Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3809/2025 21.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Aktiv oğlunun sədrliyi və məruzəsilə, X1 və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı "kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1143/2025 nömrəli, 11 iyun 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 saylı evin 27 kv.m sahəsi olan 14 saylı mənzilinin kirayə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehə müraciət edərək Bakı şəhəri, Nəsimi rayon, Nizami küçəsi 93 saylı evin 27 kv.m sahəsi olan 14 saylı mənzilinin kirayə müqaviləsinin onunla bağlanmasını xahiş etmişdir. Belə ki, mənzil mərhum qayınanası X3 adına olmuş, onun ölümündən sonra mənzilin kirayə müqaviləsinin mərhum həyat yoldaşı X2 adına rəsmiləşməsi barədə Nəsimi Rayon Məhkəməsinin 2- 213/2001 saylı 11 may 2001-ci il tarixli qətnaməsi cavabdeh tərəfindən icra olunmamışdır. xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət edərək kirayə müqaviləsinin onun adına rəsmiləşməsini xahiş etmiş, lakin cavabdeh müraciətinə cavab verməmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Əhədova) 2-1(112)-1143/2025 nömrəli, 11 iyun 2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3 saylı evin 27 kv.m sahəsi olan 14 saylı mənzilinə iddiaçı ilə kirayə müqaviləsinin bağlanılması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-213/2001 nömrəli, xx.xx.2001-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Bakı şəhəri Cavabdehnə Bakı şəhəri Nizami küçəsindəki 93 saylı evin 14-cü kommunal mənzilinin sahəsi 27.0 kv.m olan otağına X6 ilə kirayə müqaviləsinin bağlanması və onun adına şəxsi hesab vərəqəsinin açılması tapşırılmış, iddianın mənzilinin özəlləşdirilməsinə dair sərəncamların, bunun əsasında olan alqı-satqı müqavilələrinin, qeydiyyat vəsiqələrinin, mənzilin alqı-satqısına dair müqavilələrin və bunun əsasında verilmiş qeydiyyat vəsiqələrinin etibarsız hesab edilməsi, mənzili almağa üstünlük hüququnun bərpa olunmasına dair hissəsi rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 1mk1942/2001 nömrəli, xx.xx.2001-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 6K-449 nömrəli, xx.xx.2002-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Səbail rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 05/Q- 23 34/16 nömrəli arayışında göstərilmişdir ki, X13 xx.xx.1957-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1957-ci il tarixdə Səbail rayon qeydiyyat şöbəsində 1876 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası - X15, anası - X5r. 27 yanvar 2008-ci ildə vəfat etmiş X2 ölümü xx.xx.2019-cu il tarixdə 103 saylı aktla Nəsimi qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan 1 saylı Bakı Asan Xidmət Mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli 4815 nömrəli arayışından görünür ki, X7 xx.xx.1957-ci il tarixdə Bakı şəhərində anadan olmuş, xx.xx.2008-ci ildə ölmüşdür. Atası - X16 (xx.xx.1916-cı il) vəfat edib xx.xx.1980-cı il), anası - X8 (xx.xx.1924-cü il) vəfat edib xx.xx.1994-cü il), əri İddiaçı (xx.xx.1960-cı il). İş materiallarında olan Səbail rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 05/Q- 34/16 nömrəli arayışından görünür ki, X8 xx.xx.1994-cü ildə Bakı şəhərində ölmüşdür. Ölüm haqqında xx.xx.1994-cü ildə Nəsimi rayon qeydiyyat şöbəsində 1265 №-li akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Səadət Sarayının (Bakı nikah evi) xx.xx.2022-ci il tarixli 05/Q- 729/16 nömrəli arayışından görünür ki, İddiaçı və X4 nikahı haqqında xx.xx.1999-cu il tarixdə 884 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer: Səadət Sarayı (Bakı nikah evi). Nikah bağlandıqdan sonra ərə Osmanov, arvada Osmanova soyadı verilmişdir. İş materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 015953 nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X7 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 103 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2024cü il tarixli ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Arayışından görünür ki, ünvan 1 ünvanında İddiaçı (xx.xx.2008-ci ildən qeydiyyatdadır), X14, Qurbanova Rəna- Xanım Rafiq qızı, X9 yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2025-ci il tarixli ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Arayışından görünür ki, ünvan 1 ünvanında İddiaçı (xx.xx.2008-ci ildən qeydiyyatdadır), X14, Qurbanova Rəna- Xanım Rafiq qızı, X9 yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli **********43 nömrəli məktubdan görünür ki, İddiaçı və Nümayəndə adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-21-3/2-10643/2024 nömrəli məktubla təqdim edilmiş Registrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən yaşayış binası Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-52-13/2-588/2024 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 93 saylı yaşayış binası və orada yerləşən 14 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. İş materiallarında olan Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubla təqdim edilmiş 49 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli 279 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında 2008-ci ildən etibarən qeydiyyatdadır. İş materiallarında olan Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 49 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli 063 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında 2008-ci ildən etibarən qeydiyyatdadır və yaşayır. İş materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, İddiaçı qeydiyyatda olduğu mənzilin boşaldılaraq ona təhvil verilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi təvsiyə olunur. Mənzildə məskunlaşdıqdan və zəruri sənədləri təqdim etdikdən sonra mənzilin kirayə müqaviləsinin onunla bağlanması məsələsinə baxıla bilər. İş materiallarında olan Bakı şəhəri 29 saylı notariat ofisi tərəfindən verilmiş 25 noyabr 2025-ci il tarixli 3995 nömrəli arayışda qeyd edilmişdir ki, xx.xx.2008-ci ildə vəfat etmiş X2 vəfatından sonra Bakı şəhəri 29 saylı notariat ofisində xx.xx.2025-ci il tarixində V-61 nömrəli vərəsəlik işi açılmışdır, mirasın qəbulu ilə bağlı əri - İddiaçı müraciət etmişdir. İlkin araşdırmalara əsasən vərəsə kimi İddiaçı müəyyən edilmişdir, lakin Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. İşin faktiki halları ondan ibarətdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2- 213/2001 nömrəli, xx.xx.2001-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Cavabdehnə Bakı şəhəri Nizami küçəsindəki 93 saylı evin 14-cü kommunal mənzilinin sahəsi 27.0 kv.m olan otağına X13 ilə kirayə müqaviləsinin bağlanması və onun adına şəxsi hesab vərəqəsinin açılması tapşırılmışdır. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, qeyd olunan mənzil iddiaçının anası Kubra Şabanovanın istifadəsində olmuş, mənzilin kirayəçisi vəfat etmişdir və mənzildə kirayəçinin ailə üzvü kimi Anjela Oqanova qalmışdır, o, mənzilin kirayə müqaviləsinin onunla bağlanmasını tələb etmək hüququna malikdir. İddiaçı Osmanov X10 Anjela Misakovna ilə rəsmi nikah münasibətlərində olmuş, Oqanova (Osmanova) Anjela Misakovna xx.xx.2008-ci ildə, onun anası anası X8 isə xx.xx.1994-cü ildə vəfat etmişdir. Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 49 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli 063 nömrəli arayışdan görünür ki, İddiaçı həmin ünvanda 2008-ci ildən qeydiyyatdadır və yaşayır. İddiaçı qeyd olunan mənzilə dair onunla kirayə müqaviləsinin bağlanılması barədə sərəncam verilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırda iddiaçı həmin imtinanı mübahisələndirir. Göründüyü kimi, iddiaçının arvadı Oqanova (Osmanova) Anjela Misakovnanın anası (iddiaçının qayınanası) X8 qeyd olunan mənzilin kirayəçisi olmuş və xx.xx.1994-cü ildə vəfat etmiş, Anjela Oqanova onun ailə üzvü kimi həmin mənzildə yaşamışdır. Anjela Oqanova iddiaçı ilə xx.xx.1999-cu ildə rəsmi nikaha daxil olmuş, xx.xx.2008-ci ildə vəfat etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsinə əsasən isə həmin mənzilə Anjela Oqanova ilə kirayə müqaviləsinin bağlanması və onun adına şəxsi hesab vərəqəsinin açılması Bakı şəhəri Cavabdehnə tapşırılmışdır. İddiaçı özü həmin ünvanda 2008-ci ildən qeydiyyatdadır. İddiaçı qeyd olunan mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009cu ilin oktyabrından əvvəlki dövrdə yaşadığından mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsi ilə tənzimlənməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin xx.xx.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olan) 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla birlikdə yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər («Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə, 43-cü maddəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğunluğu haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2000-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin “müəyyən edilmiş qaydada” müddəası qüvvədən düşmüş hesab edilmişdir). Həmin Məcəllənin 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 81-ci maddəsinə görə bir mənzildə yaşayan və mənzildəki yaşayış sahələrindən ayrı-ayrı sosial kirayə müqavilələri əsasında istifadə edərək, bir ailədə birləşmiş vətəndaşların yaşadıqları bütün yaşayış sahələrinin sosial kirayə müqaviləsini onlardan biri ilə bağlamağı tələb etmək ixtiyarı vardır. Kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. Məhkəmə kollegiyası qeyd edir ki, həmin qətnamə əsasında iddiaçının arvadı Anjela Oqanova ilə kirayə müqaviləsi bağlanılmasa da, Anjela Oqanova anası ilə bərabər həmin mənzildə yaşamış, onun (kirayəçinin) ailə üzvü kimi onunla barəbər hüquqlara malik olmuş və vəzifələr yerinə yetirmişdir. İddiaçı da arvadının ailə üzvü kimi həmin mənzilə köçürülərək qeyd olunan ünvana qeydiyyata alınmış və orada yaşamışdır. Mənzil uzun müddət (təxminən 1990-cı ildən) iddiaçı və onun ailə üzvlərinin qanuni istifadəsindədir. Bu səbəbdən də arvadı Anjela Oqanova vəfat etdikdən sonra iddiaçı qeyd olunan mənzilə dair onunla kirayə müqaviləsinin bağlanılması barədə sərəncam verilməsini tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, iddianı təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1143/2025 nömrəli 11 iyun 2025-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı ilə ünvan 3 saylı evin 27 kv.m sahəsi olan 14 saylı mənzilinə dair kirayə müqaviləsinin bağlanılması barədə sərəncam verilməsi öhdəliyi Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3809/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3809/2025
21.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver