Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-381/2023 24.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4690/2022 saylı 01 iyul 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X2 cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə Bakı İnzibati məhkəməsinə müraciət edərək, İddiaçı Türkiyə Respublikası Atatürk Universiteti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş №56011 saylı bakalavr diplomunun ölkə ərazisində tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Türkiyə Respublikası Atatürk Universitetinin ictimaiyyətlə əlaqələr və tanıtım ixtisasının bakalavr pilləsi üzrə ali təhsil almışdır və bu barədə diplomu vardır. Təhsil forması qiyabi olmuşdur. Tədris müddəti 5 il olmuşdur, tədris dili Türk dili olmuşdur. Atatürk Universiteti dövlət mülkiyyətində olan təhsil müəssisəsidir. Təhsil müddətində İddiaçı dərslərdə və imtahanlarda iştirak etmişdir. Atatürk Universitetinin №56011 saylı xx.xx.2021-ci il tarixdə verilmiş bakalavr diplomundan görünür ki, İddiaçı ictimaiyyətlə əlaqələr və tanıtım istiqaməti üzrə proqramı mənimsəmiş və bitirmişdir, ixtisas ixtisaslaşması üzrə hazırlıq proqramını müvəffəqiyyətlə yerinə yetirilmişdir. İddiaçı bu Diplomla ali təhsil üzrə ikinci (magistr) səviyyəsinin alınması üçün hüquqa və ictimaiyyətlə əlaqələr və tanıtım sahəsində ixtisas üzrə fəaliyyət hüququna malikdir. O, təhsilini bitirdikdən sonra Azərbaycan Respublikasına qayıtmış və ölkəmizdə öz peşəsi üzrə fəaliyyət göstərmək niyyətindədir. Diplomunun tanınması və ona müvafiq şəhadətnamə verilməsi üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə ərizə ilə müraciət etmişdir. Lakin, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 05.1 1.2021-ci il tarixli cavab məktubuna əsasən aldığı ixtisasın ölkə ərazisində tanınması Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən mümkün hesab edilməmişdir. Ona görə də, iddiaçı belə bir iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı hesab edir ki, iddia tələbində haqlıdır. Öz peşəsində fəaliyyət göstərmək üçün zəruri bilik və qabiliyyətlərə malikdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq iddiaçıya müvafiq sənədin verilməsindən cavab məktubu ilə imtina etmişdir. Hesab edirilər ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Konvensiyanın Vİ. 1-ci bəndinə, habelə Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr”in V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 12-ci bəndinə əsasən, xarici ali təhsil ixtisası ilə tanınma tələb olunan dövlətin müvafiq ixtisası arasında əhəmiyyətli fərq olmadığı təqdirdə tanınma həyata keçirilə bilər. Konvensiya Komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa İttifaqının ekspert qrupları tərəfindən işlənib hazırlanmış “Avropa regionu üzrə Tanınma Təlimatı”nın 10-cu hissəsinə əsasən, əhəmiyyətli fərq dedikdə xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyasının nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin təhsilini növbəti səviyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür. Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalan”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Belə ki, sözügedən Qaydaların 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru həmçinin təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. İddiaçının “açıq öyrətim” (açıq təhsil) təhsilalma forması üzrə təhsil aldığı müəyyən edilmişdir. Qeyd etmək istəyirik ki, “Təhsil haqqında” AR Qanununun 13-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Göründüyü kimi Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 13-cü maddəsində “açıq öyrətim” (açıq təhsil) təhsilalma forması müəyyən edilməmişdir. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalan”nın 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda, sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Qaydaların 3.7-ci bəndində isə qeyd olunur ki, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi iddiaçıya məxsus olan diplomun tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4690/2022 saylı 01 iyul 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: G.Sevdimalıyeva) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə Təhsil haqqında Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu və 13.1.3-cü maddəsinə istinad edərək “açıq təhsil” təhsilalma formasının xüsusiyyətlərini araşdırmadan belə formada alınan təhsilin normativ müddətini, habelə qiyabi təhsillə uyğun olan cəhətlərini nəzərdən keçirməmiş, qərarın 8-ci səhifəsində birbaşa “distant” təhsilalma formasının mövcudluğuna əsaslanaraq sözügedən təhsilalma formasının “distant” təhsilalma formasına aid olmasını təkzib olunmaz hal kimi dəyərləndirmişdir. Halbuki yalnız XXİ əsrdə tətbiq olunmağa başlayan “açıq təhsil” təhsilalma forması imtahanların əyani keçirilməsini nəzərdə tutur və qiyabi təhsillə bir çox oxşarlıqlara malikdir. Eləcə də, iddiaçının təhsil aldığı Atatürk Universitetinin rəsmi saytında imtahanlar (sınavlar) bölməsində yerləşdirdiyi məlumat əsasında da imtahanların əyani şəkildə keçirilməsi qeyd olunur. Qeyd olunan təhsil formasında imtahanlar müxtəlif növlərə bölünərək yalnız tədris ilin sonunda deyil, tədris ilinin universitet tərəfindən müəyyən edilmiş vaxtlarda keçirilir. Lakin məhkəmə iddiaçının bu imtahanlarda iştirak edib-etmədiyini ətraflı araşdırmadan onun tədris yükünü tam yerinə yetirməsi qənaətinə gəlmişdir. İddiaçının sərhədkeçmə məlumatlarına əsasən, (2016/2017ci tədris ili üzrə 8 gün, 2017/2018-ci tədris ili üzrə 10 gün, 2018/2019-cu tədris ili üzrə 14 gün, 2019/2020-ci tədris ili üzrə 6 gün, 2020/2021-ci tədris ili getməyib, pandemiya dövrünə təsadüf etdiyi üçün üzrlü hesab edilib) Atatürk Universitetinin rəsmi saytında qeyd olunan imtahanlarda əyani olaraq iştirak etməsi qeyri-mümkündür. Eyni zamanda, İddiaçı diplom əlavəsindən də göründüyü kimi, 2016-2020-cı tədris illərində (2020/2021-ci tədris ili pandemiya dövrünə təsadüf etdiyindən nəzərə alınmır) 73 fənn tədris olunmuşdur. İddiaçının ümumilikdə Türkiyə Respublikasında olma müddətinin 38 gün olduğunu nəzərə alsaq, bu müddətdə bütün imtahanlarda əyani olaraq iştirak etməsi qeyri-mümkündür. İddiaçının diplom əlavəsindən göründüyü kimi, İddiaçı təhsil aldığı dövr ərzində 19 fəndən akademik borcu olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisinin təşkili Qaydaları”nın 3.2.14-cü bəndinə əsasən, cari və aralıq qiymətləndirmənin nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə təkrar imtahan vermək (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılmalıdır. Tələbə (üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr istisna olmaqla) hər semestrdə fənni (fenləri) dinləmədən ümumilikdə iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak edə bilər. Üzrlü səbəbdən imtahanda (imtahanlarda) iştirak etməyən tələbəyə isə növbəti semestrin dərsləri başlanana qədər bir dəfə həmin imtahanı (imtahanları) vermək imkanı yaradılır. Bütün digər hallarda akademik borcu olan tələbə fənni yenidən dinləməli və həmin fəndən (fənlərdən) dərələrdə iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir. Belə ki, iddiaçının 19 fəndən (bəzi fənlərdən 2 dəfə) akademik borcu olduğundan, bu fənləri yenidən dinləməli və tədris yükünü tam yerinə yetirməli idi. Məhkəmə qeyd olunan nüansı araşdırmadan əsassız qərar qəbul etmişdir. İddiaçı məhkəməyə apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Türkiyə Respublikası Atatürk Universiteti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş №56011 saylı bakalavr diplomunun ölkə ərazisində tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, “distant” təhsil forması digər təhsil formalarından fərqli olmaqla yanaşı, müxtəlif səciyyəvi xüsuslara malikdir. Belə ki, distant forma - təhsil prosesinə xas olan bütün komponentləri (məqsədlər, məzmun, metodlar, təşkilati formalar, tədris vasitələri) əks etdirən və internet texnologiyaları və ya interaktivliyi təmin edən digər vasitələrlə tələbə və müəllim arasındakı ünsiyyəti virtual (məsafədən) həyata keçirən təhsil formasıdır. Qeyd olunmalıdır ki, qanunvericilik distant formada təhsilin təşkili qaydalarını şərtləndirməsə belə, iddiaçının təhsil aldığı ölkə ilə Azərbaycan Respublikası Höküməti arasında təhsil sahəsində əməkdaşlıq münasibətləri mövcud olmuşdur ki, həmin münasibətlər zəminində iddiaçının distant təhsil formasının təsdiq edilməsi üçün müəyyən əsaslar yaranır. Məhkəmə onu da vurğulamağı zəruri hesab etmişdir ki, oxşar mübahisələr üzrə formalaşmış Ali məhkəmənin təcrübəsinə görə tələbə distant təhsil forması üzrə xarici dövlətdə aldığı təhsil proqramını müvəffəqiyyətlə bitirdikdə və ona bakalavr ali ixtisas dərəcəsi verildikdə, onun aldığı kvalifikasiya müvafiq olaraq tanınır. (№ 2-1(102)-574/2022; 2-1(102)-609/2020) Beləliklə, Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyinə görə, bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktları qəbul edilməsə belə, tələbələrin (hazırki halda iddiaçının) təhsilinin tamamlanmasını təsdiq edən bakalavr diplomunun olması və həmin diplomun apostil olması, həmin diplom üzrə kvalifikasıyanın tanınması üçün kifayət qədər zəruri əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (AR NK-nin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqanın iddiaçının kvalifikasiyanın tanınmasından imtinası formal tələblərə əsaslanır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. «Təhsil haqqında» AR Qanununun 6-cı maddəsinə görə təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur. Dövlət təhsil standartları təhsil sahəsində sınanmış mütərəqqi beynəlxalq meyarlar, milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla müəyyən edilir. Dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Dövlət təhsil standartları təhsilin məzmununu, idarə olunmasını, maddi-texniki və tədris bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirir. Bütün təhsil müəssisələrində təhsilin müvafiq dövlət standartlarına uyğun təşkili təmin olunur. Təhsil müəssisəsinin fəaliyyətinin, təhsilin səviyyəsinin və təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsində, akkreditasiyada və attestasiyada müvafiq dövlət təhsil standartları əsas götürülür. Həmin Qanunun 13.1-ci maddəsinə görə Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: (maddə 13.1.1) əyani, (maddə 13.1.2) qiyabi, (maddə 13.1.3) distant (məsafədən), (maddə 13.1.4) sərbəst (eksternat). Həmin Qanununun 27.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün хüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir (19 iyun 2020-ci ilə qədər olan redaksiya). Həmin Qanununun 27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; Həmin Qanununun 29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; Həmin Qanununun 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.278.28-ci bəndlərinə görə nazirlik xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirir və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədlər verir. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Bu bənddə qeyd edilir ki, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların: -1.1-ci bənd. Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; -1.6-cı bənd. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; -3.2-ci bənd. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: -ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; -xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bənd. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bənd. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Məhkəmə araşdırılması ilə məlum olur ki, Türkiyə Respublikasının Atatürk Universitetində “İctimaiyyətlə əlaqələr və tanıtım” ixtisası üzrə təhsil almışdır. Təhsil forması açıq öyrətim olmuşdur. Türkiyə Respublikasının Atatürk Universitetinin Dövlət İmtahan Komissiyasının qərarı ilə ona 56011 nömrəli xx.xx.2021-ci il tarixli diplom verilmişdir. Sözügedən bakalavr dərəcəsini təsdiq edən, universitet tərəfindən verilmiş 56011 nömrəli diplom Türkiyə Respublikasının Təhsil İdarəsi tərəfindən apostil edilmişdir. İddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərək, həmin bakalavr diplomu üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, cavabdeh tərəfindən müraciətdə göstərilən məsələnin həllindən imtina edilmişdir. İşin hallarından da göründüyü kimi cavabdehin əsas dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 13-cü maddəsində təhsilalma formaları arasında “açıq öyrətim” (açıq öyrətim) təhsilalma forması müəyyən edilməmişdir. “Təhsil haqqında” Qanunun 13.1-ci maddəsində və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 №-li qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın 5.4-cü bəndinə əsasən ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir. Bundan əlavə Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası Hökuməti və ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişin»in 1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hazırkı Sazişin məqsədi beynəlxalq hüquq normalarına və Tərəflərin milli qanunvericiliklərinə uyğun olaraq hər iki Tərəfin müvafiq qurumları arasında bərabərlik və qarşılıqlı hörmət əsasında təhsil sahəsində əməkdaşlığı inkişaf etdirməkdir. Həmin Sazişin 12-ci maddəsinə əsasən Azərbaycanlı tələbələrə Türkiyə Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, türkiyəli tələbələrə Azərbaycan Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Türkiyə Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliklə distant təhsilə verilmiş anlayış baxımından təhsilin İnternet texnologiyaları və ya interaktivliyi təmin edən digər vasitələrlə həyata keçirilməsinə yönəlmiş tələbə və müəllim arasındakı ünsiyyəti virtual (məsafədən) həyata keçirən təhsil forması kimi “açıqöğrətim” formasının “distant” təhsil formasına aid olması təkzibolunmaz haldır. Türkiyədə təhsil forması kimi “açık öğretim” və “uzakdan eğitim” kimi anlayışların fərqləndirilməsi də vəziyyəti iddiaçının ziyanına dəyişmir. Türkiyə Respublikasında hər iki təhsil forması bir çox oxşar cəhətlərə malik olsa da, həmin təhsil formaları arasında müəyyən fərqlilik mövcuddur ki, Azərbaycan təhsil sistemi üçün isə həmin fərqləndirmə müəyyən edilmir. Belə ki, mövcud, qüvvədə olan qanunvericilik Türkiyədə mövcud olan hər iki təhsil formasını bir formada birləşdirir və qeyd olunan təhsil forması da məhz distant təhsil forması hesab edilir. Göründüyü kimi, Türkiyə Respublikasında “distant” təhsil forması bir neçə növə ayrılmışdır ki, bu hal da iddiaçının aldığı təhsil formasının “distant” forma hesab edilmə meyarına xələl gətirmir. Belə ki, Təhsil haqqında” Qanunun normalarına əsasən dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun tətbiq edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli № 156 saylı Fərmanına əsasən, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 №-li qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın 5.4-cü bəndinə əsasən, ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir. “Təhsil haqqında” Qanunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ xarakterli aktlarda distant təhsilalma formasının bilavasitə təsbit olunduğuna baxmayaraq, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktlarının qəbul olunmaması və distant təhsilin dövlət standartlarının müəyyən edilməməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin tanınmasından imtinanın əsası kimi çıxış edə bilməz. Çünki, belə bir halın mövcud olması iddiaçının iradə ifadəsindən asılı yaranmamış və onun bununla bağlı hər hansı bir hərəkət və hərəkətsizliyi olmamışdır. Bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktları qəbul edilməsə belə, tələbələrin (hazırki halda iddiaçının) təhsilinin tamamlanmasını təsdiq edən bakalavr diplomunun olması və həmin diplomun apostil olması, həmin diplom üzrə kvalifikasıyanın tanınması üçün kifayət qədər zəruri əsasdır. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, xarici dövlətin səlahiyyətli orqanı məzuna verdiyi diplomla onun ali təhsil proqramını uğurla başa vurduğunu təsdiq etmişdir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”ın 1.2-ci bəndi). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir. Buna görə də iddiaçının tələb etdiyi bakalavr diplomu üzrə aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəlləni 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4690/2022 saylı 01 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-381/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-381/2023
24.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver