Məhkəmə qərarları › İş №2-1(103)-3822/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3822/2022

16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3822/2022 16.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı “Bakı şəhəri Yasamal rayon Polis İdarəsi rəisinin Ə40 ş/h-091-20 nömrəli, xx.xx.2020-ci il tarixli əmrinin ləğv olunması və İddiaçı xidmətə bərpa edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iş üzrə iddiaçının iddiaçının buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətinə baxılması dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-383/2022 saylı, 15 sentyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati mübahisə üzrə işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı “Bakı şəhəri Yasamal rayon Polis İdarəsi rəisinin Ə40 ş/h-091-20 nömrəli, xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi və xidmətə bərpa edilməsi” barədə iddia ərizəsi ilə 25 sentyabr 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Yasamal rayon Polis İdarəsində polis nəfəri vəzifəsində işləmişdir. Lakin Yasamal rayon Polis İdarəsi rəisinin Ə40 ş/h-091-20 nömrəli, xx.xx.2020-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası Daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə) və 10-cu (intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda) bəndləri ilə daxili işlər orqanlarından xaric edilmişdir. İddiaçı həmin əmri qanunsuz, əsassız və ədalətsiz hesab etməklə yanaşı sözügedən əmrin məhkəmənin qərarı ilə ləğv edilməsini və beləliklə xidmətə bərpa olunmasını zəruri hesab edir Cavabdeh iddia tələbinə təqdim etdiyi etirazda göstərmişdir ki, Yasamal RPİ-nin PPXB-nin sabiq polis nəfəri İddiaçı barəsində Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsində aparılmış xidməti təhqiqatın nəticələrinə dair tərtib olunmuş arayışa əsasən İddiaçı Azərbaycan Respublikası “Polis haqqında” Qanunun 5 və 29-cu, DİN-in xx.xx.2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmiş “DİO əməkdaşlarının etik davranış kodeksi”nin 1, 2, 3, 4, 13 və 17-ci maddələrinin və DİN-in xx.xx.2009-cu il tarixli 330 nömrəli əmri ilə təsdiq edilmiş “DİON-da intizam nizamnaməsinin” 3.2 və 3.9-cu bəndlərinin tələblərini kobud şəkildə pozduğuna görə Yasamal RPİ-nin xx.xx.2020-ci il tarixli Ə96-91-20 nömrəli əmri ilə elan edilmiş “töhmət” intizam tənbehi də nəzərə alınmaqla Yasamal RPİ-nin xx.xx.2020-ci il tarixli Ə145-091-20 nömrəli əmri ilə “daxili işlər orqanlarında xidmətdən xaric” edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia ərizəsiniin baxılmasının rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1888/2021 saylı 25 avqust 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı “Bakı şəhəri Yasamal rayon Polis İdarəsi rəisinin Ə40 ş/h-091-20 nömrəli, xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi və xidmətə bərpa edilməsi” barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsində göstərdiyi dəlillərin araşdırılması üçün işin birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini Bakı Apellyasiya Məhkəməsindən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2698/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(112)-1888/2021 saylı qərardadının ləğv edilməsi, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-383/2022 №li xx.xx.2022-ci il tarixli qərardadı ilə buraxılmış müddətin bərpası barədə iddiaçının vəsatəti təmin edilməməsi, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı “Bakı şəhəri Yasamal rayon Polis İdarəsi rəisinin Ə40 ş/h-091-20 nömrəli, xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi və xidmətə bərpa edilməsi” barədə iddiası mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, qərardadın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsinin iddiaçının buraxılmış prosessual müddətin bərpasına dair birinci vəsatətinə dair hər hansı qərardad qəbul etməməsi, ikinci vəsatətinə münasibət bildirməməsi, yekunda isə iddianı müddətin ötürülməsi əsası ilə mümkünsüz sayması prosessual qanunvericiliyin tələbləri baxımından qanuni olmamışdır. Bununla əlaqədar qeyd edilməlidir ki, ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən həmin vəsatətlərə prosessual qanunvericilikdə qeyd edilən formada münasibət bildirilməli, daha sonra iddianın mümkünlük şərtlərinə qiymət verilməlidir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Hazırki məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin İddiaçı İmameddin oğluna ünvanlanmış 14 may 2020-ci il tarixli, 091-22641A3220 nömrəli məktubuna əsasən bildirilmişdir ki, tutduğunuz vəzifədən azad olmağınız barədə Yasamal RPİ-nə daxil olmuş ərizənizə baxılmışdır. Siz Yasamal RPİ-nin xx.xx.2020-ci il Ə40 ş\h-091-20 nömrəli əmri ilə, “Azərbaycan Respublikası Daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə və 10-cu (intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozuqda) bəndləri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilmisiniz, qəbul edilmiş qərarın dəyişdirilməsinə əsas yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin İddiaçı İmameddin oğluna ünvanlanmış 20 may 2020-ci il tarixli, 245-27615A-3220 nömrəli məktubuna əsasən bildirilmişdir ki, daxili işlər orqanlarında xidmətdən öz arzunuzla xaric olunmağınız barədə DİN-in rəhbərliyinə ünvanladığınız müraciətə Bakı şəhər Baş Polis İdarəsində baxılmışdır. Bildirilir ki, Yasamal RPİ-nin xx.xx.2020-ci il tarixli əmri ilə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 9-cu və 10 cu bəndlərinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmisiniz. ” İşin hallarından görünür ki, iddiaçı Yasamal rayon Polis İdarəsinə qarşı “Bakı şəhəri Yasamal rayon Polis İdarəsi rəisinin Ə40 ş/h-091-20 nömrəli, xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsini və xidmətə bərpa edilməsi xahiş edir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli məsələ yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Kollegiya aşağıdakılara əsasən bu nəticəyə gəlir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3- cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Kollegiya qeyd edir ki, pozulmuş hüquq və azadlıqların məhkəməmüdafiəsi hüququnun reallaşdırılması iddia tələbinin qanunla müəyyən edilmiş prosessual müddətlərə əməl edilməklə qaldırılmış olması şərti ilə məhdudlaşdırılmışdır. AR İPM-in 38.1-ci maddəsinə əsasən isə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibti aktın təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. Birinci instansiya məhkəməsi iddianın qeyri-mümkünlüyünə dair nəticəsini əsaslandırarkən, iddia müddətinin ötürülməsi məsələsinə toxunmuş və düzgün olaraq müəyyən etmişdir ki, İddiaçı hazırda mübahisələndirilən əmradən 2020-ci ilin may-iyun ayında məlumatı olmuş, məhkəməyə isə 25 sentyabr 2020-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi, işin faktiki halı iddiaçı tərəfindən hazırki iddia tələbinin qaldırılması üçün prosessual müddətin ötürülmüş olmasını təsdiq edir. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı isə qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-383/2022 saylı, 15 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar