Məhkəmə qərarları › İş №2-1(103)-3803/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3803/2024

06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3803/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi) qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3977/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə (bundan sonra mətndə X5 üzrə Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 üzrə Baş İdarəsi tərəfindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs ona kameral qaydada 7065,72 manat məbləğində əlavə vergi məbləğinin hesablanmasına dair “Vergilərin, sosial sığorta və işsizlik sığortası hesablanması barədə” **********185100 nömrəli, 18 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, X5 üzrə Baş İdarəsi tərəfindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı kameral qaydada 7065,72 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır. Vergi orqanının bu barədə olan “vergilərin, sosial sığorta və işsizlik sığortası hesablanması barədə” **********185100 nömrəli, 18 iyul 2023cü il tarixli qərarında qeyd edilir ki, “aparılmış araşdırma zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar olaraq tərəfindən təqdim edilmiş bəyannamələrdə edilmiş riskli elektron qaimələrin xərc məbləği kimi bəyan edilməsi vergidən yayında halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur”. Hesab edir ki, vergi orqanının onun barəsində tərtib etdiyi qərar və həmin qərar əsasında əlavə olaraq hesabladığı vergi məbləğinin hüquqi əsası yoxdur, həmin qərar və əlavə hesablanmış vergi məbləği əsassızdır və ona görə də ləğv olunmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3977/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qərardadı (hakim N.Abıyev) ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə qədər nizamlanma dövrünədək, yəni xx.xx.2023-cü ildə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş idarəsinə məktubla müraciət olunaraq, onun riskli vergi ödəyicisi siyahısından çıxarılması xahiş olunmuş və buna görə də müddət buraxılmışdır. Lakin birinci instansiya məhkəməsi isə bu halları nəzərə almamış, nəticədə isə müddətin bərpası barədə ərizəmizi təmin etməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3977/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi iddianın mümkünsüz hesab edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən X5 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********185100 nömrəli qərarın ləğv edilməsi ilə bağlı məhkəməyə xx.xx.2023cü il tarixdə müraciət edərək həmin qərarı mübahisələndirmiş, bununla da, həmin qərarın mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürmüşdür. İddiaçı buraxılmış iddia müddətinin bərpa edilməsi barədə ərizə versə də, məhkəməyə iddia müddətinin üzrlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçının qanunla müəyyən edilmiş müddətdə iddia qaldırmaq imkanını mümkünsüz edən və onun iradəsindən aşkar surətdə kənara çıxan hər hansı hal da müəyyən edilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edərək qeyd edir ki, ümumiyyətlə iş materiallarından “Vergilərin, sosial sığorta və işsizlik sığortası hesablanması barədə” **********185100 nömrəli, 18 iyul 2023-cü il tarixli qərarın iddiaçıya qanunla müəyyən edilmiş qaydada təqdim edildiyi müəyyən olunmur. Belə ki, AR Vergi Məcəlləsinin: -13.2.72-ci maddəsinə əsasən elektron kabinet – vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. -70.1-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. -70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. -70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. -70.2-2-ci maddəsinə əsasən sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Sadalanan normalardan aydın olduğu kimi sənədlərin vergi ödəyicisinə təqdim edilməsi üçün 3 üsul müəyyən edilmişdir: 1) şəxsən, 2) poçt rabitəsi vasitəsilə 3) elektron qaydada. “Elektron imza və elektron sənəd haqqında” AR Qanununun: -1.1.5-ci maddəsinə əsasən gücləndirilmiş elektron imza (bundan sonra gücləndirilmiş imza) - imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imzadır. -6.1-ci maddəsinə əsasən dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir. -6.4-ci maddəsinə əsasən dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən elektron imzadan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən elektron imzadan istifadə Qaydası”nın 3.3-cü bəndinə əsasən qanunvericiliklə sənədin möhürlə təsdiqlənməsi tələb edildikdə, təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlarda qeyd olunmuş gücləndirilmiş imzadan istifadə edilir. Bu imza şəxsin kağız daşıyıcı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. Sadalanan normalardan aydın olur ki, dövlət hakimiyyət orqanlarında, o cümlədən vergi orqanlarında elektron üsulla göndərilən sənədlər (xüsusilə möhürlə təsdiq edilməli olanlar) gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilməklə imzalanmalıdır. Lakin iş materiallarından görünür ki, cavabdeh vergi orqanı mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası hesablanması barədə” **********185100 nömrəli, 18 iyul 2023-cü il tarixli qərarı qanunla müəyyən edilmiş qaydada elektron imza vasitəsilə imzalamamışdır. Eyni zamanda, həmin qərar şəxsən və ya poçt rabitəsi vasitəsilə də iddiaçıya təqdim edilməmişdir. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, oxşar iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-30/2021 saylı, xx.xx.2021-ci il tarixli və 15(102)-108/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarlarında da mövqe bu cür əsaslandırılmışdır. Həmin məhkəmə qərarlarının məzmunundan da aydın olduğu kimi inzibati orqan tərəfindən iddiaçıya göndərilmiş sənəd elektron sənədlərin hazırlanmasına dair ümumi tələblərə cavab verməlidir. Belə ki, elektron sənədin həqiqiliyi təsdiqlənməli, elektron sənəd “Unicode” standartını, “UTF-8” formatını dəstəkləməli, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsi ilə müəyyən edilmiş quruluşda olmalı, elektron sənəd müvafiq vəzifəli şəxsin elektron və ya gücləndirilmiş elektron imzasının əlavə edilməsi yolu ilə həyata keçirilməlidir. Beləliklə, mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası hesablanması barədə” **********185100 nömrəli, 18 iyul 2023-cü il tarixli qərar iddiaçıya rəsmi şəkildə təqdim edilmədiyindən iddiaçı tərəfindən iddia müddəti ötürülməmiş hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Yuxarıda göstərilənlərə əsasən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3977/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qərardadı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar