Məhkəmə qərarları › İş №2-1(103)-382/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-382/2022

04.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-382/2022 04.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə X2 qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinə qarşı “ödənilməmiş pul məbləğinin ödənilməsi “ tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-419/2021 saylı, 13 iyul 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Maliyyə Plan İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən baş əməliyyat müvəkkili vəzifəsindən kapitan rütbəsi ilə öz xahişi ilə xidmətdən azad olunmağına görə 1996-cı ildə ala bilmədiyi son haqq hesab pulunun, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 73 nömrəli Qərarın 1 nömrəli əlavəsinin 8-ci bəndinin “b” yarımbəndinə əsasən vəzifə və rütbə maaşlarının 2 aylıq miqdarında xidmət müddəti dörd il və daha çox olanlara aylıq vəzifə, rütbə maaşları və dörd ildən əlavə hər il üçün həmin maaşların beşdə biri məbləğində xidmət dövrü imtiyazsız 9 il 1 ay 27 gün olduğundan hesablanaraq ona ödənilməsi, DİN-in Baş Plan İdarəsi tərəfindən hesablanmış 2 aylıq maaş miqdarı 30 manat 38 qəpik yuxarıda göstərilən əlavələrlə üzərinə gəlinərək bugünkü ekvivalentlərlə hesablanaraq, hal-hazırda həmin xidmətdə çalışan əməkdaşların aylıq maaşları miqdarında hesablanaraq ona ödənilməsi barədə qanunvericiliyə uyğun olaraq qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək son haqq-hesab pulunun bugünki həmin vəzifədə xidmət edən polis zabitlərinin əmək haqları miqdarında hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-419/2021 saylı, 13 iyul 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslanıdırılmışdır ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində Bakı Qarnizonunda baş əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. 1996-cı ildə öz xahişi ilə işdən azad olunmuşdur və son haqqhesab pulunu almamışdır. Bu barədə Daxili İşlər Nazirliyinin Baş Maliyyə Plan İdarəsinə müraciət etmişdir. Həmin idarədən ona göndərilən cavab məktubunda göstərilmişdir ki, onun hesablanmayan 2 aylıq maaş miqdarı 30 manat 38 qəpik təşkil edir. İddiaçı isə 1996-cı ildən bugünə kimi 2 dəfə devalvasiya olduğunu və hazırda onun pulunun bugünki ekvivalentlə hesablanaraq həmin vəzifələrdə xidmət aparan əməkdaşların aylıq maaşları miqdarında hesablanaraq ödənilməli olduğunu qeyd etmişdir. Qeyd edilənlərə əsasən iddiaçı Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları : Məhkəmə Kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətinin əsassız olduğunu, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı cavabdeh inzibati orqana müraciət edərək öz xahişi ilə xidmətdən azad olunmağına görə 1996-cı ildə ala bilmədiyi son haqq hesab pulunun ona ödənilməsini xahiş etmiş, cavabdeh inzibati orqan xidmətdən xaric olunduğu 1996-cı il tarixində onun xidməti illərini təqvimi hesablama ilə 9 il 1 ay 27 gün, vəzifə maaşı 9 manat 90 qəpik, rütbə maaşı 5 manat 28 qəpik təşkil etdiyini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 73 nömrəli Qərarının 1 nömrəli əlavəsinin 8-ci bəndinin "b" yarımbəndinə əsasən vəzifə və rütbə maaşlarının 2 aylığı miqdarında 30 manat 38 qəpik məbləğində (xidmət müddəti dörd il və daha çox olanlara aylıq vəzifə, rütbə maaşları və dörd ildən əlavə hər il üçün həmin maaşların beşdə biri məbləğində) ödəniş hesablandığını, həmin vəsaiti etibarnamə əsasında səlahiyyətli nümayəndəsinin Bakı şəhər Baş Polis İdarəsinin X3 müraciət etməklə ala bilməsini və yaxud həmin məbləği göstərəcəyi bank hesabına köcürülə biləcəyini bildirmişdir. İddiaçı isə cavabdeh inzibati orqanın həmin cavabı ilə razılaşmayaraq son haqq-hesab pulunun bugünki həmin vəzifədə xidmət edən polis zabitlərinin əmək haqları miqdarında hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə məhkəməyə müraciət etmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarda qeyd edilən şəkildə həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi Şəxsi Heyətlə İş İdarəsinin iddiaçıya ünvanladığı 077-35965/5Ə №-li, xx.xx.2019cu il tarixli məktubundan görünür ki, xidmətdən xaric olunduğu 1996-cı il tarixində onun xidməti illərini təqvimi hesablama ilə 9 il 1 ay 27 gün, vəzifə maaşı 9 manat 90 qəpik, rütbə maaşı 5 manat 28 qəpik təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 73 nömrəli Qərarının 1 nömrəli əlavəsinin 8-ci bəndinin "b" yarımbəndinə əsasən vəzifə və rütbə maaşlarının 2 aylığı miqdarında 30 manat 38 qəpik məbləğində (xidmət müddəti dörd il və daha çox olanlara aylıq vəzifə, rütbə maaşları və dörd ildən əlavə hər il üçün həmin maaşların beşdə biri məbləğində) ödəniş hesablanmışdır. Vəsaiti etibarnamə əsasında səlahiyyətli nümayəndəsi Bakı şəhər Baş Polis İdarəsinin X3 müraciət etməklə ala bilər, və yaxud həmin məbləğ göstərəcəyi bank hesabına köcürülə bilər. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin məhkəməyə ünvanladığı 0xx/xx-7089-1220 №-li, xx.xx.2020-ci il tarixli məktubuna əlavə edilmiş İddiaçı xidmətkeçmə siyahısından görünür ki, Mehdi Əmirəliyev xx.xx.1987-ci ildən daxili işlər orqanlarına xidmətə qəbul edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 839 №li, 20.05.96-cı il tarixli əmri ilə Silahlı Qüvvələrə ehtiyata buraxılmaqla 4-cü maddənin “e” bəndinə əsasən (öz xahişinə görə) xidmətdən xaric edilmişdir. xx.xx.1996-cı ilə xidmət təqvimi 13 il 6 ay 8 gün, güzəştli 18 il 7 ay 14 gün. İş materiallarından aydın olur ki, cavabdeh inzibati orqan iddiaçıya 1996-cı ildə ala bilmədiyi son haqq hesab pulunun həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq ödənilməsinə razıdır. Lakin, mübahisəli hal ondan ibarətdir ki, iddiaçı son haqqhesab pulunun bugünki həmin vəzifədə xidmət edən polis zabitlərinin əmək haqları miqdarında hesablanaraq ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının 1996-cı ildə almaq hüququna malik olduğu son haqq-hesab pulunun alınması hüququndan istifadə etməsinə cavabdeh tərəfindən hər hansi maneə yaradılmamış və həmçinin bu hüquqdan həmin dövrdə iddiaçının istifadə etməməsində cavabdehin hər hansı təqsiri müəyyən edilməmişdir. Digər tərəfdən, cavabdeh iddiaçının xidmətdən xaric olunduğu 1996-cı ildə işlədiyi vəzifənin maaşına uyğun son haqq hesab pulunun hesablandığını və həmin məbləğin ödənilməsindən imtina etmədiklərini bildirmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. - 154-cü maddəsinin 1-ci hissəsinə görə əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. - 140-cı maddəsinin 1-ci hissəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. - 144-cü maddəsinin 2-ci hissəsinin tələblərinə görə əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Azərbaycan Respublikası Konstutisiya Məhkəməsi “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair” 29 noyabr 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, əmək müqaviləsinə xitam verilərkən 1999-cu il iyulun 1dək istifadə olunmamış məzuniyyətlərə görə pul əvəzi həmin dövrdə qüvvədə olan qanunvericiliklə, həmin tarixdən sonra istifadə olunamamış məzuniyyətlərə görə pul əvəzi isə qüvvədə olan Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə müvafiq olaraq ödənilməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi əmək müqaviləsinə xitam verilən zaman işçiyə son haqq hesab ödənilməlidir və bu son haqq hesaba istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr daxildir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən polis əməkdaşının əmək haqqı onun vəzifəsi, xüsusi rütbəsi, xidmət illəri nəzərə alınmaqla müəyyənləşdirilən əsas maaşdan, habelə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, gecə vaxtı və əsas iş vaxtından əlavə işləməyə görə qanunvericiliyə müvafiq surətdə müəyyənləşdirilən əlavə haqqlardan ibarətdir. Polis əməkdaşına xidmət şəraitinə görə əlavə haqqlar, birdəfəlik müavinətlər və başqa ödənişlər verilir. 38-ci maddəsinin 9-cu bəndinin tələblərinə görə polis əməkdaşına Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məzuniyyət verilir. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 91-ci maddəsinin tələblərinə görə daxili işlər orqanları əməkdaşlarının təminat xərclərinə, tutduğu vəzifəyə və xüsusi rütbəyə görə maaşları, fasiləsiz xidməti illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə, ərzaq payı və ya ərzaq payı əvəzinə verilən pul kompensasiyası, digər müavinət və ödənişlər daxildir. “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 73 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin polis əməkdaşına xidmət xüsusiyyətlərindən asılı olaraq, məharət dərəcəsinə, şifrlə daimi işləməyə, post-patrul xidmətində itlərlə xidmət aparanlara, itlərə qulluq və təlim keçirilməsinə, suvari-nizami hissələrdə atlara və ləvazimatlara qulluğa, ayıltma məntəqəsində işləməyə, sürücü əməkdaşlara dərəcəyə görə, xidmət sahəsi ilə əlaqədar işi gediş-gəliş xarakteri daşıyanlara gündəlik yemək xərci əvəzinə, vəzifədən azad edilərək müvəqqəti sərəncamda saxlanmaya, xidmətdən tərxis olunmaya görə, xəstəlik, təhsil, məzuniyyət vaxtı verilən əlavələr, ödənişlər və respublika qanunvericiliyində nəzərdə tutulmuş digər əlavələr, müavinətlər, ödənişlər verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 73 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları”n 1 nömrəli əlavəsinin 8-ci bəndinin "b" yarımbəndinə əsasən xidmətdən tərxis olunmaya görə ödəniş xüsusi rütbəsi olan əməkdaşlara pensiya almaq hüququ olmadan tərxis edilən xidmət müddəti dörd ildən az olanlara aylıq vəzifə və rütbə maaşlarının yarısı məbləğində, xidmət müddəti dörd il və daha çox onlara aylıq vəzifə, rütbə maaşları və dörd ildən əlavə hər il üçün həmin maaşların beşdə biri məbləğində ödənilir. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı hüququnun pozulduğu məhkəmə kollegiyası tərəfindən müəyyən edilmədiyindən, eyni zamanda işin mübahisəsiz halı olan “iddiaçının 1996-cı ildə xidmətdən tərxis olunduqdan sonra son haqq-hesab pulunun alınmamasına görə” ödənilməli olan məbləğin cavabdeh tərəfindən ödənilməsindən imtina edilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin edilməməsi barədə qərar qəbul etmişdir. Həmçinin, Kollegiya iddiaçının apelyasiya şikayətinə münasibətdə qeyd edir ki, şikayətdə iddia ərizəsində qeyd edilənlərdən fərqli hər hansi bir iddianının təmin edilməsinə səbəb olacaq dəlil göstərilməmiş, apelyasiya şikayəti iddiaçının formal mülahizələrindən ibarət olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-419/2021 saylı, 13 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Vüsalə Baxışova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar