Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3823/2023 14.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3723/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim etmiş və cavabdehin DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını və iddianın dəyişdirilərək «iddiaçıya 9 aprel 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın və cavabdehin dəyişdirilməsini qəbul etmişdir. İİ. Tərəflərin əsaslandırması
1. İddiaçının əsaslandırması:
İddia ərizəsində bildirilir ki, İddiaçı 9 oktyabr 1958-ci il tarixdə doğulmuşdur. O, qanunun tələbinə müvafiq olaraq yaşa görə əmək pensiyasını almaq üçün cavabdeh inzibati orqana rəsmi ərizə ilə müraciət etmiş, lakin əmək stajının 25 ildən çox olmasına baxmayaraq, inzibati orqan 14 sentyabr 2022-ci il tarixli ********** nömrəli məktubu ilə yaşa görə əmək pensiyasını təyin etməkdən imtina etmişdir. Cavabdeh həmçinin bildirmişdir ki, 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək iddiaçının fərdi hesabının sigorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq qeyd olunur ki, 26 iyul 1976-cı il tarixdə iddiaçının adına tərtib olunmuş NT-1 seriyalı ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş 1 yanvar 1992-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Eyni zamanda, 5 iyul 1999-cu il tarixədək “Xəzər” müəssisəsisinin və 6 iyul 1999-cu il tarixdən 1 yanvar 2006-cı il tarixədək “Fərəh” ATSC-nın faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanı müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən iddiaçının ümumi siğorta stajı qanunla nəzərdə tutulandan (25 ildən) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyinin tələbləri baxımından mümkün hesab edilməmişdir. Göstərilənlərə əsaslanaraq, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması məhkəmədən xahiş olunur.
2. Cavabdehin etirazı:
DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə ünvanlanmış iddiaya qarşı yazılı etirazında bildirilir ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı 14 sentyabr 2022-ci il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə DSMFyə müraciət etmişdir. 9 oktyabr 1958-ci il təvəllüdlü İddiaçı hazırkı qanunvericiliyin tələblərinə cavab verdiyi halda yaşa görə əmək pensiyası hüququ 9 aprel 2020-ci il tarixdə yaranır. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 14 aprel 2022-ci il tarixli **********6 nömrəli məktubunda İddiaçı təqdim etdiyi sənədlərə əsasən 11 il 2 gün sosial sığorta stajının olduğu qeyd edilmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Eyni zamanda həmin Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni pensiyanın təyin olunması üçün kifayət edəcək sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. «Əmək pensiyaları haqqında» Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2 və 3.2.1-ci maddələrində qeyd olunur ki, 2006- cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçı əmək kitabçasında qeyd olunan 1 yanvar 1992-ci il tarixdən 5 iyul 1999-cu il tarixədək (7 il 6 ay 4 gün) “Xəzər” müəssisəsində işlədiyi, 6 iyul 1999-vu il tarixdən 1 yanvar 2006-cı il tarixədək (6 il 5 ay 25 gün) “Fərəh” ATSC-də işlədiyi dövrlər hüquqi və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından sosial sığorta stajına daxil edilməmiş və mübahisələndirilmişdir. Milli Arxiv İdarəsindən daxil olmuş 11 yanvar 2023-cü il tarixli 3-48/4/2-35/2023 nömrəli məktubda qeyd olunan müəssisələrin arxiv sənədlərinin Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına təhvil verilmədiyi qeyd olunmuşdur. Məhkəmə iclasında iddiaçının əmək kitabçasında 1 yanvar 1992ci il tarixdən 5 iyul 1999- cu il tarixədək işlədiyi müəssisənin adının “Xəzər” müəssisəsi deyil, “X2 Firması” olduğu müəyyən olunmuşdur. Qeyd olunan ad üzrə Dövlət Vergi Xidmətinə və Əmlak Məsələləri Dövlət Xidmətinə təkrar sorğu verilmişdir. Dövlət Vergi Xidmətindən daxil olmuş 15 fevral 2023-cü il tarixli **********753100 nömrəli məktubda “X2 Firması” adlı hüquqi şəxsin çox olması səbəbilə sorğu olunan hüquqi şəxsin müəyyən edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş 20 fevral 2023-cü il tarixli 3-21-3/2-1987/2023 nömrəli məktubda “X2 Firması” barədə məlumatın olmadığı qeyd olunmuşdur. İş üzrə cavabdeh tərəfindən DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına 5 aprel 2023-cü il tarixli 3-17-1/3-1-34523/2023 nömrəli xidməti məktub yazılmış, nəticə də iddiaçının təqdim etdiyi təhsil haqqında sənədin (diplomun) surətinə əsasən 1 sentyabr 1984-cü il tarixdən 1 iyul 1985-ci il tarixədək (10 ay), əmək kitabçasının surətinə əsasən 1 sentyabr 1975-ci il tarixdən 1 iyul 1976-cı il tarixədək (10 ay) olmaqla ümumilikdə 1 il 8 ay təhsil dövrü, əmək kitabçasının surətinə əsasən 20 iyul 1976-cı il tarixdən 24 iyun 1977-ci il tarixədək, 22 yanvar 1980-ci il tarixdən 30 sentyabr 1981-ci il tarixədək, 9 noyabr 1981-ci il tarixdən 6 sentyabr 1982-ci il tarixədək, 8 fevral 1986-cı il tarixdən 5 iyul 1999-cu il tarixədək “Xəzər” müəssisəsində (16 il 10 ay 6 gün) əmək fəaliyyəti dövrü olmaqla onun ümumilikdə 18 il 6 ay 6 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan 6 iyul 1999-cu il tarixdən 1 oktyabr 2007-ci il tarixədək “Fərəh” ATSC-dəki əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olub ki, qeyd edilən dövrlər üzrə “Fərəh” ATSC-nin faktiki və arxiv sənədlərinin saxlandığı ünvanı müəyyən etmək mümkün deyildir. Eyni zamanda bildirilir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində 1 yanvar 2006-cı il tarixdən sonra pensiya kapitalı qeydə alınmamışdır. Bu səbəbdən həmin illər üzrə 6 iyul 1999-cu il tarixdən 1 yanvar 2006-cı il tarixədək 6 il 5 ay 25 gün mübahisələndirilən dövrün sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Beləliklə, «Əmək pensiyaları haqqında» Qanununun 7-ci maddəsinə əsasən iddiaçının fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1, 1.0.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarına əsaslanaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3723/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməsi, İddiaçı 20 aprel 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
4. Cavabdeh Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3723/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
5. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın məzmunu ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-3723/2023 nömrəli qərarı Dövlət Vergi Xidmətinin “Fərəh” ATSC-nin xx.xx.1997-ci il tarixdə dcvlət qeydiyyatından keçməsi barədə məktubla əsaslandırılmışdır. Lakin cavabdeh inzibati orqan qeyd olunan müəssisənin mövcudluğunu deyil, iddiaçının orada işləməsi və əməkhaqqı almasını mübahisələndirir.Bundan başqa, məhkəmə qərarında cavabdeh tərəfindən “Xəzər” və “Fərəh” ATSC-dəki dövrlərin mübahisləndirildiyi, bunun nəticəsində mübahisəsiz sosial sığorta stajının 18 il 6 ay 6 gün olduğu göstərilmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının “Xəzər” müəssisəsində işlədiyi dövr mübahisəsiz sosial sığorta stajına daxil edilmiş və 18 il 6 ay 6 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır. Eyni zamanda hazırki iş üzrə iddia tələbi xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və keçmiş dövr üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi olsa da, məhkəmə qərara aldı hissəsində iddianı təmin etmiş, lakin xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur.
6. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
7. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
İİİ. Məhkəmənin mövqeyi
8. Məhkəmə kolegiyası iş üzrə materialları, cavabdehin apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3723/2023 saylı, xx.xx.2023-cü tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır.
9. Apellyasiya baxışının hədləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
10. İnzibati Prosessual qanunvericiliyin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
11. Məhkəmə Kollegiyası iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
14. İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:
15. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir.
16. «Əmək pensiyaları haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası.
17. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.
18. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
19. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
20. «İnzibati icraat haqqında» Qanunun: 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
21. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır.
22. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 27.1-ci maddəsinə görə sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. 29.1-1-ci maddəsinə görə sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.
23. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1 – 3-cü hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. 67-ci maddəsinin 8-ci hissəsinə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
24. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı İddiaçı 9 aprel 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunmasından iddiaçının 1 yanvar 1992-ci il tarixdən 5 iyul 1999-cu il tarixədək “Xəzər”müəssisəsində, 6 iyul 1999-cu il tarixdən 1 yanvar 2006-cı il tarixədək “Fərəh” ATSC-də işləməsini təsdiqləyən arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verilməməsi, təhsil illəri də nəzərə alınmaqla onun sığorta stajının 18 il 6 ay 6 gün, yəni 25 ildən az müddət təşkil etməsi, habelə 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmaması ilə əsaslandırmışdır. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir.
25. Mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktika ondan ibarətdir ki, əmək pensiyasının təyinatında şəxsin 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən baş tutmaması, habelə müəssisənin müvafiq sənədlərinin (əməkhaqqı cədvəlləri, əmrlər və s.) arxivə (Dövlət Arxivinə) təhvil verilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiqlənməsindən asılı olmayaraq, bu hal özlüyündə qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir. Bundan başqa, əmək kitabçasında əks olunmuş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması həmin əmək kitabçasının məxsus olduğu şəxs kimi iddiaçının iradəsi ilə bağlı hallarla əlaqədar olmadığından, onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır.
26. Hazırkı iş üzrə cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda əmək kitabçasındakı qeydlər üzrə məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır və belə mübahisə cavabdeh inzibati orqan tərəfindən qaldırıldığından, həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür (İPM-in 14.3-cü maddəsi). Çünki, «İnzibati icraat haqqında» Qanunun 15 və 19-cu maddələri müvafiq sənədlərdə, hazırkı iş üzrə əmək kitabçasında olan məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən inzibati orqan isə, öz mövqeyini əsaslandırmaq, daha dəqiqi desək sübut etmək yükü daşıyır.
27. Qeyd olunanlara, habelə 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin tələblərinə əsaslanaraq, məhkəmə hesab edir ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı əmək kitabçasında əks olunmuş 6 iyul 1999-cu il tarixdən 1 yanvar 2006-cı il tarixədək olan “”Fərəh” ATSC-də işlədiyi dövrün onun sığorta stajına daxil edilməməsi qanuna ziddir.
28. Nəzərə alınmalıdır ki, Dövlət Vergi Xidmətindən DSMF Məhkəmə mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış 6 yanvar 2021-ci il tarixli məktubda bildirilir ki, dövlət reyestrində “Fərəh” ATSC-nin 25 sentyabr 1997-ci il tarixdə D-12 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən halhazıradək həmin hüquqi şəxsin adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Reyestrdə “Xəzər” müəssisəsi adlı hüquqi şəxslərin sayı çox olduğundan sorğu edilmiş hüquqi şəxsi müəyyən etmək mümkün olmamışdır.
29. İşdə olan sənədlərdən görünür ki, iddiaçıya **********289 nömrəli “Dövlət Sosial Sığorta Şəhadətnaməsi” verilmişdir. 30.Bununla da belə nəticə yaranır ki, “Fərəh” ATSC hüquqi şəxs kimi müvafiq dövrdə mövcud olmuşdur və onun fəaliyyəti təkzib olunmur. Qurumun arxiv sənədlərinin müəyyən edilməməsi isə, iddiaçının iardəsindən asılı olan hal deyil.
31. Bundan başqa, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının 1042-VQ nömrəli 6 mart 2018-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.
32. İddiaçının “Xəzər” müəssisəsindəki əmək fəaliyyətinə gəldikdə isə, əmək kitabçasında müvafiq qeydlər mövcud olduğu və həqiqəti əks etdirməməsi digər dəlillərlə sübut olunmadığı halda, həmin qurumda onun 1986 – 1992-ci illərdəki iş stajının sığorta stajına daxil edilmə, 1992 – 1999-cu illərdəki stajının sığprta stajı kimi nəzərə alınmaması məntiqi və ağlabatan da görünmür. Belə hal eyni mühüm hallar üzrə müxtəlif yanaşma qisminfə qiymətləndirilir.
33. İddiaçının 1 yanvar 2006-cı il tarixədək “Xəzər” müəssisəsində və “Fərəh” ATSC-də işlədiyi dövrlər də nəzərə alınmaqla sığorta stajı 25 ildən artıqdır (sözügedən dövr nəzərə alınmadan mübahisələndirilməyən dövr 18 il 6 ay təşkil edir). Onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış kapitalla bağlı xüsusatlara qiymət verilməsinə zərurət qalmır.
34. Odur ki, həmin müddətlər də sığorta stajı kimi nəzərə alındıqda «Əmək pensiyaları haqqında» Qanunun 27 və 29-cu maddələrinin tələblərinə müvafiq pensiya kapitalı hesablanmaqla və indeksləşdirilmə aparılmaqla iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməlidir.
35. Məhkəmənin qənaətinə görə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı həmin iş stajı onun sığorta stajına daxil edilməklə 9 aprel 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanunvericiliyə, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 13, 15, 16, 24, 58ci maddələrinin tələblərinə zidd qiymətləndirilməli və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal sayılmalıdlr.
36. «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.
37. Məhkəmə Kollegiyası qeyd edir ki, keçmiş dövr üzrə pensiya məbləğinin ödənilməsinə gəldikdə isə, iddiaçıya pensiya hüququnun yarandığı 09 aprel 2020-ci il tarixdən ödənilməmiş pensiya məbləği “ümumi məbləğ ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə” ödənilməlidir.
38. Həmçinin, məhkəmə Kollegiyası cavabdehin iddia tələbinə etirazının dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini qeyd etməklə yanaşı cavabdehin apellyasiya şikayətinə münasibətdə əlavə olaraq qeyd edir ki, şikayətdə göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-3723/2023 nömrəli qərarı Dövlət Vergi Xidmətinin “Fərəh” ATSC-nin xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatından keçməsi barədə məktubla əsaslandırılmışdır. Lakin cavabdeh inzibati orqan qeyd olunan müəssisənin mövcudluğunu deyil, iddiaçının orada işləməsi və əməkhaqqı almasını mübahisələndirir.
39. Şikayətin bu dəlilinə münasibətdə məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq bir daha vurğulayır ki, “Fərəh” ATSC hüquqi şəxs kimi müvafiq dövrdə mövcud olması və onun fəaliyyəti təkzib olunmur və bu təqdirdə qurumun arxiv sənədlərinin müəyyən edilməməsi isə, iddiaçının iardəsindən asılı olan hal deyil.
40. Bundan başqa, məhkəmə qərarında cavabdeh tərəfindən “Xəzər” və “Fərəh” ATSC-dəki dövrlərin mübahisləndirildiyi, bunun nəticəsində mübahisəsiz sosial sığorta stajının 18 il 6 ay 6 gün olduğu göstərilmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının “Xəzər” müəssisəsində işlədiyi dövr mübahisəsiz sosial sığorta stajına daxil edilmiş və 18 il 6 ay 6 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır.
41. Məhkəmə Kolleiyası hesab edir ki, hazırkı halda cavabdehin dəlili mübahisələndirilən qərarın ləğvi və ya dəyişdirilməsinə hər hansı əsas yaratmır.
42. Yekunda cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, eyni zamanda hazırki iş üzrə iddia tələbi xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və keçmiş dövr üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi olsa da, məhkəmə qərara aldı hissəsində iddianı təmin etmiş, lakin xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur.
43. Məhkəmə Kollegiyası şikayətin göstərilən dəlilinə münasibətdə diqqətə çəkir ki, birinci instansiya məhkəməsi hazırda mübahisələndirilən qərarının 7/8 –ci səhifəsində yuxarıdan aşağıya doğru 6-cı abzasında iddiaçıya pensiya hüququnun yarandığı 09 aprel 2020-ci il tarixdən ödənilməmiş pensiya məbləği “ümumi məbləğ ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə” ödənilməli olduğunu göstərmişdir.Odur ki, məhkəmə Kollegiyası hesab edir ki, texniki səhv nəzərə alınaraq aradan qaldırılmalı, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı İddiaçı 09 aprel 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması nəzərə alınmaqla dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddia təmin olunmalıdır.
45. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
46. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək iddia təmin edilmişdir.
47. Buna görə də məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, ədalətli və işin faktiki halları baxımdan əsaslıdır.
48. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3723/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
49. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən: Maddə 58.7. sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3723/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı İddiaçı 09 aprel 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və iddiaçıya pensiya hüququnun yarandığı 09 aprel 2020-ci il tarixdən ödənilməmiş pensiya məbləği ümumi məbləğ ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməli olması nəzərə alınmaqla dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.