Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3819/2025 04.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əkbərov Kamran Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qasımov Vidadi Kamal oğlundan və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5039/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun hərbi xidmət vəzifəsini yerinə yetirərkən hərbi travma alıb 1-ci qrup əlil olmağını nəzərə alıb Qax Rayon İcra Hakimiyyətində olan mənzil növbəsinin Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə dəyişilməsi vəzifəsinin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1984-cü il də Qax rayonu Qaxmuğal kəndində anadan olmuş, Qax rayon hərbi komissarlığı tərəfindən 2002-ci il tarixdə hərbi xidmətə çağrılmış, hərbi xidmət dövründə hərbi xidmət vəzifələrini yerinə yetirərkən hərbi travma almışdır. 1-ci qrup əlildir, Qax Rayon İcra Hakimiyyəti başçısının 26 avqust 2014-cü il tarixli 201 saylı sərəncamına əsasən mənzil növbəsinə ğötürülmüşdür. 08 iyul 2022-ci ildən Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında qeydiyyatdadır. Ailəsilə birlikdə kirayədə yaşayır. Bakı şəhər Cavabdeh başçısının Aparatına müraciət edərək Qax Rayon İcra Hakimiyyətində olan mənzil növbəsinin Xətai Rayon İcra Hakimiyyətnə köçürülməsini xahiş etmiş, lakin onun Bakı şəhəri, Xətai rayonu, ünvan 5 ünvanda qeydiyyatda olmağı əsassız olaraq səbəb kimi göstərilərək yaşayış sahəsinə ehtiyaçı olan bir şəxs kimi uçota götürülməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
II. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5039/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş Qax Rayon İcra Hakimiyyəti başçısının 26 avqust 2014-cü il tarixli, 701 saylı Sərəncamına əsasən, İddiaçı hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi mənzil növbəsinə götürülməsi nəzərə alınmaqla, 26 avqust 2014-cü il tarixdən etibarən hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün nəzərdə tutulmuş mənzil növbəsi siyahısına daxil edilməsi cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır.
4. Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, “Göründüyü kimi, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota almaqdan imtinanın əsasları Mənzil Məcəlləsinin 53.1-ci maddəsində konkret müəyyən edilmişdir. Lakin cavabdeh iddiaçıya münasibətdə həmin əsaslardan hər-hansı birinə istinad etməyərək formal əsaslarla müraciətin təmin edilməsindən imtina etmiş, sübutlar təqdim etməmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçının hazırda Bakı şəhərinə ərazi bağlılığını təsdiq edən kifayət qədər sübutlar mövcuddur.”
5. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
III. Apellyasiya şikayətinin dəlilləri:
Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Qax Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı əsasında 1-ci dərəcə Hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxs kimi güzəştli mənzil növbəsinə alınmış və 2022- ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, ünvan 6 ünvanına daimi qeydiyyata alındığında ünvan 7 sənədləri aidiyyəti üzrə qeydiyyatda olduğu Xətai Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Mənzil Məcəlləsinin 55.1.3-cü maddəsinə əsasən vətəndaşlar digər inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsində yaşamağa çıxdıqda yaşayış sahəsinə ehtiyacı olan qismində qeydiyyatdan çıxarılırlar. Biləsuvar rayonu ərazisi Bakı şəhərinin inzibati ərazi vahidi tərkibinə daxil olmadığından yeni yaşayış yerində qeydiyyata alınma tarixi saxlanılmaqla daxil edilməsi, hüquqi baxımdan mümkün deyildir..
IV. Tərəflərin izahatları:
6. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi.
7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Əsaslandırıcı hissə
V. İş materiallarında olan:
8. - AA******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1984-cü il təvəllüdlüdür. - Azərbaycan Respublikasının vətəndaşıdır. -AA3118993 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, X3 xx.xx.1985-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. - Qax rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, AZ-İ 233785 №-li Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Ağayeva (Tahirli) Pərvanə Rasim qızı arasında xx.xx.2006-cı il tarixdə nikah bağlanmışdır. - Qax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ 08789 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2007-ci il tarixdə Qax şəhərində doğulmuşdur. Atası İddiaçı, anası X3 qızıdır. - 6 saylı Bakı “ASAN Xidmət” X7 tərəfindən verilmiş AZ-İV 942856 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası İddiaçı, anası X3 qızıdır. - Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiq edilmiş, xx.xx.2014-cü il tarixli, 51№-li Qərarında qeyd olunmuşdur ki, “Qax RHK tərəfindən 2002-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı Hacırəsul oğlunun hərbi xidmət dövründə hərbi xidmət vəzifələrini yerinə yetirərkən xx.xx.2003-cü ildə aldığı və xx.xx.2003-cü ildən xx.xx.2003- cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu travma - diaqnoz: «OD postravmatik hemoftalm» (Azərbaycan Respublikası SHXÇDX-nin Qax rayon bölməsinin xx.xx.2013-cii il tarixli 902 nömrəli göndərişi, xx.xx.2023-cü il tarixli 302 nömrəli-arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.2003-cii il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MPİHK-nın həkim mütəxəssisioftalmoloqun rəyi ilə təsdiq edilir), «HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR». - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı Hacırəsul oğlu xx.xx.2022-ci il tarixdən Bakı şəhəri, Xətai rayonu, ünvan 8 ünvanında qeydiyyatdadır. - 242 saylı körpələr evi tərəfindən verilmiş arayışdan görünür ki, X8 həqiqətən 2011-2014-cü illər ərzində Bakı şəhəri, Xətai rayonu, 242 saylı körpələr evi-uşaq bağçasında tərbiyə almışdır. - Y.Yusifov adına 265 nömrəli orta məktəb tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 221 nömrəli arayışdan görünür ki, X8 həqiqətən 2015-2016-cı ildə Bakı şəhəri, Xətai rayonu Y.Yusifov adına 265 nömrəli tam orta məktəbin 2-ci sinfinə qəbul olunmuş və 2019-2020-ci tədris ilində məktəbin 6 c sinfini bitirmişdir. - 70 nömrəli Məktəb-lisey tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 35 nömrəli arayışdan görünür ki, X8 həqiqətən Bakı şəhəri, Nizami rayonundakı 70 nömrəli məktəb-liseydə təhsil alıb. Halhazırda liseyin 11-ci sinif şagirdidir. - Qax Rayon İcra Hakimiyyəti tərəfindən sorğuya cavab məktubu əsasında təqdim edilmiş Qax Rayon İcra Hakimiyyəti başçısının Qax rayon İcra Hakimiyyəti yanında “rayonda imtiyazlı vətəndaşların mənzillə təmin olunması üzrə komissiya”nın xx.xx.2014- cü il tarixli 01 №li iclasının qərarına əsasən müraciət edən imtiyazlı vətəndaşların mənzil növbəsinə götürülməsi haqqında” Qax Rayon İcra Hakimiyyəti başçısının 26 avqust 2014- cü il tarixli, 701 saylı Sərəncamının təsdiq olunmuş surətindən görünür ki, RİH yanında “Rayonda imtiyazlı vətəndaşların mənzillə təmin olunması üzrə komissiya”nın xx.xx.2014- cü il tarixli 01 nömrəli iclasının tövsiyəsi nəzərə alınaraq hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar İİ qrup əlil İddiaçı mənzil növbəsinə götürülməsi, sərəncamın icrasının mənzillə təmin olunması üzrə komissiyasına tapşırılması qərara alınmışdır. Qeyd olunan sorğuya cavab məktubunda İddiaçı növbədə olduğu müddətdə rayon İcra Hakimiyyəti tərəfindən yaşayış sahəsi ilə təmin olunmadığı bildirilmişdir. - -AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilən 06 mart 2025-ci il tarixli sorğuya cavab məktubunda Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemindən əldə edilən məlumatlara əsasən İddiaçı xx.xx.2017-ci il tarixdən hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar-gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz 1-ci dərəcəli əlillik statusuna malik olduğu bildirilmişdir. - AR DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 26 mart 2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X2 xx.xx.2005-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ünvan 9-də, xx.xx.2022-ci il tarixdən hazıradək Bakı şəhəri, Xətai rayonu, ünvan 8-də, xx.xx.2023-cü il təvəllüdlü X9 xx.xx.2023-cü il tarixdən hazıradək, xx.xx.2007-ci il təvəllüdlü X8 xx.xx.2024-cü il tarixdən hazıradək və xx.xx.1985-ci il təvəllüdlü X4 xx.xx.2007-ci il tarixdən hazıradək ünvan 9 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. - Bakı şəhər Xətai rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı, ev sahibinin razılığı əsasında Bakı şəhəri, Xətai rayonu, ünvan 11 ünvanına qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, iddiaçının və digərlərinin adına qeydiyyata alınmış fərdi yaşayış ev, mənzil və yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi aşkar edilməmişdir. - Cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının mənzil növbəsinin köçürülməsi barədə müraciətinin təmin edilməsindən imtina edilmişdir.
VI. Tətbiq olunan hüquq
9. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir.
10. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4-cü maddəsinə əsasən Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4- cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6-cı maddəsinə əsasən Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. 53.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2-ci maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3-cü maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər.
11. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur.
12. Nəzərə alınmalıdır ki, 2009-cu il oktyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» 30 iyun 2009-cu il tarixli 845-İİİQ nömrəli Qanununun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qüvvədə olan digər qanunlar və normativ hüquqi aktlar bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir.
13. Azərbaycan SSR Nazirlər Sovetinin 418 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları»nın 2-ci bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar – mənzil-tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər.
14. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Həmin Əsasnamənin 4.6.9-cu bəndinə görə, əlilliyi olan şəxslərin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində tədbirlər görmək, onların bərpa müəssisələrinin fəaliyyətinə və inkişafına, əlilliyi olan şəxslərin reabilitasiya proqramlarının icrasına və əlilliyi olan şəxslərin həyat fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına dəstək vermək yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri sırasına aiddir. Həmin Əsasnamənin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyri normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir.
VII. Məhkəmənin mövqeyi
15. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
16. Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmasına “qanuni gözləntisi” varmı? Belə ki, X11 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
17. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );
18. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)
19. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı Qax Rayon İcra Hakimiyyəti başçısının 26 avqust 2014-cü il tarixli 701 nömrəli sərəncamına əsasən iddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi mənzil növbəsinə götürülmüşdür. Sonradan iddiaçı ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş və hazırda Bakı şəhəri Xətai rayonu ərazisində qeydiyyatda olmaqla faktiki yaşayır və övladları Bakı şəhərində yerləşən məktəblərdə təhsil alır. İddiaçı yaşayış və qeydiyyat yerini dəyişməsi ilə əlaqədar hazırkı tələbi ilə cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir.
20. İmtinanın əsası kimi iddiaçının xx.xx.2022-ci il tarixdə Xətai rayonu, ünvan 6 ünvanına daimi qeydiyyata düşməklə mənzil şəraitini süni sürətdə pisləşdirdiyini və Qax rayon ərazisinin Bakı şəhərinin inzibati ərazi vahidi tərkibinə daxil olmadığından yeni yaşayış yerində qeydiyyata alınma tarixi saxlanılmaqla daxil edilməsinin hüquqi baxımdan mümkün olmaması qeyd edilmişdir.
21. Məhkəmə kollegiyası hesab edir ki, imtina əsassızdır.
22. Belə ki, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota almaqdan imtinanın əsasları Mənzil Məcəlləsinin 53.1-ci maddəsində konkret müəyyən edilmişdir. Lakin cavabdeh iddiaçıya münasibətdə həmin əsaslardan hər-hansı birinə istinad etməyərək formal əsaslarla müraciətin təmin edilməsindən imtina etmiş, sübutlar təqdim etməmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçının hazırda Bakı şəhərinə ərazi bağlılığını təsdiq edən kifayət qədər sübutlar mövcuddur.
23. Nəzərə alınmalıdır ki, qanunun məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin etməkdən ibarətdir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyacların ödənilməsi üçün köməklik göstərilməsidir. Başqa sözlə, sosial müdafiəyə ehtiyacı olan şəxslərə köməklik göstərilməsinin meyarı onların həqiqətən də bu köməyə ehtiyacı olmasıdır.
24. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsdir, özünün və ailə üzvlərinin mülkiyyətində mənzil, fərdi yaşayış evi, eləcə də yaşayış təyinatlı torpaq sahəsi aşkar edilmir. Həmçinin Qax Rayon İcra Hakimiyyəti başçısının 26 avqust 2014-cü il tarixli, 701 saylı Sərəncamına əsasən, mənzil növbəsinə götürülsə də, müvafiq yaşayış sahəsi ilə təmin edilməmişdir. Odur ki, bu hal iddiaçının faktiki yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsinə mane olan hal kimi qiymətləndirilməməlidir.
25. Digər tərəfdən o da qeyd edilməlidir ki, iş materiallarından göründüyü kimi iddiaçının oğlu X8 2011- 2014-cü il tarixlərində Bakı şəhəri, Xətai rayonu, 242 saylı körpələr evi-uşaq bağçasında tərbiyə almış, həmçinin 2015-2016-cı ildə Bakı şəhəri, Xətai rayonu Y.Yusifov adına 265 nömrəli tam orta məktəbin 2-ci sinfinə qəbul olunmuş və 2019-2020-ci tədris ilində məktəbin 6 c sinfini bitirmiş, daha sonra isə 70 nömrəli Məktəb-liseyində təhsil almışdır.
26. Göründüyü kimi iddiaçının övladı da 2011-ci il tarixdən etibarən Bakı şəhərində təhsil almaqla yaşamışdır.
27. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, yeni Mənzil Məcəlləsi vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasının onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına müraciəti əsasında həyata keçirildiyini bildirir və bunun üçün onların həmin ərazidə minimum yaşama həddini müəyyənləşdirmir.
28. Həmçinin iddiaçının qeydiyyatını dəyişdirməsinin onun mənzil şəraitini süni pisləşdirməsi kimi qəbul edilməsi şəxsin özünə başqa yaşayış yerini azad seçmək hüququnu məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Bu baxımdan, hazırkı mübahisə üzrə Mənzil Məcəlləsinin 52-ci maddəsinin təsirinə düşə biləcək hər hansı hal müəyyən edilməmişdir.
29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.
30. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
31. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində mütənasiblik prinsipi “hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” kimi ifadə olunmuşdur. Mütənasiblik prinsipinin yaranması roman-german konstitusionalizminin ənənələri ilə əlaqələndirilir. Əvvəllər, 1950-1960-cı illərdə, mütənasiblik konsepsiyası X5 Məhkəməsi tərəfindən baxılan bir sıra işlərdə öz əksini tapmışdır. Bu konsepsiya Avropa hüququ və praktikası tərəfindən müharibədən sonrakı Almaniyanın konstitusiya hüququna əsaslanaraq qəbul olunmuşdur. Prinsip olaraq isə XVİİİ əsrin sonu – XİX əsrin birinci yarısında Prussiya inzibati hüququnda meydana çıxmışdır. Ümumi şəkildə Almaniya ictimai hüququnda işlənib hazırlanmış və Avropa hüququnda öz təkamülünü davam etdirən mütənasiblik testi aşağıdakı məsələlərin ardıcıl surətdə həll olunmasını nəzərdə tutur: 1) dövlət orqanlarının fərdi hüquqların (azadlıqların) həyata keçirilməsinə müdaxiləsi yer almışdırmı; 2) bu cür müdaxilə dövlətdaxili qanunla nəzərdə tutulmuşdurmu; 3) müdaxilənin məqsədi legitimdirmi (qanunidirmi); 4) arzuolunan məqsədə bu cür müdaxilə vasitəsinin tətbiqi ilə nail olmaq olarmı, başqa sözlə desək, istifadə olunan vasitə məqsədə nail olmaq üçün yararlıdırmı; 5) hansısa başqa, eyni dərəcədə yararlı, lakin daha az yorucu vasitə varmı, başqa sözlə, istifadə olunan vasitə legitim məqsədə nail olmaq üçün zəruridirmi; 6) istifadə olunan vasitə uyğundurmu (dar mənada proporsionaldırmı). Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: - bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; - hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; - məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mütənasiblik prinsipindən aktiv istifadə edilərək bu prinsipin anlayışına və mahiyyətinə yüksək diqqət yetirilir. Plenumun qərarlarında mütənasiblik prinsipinin mahiyyəti Konstitusiyanın və qanunların bilavasitə şərhi, həmçinin Avropa Məhkəməsinin qərarlarında ifadə olunan hüquq tətbiqetmə təcrübəsi əsasında açıqlanır. Konstitusiya Məhkəməsi Plenumunun X14 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.
32. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
33. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5039/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticə hissəsi
34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94- cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5039/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.