Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3824/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4955/2024 nömrəli, 11 iyul 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 29 noyabr 2023-cü il tarixli, İQ-64/4 nömrəli qərarının ləğv edilməsi, qaçqın statusu verilməsi haqqında vəsatətinin təmin edilməsi və ona və ailə üzvlərinə (ərinə və uşaqlarına) "qaçqın vəsiqəsi"nin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının vətəndaşı olduğu ölkədə onun və ailə üzvlərinin həyatı təhlükə altındadır, onlar aşkar təhdid edilirlər. Pakistan hökuməti isə onun və ailəsinin hüquqlarını müdafiə etmək iqtidarında deyil. Buna baxmayaraq cavabdeh iddiaçının vəsatətdə göstərdiyi bu dəlillərini görməməzlikdən gəlmiş və iddiaçının dedidklərini bir çox məqamlarda təhrif etmişdir. Belə ki, guya o, Pakistanda heç bir təqibə məruz qalmamışdır. İddiaçı ixtisası üzrə jurnalist olaraq “Nayi baat” adlı qəzetdə, “City 42" televiziya kanalında, “KN”(kahinoor) News” xəbər agentliyində çalışmış və jurnalist olaraq ölkədə baş verən qanunsuzluqlara qarşı, çıxışlarından sonra o və ailəsi təhdidlərə məruz qalmış və ölkənin əksər şəhərlərinə üz tutsalar da təqiblərdən yayına bilməmişlər. Onlar ailəlikcə qorunmaq üçün Azərbaycan dövlətinə sığınmışlar. Cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, iddiaçı ona qaçqın statusunun verilməsi ilə bağlı xx.xx.2023- cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli, İQ-64/4 nömrəli qərar qəbul edilmişdir. Cavabdeh sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, təqib olunma ilə bağlı iddialarına baxmayaraq ölkə ərazisində bir neçə ildir ki, yaşayırdılar. Belə ki, onlar Lahor şəhərində yerdəyişmə etsələr də, ölkənin digər şəhərlərində alternativ yerdəyişmə imkanlarından istifadə etməmişlər. İddiaçı “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Bununla da müəyyən etmək olar ki, iddiaçının Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən yuxarıda sadalanan 5 əsasa görə təqib olunması müəyyən edilməmişdir. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4955/2024 nömrəli, 11 iyul 2024-cü il tarixli qərarı ilə (hakim E.Abdullayev) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, inzibati işin Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq da qeyd edilmişdir ki, inzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı bir neçə arqumentlərə əsaslanmışdır. Cavabdeh orqan hesab etmişdir ki, onun və həyat yoldaşı Qaiser Rasoolun müsahibə zamanı verdikləri izahatlarında müəyyən uyğunsuzluqlar var. Halbuki, cavabdeh orqan onların izahatlarını təhrif etmişdir. Bundan başqa, cinayət hadisəsindən sonra onun Pakistana yenidən qayıtmağı, hüquq mühafizə orqanlarına müraciət etməməyi, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusunun müəyyən edilməməsi qənaətinə gələrək inzibati orqan qaçqın statusunun verilməsindən imtina etmişdir. Pakistan İslam Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların satışı qadağa olunubdur, buna baxmayaraq, dövlət məmurlarının bu torpaqları yaşayış evlərinin tikilməsi üçün satılması ölkədə kənd təsərrüfatının inkişafına xeyli xələl gətirməklə insanların təbii və sağlam qidalardan istifadəsinin azalmasına və nəticədə müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb olacaqdır. Beləliklə, o və həyat yoldaşı “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsində qeyd edildiyi kimi siyasi əqidələrinə görə təqiblərə məruz qalmış, yəni, yaşadıqları və vətəndaşı olduqları ölkədə olan siyasətə və baş vermiş qanun pozuntularına münasibətlərinə və baxışlarına görə təqiblərin qurbanı olmuşlar. Qeyd olunanlara əsasən, cavabdehin qəbul etdiyi qərar qanunsuz olmuşdur və bu səbəbdən ləğv edilməlidir. Bunlara baxmayaraq birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Beləliklə, məhkəmə “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinin tələblərini pozmuşdur. Bundan əlavə, məhkəmə bütün faktiki halları və sübutları araşdırmamamışdır, beləliklə də, İnzibati-Prosessual Məcəlləsinin 12.1, 58.7 və 68.2-ci maddələrini pozmuşdur. Onun və həyat yoldaşının hüquqi savadları olmadığı və Azərbaycan Respublikasının qanunlarını bilmədikləri üçün iddia tələbi səhvən ancaq onun adından verilibdir. Belə ki, qaçqın statusunun ona, həyat yoldaşına və övladlarına verilməsi ilə bağlı vəsatətlə cavabdeh orqana o və həyat yoldaşı birlikdə müraciət etmişlər. Bu səbəbdən iddia ərizəsi hər ikisinin, yəni onun və həyat yoldaşının adından irəli sürülməli idi. Buna baxmayaraq, məhkəmə ona hüquqi yardım göstərmək vəzifəsini həyata keçirtməmişdir, beləliklə, Qaiser Rasool tərəfindən inzibati icraat üzrə iddia irəli sürülməsi, işin yenidən araşdırılması üçün Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş qərar ləğv edilməlidir və işin birinci instansiya baxışına qaytarılması barədə qərardad qəbul edilməlidir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş iddianı (məcburetmə haqqında) qaldırmışdır. İddiaçı cavabdeh inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : «Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən «Qaçqın» - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həminölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin 2-ci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının preambulasına əsasən bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında «Qaçqın» statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Həmin «Qayda»nın 1-ci bəndinin 3-cü abzasına əsasən «Qaçqın» statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində «Qaçqın» statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin «Qayda»nın 7-9-cu bəndlərinə əsasən: «Qaçqın» statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona «Qaçqın» statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. «Qaçqın» statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya «Qaçqın» statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq «Qaçqın» statusu verməkdən imtina edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 8.4-cü bəndinə əsasən, immiqrasiya haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını təmin etmək, miqrasiyanın və daxili miqrasiyanın tənzimlənməsində iştirak etmək cavabdehin fəaliyyət istiqamətlərinə aiddir. İşdən görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı, hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan, xx.xx.1989-cıı ıl təvəllüdlü İddiaçı (pasport: Nə ER9842823) ailə üzvləri (xx.xx.1982-ci il təvəllüdlü əri Qaiser Rasool, xx.xx.2019-cu il təvəllüdlü qızı Hoorain Qaiser, xx.xx.2021-ci il təvəllüdlü oğlu Huzaifa Qaiser) ilə birlikdə 28 avqust 2023-cü il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, onun və ailə üzvlərinin adına 91-2023 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla və ailə üzvü ilə müsahibə keçirilmişdir. İddiaçının qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasının Pəncab vilayətinin Lahor şəhərində anadan olduğunu, milliyyətcə pəncablı, dini etiqadına görə müsəlman (sünni) olduğunu, 2008-ci ildə Lahorda özəl orta məktəbi, 2010-cu ildə "Govt College for women” adlı kolleci və 2014-cü ildə Lahor şəhərindəki "Superior" Universitetinin jurnalistika ixtisası üzrə bakalavr səviyyəsində məzun olduğunu bildirmişdir. Əmək fəaliyyəti barədə məlumat verərkən İddiaçı 2011-2012-ci illərdə Lahorda özəl teatrda direktor, 2012-ci ildə "Express News" adlı xəbər agentliyində direktor köməkçisi, eyni ildə Ravalpindidə “X2" tədris müəssisəsində onlayn seminarlar keçirdiyini, 2013-cü ildə "Nayi baat" adlı qəzetdə, "City 42” televiziya kanalında və 2013-2022-ci illərdə "KN (Kohinoor) News” xəbər agentliyində direktor işlədiyini qeyd etmişdir. Ailə vəziyyəti barədə məlumat verərək ərizəçi Qaiser Rasool ilə 2018-ci ildən evli olduğunu, bu evlilikdən 2 övladının olduğunu, anasının vəfat etdiyini, atası, 2 qardaşı və 1 bacısının Pakistanda, 1 qardaşının Səudiyyə Ərəbistanında yaşadığını, əri və 2 uşağının onunla birlikdə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına gəldiklərini qeyd etmişdir. Qaçqın statusu əldə etmək üçün müraciətinin səbəblərini izah edərkən İddiaçı bildirmişdir ki, əri Qaiser Rasool ilə birlikdə 2017-ci ildən başlayaraq Pakistanda torpağın qeyri-qanuni satılması ilə məşğul olan bir qrup adamları ifşa edib, televiziya kanallarında ifşaedici məlumatları yaymaqla məşğul olduqları üçün sözügedən şəxslər tərəfindən dəfələrlə təhdidlərə məruz qalmışlar. Həmin şəxslər Pakistanda kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrini qanunsuz olaraq ev, obyekt tikintisi üçün təmin edib, əvəzində külli miqdarda pul almışlar. İddiaçı torpağın qeyri-qanuni satışında hökumət məmurlarının da əlinin olduğunu və onların da ifşa obyektinə çevrildiklərini bildirmişdir. Onlara qarşı 4 dəfə ciddi təhdid olunduğunu və bununla bağlı polisə şikayət etmələrinə baxmayaraq, polisin onlara heç bir kömək göstərmədiyini bildirmişdir. İddiaçının ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, ərizəçi özünün və ailə üzvlərinin pasportlarını, nikah şəhadətnaməsini təqdim edərək adlarını, yaşlarını, vətəndaşlıqlarını, doğulduğu yerləri təsdiq etmişdir. Bundan əlavə İddiaçı işlədiyi media orqanlarının sənədlərini, peşəkar fəaliyyəti ilə bağlı aidiyyəti təsvirləri, onun şikayətləri əsasında polisin tərtib etdiyi “FİR”-in (ilkin məlumat raportu) urdu və ingilis dilində surətlərini təqdim etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. İş materiallarından görünür ki, ərizəçi İddiaçı və əri Qaiser İqbalın ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı dediklərində müəyyən uyğunsuzluqlar müəyyən edilmişdir. Belə ki, ərizəçi İddiaçı ərizə-anketin qeydiyyatı zamanı Pakistanın Pəncab vilayətində torpağın qanunsuz satışı ilə məşğul olan şəxslərin ifşasına 2017-ci ildə “KN TV”-də işlədiyi zaman başladığını, amma müsahibəsi zamanı bu ifşanı 2015-ci ildən etməyə başladığını bildirmişdir. Bundan əlavə ərizəçi ərizə-anketin qeydiyyatı zamanı evlərində olmadıqları vaxt bir motosikletçinin onların boş evlərinə 2017-ci ilin iyun ayında atəş açdığını və bu əməlin evlərindən bayırda quraşdırdıqları təhlükəsizlik kamerasının qeydiyyatına düşdüyünü bildirsə də, müsahibəsi zamanı bu hadisənin xx.xx.2023-cü il tarixdə baş verdiyini qeyd etmişdir. Pakistanda 2015-ci ildən başlayaraq media orqanlarında ifşaedici materialları yaymaq səbəbindən naməlum şəxslər tərəfindən ciddi təhdidlərlə üzləşdiyini qeyd etməsinə baxmayaraq, İddiaçı ailəsi ilə birlikdə Pakistanda, Lahor şəhərində yaşamış, o və əri burada iş fəaliyyətlərini davam etdirmişlər. Onlar qeyd etdikləri kimi Lahor şəhəri daxilində çoxlu sayda ev dəyişdiklərinə baxmayaraq, Pakistanın digər şəhərlərinə alternativ yerdəyişmə imkanlarından istifadə etməmişlər. İddiaçı və əri Qaiser Rasoolun müsahibə zamanı verdikləri izahatlardan məlum olmuşdur ki, onlar vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətlərinə, milliyətinə, siyasi əqidəsinə, dini etiqadına görə təqib olunmamışlar. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə və ailə üzvlərinə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından Məhkəmə kollegiyası diqqətə çatdırır ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi? Azərbaycan Respublikasında qаçqın stаtusu irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib olunan, öz ölkəsinin himayəsindən istifadə edə bilməyən başqa ölkələrin vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilir. Halbuki iddiaçı tərəfindən verilmiş müsahibə və digər sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının təhdid və təqibə məruz qaldığı aşkar olunmamışdır. İddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Beləliklə, Məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığından qaçqın statusu verilməkdən imtina edilərkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4955/2024 nömrəli, 11 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. . Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-3824/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3824/2024
11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver