Məhkəmə qərarları › İş №2-1(103)-381/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-381/2022

12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-381/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Həmidov Həmid Üzeyir oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X3 və vəkil X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması, cavabdehin imtinasının qanunsuz hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 23.07.2021-ci il tarixli, 2-1(112)-5618/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə müraciət edərək əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 10.07.1984-cü il tarixindən etibarən 2 saylı Ağdam Psixiatriya xəstəxanasında “tibb bacısı" vəzifəsinə təyin edilib. 10.07.1984- 31.12.2016-cı il tarixinədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 saylı Ağdam Psixiatriya xəstəxanasında tibb bacısı vəzifəsi üzrə çalışıb. Qanunvericiliyin tələbinə uyğun olaraq 55 yaşına çatmış, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmış və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına malik olduğundan, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Lakin bununla bağlı olaraq cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə ərizə ilə müraciət etsə də, cavabdeh tərəfindən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. 25.02.2021-ci il tarixli, **********05 saylı imtina məktubu onunla əsaslandırılmışdır ki, işlədiyi tibb bacısı vəzifəsi uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicəsi-profilaktikası sahəsinə uyğun deyil. Bu səbəbdən guya güzəştli iş stajı yoxdur. Qeyd olunmuşdur ki, çalışdığı müəssisə ümümi şöbə hesab olunur. O, bütün qrup xəstələrlə, eyni zamanda uşaqlarla çalışmış, çalışdığı yer üzrə xüsusi olaraq uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicəsiprofilaktikası sahəsi üzrə tibb bacısı vəzifəsi mövcud olmamışdır. Bundan əlavə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir kimi absurd rəy qeyd edilmişdir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 44.000 (qırx dörd min) manat hesablandığı halda, guya onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 22.917,19 (iyirmi iki min doqquz yüz on yeddi manat on doqquz qəpik) manat təşkil edir. Lakin qeyd edilən fikirlə razı deyil. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı Ağdam Rayonlararası Psixiatriya xəstəxanasından verilmiş 29.01.2021-ci il tarixli, 02 nömrəli arayışdanda göründüyü kimi 10.07.1984-cü il tarixindən etibarən 2 saylı Ağdam rayonlararası psixiatriya xəstəxanasında “tibb bacısı” vəzifəsi üzrə çalışıb. Beləliklə, qeyd edilən tarixdən etibarən çalışdığı halda, dövlət vergilərini vaxtında ödədiyi halda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olması absurddur, onun qanunla müəyyən edilmiş hüquqlarının pozulmasından başqa bir şey deyildir. Bakı İnzibati Məhkəməsinin 23.07.2021-ci il tarixli, 2-1(112)-5618/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 23.07.2021-ci il tarixli, 2-1(112)-5618/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Əlavə olaraq qeyd olunmuşdur ki, məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı Ağdam Rayonlararası Psixiatriya xəstəxanasından verilmiş 29.01.202 İ-ci il tarixli, 02 nömrəli arxiv arayışından göründüyü kimi, iddiaçı 10.07.1984-cü ildən etibarən 2 saylı Ağdam rayonlararası Psixiatriya xəstəxanasında "tibb bacısı”vəzifəsi üzrə çalışmışdır. Lakın məhkəmə tam fəqli qənaətə gələrək Xəstəxanının Ağdam rayonunun işğalından sonra (1993-cü ildən) fəaliyyətini davam etdirə bilməməsini vurğulamışdır. Xəstəxana tərəfindən sorğulara verilmiş cavabda da iddiaçının Xəstəxanada çalışdığı illər və hal-hazırda da həmin xəstəxanının tibb bacısı vəzifəsini icra etdiyi öz əksini tapmışdır. Hətta həmin Arayışda güzəştli şərtlərlə əmək pensiyası almaq hüququna dəlalət edən peşədə çalışmağı da göstərilmişdir. Beləliklə, məhkəməyə yetərli sübut təqdim edildiyi halda məhkəmə təqdim olunmuş sübutları göz ardı etmiş, iddiaçı tərəfindən iddianın əsaslandırılmasına yönələn sübutların təqdim olunmamasına istinad etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 23.07.2021-ci il tarixli, 2-1(112)-5618/2021 saylı qərarının ləğv olunması, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 23.07.2021-ci il tarixli, 2-1(112)-5618/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanımasına dair qərar qəbul edilməsini xahiş etmişlər. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - İddiaçının əmək kitabçasından görünür ki, o 10.07.1984-cü ildə 2 saylı Ağdam psixiatriya xəstəxanasına tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir və 29.01.2021-ci il tarixdə əmək kitabçasında aparılmış qeydə əsasən, 31.12.2016-cı ildən əmək haqqı almadan hazırda tibb bacısı kimi ştatda sayılır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı Ağdam rayonlarası psixiatriya xəstəxanası tərəfindən verilmiş 29.01.2021-ci il tarixli arayışa əsasən, İddiaçı Azərbaycan Səhiyyə Nazirliyinin göndərişinə əsasən 1984-cü ilin avqust ayından 2 saylı Ağdam rayonlararası Psixiatriya xəstəxanasına tibb bacısı kimi işə qəbul olunmuş, hazırda xəstəxananın ştatında tibb bacısı kimi sayılır. Zərərli sahə kimi əmək haqqına güzəştlə maaş almışdır. 1984-cü ildən 2006-cı ilə kimi ştat cədvəlinə əsasən güzəştli maaş almış, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən özlərindən asılı olmayan səbəbdən iş yerini itirmiş işçilərə ödənilən dondurulmuş əmək haqqı 31.12.2016-cı il tarixdən dayandırıldığı üçün həmin tarixdən hazırki vaxta kimi işçi kimi sayılsa da, əmək haqqı hesablanmır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Bakı Tibb Kolleci tərəfindən verilmiş arayışa əsasən, X2 1982-ci ildə Bakı Tibb məktəbinin “Tibb bacısı işi” şöbəsinə əyani daxil olub və 1984-cü ildə (Əmr №39) paraqraf 4, 02.07.1984) həmin məktəbi bitirərək ЗТ№034356 saylı diplom və “tibb bacısı” ixtisası almışdır. - Birinci instansiya məhkəməsinin Səhiyyə Nazirliyinə sorğusuna cavab olaraq bildirilmişdir ki, 2 saylı Ağdam rayonlararası Psixiatriya xəstəxanası rayon ərazisinin işğalı ilə əlaqədar 04.07.1993-cü il tarixdən stasionar fəaliyyətini dayandırmış, 1993-cü ilin iyul ayından Bərdə şəhər poliklinikasının 4-cü mərtəbəsində yerləşməklə inzibati və ambulator fəaliyyətini davam etdirmişdir. Nazirlər Kabinetinin qərarına əsasən xəstəxananın işçiləri dondurulmuş əmək haqqı almış və yenə də Nazirlər Kabinetinin qərarına əsasən 31 dekabr 2016-cı il tarixdən işçilərə dondurulmuş əmək haqqının verilməsi dayandırılmışdır, həmin tarixdən hal-hazıra kimi xəstəxanada heç bir maliyyə əməliyyatı aparılmamışdır. Xəstəxananın sonrakı aqibəti barədə heç bir qərar və ya göstəriş olmadığına görə kiçik tibb heyətilə inzibati fəaliyyət davam etdirilir. - 2 saylı Ağdam rayonlararası Psixiatriya xəstəxanası tərəfindən verilmiş 12.07.2021ci il tairxli arayışa əsasən bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göndərişinə əsasən 1984-cü ilin avqustundan 2 saylı Ağdam rayonlararası Psixiatriya xəstəxanasında tibb bacısı kimi işə qəbul edilmiş, hal-hazıra kimi xəstəxananın ştatında tibb bacısı kimi sayılır, zərərli sahə kimi əmək haqqına güzəştli maaş almışdır. 1993-cü ilin iyulundan Ağdamın işğalı ilə əlaqədər Nazirlər Kabinetinin qərarına əsasən dondurulmuş əmək haqqı almış, 31.12.2016-cı il tarixdən Nazirlər Kabinetinin qərarına əsasən özlərindən asılı olmayan səbəbdən iş yerini itirmiş işçilərə ödənilən dondurulmuş əmək haqqının verilməsi dayandırılmışdır. 01.01.2017- ci il tarixdən hal-hazıra kimi İddiaçı əmək haqqı almasa da, tibb bacısı kimi xəstəxananın ştatında sayılır. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.1, 9.8-ci maddələrini, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13cü maddəsinin birinci hissəsinin a və b bəndlərini, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarını tətbiq etməklə belə qərara gəlmişdir ki, iddiaçı cavabdeh orqana müraciət etdiyi tarixə güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malik deyil. Odur ki, iddiaçının güzəştli şərtlər yaşa görə pensiya təyin edilməsindən cavabdehin imtinası qanunsuz hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 nömrəli Siyahısı” (bundan sonra 1 və 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır. İstər 2 nömrəli Siyahı üzrə uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicəprofilaktika idarələrində, bölmələrində (2260000b - orta tibb heyəti və kiçik tibb heyəti) və sosial təminat sisteminin psixi xəstələr üçün internat evlərində, əqli zəif inkişaf etmiş uşaq internat evlərində (22600000q - orta tibb heyəti və kiçik tibb heyəti) əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən peşə və vəzifələrə aid edilmişdir. Həmin siyahını təkrarlayan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 19-cu (Tibb və sosial təminat müəssisələri) bölməsinin C” bəndinə əsasən uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika müəssisələrində, bölmələrində orta tibb və kiçik tibb heyyəti vəzifələri, “Ç” bəndində isə sosial təminat sisteminin psixi xəstələr üçün internat evlərində, əqli zəif inkişaf etmiş uşaq internat evlərində orta tibb heyəti və kiçik tibb heyəti vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının işlədiyi xəstəxananın fəaliyyət sahəsi, qeyd edilən qərarlarda nəzərdə tutulmuş müəssisələrin fəaliyyət sahələrindən fərqli olduğundan onun işlədiyi peşə güzəştli pensiya hüququ verən peşə deyil və məhz bu səbəbdən onun işlədiyi peşə güzəştli pensiya hüququ verən peşə kimi sayılmır. Belə ki, qanunverici ümumi təyinatlı psixiatriya (psixonevroloji) müalicə-profilaktika müəssisələrində deyil, məhz uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika müəssisələrində və sosial təminat sisteminin psixi xəstələr üçün internat evlərində, əqli zəif inkişaf etmiş uşaq internat evlərində orta tibb heyəti və kiçik tibb heyəti vəzifələrini güzəştli pensiya hüququ verən peşə kimi nəzərdə tutmuşdur. Odur ki, iddiaçının 2 nömrəli siyahı üzrə, eləcə də "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə pensiya təyin edilməsi üçün əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajı mövcud deyil. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı ilmuş, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23.07.2021-ci il tarixli, 2-1(112)-5618/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar