Məhkəmə qərarları › İş №2-1(103)-3804/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3804/2024

12.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3804/2024 12.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının qeydə alınmaqla, reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X6 ibarət tərkibdə, Arzu israfil qızı Hüseynovanın katibliyi, İddiaçı vəkili və nümayəndəsi X7 iştrakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3161/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları

1. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakmiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti X5 və istismarı Birliyi ilə İddiaçı arasında Sabunçu rayonu, Ləhiş ərazisindəki 0,12 ha torpaq sahəsi olan 65760 №li bağ torpaq sahəsinin sonuncunun istifadəsinə verilməsinə dair xx.xx.2004-cü il tarixdə “Ləhiş ərazisindəki 6576 a nömrəli bağın istifadəyə verilməsi haqqında” 32437 nömrəli müqavilə bağlanmışdır.

2. Həmin müqavilənin DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsinin arxiv ştapmı ilə təsdiqlənmiş surətindən müəyyən olunur ki, Birlik tərəfindən Sabunçu rayonu, Ləhiş ərazisindəki 0,12 ha torpaq sahəsi olan 6576a №li bağ İddiaçı istifadəsinə verilmişdir.

3. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakmiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti X5 və istismarı Birliyi tərəfindən İddiaçı ünvanlanmış 0,12 ha-dan ibarət Ləhiş bağlar massivində yerləşən, 6576 a saylı bağ sahəsinə dair 16 aprel 1999-cu il tarixli bildirişdə göstərilmişdir ki, ərizəsinə X5 və istismarı Birliyində baxılmışdır. Bildirirlər ki, o, HC-2838 say nömrəsi ilə bağ növbəsinə qəbul edilmişdir.

4. 19.12.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 6576a saylı (icarə müqaviləsi № 32487) bağa dair tərtib olunmuş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan müəyyən olunur ki, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200 kv. metr təşkil edir. Göstərilən sahə hasar daxilindədir. Sahədə tikikli yoxdur. Göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 6576 saylı bağ ərazisinə uyğun gəlir. Bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmadığından, arxiv cizgisi olmadığından və bağ sahələri paylanarkən koordinatlarda verilmədiyindən 6576a saylı bağ sahəsinin yerini dəqiqləşdirmək mümkün olmadı. Vətəndaşın nümayəndəsi tərəfindən 6576a saylı bağ sahəsi kimi göstərilən 1167,0 kv. metr sahənin koordinatları əlavə olunmuşdur.

5. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakmiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti X5 və istismarı Birliyi ilə X12 arasında xx.xx.2003cü il tarixdə bağlanmış “Ləhiş ərazisindəki 6576 nömrəli bağın istifadəyə verilməsi haqqında” 32069 nömrəli müqavilənin DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsinin arxiv ştapmı ilə təsdiqlənmiş surətindən müəyyən olunur ki, Birlik tərəfindən Sabunçu rayonu, Ləhiş ərazisindəki 0,12 ha torpaq sahəsi olan 6576 №li bağ X8 istifadəsinə verilmişdir. X4 inkişafı və istismarı Birliyinin möhürü ilə təsdiq olunmamışdır.

6. İddiaçı cavabdeh DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1917/2024 №li iş üzrə çıxartdığı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, İddiaçı ilə X5 və istismarı Birliyi arasında Ləhiş ərazisində 6576 a nömrəli bağın istifadəyə verilməsi haqqında 32437 saylı 12 aprel 2004- cü il tarixli müqavilənin bağlanmış hesab edilməsi qət edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhij Bağ massivində yerləşən 6576 a saylı, 1167 kv. metr bağ torpaq sahəsinə dair mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı bildirir ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamentinin 12 aprel 2004-cü il tarixli, 32437 № li “Bağın İcarəyə verilməsinə dair” müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhij Bağ massivində yerləşən 6576 a saylı 1200 kv. metr bağ torpaq sahəsi İddiaçı istifadəsindədir. Həmin bağ torpaq sahəsi üzərində hüquqların Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 17 oktyabr 2022-ci il tarixli və 24 fevral 2023-cü il tarixli ərizələrinə baxılmış və 28 noyabr 2022-ci il tarixli **********89 №li və 10 mart 2023-cü il tarixli 3-21-330/2-B-01198/2023 №li Bildirişlə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Lakin, cavabdehin özü tərəfindən 19 mart 2023-cü il tarixli 3-21-330/2-B-01198/2023 - **********43 №li məktubla Bakı şəhəri, Sabunçu rayonu, Ləhij Bağ massivində yerləşən 6576 a saylı 1200 kv. metr bağ torpaq sahəsinin icarəyə verilməsinə dair keçmiş X5 və İstismarı Birliyinin 28 sentyabr 2005-ci il tarixli 25966 №li “Bağın icarəyə verilməsinə dair” İddiaçı ilə bağladığı müqavilənin arxiv qovluğunda mövcudluğunu təsdiq etməklə müqavilənin 2 dəfə təsdiq olunmuş surətlərini ona təqdim etmişdir.

9. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 6576 saylı torpaq sahəsinin yerinə uyğun gəlir. Həmçinin torpaq sahəsinin ölçüsü sənəd üzrə 1200 kv. metr qeyd olunsa da faktiki olaraq 1167 kv. metr təşkil edir. Bundan əlavə təqdim edilmiş X5 və İstismarı Birliyi tərəfindən verilmiş 32437 nömrəli, xx.xx.2004-cü il tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilənin arxiv nüsxəsində həmin Birliyin möhürü yoxdur.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3161/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

11. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi qeyd olunan faktiki hallara hüquqi qiymət verməmiş və tam araşdırma aparmamışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

14. Məhkəmədə iddiaçıının vəkili və nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanması, məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştrak edən cavabdehin nümayəndəsi isə apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

15. Məhkəmədə şahid qismində dindirilmiş X3 izahat verərək, bildirmişdir ki, 1973-cü ildən 2007-ci ilə qədər Bağlar İdarəsində sahə rəisi işləmiş və Ləhiş bağları deyilən ərazidə olan torpaqları vətəndaşlara o paylamışdır. DƏDRX-nin 1 saylı ərazi idarəsinin etirazında qeyd edilən 6576 saylı bağ sahəsi X11 22 dekabr 2003-cü il tarixli müqavilə əsasında verilmişdir. Belə ki, X1 və Zirə qəsəbələrində ona verilmiş hər biri 0,12 ha olan bağ sahələrinin əvəzinə Ləhiş bağlarında bağ sahəsinin ayrılması ilə bağlı Bakı Şəhər Bağlar Təsərrüfat Birliyinin rəhbərliyinə müraciət etmiş və rəhbərliyin göstərişi əsasında onun tərəfindən Səkinə Babayevaya ölçüsü 0,12 ha olan 6576 saylı bağ sahəsi verilmişdir. İddiaçı verilən bağ sahəsi isə 6576 a saylı olmuşdur. Belə ki, 6576 saylı bağ sahəsinin yanından Bakı şəhəri 1 saylı Poliklinikanın əməkdaşları üçün ayrılan bağ sahələri mövcud idi. Lakin həmin torpaq sahələri uzun müddət istifadəsiz qalması səbəbindən Bakı şəhər İcra Hakimiyyəti başçısının 1992-ci il tarixli 941 saylı Sərəncamı əsasında geri alınmış və həmin sahələr xüsusi imtiyazı olan şəxslərə müvafiq müqavilələr əsasında verilmişdir. Həmin xüsusi imtiyazlardan istifadə edən şəxslərdən biridə İddiaçı olmuşdur. Belə ki, İddiaçı birinci Qarabağ müharibəsinin veteranı olmuşdur və ona verilən torpaq sahəsi 1 saylı Poliklinika üçün nəzərdə tutulmuş, lakin sonradan alınmış sahələrin ərazisinə düşmüşdür, yəni Səkinə Babayevanın adına verilmiş 6576 saylı bağ sahəsinin 6576 a saylı bağ sahəsi ilə heç bir əlaqəsi yoxdur. Sonradan torpaq sahələrinin qurtarması səbəbindən Bakı şəhəri 1 saylı Poliklinikanın əməkdaşları üçün ayrılan bağ sahələrinin yerləri a və b hərfləri ilə qeyd olunurdu.

16. Məhkəmə tərəfindən X12 3-cü adi cəlbetmə qaydasında cəlb edilmiş, lakin elektron məhkəmə vasitəsi ilə onun vəfat etməsi müəyyən edildikdən sonra onunla eyni ünvanda pasport qeydiyyatında olan və yaşayış yeri haqqında S.Babayevanın övladı kimi qeyd edilmiş X14 adi cəlbetmə qaydasında 3-cü şəxs qismində icraata cəlb edilmiş və onun pasport qeydiyyatında olduğu ünvan 1 ünvanına cəlbetmə qərardadı göndərilmiş, lakin N.Qurbanov adlı şəxs məhkəmə iclasına gəlməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

18. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0 və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır.

17.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

21. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 21-24-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

22. Belə ki, hazırkı işin hallarından görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhij Bağ massivində yerləşən 6576 a saylı, 1167 kv. metr bağ torpaq sahəsinə dair mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın verilməsini tələb edir.

23. Cavabdeh orqan isə göstərilən bağ sahəsinin sxematik xəritəyə əsasən 6576 saylı torpaq sahəsinin yerinə uyğun gəldiyini, həmin torpaq sahəsinin ölçüsünün sənəd üzrə 1200 kv. metr qeyd olunmasına baxayaraq, faktiki olaraq 1167 kv. metr təşkil etdiyini, X5 və İstismarı Birliyi tərəfindən verilmiş 32437 nömrəli, xx.xx.2004-cü il tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilənin arxiv nüsxəsində həmin Birliyin möhürünün olmamasını bildirərək, iddia ərizəsini təmin etməkdən imtina etmişdir.

24. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakmiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti X5 və istismarı Birliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 32437 nömrəli “Ləhiş ərazisindəki 6576 a nömrəli bağın istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən Sabunçu rayonu, Ləhiş ərazisindəki 0,12 ha torpaq sahəsi olan 65760 №li bağ torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir.

25. Eyni zamanda işin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən müvafiq qurumlara sorğular verilmişdir.

26. Belə ki, Daşınmaz Əmalkın Dövlət Kadastr və X15 Şəxsi Kadastr və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 23 noyabr 2024-cü il tarixli məktubuna əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakmiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti X5 və istismarı Birliyi tərəfindən İddiaçı ünvanlanmış 0,12 ha-dan ibarət Ləhiş bağlar massivində yerləşən, 6576 a saylı bağ sahəsinə dair 16 aprel 1999-cu il tarixli bildirişdən görünür ki, iddiaçı HC-2838 say nömrəsi ilə bağ növbəsinə qəbul edilmişdir.

27. Tədqiq olunan sənədlərlə müəyyən edilən hallardan göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakmiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti X5 və istismarı Birliyi tərəfindən verilmiş 16 aprel 1999-cu il tarixli bildirişə əsasən bağ növbəsinə qəbul edilmiş, daha sonra həmin Birliklə iddiaçı arasında “Ləhiş ərazisindəki 6576 a nömrəli bağın istifadəyə verilməsi haqqında” müqavilə bağlanmış və İddiaçı cavabdeh DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1917/2024 №li iş üzrə çıxartdığı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, İddiaçı ilə X5 və istismarı Birliyi arasında Ləhiş ərazisində 6576 a nömrəli bağın istifadəyə verilməsi haqqında 32437 saylı 12 aprel 2004- cü il tarixli müqavilənin bağlanmış hesab edilməsi qət edilmişdir.

28. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 54 saylı Sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X2 Departamenti X5 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 12 aprel 2004-cü il tarixli 32437 saylı müqavilə ilə iddiaçıya verilmişdir. Həmin sərəncam və müqavilə müvafiq olaraq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş və bağlanılmış və hal-hazıradək qüvvədədir. Həmin sərəncamın və müqavilənin ləğv edilməsi, dəyişdirilməsi və ya qüvvədən düşməsi barədə, yəni onun qüvvədə olmasını şübhə altına alan hər hansı sübut yoxdur.

29. Məhkəmə kollegiyasının müvafiq sorğusuna əsasən DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin 23 noyabr 2024-cü il tarixli müşayiət məktubuna əlavə edilmiş sxematik xəritədən görünür ki, 6576 saylı bağ sahəsinin yanında 1 nömrəli poliklinikanın bağ sahələri göstərilmiş a nömrələri ilə qeyd olunmuş sahələr həmin xəritədə öz əksini tapmamışdır. Həmin müşayiət məktubuna əlavə edilmiş məktubdan müəyyən edilir ki, İddiaçı HC-2838 say nömrəsi ilə 16 aprel 1999-cu ildə bağ növbəsinə qəbul edilmiş və ona 6576 a saylı 0,12 ha ölçüsü olan bağ sahəsi verilmişdir. İddiaçının vəkili tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının 1992-ci il tarixli 941 saylı sərəncamının surətindən görünür ki, 1988-ci ildən vətəndaşların istifadəsinə verilmiş, lakin həmin vətəndaşlar tərəfindən istifadə olunmayan bağ sahələri geri alınmış və həmin sahələr üçün verilmiş orderlər etibarsız sayılmışdır. Məhkəmə kollegiyası tərəfindən cavabdeh təşkilata sxematik xəritədə 1 nömrəli poliklinika üçün ayrılması nəzərdə tutulan ərazidən torpaq sahələrinə dair mülkiyyət hüququna dair çıxarışların verilibverilməməsi haqqında sorğu verilmiş, lakin aradan uzun müddət keçməsinə baxmayaraq, qeyd olunan sorğuya cavab verilməmişdir. Başqa sözlə desək, cavabdeh təşkilat gətirdiyi arqumentlərə əsaslı dəlillər təqdim edə bilməmişdir. Nəzərə alınmalıdır ki, İddiaçı Ləhiş bağlarında 0,12 ha ümumi sahəsi olan 6576 a saylı bağın ayrılması haqqında 12 aprel 2004-cü il tarixli 32437 saylı preyudisial əhəmiyyətə malik olan müqavilə var və həmin müqavilə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılır. Bundan başqa oda nəzərə alınmalıdır ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra apellyasiya şikayətinin digər dəlili (müqavilənin möhürsüz olması) öz əhəmiyyətini itirmiş olur.

30. Beləliklə də tədqiq olunan sübutlarla müəyən edilən hallarla cavabdehin istinad etdiyi dəlillərin əsassız olduğu sübuta yetirilir.

31. Belə olan halda, “Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

32. Göründüyü kimi, iddiaçının mübahisəli bağ sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda, cavabdeh tərəfindən əsaslandırılmayan dəlilləri ilə həmin bağ sahəsinin iddiaçının adına qeydə alınmasından imtina olunması qanunsuz olmuş, onun qanunla qorunan hüquqlarını pozmuşdur.

33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

34. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

35. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3161/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3161/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar