Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3818/2023 30.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7740/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati mübahisə üzrə işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixdə doğulmuş X4 doğum haqqında akt qeydində dəyişiklik edilərək, X4 ata adının “Mirzə”, ata qrafasında isə “X8” yazılması və qeyd edilən dəyişikliklər edilməklə doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi bununla əsaslandırmışdır ki, onun xx.xx.2021-ci il tarixdə X9 adlı qız övladı doğulmuşdur. Qızı qeyri-rəsmi nikah münasibətindən doğulduğuna görə ona doğum haqqında şəhadətnamə alan zaman ata adını formal olaraq “X10” kimi yazdırmış, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə, 804 nömrə ilə qeyd aparılmışdır. Bioloji atasının adını yazdırmamağına səbəb isə həmin ərəfələrdə ondan incik olması olmuşdur. İndi anlayır ki, səhvə yol vermişdir. Çünki qızının atası Azərbaycan vətəndaşı olan X7r. X11 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Hesab edir ki, qızına onun soyadının verilməsi mümkün olmasa da, ata adı düzgün qeyd edilməlidir. Gələcəkdə atasının kimliyini bilmək, onun adını daşımaq qızının hüququdur. Bu məqsədlə o, ərizə ilə Cavabdehnə müraciət edərək, xx.xx.2021-ci il tarixdə doğulmuş X4 doğum haqqında akt qeydlərində dəyişiklik edərək, X4 ata adının “Mirzə”, ata qrafasında isə “X8” yazılmasını və qeyd edilən dəyişikliklər edilməklə doğum haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli cavab məktubunda ona bildirilmişdir ki, doğum haqqında akt qeydində ata barədə məlumatların dəyişdirilməsi imkanları xaricindədir və aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7740/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti aşağıdakı kimi əsaslandırılmışdır: Bakı İnzibati Məhkəməsi iddianın mümkün sayılmasını belə əsaslandırmışdır ki, “mülki mühakimə icraatı qaydasında qəbul edilən məhkəmə qətnaməsi əsasında mümkün olması, atalıq müəyyən edilmədən X5 Nilay Hümbətlinin atası olması barədə doğum haqqında akt qeydinə düzəliş edilməsi və yeni şəhadətnamə verilməsinin mümkünsüz olması, bu məsələlərin isə mülki mühakimə icraatının predmeti olması səbəbindən məhkəmə hesab edir ki, hazırkı iddia mümkünsüz iddiadır.” Bakı İnzibati Məhkəməsi nəzərə almamışdır ki, “X8”nun Nilay Hümbətlinin atası olması barədə məsələ mülki mühakimə icraatının predmeti ola bilməz. Çünki qızının bioloji atası “X8” deyil, xx.xx.2022ci il tarixdə vəfat etmiş Azərbaycan Respublikasının vətəndaşı X7r. Odur ki, “X8”nun Nilay Hümbətlinin atası olması barədə məsələ mülki mühakimə icraatı qaydasında həll edilə bilməz. Eyni zamanda o, uşağının doğum haqqında akt qeydində ata adının xx.xx.2022-ci il tarixdə vəfat etmiş X6 adı ilə deyil, onun ərizəsinə əsasən, onun soy adına uyğun “X8” olaraq yazılmasını xahiş etmişdir. Belə olan halda da X6 Nilay Hümbətlinin atası olması barədə məsələnin mülki mühakimə icraatı qaydasında həll edilməsi hazırkı iddiaya mahiyyəti üzrə baxılmasına maneə ola bilməz. Onun iddia tələbi atalığın müəyyən edilməsi ilə yox, doğum haqqında akt qeydində dəyişiklik edilməsi ilə bağlıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək qərardadın ləğv edilməsini, və işin yenidən baxılması üçün geri qaytarılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixində Füzuli rayonu Alxanlı İ.N-də xx.xx.1987-ci il təvəllüdlü X12 ilə nikaha daxil olmuş, xx.xx.2019-cu il tarixində 3 saylı Bakı “Asan xidmət” mərkəzi Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən həmin nikah pozulmuşdur. X2 doğumu 3 saylı Bakı “Asan xidmət” mərkəzi Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən 804 saylı aktla xx.xx.2021-ci il tarixində qeydə alınmışdır. X4 ata adı kimi X10, ana adı kimi İddiaçı göstərilmişdir. Akt qeydindən görünür ki, ata haqqında qeydlər tək ananın ərizəsinə əsasən yazılmışdır. Həmin məlumatın yazılmasına əsas olan iddiaçının xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, 3 saylı Bakı “Asan xidmət” mərkəzi Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə müraciət edərək, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü və 168.2-ci maddələrinin tələbinə müvafiq olaraq qızının doğumu haqqında akt qeydində ataya dair məlumat qrafasında uşağın atasının adının Hakan, babasının adının Engin, atasının milliyyətinin türk kimi göstərilməsini xahiş etmişdir. İddiaçının hazırkı tələbi qızı X4 atasının X6 olduğunu iddia edərək onun barəsində tərtib edilmiş doğum haqqında akt qeydinə dəyişiklik edilməsi və qeyd edilən dəyişikliklər edilməklə doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticə ilə razılaşaraq qeyd edir ki, M.X3 atası kimi yazılması üçün tələb olunan qərar inzibati mühakimə icraatı qaydasında qəbul edilən qərar deyil, Ailə Məcəlləsinin 45.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq atalığın tanınması faktı barədə mülki məhkəmənin qərardır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən: - 44.3. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. - 46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 46.3. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. 47.1. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. 47.2. Bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. - maddə 187.1. Atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında, ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlik hüquqlarından məhrum olunduqda və ya onun yaşayış yerini müəyyən etmək mümkün olmadıqda isə atanın ərizəsi üzrə qeydə alınır. - maddə 188. Atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"na əsasən: ....... - 2.8. Doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: - 2.8.2. valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; - 2.8.3. uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında aktın qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır; - 2.9. Bu Qaydanın 2.8.1 və 2.8.2-ci yarımbəndlərinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. ..... - 6.2. Atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. - 6.6. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, habelə uşaq yetkinlik yaşına çatdıqda Qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsini atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi ilə məhkəmə qaydasında müəyyən edildikdə sonra Azərbaycan Respublikası Ailə Məcəlləsinin 187.1-1-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş atalığın müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən qeydə alır. - 6.7. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının Qeydiyyat şöbəsinə və konsulluq idarəsinə birgə ərizə vermələri ilə müəyyən olunur. - 6.14. Doğum haqqında akt qeydində ata haqqında məlumat göstərilmişdirsə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsi barədə ərizəni qəbul etməmişdən əvvəl doğum haqqında akt qeydində ata haqqında məlumatın hansı əsasla yazıldığını yoxlamalıdır. Uşağın doğum haqqında akt qeydində ata haqqında məlumat nikahın bağlanması və ya atalığın müəyyən edilməsi haqqında akt qeydlərinə əsasən yazılmışdırsa, doğum haqqında akt qeydində müvafiq dəyişikliyin edilməsi barədə məhkəmənin qərarı olmadan atalığın müəyyən edilməsinin qeydə alınmasından imtina olunmalıdır. - 6.16. Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. İşin hallarından aydındır ki, iddiaçı N.Hümbətlinin ata adının Mirzə, baba adının Mehdi oğlunu iddiaçı tərəfindən bildirilsə də, bununla bağlı həmin şəxsin ərizəsi və ya məhkəmə qərarı təqdim edilməmişdir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “ iddiaçı hazırda çatmaq istədiyi məqsədə nail olmaq üçün xüsusi icraat qaydasında atalığın tanınması faktının müəyyən olunması barədə ərizə ilə müvafiq ümumi məhkəməyə müraciət etməli, yalnız həmin məhkəmə icraatı çərçivəsində qərar qəbul edildikən sonra qeydiyyat orqanına müraciət etməlidir”. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. AR Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15-ci hissəsinə əsasən İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə, İddiaçı iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmamasını nəzərə alaraq, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Apellyasiya baxışı zamanı mübahisələndirilən qərardadın ləğvi üçün hər hansı əsas müəyyən edilməmişdir. AR İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, yuxarıda sadalanan halları nəzərə alaraq kollegiya bu nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, məhkəmənin mübahisələndirilən qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7740/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3818/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3818/2023
30.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver