Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3818/2025 11.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X19 Oruczadənin sədrliyi və məruzəsi ilə, X18 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi X13 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırkı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə) qarşı (üçüncü şəxs X21) “mənzilə dair ayrıca çıxarışın verilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4440/2025 nömrəli, 03 iyun 2025-ci il tarixli qərarından üçüncü şəxs X21 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X12 küçəsi, ev 14 ünvanında yerləşən fərdi yaşayış evinə yeni ünvan təyin edilməsi və həmin tikiliyə dair digər şəxslərin adları qeyd olunmadan mülkiyyət hüququ haqqında ayrıca çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Binəqədi rayon M.Ə.Rəsulzadə qəsəbəsi X12 küçəsi (əvvəlki adı 26 Bakı komissarı) ev 14 saylı fərdi yaşayış evini X4 Bakı şəhəri 27-ci Dövlət Notariat Kontorunun 164319 saylı, 25 sentyabr 2002-ci il tarixli alqı satqı müqaviləsinə əsasən almışdır. 13 dekabr 2002-ci ldə mülkə Bakı Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat idarəsində 018235 saylı seriya FM xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsi və texniki pasport almışdır. İddiaçıya verilən 018235 saylı xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsində digər paylar üzrə qonşu, yəni M.Ə.Rəsulzadə qəsəbəsi X12 küçəsi (əvvəlki adı 26 Bakı komissarı) ev 14 ” B” saylı fərdi yaşayış evinin sahibi şəxsiyyət vəsiqəsi AZE ********* X8 adı soy adı ata adı qeyd olunmuşdur. 3-cü şəxs alıcı X20 dövlət notariusunda xx.xx.2004-cü ildə alqı satqı müqaviləsinə əsasən 14”B” saylı evə xx.xx.2004-cü ildə seriya FM N» 028892 qeydiyyat vəsiqəsi X6 adına verilmişdir. Binəqədi rayon M.Ə.Rəsulzadə qəsəbəsi X12 küçəsi (əvvəlki adı 26 Bakı Komissarı) ev 14 saylı fərdi yaşayış evini yəni mülkünü Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat idarəsində 30/26973 saylı, xx.xx.2002-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reysteri xidmətindən verdiyi Seriya FM 018235 saylı xx.xx.2002-ci il tarixli Qeydiyyat vəsiqəsində hələ də köhnə SSR-dən qalmış küçə ad (26 Bakı Komisarı) və X8 adı soyadı göstərilməklə hələ də qalmaqdadır. İddiaçıya məxsus qeydiyyat vəsiqəsində 3-cü şəxs qonşusu 14 “B” mülkün sahibi X20 öz 14 “B” mülkünü xx.xx.2004-cü ildə başqa bir vətəndaşa X7 notariusla sataraq çıxıb getmişdir. Həmin vətəndaş da öz adına Daşınmaz Əmlakın Dövlət Reysteri xidmətindən xx.xx.2004cü ildə serya FM 028892 saylı qeydiyyat vəsiqəsi almışdır. İddiaçı göstərilən tələblə cavabdehə müraciə etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdeh tərəfindən verilmiş iddiaya etiraz onunla əsaslandırılmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsi üzərində hüquqlar qeydiyyata alındıqdan sonra fərdi yaşayış evinin təqdim edilmiş bölgü sxeminə uyğun bölünməsi üçün tərəflər arasında payların miqdarının müəyyən edilməsi, yaxud payların miqdarının dəyişdirilməsi haqqında müqavilə həm müstəqil sənəd tərtib etmək yolu ilə, həm də hüquqmüəyyənedici sənəddə qeyd yazmaq yolu ilə rəsmiləşdirilə bilər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X21 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4440/2025 nömrəli 03 iyun 2025-ci il tarixli qərarı ilə (hakim T.Məlikov) iddia təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X12 küçəsi, ev 14 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisinin tam mülkiyyətçisi kimi İddiaçı göstərilməklə evin texniki sənədlərinə uyğun şəkildə daşınmaz əmlakın dövlət reyestrindən ayrıca çıxarışın verilməsi və həmin evə yeni ünvan təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin edərkən iddiaçının heç bir rəsmi sənədə əsaslanmadan tərtib etdiyi bölgü aktına əsaslanmışdır. Halbuki, rəsmi arxiv sənədlərindən də göründüyü kimi onlara məxsus əmlakın ölçüləri ilə iddiaçının təqdim etdiyi bölgü aktındakı ölçülər fərqlidir. İstinad etdikləri sənədlər reyestr xidmətinin arxivində olan və 1950-60-cı illərdən tərtib edilib təsdiq edilmiş texniki sənədlərdir. Məhkəmə bu sənədlərə əhəmiyyət vermədən qərar çıxarmışdır. Apellyasiya şikayətinə qarşı etiraz: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti tamamilə əsassız, qərəzli, şər və böhtan xarekterlidir. Ona görə ki, Bakı İnzibati Məhkəməsinin hakimi çox aydın şəkildə cavabdeh 1 saylı Bakı ərazi idarəsinin nümayəndəsi ilə araşdırıb 2003-cü il, 2004-cü il texniki inventarlaşma və mülkiyyət hüququnun qeydiyyat idarəsi tərəfindən verilmiş texniki pasporta yazılmış 530.23 kv m torpaq sahəsində yerləşən ev 14 A və ev 14 B yaşayış evlərinə tərtib edilmiş texniki pasport gösdəricilərinə əsasən qərar çıxarmışdır. İddiaçı Binəqədi rayon M.Ə.Rəsulzadə qəsəbəsi X12 küçəsi (əvvəlki adı 26 Bakı Komissarı) ev 14 saylı fərdi yaşayış evini X4 Bakı şəhəri 27-ci Dövlət Notariat Kontorunun 164319 saylı 25 sentyabr 2002-ci il tarixli alqı satqı muqaviləsinə əsasən almışdır. 13 dekabr 2002-ci ildə mülkünə Bakı Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat idarəsində 018235 saylı seriya FM xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsi və texniki pasport almışdır. Ona verilən 018235 saylı xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsində digər paylar üzrə qonşusu, yəni M.Ə.Rəsulzadə qəsəbəsi X12 küçəsi (əvvəlki adı 26 Bakı Komissarı) ev 14 “B” saylı fərdi yaşayış evinin sahibi şəxsiyyət vəsiqəsi AZE ********* X8 adı, soyadı, ata adı qeyd olunmuşdur. Hikmət Həsənov 14 B evi vətəndaş alıcı X9 dövlət notariusunda xx.xx.2004-cü ildə alqı satqı müqaviləsinə əsasən xx.xx.2004-cü ildə seriya FM № 028892 qeydiyyat vəsiqəsi almışdır. Binəqədi rayon M.Ə.Rəsulzadə qəsəbəsi X12 küçəsi (əvvəlki adı 26 Bakı Komissarı) ev 14 saylı fərdi yaşayış evini, yəni mülkünü Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat idarəsində 30/26973 saylı xx.xx.2002-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən onun adına verilmiş Seriya FM № 018235 saylı xx.xx.2002-ci il tarixli Qeydiyyat vəsiqəsində hələ də köhnə SSR-dən qalmış küçə ad (26 Bakı Komisarı) həm də onun adında olan çıxarışda ev 14 Bnin 1-ci ev sahibi X8 adı, soyadı göstərilməklə hələ də qalmaqdadır. Ona məxsus qeydiyyat vəsiqəsində qonşusu 14 “B" mülkün sahibi X20 öz 14 “B” mülkünü xx.xx.2004cü ildə X9 notariusla sataraq çıxıb getmişdir. Həmin vətəndaş da özünə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xx.xx.2004-cü ildə seriya FM 028892 saylı qeydiyyat vəsiqəsi almışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştiraklarını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: İddia mümkün olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. - 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. - 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. - 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. - 215.3-cü maddəsinə əsasən paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. - 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. - 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. - 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 avqust tarixli 1142 saylı Fərmanı ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunun 2.1-ci bənddə qeyd edilmişdir ki, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı təqdim edilən elektron çıxarışda aşağıdakılar göstərilir: 2.1.1. Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri; 2.1.2. Dövlət Xidmətinin adı; 2.1.3. hüququ rəsmiləşdirilən (qeydiyyata alınan) şəxs (şəxslər) haqqında məlumat:
1. fiziki şəxs olduqda – soyadı, adı, atasının adı;
2. hüquqi şəxs olduqda – tam adı (o cümlədən təşkilati-hüquqi forması); 2.1.4. daşınmaz əmlakın növü; 2.1.5. daşınmaz əmlakın ünvanı; 2.1.6. daşınmaz əmlakın mülkiyyət növü; 2.1.7. daşınmaz əmlak üzərində hüququn növü; 2.1.8. daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə); 2.1.9. torpaq sahəsinin mülkiyyət növü; 2.1.10. torpaq sahəsi üzərində hüququn növü; 2.1.11.torpaq sahəsinin kateqoriyası (Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən edilmiş kateqoriyalardan biri); 2.1.12. torpaq sahəsinin ölçüsü (hektarla); 2.1.13. daşınmaz əmlakın dövlət reyestr nömrəsi; 2.1.14. daşınmaz əmlakın qeydiyyat nömrəsi; 2.1.15. daşınmaz əmlakın qeydiyyat tarixi; 2.1.16. daşınmaz əmlak ümumi birgə mülkiyyətdə olduqda – hər bir hüquq sahibinin adı, ümumi paylı mülkiyyətdə olduqda isə, əlavə olaraq – hər bir hüquq sahibinin payı; 2.1.17. reyestr kitabının və onun vərəqinin nömrəsi; 2.1.18. dövlət reyestrindən elektron çıxarışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı. 2.4. Daşınmaz əmlak ümumi mülkiyyətdə olduğu halda elektron çıxarış hər bir mülkiyyətçiyə təqdim edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir:
İş materiallarında olan: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, torpaq sahəsi üzərində hüquqlar qeydiyyata alındıqdan sonra fərdi yaşayış evinin təqdim edilmiş bölgü sxeminə uyğun bölünməsi üçün tərəflər arasında payların miqdarının müəyyən edilməsi, yaxud payların miqdarının dəyişdirilməsi haqqında müqavilə həm müstəqil sənəd tərtib etmək yolu ilə, həm də hüquqmüəyyənedici sənəddə qeyd yazmaq yolu ilə rəsmiləşdirilə bilər. Birinci instansiya məhkəməsinin müvafiq sorğusuna əsasən cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin təsdiq edilmiş surətindən görünür ki: - 112726 saylı, xx.xx.2001-ci il tarixdə bağlanmış notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X5 mülkiyyətində olan ünvan 2 ünvanındakı evin “B” tikilisini X2. - 164319 saylı xx.xx.2002-ci il tarixdə bağlanmış notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X5 xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan ünvan 2 ünvanındakı evin özünə aid olan hissəsini İddiaçı satmışdır. - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Seriya FM 018235 nömrəli, xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 26 Bakı Komissarı küçəsindəki 14 saylı evin “A” tikilisi İddiaçı adına, “B” tikilisi X8 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. - Bakı şəhəri 27 saylı DNK-da xx.xx.2004-cü il tarixdə təsdiq edilib, dövlət reyestrində 4Ə-3/528 sayla qeydiyyatı aparılmış alqı-satqı müqaviləsinin surətindən görünür ki, X20 xx.xx.2001-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan Bakı şəhəri, M.Rəsulzadə qəsəbəsi, 26 ünvan 3 ünvanda yerləşən mülkün «B» tikilisini bütövlükdə X1. - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı verilmiş fərdi yaşayış evinin texniki pasportundan görünür ki, ümumilikdə 530,23 kv.m torpaq sahəsində yerləşən “A” və “B” yaşayış evlərinin texniki göstəriciləri tərtib edilmişdir. - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Seriya FM 028892 nömrəli, xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X12 küçəsi, ev 14 ünvanında yerləşən 14 saylı evin “A” tikilisi İddiaçı adına, “B” tikilisi X6 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X12 küçəsində yerləşən, sahəsi 197,8 kv.m olan fərdi yaşayış evinin “B” tikilisi X6, “A” tikilisi İddiaçı paylı mülkiyyətindədir. - xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X15 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X12 küçəsi, ev 14 ünvanında yerləşən ümumi sahəsi 197,8 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə ona məxsus olan hissəsini X3. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X12 küçəsi, ev 14 ünvanında yerləşən ümumi sahəsi 197,8 kv.m olan fərdi yaşayış evinin “B” tikilisi X16, “A” tikilisi İddiaçı paylı mülkiyyətindədir. - Azərbaycan Respublikasının Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, xx/xx-16221 nömrəli məktubdan görünür ki, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Məmmədquluzadə küçəsi 14 saylı mülki arxiv sənədlərinə əsasən: “A” tikilisi 50,1 kv.m, yaşayış otağı 71,3 kv.m (bağlı eyvan, mətbəx, hamam, giriş, anbar, açıq eyvan, təsərrüfat otağı) köməkçi sahədən ibarətdir. Həyətyanı torpaq sahəsində 24 kv.m daş qaraj var; “B” tikilisi 31,7 kv.m iki yaşayış otağı, 59,1 kv.m (dəhliz, hamam-ayaqyolu, mətbəx, qaraj, təsərrüfat otaq) köməkçi sahədən ibarətdir. İşin faktiki hallarından göründüyü kimi, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X12 küçəsi, ev 14 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyətdə olmaqla, reyestr qeydiyyatından çıxarışlara və texniki sənədlərə əsasən iki hissədən – “A” və “B” tikililərindən ibarətdir. Hər iki tikili daşınmaz əmlakın dövlət reyestrində ötən əsrin 90-cı illərindən daşınmaz əmlakın dövlət reyestrində ayrı-ayrı şəxslərin adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Qeyd olunan tikililər hazırda müvafiq olaraq iddiaçının və X16 (B tikilisi) mülkiyyətindədir. Həmin mülkiyyət hüquqları notariat qaydasında təsdiqlənmiş əqdlərlə rəsmiləşdirilmiş və dövlət qeydiyyatından keçmişdir. İddiaçı “A” tikilisini xx.xx.2002-ci il tarixdə notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında əvvəlki mülkiyyətçi X4 əldə etmişdir. Göründüyü kimi, hər iki yaşayış sahəsi ayrıayrılıqda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, sonradan bu hüquqlar ayrı-ayrı alqı-satqı müqavilələrinin predmeti olmuş və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqlar müxtəlif şəxslərə ötürülmüşdür. Qeyd olunan hüquqi aktlar faktiki olaraq mübahisəli ünvandakı fərdi yaşayış evinin struktur baxımından bölgüsünü və hər bir mülkiyyətçiyə aid hissənin sərhədlərini müəyyən etmişdir ki, bu da payların ayrılığını hüquqi baxımdan legitimləşdirir. Cavabdeh tərəfindən isə iddiaçının fərdi yaşayış evinə dair qanuni əsaslarla əldə edilmiş hüquqları nəzərə alınmamış, iddiaçının torpaq sahəsinə dair hər hansı tələb irəli sürmədiyi şəraitdə, sırf torpaq sahəsinə dair hüquqların qeydiyyatı başa çatmadığı üçün fərdi yaşayış evinə dair ayrıca çıxarışın verilməsinin qeyrimümkün olduğu bildirilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən araşdırılmanın yekunu olaraq qəbul edilmiş məhkəmə qərarından cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayəti verilməmişdir. İş üzrə cəlb edilmiş üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin isə əsas dəlili ondan ibarətdir ki, əmlakın texniki sənədlərindəki ölçüləri ilə iddiaçının təqdim etdiyi bölgü aktındakı ölçülər fərqlidir. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqana müvafiq sorğu ünvanlanaraq müayinə (baxış) aktı tələb olunmuş, eyni zamanda Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı adına verilmiş texniki pasport nəzərə alınmaqla, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X12 küçəsi (əvvəlki adı 26 Bakı komissarı), ev 14 saylı fərdi yaşayış evinin “A” tikilisinin və ona aid olan tikilillərin sənəd üzrə ölçüsünün nə qədər olması, həmçinin “B” tikilisinin və ona aid olan tikililərin sənəd üzrə ölçüsünün nə qədər olması barədə ətraflı məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan 3-21-3-30/2-59709/2025 nömrəli 11 dekabr 2025-ci il tarixli məktubla bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən texniki pasportla bölgü sxemi (bölünməsi nəzərdə tutulan ərazi) arasında perimetrik ölçü və bəzi hissələrdə konfiqurasiya fərqi mövcuddur. Bundan əlavə torpaq sahəsi üzərində yerləşən daşınmaz əmlak paylı olaraq **********22-10301 reyestr nömrəsi ilə İddiaçı (A tikilisi) və X16 (B tikilisi) adına qeydiyyatdan keçib. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə(baxış) aktı, koordinatlarını əks etdirən sxem və əmlaka dair fotoşəkillər məhkəməyə təqdim edilmişdir. 23 oktyabr 2025-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, faktiki olaraq torpaq sahəsinin perimetrik ölçülərində fərq var. Torpaq sahəsi 49.8 m2 artıqdır. Ərizəçiyə məxsus hissə A-tikilisidir. Ərizəçinin hissəsində (A-tik) rekonstruksiya işləri aparılaraq 1-ci mərtəbənin ümumi sahəsi Süm≈53.6 m2, yarımzirzəmi sahəsi isə S≈43.0 m2 genişləndirilmişdir. 1-ci mərtəbədəki 6 saylı sahənin daxili perimetrik ölçüsündə fərq yaranmışdır. B-tikilisində dəyişiklik yoxdur. Həyətyanı sahənin üzərindən keçən yüksək gərginlikli elektrik xətti hal-hazırda sökülmüşdür, mövcud deyil. Baxılması üçün koordinatlar, baş plan və vətəndaş tərəfindən təqdim olunmuş sənədlər işə əlavə olundu. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2- 7600/2026 nömrəli 10 fevral 2026-cı il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, göstərilən torpaq sahəsi arxiv texniki pasportuna əsasən 530.2 olsa da, faktiki olaraq isə 580.0 kv.m təşkil edir. Sahə üzərində “A” literli yaşayış evi sənəd üzrə 121.4 kv.m (yaşayış sahəsi 50.1 kv.m) olsa da, faktiki olaraq 218.0 kv.m (yaşayış sahəsi 117.0 kv.m) təşkil edir. “B” literli yaşayış evi isə sənəd üzrə və faktiki olaraq 86.8 kv.m-dir (yaşayış sahəsi 31.7 kv.m). Faktiki vəziyyət ilə texniki pasport arasında perimetrik ölçü fərq mövcuddur. Bundan əlavə iddiaçının hissəsində “A” literli yaşayış evində rekanstruksiya işləri aparılaraq 1-ci mərtəbənin ümumi sahəsi təqribi 53.6 kv.m, yarımzirzəmi sahəsi isə təqribi 43.0 kv.m genişləndirilmişdir. Həmçinin 1-ci mərtəbədəki 6 saylı sahənin daxili perimetrik ölçüsündə fərq yaranmışdır. “B” literli yaşayış evində dəyişiklik yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin dəlilinə münasibətdə diqqətə çatdırır ki, iddiaçı hər hansı əlavə sahəyə deyil, qanunla müəyyən edilmiş və digər hissədən - “B” tikilisindən tam təcrid olunmuş “A” tikilisinə dair ayrıca çıxarışın verilməsini tələb etmiş və birinci instansiya məhkəməsi də haqlı olaraq cavabdeh inzibati orqanın üzərinə faktiki deyil, iddiaçıya məxsus “A” tikilisinə dair texniki sənədlərdə göstərilən ölçülərə uyğun olaraq ayrıca çıxarış verilməsi öhdəliyinin qoyulması nəticəsinə gəlmişdir. Bununla da birinci instansiya məhkəməsi iddiaçının özünə məxsus olan “A” tikilisinə dair texniki sənədlərə uyğun şəkildə ayrıca çıxarışın verilməsini tam əsaslı saymaqla düzgün hüquqi mövqe sərgiləmişdir. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, iddiaçıya ayrıca çıxarışın verilməsi həyata keçirilərkən, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi” Qaydalarının 3.2-ci maddələrinin tələbləri baxımından daşınmaz əmlak obyektinə yeni ünvanın verilməsi məsələsi də həll olunmalıdır. Bu baxımdan da birinci instansiya məhkəməsi qanuni nəticəyə gəlmişdir. Beləliklə, inzibati işin araşdırılmış hallarından göründüyü kimi, iddiaçıya məxsus “A” tikilisinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ayrıca çıxarışın və yeni ünvanın verilməsindən imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası fikrini ümumiləşdirərək qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur . - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilmə Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla əsassız olduğundan təmin edilməməlidir.
Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs X21 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4440/2025 nömrəli, 03 iyun 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli