Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-382/2024 19.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, X1 Asəf qızının katibliyi ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6596/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanında yerləşən 4 otaqdan ibarət, ümumi sahəsi 135.5 kv.m olan 78 saylı mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində qeyd edilmişdir ki, onunla "xxxx" MTK arasında ünvan 1 ünvanında yerləşən 4 otaqdan ibarət, ümumi shaəsi 135.5 kv.m olan 78 saylı mənzilin əldə edilməsi ilə bağlı 67 saylı xx.xx.2003-cü il tarixli müqavilə imzalanmışdır. "xxxx" MTK tərəfindən tərtib olunmuş maliyyə arayışından göründüyü kimi, ünvan 1 ünvanında yerləşən 4 otaqdan ibarət, ümumi sahəsi 135.5 kv.m olan 78 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən 24.985 AZN dəyərində tam ödənilmişdir və iddiaçının MTK-ya borcu heç bir borcu yoxdur. O, cavabdehə ünvan 1 ünvanında yerləşən 4 otaqdan ibarət, ümumi sahəsi 135.5 kv.m olan 78 saylı mənzilə dair mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixli müraciətinin icrasından imtina edilmişdir. Cavabdeh tərəfindən imtinaya səbəb olaraq isə binanın mansard mərtəbəsində yerləşdiyi və Bakı şəhər İcra Hakimiyyəti başçısının 111 saylı, xx.xx.2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş Aktda mansard mərtəbənin yaşayış təyinatlı olması barədə hər hansı qeyd olmadığı əsas gətirilmişdir. Hesab edirlər ki, imtina tam əsassız olduğundan cavabdehin üzərinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsi, 11 saylı evin, 78 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş istismara qəbul aktında çoxmərtəbəli yaşayış binasının 10 mərtəbə və çardaqdan ibarət olduğu göstərilsə də, təqdim edilən sənədlərdə mənzilin 11-ci mərtəbədə yerləşdiyi qeyd edilmişdir. İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman qeyd olunan mənzilin binanın mansard mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir. Qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasının Bakı Şəhər İcra Hakimiyyəti başçısının 111 saylı, xx.xx.2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası”nın aktında mansard mərtəbənin yaşayış təyinatlı olması barədə hər hansı qeyd yoxdur. Məlumat üçün bildiririk ki, İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, mənzil 2 otaqdan ibarət olmaqla, ümumi sahəsi 123.2 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Həmin qanunun 8.0.10.1 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq- planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6596/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və Bakı şəhəri, Binəqədi rayonu, H.Babaşov küçəsi, ev 11 ünvanında yerləşən 4 otaqlı, ümumi sahəsi 135.5 kv.m olan 78 saylı mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 03 mart 2003-cü il tarixli 67 nömrəli müqavilənin 1-ci bəndinə əsasən alıcı İddiaçı "xxxx" MTK-nın ünvan 1 tikəcəyi kooperativ yaşayış binasından 4 otaqlı mənzil almaq üçün "xxxx" kooperatinə müraciət etmiş və tərəflər arasında müqavilə bağlanmışdır. Müqavilənin 2-ci bəndinə əsasən alıcı İddiaçı "xxxx" MTK-nın tikəcəyi yaşayış binasından alacağı 4 otaqlı mənzilin ilkin ümumi dəyərini kooperativin Nizamnaməsinə uyğun və kooperativ üvlərinin 15 iyun 2003-cü il tarixli ümumi yığıncağının Qərarına əsasən ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən Bakı şəhəri, Binəqədi rayonu, H.Babaşov küçəsi, ev 11 ünvanda yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 3-cü giriş, 11-ci mərtəbəsində, yaşayış sahəsi 135.5 kv.m olan 4 otaqlı, 78 saylı mənzilin pay dəyəri 24.985 AZN olmaqla payçı tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur. - Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023- cü il tarixli 3-21-3-30/2-K-060-8/2022-**********06 nömrəli imtina məktubuna əsasən bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman qeyd olunan mənzilin binanın mansard mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir. Qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasının Bakı şəhər İcra Hakimiyyəti başçısının 111 saylı xx.xx.2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası”nın aktında mansard mərtəbənin yaşayış təyinatlı olması barədə hər hansı qeyd yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “iddiaçıya protokoldan çıxarışa və müqaviləyə əsasən ayrılmış mənzilin nömrəsi “78” istismara qəbul aktında binada yerləşən mənzillərin ümumi sayı “80” göstərilmişdir. Belə olan təqdirdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya ayrılmış mənzilin nömrəsi “80+” olmadığından, ona ayrılmış mənzil istismara qəbul aktında göstərilmiş mənzillərin tərkibinə daxildir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və hesab edir ki, həmin mövqeyi əsassız olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.6-cı maddələrinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun: -8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; -8.0.10-cu maddəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bundan əlavə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin 30 dekabr 1999-cu il tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları”nın (Dövlət Tikinti norması (AzDTN 1.6-1)) 6.1ci bəndinə görə tikintinin son mərhələsi obyektin istismara qəbul edilməsidir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən istismara qəbul edilmək üçün təqdim edilən obyekt və yaxud onun tikinti növbəsi, təsdiq olunmuş layihə və müqavilə sanədlərinə və qüvvədə olan tikinti norma və standartlarına uyğun tam hazır vəziyyətdə olmalıdır. Bu obyektdə və yaxud onun tikinti növbələrində radiasiya təhlükəsizliyi, sanitar- gigiyeniya və təhlükəsizlik texnikası tələblərinə uyğun hər cür fəaliyyət (yaşayış, iş, istirahət və s.) şəraiti təmin edilməlidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə görə tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Həmin Məcəllənin 101.2-ci maddəsinə görə tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə görə yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Eyni Məcəllənin 12.3-cü maddəsinə görə sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. Eyni Məcəllənin 13.1-ci maddəsinə görə yaşayış sahələrinə aşağıdakılar aiddir: -13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; -13.1.2. mənzil, mənzilin hissəsi; -13.1.3. otaq; -13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. Eyni Məcəllənin 35.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Göründüyü kimi qanunvericilik yaşama üçün nəzərdə tutulmuş yaşayış sahəsinin müvafiq təsnifatını vermiş və bu təsnifata mənzili daxil etsə də, texniki mərtəbələrdə, binanın mansardında yerləşən sahələri mənzil və ya onun hissəsi kimi nəzərdə tutmamışdır. Hazırkı işin faktiki hallarından görünür ki. "xxxx" MTK-nın 03 mart 2003-cü il tarixli 20 nömrəli protokolundan çıxarışa, iddiaçı ilə "xxxx" MTK arasında bağlanmış 03 mart 2003-cü il tarixli 67 nömrəli müqaviləyə və maliyyə arayışına əsasən ünvan 4 ünvanında yerləşən binanın 3-cü giriş, 11-ci mərtəbəsində, yaşayış sahəsi 135.5 kv.m olan 4 otaqlı, 78 saylı mənzil iddiaçıya məxsus olmaqla, həmin pay dəyəri iddiaçı tərəfindən ödənilmş və onun MTK-ya borcu qalmamışdır. İddiaçı həmin mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətinin imtina edilməsindən mənzilin binanın mansard mərtəbəsində yerləşməsinə və mansard mərtəbəsinin yaşayış təyinatlı olması barədə istismara qəbul aktında hər hansı bir qeydin olmamasına istinad edilməklə imtina edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanunauyğun olmuşdur. İlkin olaraq qeyd edilməlidir ki, cavabdehin hazırkı iş üzrə imtinasının əsası kimi mübahisəli sahənin Bakı şəhər İcra Hakimiyyəti başçısının 111 saylı xx.xx.2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası”nın aktında mansard mərtəbənin yaşayış təyinatlı olması barədə hər hansı qeydin olmaması təşkil etmişdir. Göstərilən halın araşdırılması məqsədi llə işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinə sorğu ünvanlanaraq ünvan 5nın (10 mərtəbəli, 3 girişli) istismara qəbul aktının və layihəsinin təsdiq edilmiş surətinin məhkəməyə təqdim olunması xahiş edilmişdir. Sorğuya cavab olaraq ünvan 5nın müvafiq planı (01 qovluqda) məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən yaşayış binasının təqdim edilmiş razılaşdırılmış layihəsindən müəyyən olunur ki, hazırkı iş üzrə iddia edilən mənzil binanın mənzillərinin olduğu mərtəbələrdə yerləşmir. Belə ki, Daşınmaz əmlakın binanın mansard (plana əsasən çardaq qeyd edilmişdir) hissəsində yerləşdiyi mübahisəsizdir. Həmin mərtəbə Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən normalarına əsasən yaşayış təyinatlı olan mərtəbə deyil, binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərin yerləşdiyi mərtəbəyə-texniki mərtəbəyə uyğundur. Əks halda həmin mərtəbə 11-ci mərtəbədə deyil, mənzillərin yerləşdiyi mərtəbə sırasında yerləşməli idi. Başqa sözlə, Mənzil Məcəlləsinin tələbinə uyğun olaraq hazırkı mübahisələndirilən əmlakın yerləşdiyi mərtəbə yaşayış sahələrinin yerləşdiyi mərtəbə olmadığından, texniki mərtəbə olduğundan yaşayış təyinatlı (mənzil) əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilməz. Eyni zamanda qeyd edilməlidir ki, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanaraq ünvan 5nın (10 mərtəbəli, 3 girişli) mansard mərtəbəsində digər şəxslərin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb-alınmaması barədə məlumatların, qeydə alındığı təqdirdə verilmiş çıxarış(lar)ın təsdiq edilmiş surətinin məhkəməyə təqdim olunması xahiş edilmişdir. Sorğuya cavab olaraq təqdim edilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, ünvan 5nın mansard mərtəbəsində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi inzibati orqanın hərəkətləri yuxarıda sadalanan normalara zidd olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən hallar cavabdeh inzibati orqanın imtinasının qanunsuz olmadığına dəlalət edir. Başqa sözlə, cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.1-ci maddəsi), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunazidd olmamaqla, iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya da uyğun və cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri) Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 6596/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6596/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanında yerləşən 4 otaqdan ibarət, ümumi sahəsi 135.5 kv.m olan 78 saylı mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-382/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-382/2024
19.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver