Məhkəmə qərarları › İş №2-1(103)-3805/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3805/2024

27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3805/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyinin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9440/2024 nömrəli, 05 sentyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, İddiaçı müddətsiz olaraq təyin edilmiş 1-ci qrup əlilliyin etibarsız hesab edildiyi tarixdən, yəni iyun 2019-cu ildən 2-ci dərəcəli əlillik təyin olunan xx.xx.2023- cü ilə qədər əlillik altsistemində bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2016-cı ildə ümumi xəstəlik səbəbindən 1-ci dərəcəli əlillik təyin olunmuşdur. Təyin olunmuş əlilliyin müddəti müddətsiz müəyyən edilmişdir. Əlillik təyinatı zamanı diaqnoz bölməsində ‘‘Xroniki böyrək xəstəliyi V mərhələ. Xr böyrək çatışmamazlığı V m., hemodializ (20.10.15-ci ildən KTM.da proqramlı hemodializ, həftədə 3 dəfə 4 saat hazırkı dövrə kimi davam edir.)” qeyd olunmuşdur. Sonradan yəni 2019-cu ildə İddiaçı təyin edilmiş əlillik əlillik alt sistemində etibarsız hesab edilmişdir. Sonradan İddiaçı xəstəliyi ağırlaşmış və 2023-cü ildə o təkrar müavindən keçirilmiş və ona 2-ci dərəcəli əlillik təyin edilmişdir. 2023-cü ildə təyin edilmiş əlilliyin müddəti xx.xx.2025-ci ilədək müəyyən edilmişdir. Hesab edir ki, İddiaçı müddətsiz olaraq təyin edilmiş 1-ci qrup əlilliyin etibarsız hesab edildiyi tarixdən, yəni iyun 2019-cu ildən 2-ci dərəcəli əlillik təyin olunan xx.xx.2023-cü ilə qədər əlillik altsistemində bərpa edilməsi zərurət təşkil edir. Həmçinin hesab edir ki, cavabdeh bu hərəkət və hərəkətsizliyi ilə sosial təminat hüququnu pozmuşdur. Sadalanan faktlardan göründüyü kimi, əlillik təyin olunması üçün müayinədən keçərkən iddiaçıya qoyulmuş diaqnoz ilə müxtəlif vaxtlarda qoyulmuş diaqnozlar ilə eynilik təşkil edir. İddiaçı yuxarıda qeyd edilən xüsusatlarla bağlı cavabdehə müraciət etsə də, müraciətinə cavab verilməmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9440/2024 nömrəli, 05 sentyabr 2024-cü il tarixli qərardadı (hakim L.Musayeva) ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin növbəti prosessual hərəkətlərin aparılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan həmin iddia növü üzrə mümkünlük şərti kimi iddia müddəti deyil, yalnız cavabdehə müraciət olunması şərti mövcuddur. İş materiallarından görünür ki, tərəflərindən həmin şərtə əməl edilmişdir. İnzibati iddialar üzrə iddia müddətləri yalnız iki növ iddialara aiddir. Mübahisələndirmə və məcburetmə haqqında iddialara. Hesab edirlər ki, işə baxan məhkəmə iddianın növünü düzgün şəkildə seçməməklə əsassız olaraq iddianı qeyri-mümkün saymışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9440/2024 nömrəli, 05 sentyabr 2024-cü il tarixli qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Birinci instansiya məhkəməsi iddianın mümkünsüz hesab edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı əlillik vəziyyətinə Bakı 18 nömrəli Şəhər Poliklinikası tərəfindən verilən göndəriş əsasında ilkin baxıldıqdan sonra xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015- ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4. bəndinə müvafiq birinci dərəcə müddətsiz əlillik müəyyən olunmuşdur. Daha sonra, yəni 2019-cu ildə əlilliyi TSEK-in alt sistemində etibarsız hesab edilərək dayandırılmışdır.Lakin iddiaçı sonrakı dövrdə iddia müddəti çərçivəsində inzibati orqanın qərarını mübahisələndirməmişdir. Sonuncu dəfə müraciəti ilə iddiaçının əlillik vəziyyətinə xx.xx.2023-cü il tarixdə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılaraq 2 il müddətinə “Əlilliyin müəyyən olunması meyarları”nın 4.1.1.2-ci bəndinə müvafiq olaraq orqanizminin funksiyalarının 80 faiz pozulması barədə təyinat aparılmışdır. Göründüyü kimi, iddiaçı 5 il müddət keçəndən sonra məhkəməyə müraciət etmişdir. Bununla da qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edərək qeyd edir ki, məhkəmə iddia tələbinin növünü əsassız olaraq mübahisələndirmə növündə iddia kimi qiymətləndirməklə və iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə istinad etməklə iddia tələbini mümkünsüz saymışdır. Halbuki iş materiallarından görünür ki, iddia tələbi iddiaçıya müddətsiz olaraq təyin edilmiş 1-ci qrup əlilliyin iyun 2019-cu ildən 2-ci dərəcəli əlillik təyin olunan xx.xx.2023-cü ilə qədər əlillik altsistemində bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Məhkəmə hazırkı iddianı məcburetmə haqqında iddia kimi qəbul etsə də, hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. AR İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İşə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən cavabdeh orqan tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçıya xx.xx.2016-cı il tarixdən müddətsiz olaraq təyin edilmiş 1-ci dərəcəli əlillik cavabdeh orqan tərəfindən heç bir inzibati araşdırma aparılmadan və bununla bağlı hər hansı inzibati akt qəbul edilmədən əlillik altsistemində etibarsız hesab edilmişdir. İddiaçı da hazırda öhdəliyin icrası haqqında iddia növündə iddia qaldırmaqla, həmin hərəkətlərin etibarsız hesab edilməsi və ona müddətsiz olaraq təyin edilmiş 1-ci qrup əlilliyin etibarsız hesab edildiyi tarixdən, yəni iyun 2019-cu ildən 2-ci dərəcəli əlillik təyin olunan xx.xx.2023-cü ilə qədər əlillik altsistemində bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Həmçinin, iş materialalrından aydın olur ki, iddiaçının hazırda bu növ iddia qaldırmasına əsas məhz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF SÖTMF tərəfindən 02 fevral 2024-cü il tarixli 3-17- 1/2-N-249031 nömrəli məktubla iddiaçıya bildirilən məlumat olmuşdur. Belə ki, həmin məktubun məzmunundan aydın görünür ki, mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən xx.xx.2016-cı il tarixli müayinə aktı etibarsız hesab edildiyindən Əmək pensiyaları haqqında Qanunun 39.1-ci maddəsi tətbiq olunmaqla xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əmək pensiyası üzrə artıq ödəmə müəyyən edilmişdir. Məhz iddiaçının da hüquqi marağı qeyd edilən artıq ödəmə kimi hesab edilən məbləğin ondan tutulmamasından ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, faktiki və hüquqi əsasları oxşar olan digər iş üzrə Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli 2-1(112)-10384/2023 nömrəli qərarı ilə “iddiaçıya 2017-ci il tarixdə təyin edilmiş İİİ dərəcə əlilliyin xx.xx.2019-cu il tarixdə ləğv edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərinin qanunsuz hesab edilməsi, İİİ dərəcə əlilliyin İİ dərəcəli əlilliyin verilməsi tarixinədək, yəni xx.xx.2021-ci il tarixədək bərpa edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə” iddia tələbinin mümkünlüyü yoxlanılarkən iddia tələbinə öhdəliyin icrası haqqında iddia növü kimi hüquqi qiymət verilmiş, həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1245/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli 2- 1(112)-10384/2023 nömrəli qərarından verilmiş apellyasiya şikayətinə mahiyyəti üzrə baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kolelgiyasının 2-1(102)- 1841/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1245/2024 nömrəli, 22 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır. Yuxarıda göstərilənlərə əsasən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9440/2024 nömrəli, 05 sentyabr 2024-cü il tarixli qərardadı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar