Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-381/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlundan və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı (xx.xx.1962-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X13 Bakı şəhəri Xəzər rayon şöbəsinə (hazırda Azərbaycan Respublikası Əmək və X9 Nazirliyinin tabeliyində Dövlət X17 publik hüquqi şəxsinin Bakı şəhəri 2 saylı Xidmət Nümayəndəliyi) qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-3487/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2019-cu il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X13 Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının birinci qrup əlil oğlu X12 xx.xx.1986-cı ildə anadan olmuşdur. Doqquz aylıq olarkən irinli miningit xəstəliyinə tutulub. Dəfələrlə xəstəxanalarda müalicə almağına baxmayaraq sol tərəfli iflic olmuşdur. 1987-ci ildən 1999-cu ilədək hər il xəstəxanalarda müalicə almağına baxmayaraq heç bir nəticə olmamışdır. xx.xx.1999-cu ildə Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi xx.xx.1995ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş, keçirilmiş uşaq serebral iflicin soltərəfli hemimor xəstəliyi ilə qeydə alınmışdır. Növbəti (BTEK) komissiya zamanı xx.xx.2002-ci ildə bilərəkdən və ya bilməyərəkdən ikinci qrup əlillik təyin edilmişdir. 0204.2003-cü ilə qədər növbəti komissiyada xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilədək birinci qrup, xx.xx.2007-ci ildən xx.xx.2009-cu ilədək birinci qrup və xx.xx.2009-cu ildən isə müddətsiz əlillik verilmişdir, uşaqlıqdan başqasının köməyinə ehtiyacı olmuşdur. İddiaçı cavabdehə müraciət etmişdir, ona bildirildi ki, onun yaşa görə əmək pensiyası almaq hüququ yoxdur. 1986-cı ildən bu günkü günədək uşağına baxır, 33 ildir ki, o, bu uşağın üstündə əziyyət çəkir, indiyənədək həftədə bir-iki dəfə qıcolmaları (epilepsiya) olur, tez-tez xəstələnir, daimi dərmanlar atır. Tanışları da təsdiq edə bilərlər ki, (Babayeva Mahilə və Quliyeva Aynurə) iddiaçı oğlunun üstündə nə qədər əziyyət çəkmişdir və çəkir. İddiaçı 1962-ci ildə anadan olmuşdur və beş il təqaüdü var, üç oğlu və bir qızı var. Xəstə uşağa baxmağa görə beş il vaxtından tez təqaüdə çıxmaq hüququ var, bildiyinə görə hər uşağa görə bir il təqaüd sayılır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 3487/2019 nömrəli qərarı ilə (hakim E.Mustafayev) iddia tələbinin təmin edilməsi, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. xx.xx.2019-cu il tarixdə cavabdeh apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-3487/2019 nömrəli qərarının ləğv edilərək, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı il tarixdən Azərbaycan Respublikasında vətəndaşların pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində; qanunvericiliklə müəyyən edilmiş qaydada sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi beş il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı xx.xx.1962-ci ildə anadan olmuş, xx.xx.1980-ci ildən xx.xx.1985-ci ilədək əmək stajı vardır. Oğlu xx.xx.1986-cı il təvəllüdlü X8 xx.xx.1999cu il tarixdən ilkin olaraq uşaqlıqdan əlillik təyin edilmişdir. Uşaq 18 yaşına çatdıqdan sonra ona uşaqlıqdan əlilliyə görə İİ qrup müəyyən edilmişdir ki, növbəti ili İ qrupa keçirilmişdir. Vətəndaşın yaşa görə pensiyaya çıxması üçün sənədlər araşdırıldıqda məlum oldu ki, 2 il müddətinə təyin olunmuş İ qrup uşaqlıqdan əlilliyin müddəti bitdikdən sonra növbəti komissiya vaxtına kimi təxminən 2 il müddət keçirmiş sonradan İ qrup əlillik təyin edilmişdir ki, bu da imkan vermir vətəndaşın ərizə verdiyi günədək 25 il sosial sığorta stajı yığılsın. Qonşular X3 və X4 iştirakı ilə tərtib olunmuş akta əsasən iddiaçı İ qrup X8 qulluq etmiş, ona görə də işləyə bilməmişdir. Lakin bütün bu illəri hesablansa da, ərizəçinin pensiya yaşı xx.xx.2018-ci ildən yarandığı üçün ona tələb olunan 25 il sosial sığorta stajı toplanmır və bu səbəbdən pensiya hüququ yaranmır. Cavabdeh işin apellyasiya icraatı zamanı Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyinin tabeliyində olan Dövlət X13 Məhkəmə Mübahisələri ilə İş İdarəsi tərəfindən təmsil edilmişdir Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 və əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinə əlavə təqdim etmişdir. Sonuncu məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili X6 ( Bakı şəhəri 8 saylı Vəkil Bürosu) apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli və iddiaçıya 55 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi yanında Dövlət X13 Bakı şəhəri Xəzər rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019cu il tarixli, **********2 nömrəli məktubunda (məktub şöbə müdiri E.E.Qurbanov və pensiya sektorunun müdiri T.X.Mustafayev tərəfindən imzalanmışdır) görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddiaçının tələb olunan əmək stajı olmadığından və fərdi hesabında toplanan pensiya kapitalı minimum əmək pensiyası məbləğindən yüksək pensiya təminatına imkan vermədiyindən onun yaşa görə əmək pensiyası hüququ yoxdur. İş materiallarında olan olan Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi Dövlət Sosial Təminat Xidmətinin Xəzər rayon X9 Mərkəzi tərəfindən iddiaçının oğluna verilmiş xx.xx.2012-ci il tarixli, 1930 nömrəli arayışa (arayış Mərkəzin direktoru A.İ.İbrahimov tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, X12, həqiqətən Xəzər rayon X9 Mərkəzindən xx.xx.1999-cu il tarixdən ömürlük tarixədək İ qrupa görə sosial müavinət təyin olunmuşdur. Hal-hazırda 50-60 manat məbləğində sosial müavinət alır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, Q-141 saylı arayışa əsasən Dövlət Arxivinin Bakı filialında saxlanılan Azərbaycan SSR Yerli Sənaye Nazirliyi “Azərxalça” İstehsalat Birliyinin natamam arxiv sənədlərinin əmr kitablarında xx.xx.1962-ci il təvəllüdlü vət. Quliyeva (Cəfərova) Anaxanım Məhərrəm qızının xx.xx.1980-ci il tarixli, 41 saylı əmrlə 01.03.80-ci ildən 4 saylı sexə xalçaçı şagirdi vəzifəsinə işə qəbul edilməsi və xx.xx.1985-ci il tarixli, 28/K saylı əmrlə xx.xx.1985-ci ildən işdən azad edilməsi barədə məlumatlar mövcuddur, Azərbaycan SSR Yerli Sənaye Nazirliyi “Azərxalça” İstehsalat Birliyinin əmək haqqı cədvvələri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi qərar qəbul edərkən qeyd etmişdir ki, “hazırkı halda cavabdehin imtina məktubunda qeyd etdiyi əsas dəlili ondan ibarətdir ki, iddiaçının tələb olunan sosial sığorta stajı və əmək kitabçasında qeyd olunmuş xx.xx.1980-ci ildən xx.xx.1985-ci illərə aid dövrün iş stajının yoxlanılması mümkün olmamışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həm iddiaçının sığorta stajını əhatə edən dövrdə qüvvədə olan, həm də hazırkı qanunvericiliyə əsasən iş stajını müəyyən edən edən əsas sənəd əmək kitabçası hesab olunur. İş üzrə təqdim olunmuş əmək kitabçası ilə İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1985-ci ilədək işləməsi təsdiq edildiyindən məhkəmə hesab edir ki, iddiaçıya qeyd olanan illər də nəzərə alınmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün əsasdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Məhkəmə kollegiyası əlavə olaraq, qeyd edir ki, birinci instansiya məhkəməsi öz qərarında İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini qərara alsa da, iddiaçıya neçə yaşdan pensiya təyin edilməli olmasını göstərməmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İş materialları ilə müəyyən edilmiş faktlardan biridir ki, iddiaçının oğlu xx.xx.1986-cı il təvəllüdlü X1 imkanları məhdud uşaq olmuş,xx.xx.1999-cu il tarixdən ömürlük İ qrup əlilliyə görə sosial müavinət təyin edilmiş və ona xx.xx.2009-cu ildən müddətsiz əlillik verilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı yaşa görə əmək pensiyasına çıxmaq üçün yaş həddi 5 il azaldılmaqla ona 55 yaşdan yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-3487/2019 nömrəli qərarı dəyişdirilməli, İddiaçı 55 yaşdan yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X13 Bakı şəhəri Xəzər rayon şöbəsi (hazırda Azərbaycan Respublikası Əmək və X9 Nazirliyinin tabeliyində Dövlət X17 publik hüquqi şəxsinin Bakı şəhəri 2 saylı Xidmət Nümayəndəliyi) tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 3487/2019 nömrəli qərarı dəyişdirilsin. İddiaçı xx.xx.2017-ci il tarixdən 55 yaşdan yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyinin tabeliyində Dövlət X17 publik hüquqi şəxsinin Bakı şəhəri 2 saylı Xidmət Nümayəndəliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-381/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-381/2020
11.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver