Məhkəmə qərarları › İş №2-1(103)-382/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-382/2021

15.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-382/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, X2 və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə (3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “yeni məlumat vərəqəsinin təqdim edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5084/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsi) “yeni məlumat vərəqəsinin təqdim edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun əmək pensiyası məbləğinin vəzifə maaşına, büdcədənkənar fonddan əmək haqqına tətbiq olunan əlavənin 60 faiz məbləğində artımlar barəsində müvafiq məlumat vərəqəsinin hazırda DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 18 yanvar 1993-cü ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində işə qəbul edilmiş, 01 iyul 2015-ci ildə Xaçmaz Gömrük İdarəsinin (indiki Şimal Ərazi Baş Gömrük İdarəsi) Təhqiqat Bölməsinin rəisi vəzifəsindən pensiya hüququ ilə vəzifəsindən azad olunmuşdur. Onun xüsusi rütbəsi olmaqla, 22 təqvim ilindən artıq iş stajı vardır. Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2011-ci il tarixli, 388 №-li Fərmanı ilə Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizi (sonradan 29 fevral 2016-cı il tarixli, 810 №-li Fərmanla 01 mart 2016-cı il tarixdən 50 faizi və 24 yanvar 2017ci il tarixli, 1207 №-li Fərmanla 01 fevral 2017-ci il tarixdən etibarən isə 60 faizi) Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına uyğun ödənilən əlavələr və digər əlavələr kimi daxil edilmişdir. Onun pensiya təyinatı üçün məlumat vərəqi DGK-dan DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim olunarkən vəzifə maaşına artırılan büdcədənkənar fondundan əmək haqqına tətbiq olunan əlavə artımlar nəzərə alınmadan, yəni 25 faiz hesablanmışdır. Hazırda qeyd olunan əlavə 60 faiz nəzərdə tutulduğundan əmək pensiyası hesablanarkən bu məbləğ əsas götürülməlidir. Lakin onun üçün bu məbləğ hesablanmamışdır. Ona görə də əhəmiyyətli dərəcədə az pensiya alır. Onun “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 3-cü bəndinə əsasən pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə komitə sədrinin müvafiq əmrinə əsasən gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24.01.2017-ci il tarixli 1207 saylı Fərmanına, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanuna və onun 22 təqvim ilindən artıq xidmət edərək yaşa görə pensiya hüququ qazandığı üçün qüvvədə olan “Əmək pensiyaları” haqqında Qanunun 26.3-cü, 32.1-1-ci maddələrinə uyğun olaraq gömrük orqanı əməkdaşlarının aylıq vəzifə maaşına edilən büdcədənkənar ödənişlərin (hazırda 60 faiz) və digər əlavələrin təminat xərcliyinə (pul təminatına) hesablamaqla yeni məlumat vərəqəsinin DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət etmiş, müraciətinə cavab olaraq bildirilmişdir ki, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi DSMF-nin səlahiyyətlərinə aid edilmişdir. Lakin DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı cavabında bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli, 135 №-li qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi hərbi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların (bu halda Dövlət Gömrük Komitəsi) müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin olunması üçün Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilir. Hesab edir ki, cavabdeh kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin həmin cavabı əsassızdır. Cavabdeh tərəfindən iddiaya dair etiraz daxil olmuşdur. Etirazda göstərilmişdir ki, İddiaçı Komitə sədrinin 01,06.2015-ci il tarixli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 3-cü bəndinə əsasən gömrük orqanlarında xidmətlərinə xitam verilmişdir. Azərbaycan Respublikasının 07.12.1999-cu il tarixli 768-İQ N-li Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamənin 113cü maddəsinə əsasən gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikasının 07.12.1999-cu il tarixli 768-İQ №li Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 93-cü maddəsinə əsəsən gömrük orqanlarının vəzifəli şəxslərinin əmək haqqı vəzifə maaşlarından, xüsusi rütbələrə, fasiləsiz xidmət illərinə, elmi dərəcəyə görə əlavələrdən, habelə natural şəkildə verilməyən ərzaq payının dəyərindən və qanunvericilikdə nəzərdə tutulan digər əlavələrdən ibarətdir. “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25.02.2011-ci il tarixli 388 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizinin (sonradan 29.02.2016-cı il tarixli 810 nömrəli Fərmanla 50 faizinin və 24.01.2017ci il tarixli 1207 nömrəli Fərmanla isə 60 faizinin) Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına nəzərdə tutulmuş əlavələr yuxanda qeyd olunan Əsasnamədə nəzərdə tutulan digər əlavələrə daxildir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25.02.2011-ci il tarixli 388 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunması nəzərdə tutulmuşdur. Yuxanda qeyd olunan Fərmanın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.12.1997-ci il tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları”nı bu Fərmana uyğunlaşdırmaq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.12.1997-ci il tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları”na müvafiq əlavə və dəyişikliklər edilərək, büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə yönəldilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.10.2017-ci il tarixli 437 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən hazırlanmışdır. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən vəsait Komitənin işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, gömrük orqanlarının, Komitənin tabeliyində olan qurumların maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə, habelə gömrük işi sahəsində elmi-texniki potensialın artırılmasına, elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq təcrübədə qəbul edilən yeni metod və üsulların öyrənilməsinə sərf olunması məqsədi ilə Komitənin hesabına köçürülür. Həmin Qaydanın 1.3-cü bəndinə əsasən vəsaitin 60 (altmış) faizi Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir. Həmin Qaydanın 5.1 -ci bəndinə əsasən mükafatdan və aylıq vəzifə maaşına əlavədən gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa uyğun tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.10.2017-ci il tarixli 437 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”na əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 07.06.2018-ci il tarixli 100/123 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 24.05.2011-ci il tarixli 002 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin büdcədənkənar inkişaf fondundan xüsusi rütbəsi olan əməkdaşlarına və mülki işçilərinə əlavənin ödənilməsi haqqında” Təlimat ləğv edilmiş və “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitdən xüsusi rütbəsi olan əməkdaşlarına və mülki işçilərinə əlavənin ödənilməsi haqqında Təlimat” təsdiq edilmişdir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin 07.06.2018-ci il tarixli 100/123 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitdən xüsusi rütbəsi olan əməkdaşlarına və mülki işçilərinə əlavənin ödənilməsi haqqında Təlimat” Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitdən xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin ödənilməsi şərtlərini və qaydasını müəyyən edir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin 07.06.2018-ci il tarixli 100/123 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitdən xüsusi rütbəsi olan əməkdaşlarına və mülki işçilərinə əlavənin ödənilməsi haqqında Təlimafın 1.4-cü bəndinə və bu Təlimata əsasən aylıq vəzifə maaşlarına ödənilən əlavə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərciiyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 2-ci bəndinə uyğun olaraq təminat xərcliyinə daxil edilir. Yuxanda qeyd olunanlarla bağlı bildirilir ki, əmək haqqına əlavələrin hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.10.2017-ci il tarixli 437 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydasına əsasən Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərin həcminə uyğun həyata keçirilir və həmin vəsaitlərin həcmi idxal-ixrac əməliyyatlarının həcmindən asılı olduğu üçün hər ay dəyişir, tətbiq olunan əmsal stabil olmur. Göründüyü kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 07.06.2018ci il tarixli 100/123 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitdən xüsusi rütbəsi olan əməkdaşlarına və mülki işçilərinə əlavənin ödənilməsi haqqında Təlimafa əsasən aylıq vəzifə maaşlarına ödənilən əlavə əmək haqqı barədə məlumatın, yəni Azərbaycan Respublikası Prezidentinin 29.02.2016-cı il tarixli 810 nömrəli Fərmanı ilə 50 faizinin və 24.01.2017-ci il tarixli 1207 nömrəli Fərmanı ilə isə 60 faizinin sabiq əməkdaş İddiaçı təminat xərcliyinə daxil edilməsi qeyri-mümkündür. Beləliklə iş materiallarından göründüyü kimi İddiaçı təqaüdə çıxarkən yuxarıda qeyd olunan Azərbaycan Respublikası Prezidentinin 29.02.2016-cı il tarixli 810 nömrəli və 24.01.2017-ci il tarixli 1207 nömrəli Fərmanlarından əvvəl xidmətinə xitam verilmiş və təminat xərcliyinə daxil olan nəzərdə tutulmuş (müvafiq olaraq 50 faiz və 60 faiz) vəzifə maaşına yuxarıda qeyd olunan sonrakı artımları xidmətdən buraxıldığı gün almamış və eyni zamanda qanunvericiliklə nəzərdə tutulmuş sığorta ödənişləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna köçürülməmişdir. Belə ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. Eyni zamanda məlumat üçün bildirilir ki, yuxarıda qeyd olunan Qanunun 29,3-cü maddəsinə əsasən əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü yarımbəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərəfindən həyata keçirilir. Göründüyü kimi İddiaçı xidmətinə Azərbaycan Respublikası Prezidentinin 29.02.2016-cı il tarixli 810 nömrəli və 24 01.2017-ci il tarixli 1207 nömrəli Fərmanlarından əvvəl xitam verildiyindən, o, pensiyaya çıxdığı gün həmin Fərmanlarla müəyyən edilmiş (müvafiq olaraq 50 faiz və 60 faiz) əlavələri almadığından onun pensiyasının qeyd edilən fərmanlara əsasən yenidən hesablanması üçün yeni məlumat vərəqəsinin verilməsi mümkün deyildir. Odur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5084/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etirazın məzmununa uyğun apellyasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5084/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı xx.xx.1966-cı ildə anadan olmuş, 01.09.1983-cü ildə M.P.Bagirov adına üzümçülük sovxozuna fəhlə təyin edilmiş, 02.11.1984-cü ildə ordu sıralarına getdiyi üçün işdən azad edilmişdir. 02.02.1987-ci ildən 28.08.1987-ci ilə qədər zavodda fəhlə işləmiş, 27.08.1987-ci ildə Bakı Dövlət Universitetinə daxil olmuş, 28.07.1992-ci ildə oranı bitirmişdir. 18.01.1993-cü ildən 01.07.2015-ci ilə qədər Samur gömrük postunda müxtəlif vəzifələrdə işləmiş və 01.07.2015-ci ildə xidmət illərinə görə vəzifəsindən azad edilmişdir. İddiaçıya aid pensiya işinin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 21.07.2015-ci il tarixli məktubla İddiaçı barəsində tərtib edilmiş “Məlumat vərəqəsi” DSMF Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş Departamentinə göndərilmiş, Departament tərəfindən 05.08.2015-ci il tarixli qərarla İddiaçı 01.07.2015-ci il tarixdən yaşa görə ömürlük əmək pensiyası təyin olunmuşdur. İddiaçı hazırki tələblə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ərizə ilə müraciət etmiş, onun müraciətinə cavab olaraq bildirilmişdir ki, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən digərinə keçirilməsi və ödənilməsi DSMFnin səlahiyyətlərinə aid olunduğundan həmin idarəyə müraciət etməsi məqsədəmüvafiq hesab edilir. Daha sonra iddiaçı eyni tələblə DSMF-yə müraciət etmiş, müraciətinə cavab olaraq ona bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən İdarəyə göndərilməlidir. Göründüyü kimi, əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması üçün təminat xərcliyində baş verən dəyişikliklər barədə müvafiq məlumatlar sonuncu xidmət keçdiyi orqandan İdarəyə daxil olmalıdır. Qeyd olunanlara əsasən ərizədə qeyd edilən büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitə görə vəzifə maaşına əlavənin yenidən hesablanması məsələsinə sonuncu xidmət keçdiyi orqandan İdarəyə məlumatlar daxil olduqdan sonra baxıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)-hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara- Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi- orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir.Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15.05.2020-ci il tarixli qərarında göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Belə olan halda, artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Göründüyü kimi Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı mövqeyi qətidir və şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımların nəzərə alınmasını istisna edir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı gömrük orqanlarında xidmətdən ehtiyata 01.07.2015-ci il tarixdən buraxıldığına görə onun təminat xərcliyi qanunvericiliyə əsasən xidmətdən buraxıldığı günə aldığı miqdarda olan aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdən hesablanmalıdır. Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur və cavabdehin imtina etməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqları pozulmamışdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5084/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Vüsalə Baxışova Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar