Məhkəmə qərarları › İş №2-1(103)-3816/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3816/2025

05.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-3816/2025 05.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "qərarın ləğvi" tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı ##.##.1983-cü ildə anadan olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert komissiyasının ##.##.2019-cu il tarixli qərarı ilə ona müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Həmin qərarda diaqnoz kimi "Beta-talassemiya, subklinik əlamətlərlə gedən talassemiya minor. Davamlı anemiya ilə müşayiət olunan, tez-tez baş verən hemolitik krizlərlə. Xroniki böyrək çatmamazlığı - III mərhələ", əlilliyin müəyyən olunması meyarı kimi "2.5.19. subklinik əlamətlərlə gedən talassemiya minor" göstərilmişdir. Azərbaycan Respublikası Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ##.##.2020-ci il tarixli məktubuna ##.##.2020-ci il tarixli cavab məktubunda bildirmişdir ki, Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ##.##.2020-ci il tarixli məktubunda haqqında məlumat tapılmadığı bildirilmiş 586 nəfər üzrə yenidən araşdırma aparılmışdır. Araşdırma nəticəsndə siyahıda olan 35 nəfərin "Beta talassemiya daşıyıcısı" olduğu (bu şəxslər daşıyıcı olduğu üçün onlar əlil hesab oluna bilməz), 549 nəfərin Talassemiya Mərkəzinə müraciət etmədiyi, hər hansı bir müalicə və dərman vasitələri almadığı, 2 nəfərin isə Beta talassemiya (böyük forma) xəstəliyindən əziyyət çəkdiyi aşkar olunmuşdur. Məktuba əlavə olunmuş siyahıda 549 nəfərin biri kimi iddiaçı İddiaçı adı göstərilmişdir. Iddiaçıya təyin edilmiş əlillik ##.##.2021-ci ildə cavabdeh tərəfindən "Əlillik" altsistemində etibarsız hesab edilmişdir. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi" barədə iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin *-*(***)-*****/**** nömrəli ##.##.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçıya ##.##.2019-cu ildə təyin olunmuş 3-cü dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Həmin məhkəmə qərarına əsasən, əlillik ##.##.2024-cü ildə cavabdeh tərəfindən bərpa edilmişdir. Bundan sonra cavabdeh tərəfindən iddiaçı İddiaçı göndərilmiş ##.##.2024-cü il tarixli məktubla o, ##.##.2024-cü il saat 12.45-ə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani müayinəyə dəvət olunmuş və gəlməyəcəyi halda, iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi bildirilmişdir. Iddiaçı dəvət olunduğu əyani müayinədə iştirak etməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert komissiyasının ##.##.2024-cü il tarixli *- **-*/*-*-****/**** nömrəli qərarına əsasən, mövcud sənədlər və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından əlillik təyinatı aparılan ##.##.2024-cü il tarixindən "diaqnozun təsdiqini tapmaması" barədə qərar qəbul edilmişdir. Cavabdehin ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarına əsasən, 26 nəfərə dair tibbi-sosial ekspert komissiyalarının əlillik təyinatı barədə qüvvədə olan qərarları ləğv edilmiş və "diaqnozun təsdiqini tapmaması"na dair qərar qəbul edilmişdir. Həmin qərar belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) Aparatının Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın (bundan sonra - Qayda) 3.7-ci bəndinə və "Inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, 26 nəfərə dair ##.##.2024-cü il tarixə əyani müayinəyə çağırılması haqqında ünvanına sifarişlıxəbərnaməli məktub göndərilmişdir. Vətəndaşlar əyani müayinəyə gəlmədiklərindən Agentliyin tibbi-sosial ekspert komissiyası tərəfindən həmin vətəndaşların tibbi-ekspert sənədləri və ekspertiza üçün əhəmiyyətli olan digər məlumatları araşdırılmış və onlar barəsində "diaqnozun təsdiqini tapmaması"na dair qərar qəbul edilmişdir. (siyahı əlavə olunur). Aparılmış inzibati icraatın nəticələrini və əyani müayinənin həyata keçirilməsi haqqında Tibbi-sosial ekspert komissiyasının ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarını və ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli xidməti məruzəsini nəzərə alaraq, "Inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 21, 62 və 67-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət Tibbi-Sosial Ekspertiza və X6"nin 3.2.4 və 4.5.18-ci yarımbəndlərini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.7-ci bəndini rəhbər tutaraq X2 qərara almışdır: Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən 26 nəfərə dair tibbi-sosial ekspert komissiyalarının əlillik təyinatı barədə qüvvədə olan qərarları ləğv edilsin və "diaqnozun təsdiqini tapmaması"na dair qərar qəbul edilsin. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş ##.##.2024-cü il tarixli məktubda bildirilmişdir ki, ona ##.##.2019-cu ildə təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyin ləğvi barədə qərar qəbul edilmişdir və o, həmin qərarla e-sosial.az portalından öz şəxsi kabineti vasitəsilə tanış ola bilər. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək həmin X2nin qərarının İddiaçı aid hissədə ləğv olunmasını xahiş etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert komissiyasının ##.##.2024-cü il tarixli *-**-*/*- *-****/**** nömrəli qərarının və Idarə Heyətinin ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarının iddiaçıya aid hissədə ləğv olunmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya ilk dəfə ##.##.2019-cu ildə ümumi xəstəlik səbəbindən müddətsiz 3-cü dərəcəli əlillik təyin edilmişdir. Iddiaçı bir müddət əlilliyə görə əmək pensiyası almış, lakin sonradan əlillik "Əlillik" altsistemində etibarsız hesab edilmişdir. Bundan sonra iddiaçı Bakı Inzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin ##.##.2023-cü il tarixli *-*(***)-*****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Adıçəkilən məhkəmə qərarı qanuni qüvvəyə minmiş, bundan sonra adıçəkilən qərar icraya yönəldilmiş və cavabdeh tərəfindən icra edilərək iddiaçının dayandırılmış əlilliyi bərpa edilmişdir. Daha sonra iddiaçı bir müddət cari əmək pensiyasını almağa davam etsə də, sonradan pensiya ödənişi ##.##.2024-cü ildən dayandırılmışdır. Iddiaçı bununla bağlı DOST mərkəzinə müraciət etmiş və DOST mərkəzi tərəfindən ona pensiyasının dayandırılmasının səbəbi kimi cavabdehin müvafiq məktubuna əsasən ##.##.2024-cü ildən iddiaçı barəsində əyani müayinə zamanı diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edildiyi bildirilmişdir. Şifahi olaraq iddiaçıya DOST mərkəzində bildirilmişdir ki, hazırkı iş üzrə cavabdehin "Əlilliyin qiymətləndirilməsi qaydası"nın 3.7-ci bəndinə uyğun olaraq vətəndaşı istənilən halda əyani müayinəyə dəvət etmək hüququ mövcuddur. Cavabdeh orqan bu hüququndan istifadə edərək iddiaçının əlillik qiymətləndirilməsini ləğv etmişdir. Cavabdehin qəbul etdiyi qərar iddiaçıya rəsmi olaraq təqdim edilməmişdir. Bu əsasdan iddiaçı tərəfindən cavabdehin qərarının mübahisələndirilməsi üçün müddət ötürülməmişdir. Cavabdeh iddiaçının əlillik qiymətləndirilməsini ləğv edərkən düzgün qənaətə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi qaydası"nın 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxs əyani müayinəyə cəlb edir, müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində alt sistemə daxil edir. Cavabdeh orqan tərəfindən əlilliyin qiymətləndirilməsinin araşdırılması barədə inzibati icraat düzgün şəkildə həyata keçirilməmişdir. Belə ki, vətəndaşın yaşadığı və qeydiyyatda olduğu ünvana onun barəsində inzibati icraatın başlanılması, bu inzibati icraat zamanı onun əyani müayinəyə dəvət edilməsi barədə hər hansı bir bildiriş və ya məlumat göndərilməmişdir. Bundan başqa, şəxsə inzibati icraatın yekunu barədə qəbul edilmiş qərar rəsmi olaraq təqdim edilməmişdir. Bu hal aparılmış inzibati icraatın prosessual pozuntularla həyata keçirilməsinə dəlalət edir. Digər tərəfdən, yuxarıda qeyd edilmiş normaya əsasən, əlilliyin qiymətləndirilməsi qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların nədən ibarət olması, həmin sübutların kim tərəfindən təqdim edilməsi, eləcə də risk qrupu dedikdə bu qrupa kimlərin hansı meyar əsasında daxil edilməsi əsaslandırılmamışdır. Cavabdeh iddianı qəbul etməmiş və iddiaya etirazında bildirmişdir ki, Bakı ** nömrəli Birləşmiş Şəhər Xəstəxanasının *******AAB*Y nömrəli göndərişi DTSERA-da əyani müayinə əsasında ##.##.2019-cu ildə qiymətləndirilmiş və iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.5.19-cu bəndinə müvafiq ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Sonradan vətəndaşın əlilliyi *********** nömrəli ESDAS nömrəsi ilə ##.##.2021-ci ildə ləğv edilmiş və ##.##.2024-cü ildə məhkəmə qərarı əsasında *-**-*/*-*-*****/**** nömrəli xidməti məruzə əsasında bərpa edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaşa, sonuncusu *-**-*/*-Z-****/**** nömrəli ##.##.2024-cü il tarixli olmaqla bir neçə dəfə əyani müayinəyə dəvət üçün məktub göndərilmiş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi barədə məlumat qeyd edilmişdir. Lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından Tibbi-sosial ekspert komissiyası tərəfindən əlillik təyinatı aparılan ##.##.2024-cü ildən "diaqnozun təsdiqini tapmaması" barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.7-ci bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. "Inzibati icraat haqqında" Qanunun 28.1.2-ci maddəsinə əsasən, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsaslardan biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nın 13-cü bəndinə əsasən, orqanizmin sümük-əzələ sisteminin xəstəliklərdən, zədə və ya çatışmazlıqdan irəli gələn davamlı pozuntularının dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən hərəkətetmə funksiyasının (sadə və mürəkkəb hərəkətləri etmək qabiliyyəti) pozuntusunun təzahür dərəcəsinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması ilə. Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-*****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı əyani müayinəyə dəvət edilərək əlillik vəziyyətinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qiymətləndirilməsi üçün 1 ay müddət təyin edilmişdir. Iddiaçının nümayəndəsi vəkil Vəkil ##.##.2024-cü ildə məhkəməyə ərizə ilə müraciət edərək işin məhkəmə baxışına təyin edilərək qərar qəbul olunmasını xahiş etmişdir. O, ərizədə bildirmişdir ki, onlar ekspertiza tədqiqatında iştirak etmək niyyətində deyildirlər. Ali Məhkəmənin 2022-ci il üzrə əlilik işləri üzrə baxılmış mübahisələrə dair tərtib etdiyi icmal məktubundan görünür ki, məhkəmələr tərəfindən təyin olunmuş əlillik qərarının ləğv edilməsinə dair cavabdeh orqanın hərəkətlərinə hüquqi qiymət verilərkən ilk növbədə cavabdeh orqan tərəfindən TSEK qərarının düzgünüyünü şübhə altına alan mötəbər sübutların təqdim edilib-ediməməsi məsələsi araşdırılmalıdır. Əgər belə sübutlar təqdim olunmayıbsa, o zaman cavabdeh orqanın vətəndaşı əyani müayinəyə cəlb etmək hüququ yaranmır. Hazırkı iş üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh orqan iddiaçıya münasibətdə TSEK qərarını ləğv edərkən əlində hər hansı bir mötəbər sübut olmamışdır. Oxşar mübahisələr üzrə məhkəmələrin gəldiyi nəticə bundan ibarət olmuşdur ki, əgər sübutlar təqdim olunmayıbsa vətəndaşın əyani müayinəyə cəlb edilməsi qanunsuzdur. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə göndərilmiş ##.##.2025-ci tarixli *-**-*/*-****/**** nömrəli cavab məktubunda göstərilmişdir ki, məhkəmənin qərardadına əsasən iddiaçı nəzarət qaydasında müayinə olunması, tibbi sənədlərin və əlillik vəziyyətinin obyektiv qiymətləndirilməsi üçün ##.##.2024-cü ildə telefon vasitəsilə (055-257-53-49) əlaqə saxlanılmış və Agentliyə əyani müayinəyə dəvət olunmuşdur. Lakin vətəndaş əyani müayinəyə gəlməkdən imtina etmiş və nəticə etibarilə ##.##.2024-cü il tarixli *-*(***)- *****/**** nömrəli qərardadın icra edilməsi mümkün olmamışdır. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya təyin edilmiş əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2023-cü il tarixli qərarında əlilliyin etibarsızlığı ilə bağlı cavabdehin hərəkətinə maddi deyil, prosessual hüquq normalarının tələblərinə uyğun qiymət verilmiş və cavabdeh tərəfindən "Inzibati icraat haqqında" Qanunun məhz inzibati icraatın aparılma qaydalarının pozulması təsbit edilmişdir. Həmin qərar əsasında iddiaçının əlillik təyinatını bərpa edən cavabdeh sonradan "Inzibati icraat haqqında" Qanunun tələblərinə əsasən yeni inzibati icraat başlayaraq, nəticədə iddiaçının əlillik dərəcəsinin ləğvi barədə yeni qərar qəbul etmişdir. Cavabdeh əvvəlki qərarının düzgünlüyünə şübhə yaradan əsasları təqdim etmişdir. Belə ki, Azərbaycan Respublikası Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ##.##.2020-ci il tarixli məktubuna ##.##.2020-ci il tarixli cavab məktubunda bildirmişdir ki, Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ##.##.2020-ci il tarixli məktubunda haqqında məlumat tapılmadığı bildirilmiş 586 nəfər üzrə yenidən araşdırma aparılmışdır. Araşdırma nəticəsndə siyahıda olan 35 nəfərin "Beta talassemiya daşıyıcısı" olduğu (bu şəxslər daşıyıcı olduğu üçün onlar əlil hesab oluna bilməz), 549 nəfərin Talassemiya Mərkəzinə müraciət etmədiyi, hər hansı bir müalicə və dərman vasitələri almadığı, 2 nəfərin isə Beta talassemiya (böyük forma) xəstəliyindən əziyyət çəkdiyi aşkar olunmuşdur. Məktuba əlavə olunmuş siyahıda 549 nəfərin biri kimi iddiaçı İddiaçı adı göstərilmişdir. Beləliklə, Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ##.##.2020-ci il tarixli **-**-****/** nömrəli məktubu eyni zamanda iddiaçının barəsində tərtib edilmiş tibbi göndərişin mötəbərliyini şübhə altına almaqla həmin göndəriş əsasında əlillik təyin edən inzibati orqanın iddiaçının əlilliyini yendən qiymətləndirməsinə, bunun üçün yeni inzibati icraat açmasına hüquqi və faktiki əsas kimi çıxış edir. Iddiaçının əlillik təyinatına əsas verən tibbi sənədlərin mötəbərliyinə şübhə olduğundan həmin sənədlər əsasında təyin edilmiş əlilliyin qiymətləndirilməsinin nəticəsinə dair əsaslı şübhə mövcuddur ki, bu əsaslı şübhə inzibati orqana müddətsiz təyin etdiyi əlilliyin yenidən yoxlamasına əsas verir. Hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən qeyd edilən prosedura riayət edilmiş, iddiaçının əyani müayinəyə dəvət edilməsi ilə bağlı cavabdeh tərəfindən qeydiyyatda olduğu ünvana bildirişlər göndərilmiş, iddiaçı əlillik təyinatı tələb olunan yoxlama və müayinələrdə iştirak etməmiş və yalnız bundan sonra iddiaçının əlillik təyini qərarı ləğv edilmişdir. Məhkəmə icraatı gedişində də Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə iddiaçının əyani müayinəyə dəvət edilərək əlillik vəziyyətinin qiymətləndirilməsi üçün 1 ay müddət təyin edilmişdir. Məhkəmə qərardadına əsasən iddiaçı nəzarət qaydasında müayinə olunması, tibbi sənədlərinin və əlillik vəziyyətinin obyektiv qiymətləndirilməsi üçün Agentliyə əyani müayinəyə dəvət olunmuş, lakin iddiaçı əyani müayinəyə gəlməkdən imtina etmişdir. Məhkəmə cavabdehin mövcud icraat qanunvericiliyinin tələbinə uyğun olaraq iddiaçı barəsində tibb müəssisəsinin məlumatını əsas götürərək yeni icraat açması, iddiaçının icaata cəlb etməsi, müvafq inzibati akt qəbul etmədən iddiaçını əyani müayinəyə dəvət etməsi, iddiaçının isə əyani müayinələrdə iştirakdən imtina etdiyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehin iddiaçı barəsində əlillik təyinatının ləğvi ilə bağlı qərarı əsaslı və qanuni hesab edilməlidir. Iddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "Inzibati icraat haqqında" Qanunun 67.12-ci maddəsinə görə, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Iddiaçıya ##.##.2019-cu ildə əlillik təyin edildiyi halda, cavabdeh inzibati orqan ilk dəfə ##.##.2021-ci ildə, yəni təxminən 2 il sonra icraata başlamış və iddiaçıya əlillik təyin edilməsi barədə ##.##.2019-cu il tarixli qərarı ləğv etmək əvəzinə, etibarsız sayılması barədə ##.##.2021-ci il tarixli qərar qəbul etmişdir. Hazırkı halda isə, cavabdeh 2021-ci ildəki icraat üzrə deyil, təxminən 3 il sonra, yəni ##.##.2024-ci ildə təzələnmiş icraat üzrə səhvini düzəltmək üçün qanunla nəzərdə tutulmuş inzibati icraat aparmaq və təqdim edilmiş sübutlara hüquqi qiymət vermək qərarına gəlmişdir. Cavabdeh "Inzibati icraat haqqında" Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş və həmin qərarı qəbul edərkən əlilliyin ləğvi üçün səbəb olan sənədlər üzrə aşkar edilmiş məlumatların 1 il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamışdır. O da nəzərə alınmalıdır ki, inzibati orqan müddətin keçməsi ilə bağlı inzibati aktı ləğv etmək iqtidarında olmadıqda miibahisələndirdiyi qərarı məhkəmə qaydasında mübahisələndirmək hüququna malikdir. Lakin inzibati orqan Qanunun 67.12-ci maddəsində nəzərdə tutulmuş müddəti ötürməsinə baxmayaraq məhkəməyə müraciət etmədən qəbul etdiyi qərarını ləğv etmişdir. Göründüyü kimi, ##.##.2024-cti il tarixli qərarla əlilliyin ləğv edilməsi barədə qərar iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Qeyd edilmiş hallar analoji mübahisə ilə bağlı Ali Məhkəmənin 3 ulduzlu ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarında təsbit olunsa da, işə baxan məhkəmə mövcud məhkəmə praktikasını görməzdən gələrək kobud prosessual və maddi hüquq normalarının pozulması ilə nəticələnən qərar qəbul etmişdir. TƏRƏFLƏRIN IZAHATLARI: Işə baxılmanın vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. TƏTBIQ EDILƏN HÜQUQ: "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunu: 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı" və "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı" əsasında müəyyən edilir; 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 3.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.7. Şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar X4 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların X4 Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydaları": 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə Tibbi-sosial ekspertiza Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə Tibbi-Sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq "Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-Sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri"nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEKin müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən "Inzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 4.9. Bu qərardan "Inzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası": 1.1. Bu Qayda "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbihəkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FIN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. "Inzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunu:

21. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur.

24. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

28. Inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. 28.1. Inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.

Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI:

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, qanunvericiliyin tələblərinə görə, cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh "əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu" müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Hazırkı işdən görünür ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarında iddiaçıya təyin edilən əlillik dərəcəsinin etibarsızlığı ilə bağlı cavabdehin hərəkətinə maddi deyil, prosessual hüquq normalarının tələblərinə uyğun qiymət verilmiş və cavabdeh tərəfindən "Inzibati icraat haqqında" Qanunun məhz inzibati icraatın aparılma qaydalarının pozulması təsbit edilmişdir. Hazırkı mübahisəyə münasibətdə Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ##.##.2020-ci il tarixli **-**-****/** nömrəli məktubunda qeyd edilmişdir ki, araşdırma nəticəsində siyahıda olan 35 nəfərin "Beta talassemiya daşıyıcısı" olduğu (bu şəxslər daşıyıcı olduğu üçün onlar əlil hesab oluna bilməz), 549 nəfərin Talassemiya Mərkəzinə müraciət etmədiyi, hər hansı bir müalicə və dərman vasitələri almadığı, 2 nəfərin isə Beta talassemiya (böyük forma) xəstəliyindən əziyyət çəkdiyi aşkar olunmuşdur. Kollegiya hesab edir ki, Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ##.##.2020-ci il tarixli **-**-****/** nömrəli məktubu iddiaçının barəsində tərtib edilmiş tibbi göndərişin mötəbərliyini şübhə altına almaqla həmin göndəriş əsasında əlillik təyin edən inzibati orqanın iddiaçının əlilliyini yendən qiymətləndirməsinə, bunun üçün yeni inzibati icraat açmasına hüquqi və faktiki əsas kimi çıxış edir. Bundan başqa, qeyd olunmalıdır ki, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində əlilliyin ləğvinə əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Müəyyən edildi ki, cavabdeh tərəfindən qeyd edilən prosedura riayət edilmiş, iddiaçının əyani müayinəyə dəvət edilməsi ilə bağlı cavabdeh tərəfindən qeydiyyatda olduğu ünvana bildiriş göndərilmiş, iddiaçı əlillik təyinatı tələb olunan yoxlama və müayinələrdə iştirak etməmiş və yalnız bundan sonra iddiaçının əlillik təyini qərarı ləğv edilmişdir. Xüsusi olaraq qeyd edilməlidir ki, iddiaçı öz iddia ərizəsində cavabdeh tərəfindən əyani müayinəyə dəvət olunmadığını bildirdiyinə görə birinci instansiya məhkəməsi ##.##.2024-cü ildə qərardad qəbul edərək iddiaçının əyani müayinəyə dəvət edilməsi və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün müddət təyin etmiş, qərardada əsasən, iddiaçı cavabdeh tərəfindən əyani müayinəyə dəvət olunmuş, lakin o, əyani müayinəyə getməkdən imtina etmişdir. Hətta, iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinə yazdığı ##.##.2024-cü il tarixli ərizədə iddiaçının əyani müayinədə iştirak etmək niyyətində olmadığını bildirmişdir. Eyni zamanda, işə apellyasiya instansiyası məhkəməsində baxıldığı zaman da iddiaçının nümayəndəsi iddiaçının əyani müayinədə iştirak etmək istəmədiyini bildirmişdir. Kollegiya bunu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nın 5.1.1-1-ci bəndindən göründüyü kimi, talassemiya xəstəliyinin hər üç qiymətləndirmə meyarında xəstəyə qan köçürülməsinin müəyyən edilməsi tələb olunur. Orqanizmin funksiyalarının 35-60 faiz pozulması halında "tələb olunanda dövri qan köçürmələrlə", 65-80 faiz pozulması halında "tez-tez (hər ay) qanköçürməyə ehtiyacla", 85- 100 faiz pozulması halında isə "tez-tez (ayda bir neçə dəfə) qanköçürməyə ehtiyacla" qiymətləndirmə meyarları nəzərdə tutulmuşdur. Başqa sözlə, talassemiya diaqnozu qoyulmuş xəstəyə əlilliyin təyin edilə bilməsi üçün vacib şərtlərdən biri onun müxtəlif dövriliklə qanköçürməyə ehtiyacının olmasıdır. Lakin iddiaçı İddiaçı əlilliyin təyin edildiyi gündən sonra ötən müddətdə qan köçürülməsi müəyyən edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli məktubu ilə iddiaçıya əlillik təyin olunduqdan sonrakı dövrdə qan köçürülüb-köçürülməməsi barədə yazılı məlumat, köçürülmüşdürsə, bunu təsdiq edən tibbi sənədləri məhkəməyə təqdim etməsi təklif olunsa da, o, məhkəməyə yazılı cavab verməmiş və heç bir sənəd təqdim etməmişdir. Iddiaçının apellyasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, "Inzibati icraat haqqında" Qanunun 67.12-ci maddəsinə görə, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər, cavabdeh isə bu müddətə riayət etməmişdir. Kollegiya bununla razılaşmır və qeyd edir ki, iddiaçıya əlilliyin təyin olunması barədə ##.##.2019-cu il tarixli inzibati aktın ləğv olunmasını şərtləndirən hallar barədə məlumat cavabdehə Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ##.##.2020-ci il tarixli məktubu ilə verilmişdir. Cavabdeh "Əlillik" altsistemində iddiaçının əlilliyini ##.##.2021-ci ildə etibarsız hesab etmiş və müvafiq məlumatı aldığı gündən həmin günədək ötən müddət 3 ay 23 gün olmuşdur. Bundan sonra Bakı Inzibati Məhkəməsinin qərarı ilə əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsi cavabdehin üzərinə qoyulmuş və məhkəmənin qərarına əsasən, cavabdeh tərəfindən əlillik ##.##.2024-cü ildə bərpa edilmişdir. Həmin gündən əlilliyin ləğv edildiyi ##.##.2024-cü ilədək ötən müddət 3 ay 26 gün olmuşdur. Əvvəlki 3 ay 23 gün müddəti göstərilən 3 ay 26 gün müddətlə topladıqda, bunun cəmi 7 ay 19 gün təşkil edir ki, bu da qanunla nəzərdə tutulmuş 1 ildən azdır. Cavabdehin məlumatı aldığı ##.##.2020-ci ildən əlilliyi ləğv etdiyi ##.##.2024-cü ilədək ötən müddətin qalan hissəsi cavabdehdən asılı olmayan səbəbdən keçdiyinə görə həmin 1 ilə daxil edilmir. Deməli, cavabdeh "Inzibati icraat haqqında" Qanunun 67.12-ci maddəsində nəzərdə tutulmuş 1 illik müddətə riayət etmişdir, bu səbəbdən apellyasiya şikayəti əsassızdır. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəldi ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur, ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar