, 857596 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 11 yanvar 2017-ci ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 08 fevral 2025-ci il tarixli məktubda bildirilmişdir ki, mərhum, xx.xx.1943-cü il təvəllüdlü X4 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə arvadı-İddiaçı tərəfindən müracət olunmuşdur. X5 xx.xx.2017-ci il tarixdə vəfatı ilə əlaqədar arvadı-İddiaçı, oğlu-X8, oğlu-X1 və qızı-X2 ərizəsi əsasında vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinin tələbinə uyğun olaraq ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair mərhum X5 adına hüququn ölmüş şəxsə məxsus olması haqqında elektron arayış (çıxarış) verilməsi xahiş olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 47.2. Maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı»: 1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. 2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda). «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. İşin faktiki hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Bakı şəhəri Texniki İnventarlaşdırma Bürosunun tərəfindən 1992-ci ilin aprel ayında X5 adına texniki pasport verilmişdir. Texniki pasporta əsasən torpağın sahəsi 134,40 kv.m, evin sahəsi 63,60 kv.m təşkil edir. Eyni zamanda Nəsimi Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1984-cü il tarixli, 105/9 nömrəli qərarına əsasən X5 xahişi ilə 4 nəfərlik ailə üzvü il birlikdə (özü, arvadı – İddiaçı, 2 uşağı – X9 və X15) Bakı şəhəri, Mərdanov Qardaşları küçəsi, 84 saylı evə qeydiyyata alınmaları qərara alınmışdır. 1 saylı Bakı ASAN xidmət mərkəzi notariat ofisi tərəfindən cavabdehə ünvanlanmış 08 fevral 2025-ci il tarixli məktubda bildirilmişdir ki, mərhum, xx.xx.1943-cü il təvəllüdlü X4 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə arvadı İddiaçı tərəfindən müracət olunmuş, X5 xx.xx.2017-ci il tarixdə vəfatı ilə əlaqədar arvadı-İddiaçı, oğlu-X8, oğlu-X1 və qızı-X2 ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair mərhum X5 adına hüququn ölmüş şəxsə məxsus olması haqqında elektron arayışın verilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri, Mərdanov Qardaşları küçəsi, 84 saylı evə dair 1992-ci ildə iddiaçının mərhum əri X5 adına texniki pasport tərtib edilmiş və həmin ev uzun müddətdir onun və ailə üzvlərinin qanuni istifadəsindədir. Texniki pasport həmin dövrdə buna səlahiyyəti olan dövlət orqanı tərəfindən tərtib edilmişdir. Həmin texniki pasportun əsli iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Bundan başqa, həmin texniki pasport cavabdehin arxivində saxlanılır və arxiv nüsxəsi cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Eyni zamanda məhkəmə icraatında iddiaçının təqdim etdiyi sənədin (Texniki pasport) qeyri-mötəbərliyi ilə bağlı inzibati orqan tərəfindən hər hansı bir sübut və dəlil verilməmişdir. Belə olan halda, iddiaçının təqdim etdiyi sənəd mötəbər sübut qismində qiymətləndirilir. Texniki pasport həmin dövrdə buna səlahiyyəti olan dövlət orqanı tərəfindən tərtib edildiyindən, təqdim edilən sənədin həqiqiliyi şübhə doğurmadığından və sənəddə fərdi yaşayış evi və torpaq sahəsinin ölçüləri barədə məlumat qeyd edilməklə iddiaçının faktiki sahibliyində olduğundan və daşınmaz əmlakla bağlı hər hansı mübahisə (üçüncü şəxslərin müraciəti) olmadığından cavabdeh orqanın imtinası əsassızdır və daşınmaz əmlakın X10 məxsusluğu barədə arayışın verilməsi üçün maneə hesab edilə bilməz. Əks halda bu, iddiaçının qanuni əsaslarla istifadəsində və sahibliyində olan əmlak üzərində gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olar. Göründüyü kimi, iddiaçının mərhum əri qeyd olunan fərdi yaşayış evinin qanuni istifadəçisi olmuşdur. Hazırda həmin fərdi yaşayış evi iddiaçının istifadəsindədir. İddiaçının əri vəfat edənə qədər qanuni əsaslarla mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu əldə etdiyi, lakin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü üçün yuxarıda qeyd edilən normalara əsasən qanun üzrə vərəsə olan iddiaçının qanunvericiliyə əsasən qeyd edilən fərdi yaşayış evinə hüququn mərhum ərinə məxsus olması barədə arayış tərtib edilərək verilməsini cavabdehdən tələb etmək hüququ vardır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarının nəticə (qərara aldı) hissəsində fərdi yaşayış evinə mülkiyyət hüququnun iddiaçının mərhum ərinə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi ifadə olunmuşdur. Lakin iddia ərizəsinin məzmunundan da göründüyü kimi, iddiaçının iradə ifadəsi «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tələblərinə əsasən hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışıın verliməsi ilə əlaqədardır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ifadə formasına aydınlıq gətirilməsi məqsədi ilə mübahisələndirilən qərarın nəticə hissəsindən «mülkiyyət» sözü çıxarılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6906/2024 nömrəli, 12 iyul 2024-cü il tarixli qərarı, qərarın nəticə (qərara aldı) hissəsindən «mülkiyyət» sözü çıxarılmaqla dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-380/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-380/2025
19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver