Məhkəmə qərarları › İş №2-1(103)-3826/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3826/2025

05.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3826/2025 05.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “iddiaçının tam reabilitasiya olunması və əlilliyinin təyinindən imtina edilməsi barədə qərarın ona aid hissədə ləğv edilməsi, əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 (sədrlik edən və məruzəçi), Mədətli Fərid İlham oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, İddiaçı iştirakı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin həkim-psixiatrı X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və s” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1162/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İŞİN HALLARİ

1. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2017-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar “Qapalı KBT dan sonraki kəskin asteno-nevrotik sindrom (ayda 9 dəfə) Kəllə daxili hipertenziya, tez-tez təkrarlanan vegeto damar krizlərlə. Hemolotik anemiya. Sol böyrəyin nefrosklerozu, sol böyrəyin xroniki tez-tez kəskinləşən, piyelonefrit kəskinləşmə dövrü. XBÇ İİ d. Nefrogen hipertenziya. Xr hepatoxolesistit. Xr.pankreatit. Neyrosirkulyator distoniya” diaqnozu əsasında 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.

2. Bakı 2 nömrəli X4 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli (imzalama tarixi xx.xx.2023) forma 088 arayışdan görünür ki, iddiaçıda: Əsas diaqnoz T90.5 “Kəllədaxili travmaların nəticələri, başın travmasının nəticələri”; Ağırlaşma F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş-beyin üzvi xəstəliyi (travma İ Qarabağ müharibəsi) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları depressiv daxil olmalar və yaddaş zəifliyi ilə, MMSE-24”; F07.8 “Baş beyin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, MMSE-24”; F06.3 “Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu MMSE-24”; F06.7 “Yüngül koqnitiv pozuntu, Yüngül koqnitiv pozğunluq. MMSE-24” Yanaşı xəstəliklər Y36.4 “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Hərbi əməliyyatlar”; H90.6 “İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, ikitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə”; G93.4 “Dəqiqləşdirilməmiş ensefalopatiya” S06.9 “Dəqiqləşdirilməmiş kəllədaxili travma” İ67.2 “Serebral ateroskleroz” İ10 “Essensial (birincili) hipertenziya” W32 “Əl odlu silahından atəş” G90.0 “İdiopatik periferik vegetativ nevropatiya” M18.4 “Birinci bilək-əldarağı oynağının digər ikincili ikitərəfli artrozları”

3. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iddiaçıya ikinci dərəcəli əlilliyin təyinindən imtina olunmuşdur. Səbəb – diaqnoz əlillik əlaməti təyin etmir.

4. xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-2272/2024 nömrəli qərardan görünür ki, iddiaçıya diaqnozun əlillik əlaməti təyin etməməsi qərara alınmışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “11 (12) dekabr 2023-cü il tarixli göndəriş üzrə 22 dekabr 2023-cü il tarixli əlilliyin təyininə imtina barədə qərarın ləğv edilməsi və 01 aprel 2024-cü il tarixli qərarının iddiaçıya aid olan hissəsində ləğv edilməsi və adıçəkilən göndəriş əsasında əlilliyin təyin edilməsini” formasında icraata qəbul edilmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2017-ci il tarixdən əlilliyi olan şəxs olmuşdur. Əlilliyin müddəti 5 il olaraq müəyyən edilmişdir. Əlilliyin müddəti bitdikdən sonrsa, cavabdeh forma 088 əsasında iddiaçının əlilliyini qiymətləndirmiş və onda olan xəstəliklərin əlilliyin təyininə əsas vermədiyini bildirmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

8. Cavabdeh məhkəməyə daxil olmuş etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2023-cü il tarixli göndəriş əsasında DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 752 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qəlpə yaralanmalarından sonra başın sağ ön alın nahiyəsində bir ədəd, başın sağ gicgah nahiyəsində bir ədəd, qarnın sağ yan səthində bir ədəd, sağ diz oynağının bayır səthində bir ədəd, sol baldırın yuxarı 1/3-nin içəri səthində bir ədəd köhnə çapıq toxumalar” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd olunmalıdır ki, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, sağtərəfli zəif eşitmə, əsəbilik, insanlarla ünsiyyət qura bilməməkdən şikayətlənmişdir. Anamnestik məlumatlarında medikamentoz preparatlardan “Zolomax”, “Ksonomax”, “Kavinton”, “Nimesil” qəbul etdiyini, əsəbləşdiyi zaman insanlarla dalaşdığını, kobud ifadələr işlətdiyini bildirmişdir. Müayinə gedişatında vətəndaşın 4-5 metrdən sərbəst ünsiyyətə daxil olması müşahidə edilmiş, psixi statusunda hal-hazırda yalnız astenik vəziyyət izlənilmiş, son illərə aid başbeyin instrumental müayinələrindən (KT, MRT) keçdiyini bildirsə də, müvafiq sənədlər təqdim etməmişdir. Vətəndaş yalnız sağtərəfli zəif eşitmədən şikayətlənsə də, təqdim olunmuş Fonus klinikasının müayinəsinin nəticəsində ikitərəfli ağıreşitmə qeyd olunmuş, sənədin doğruluğuna şübhə yaranmışdır” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı kəskin başağrıları, əsəbilik, başında törəmə olmasından şikayətlənmişdir. Anamnestik məlumatlarında əsəbləşən zaman ətrafdakı əşyalara zərər yetirdiyini, adi bir sözdən əsəbləşdiyini, bu səbəbdən daima evdə olduğunu, insanlarla münaqişələr yaşaması səbəbindən psixiatrik xəstəxanalara müraciət etdiyini bildirmiş, qəbul etdiyi medikamentoz preparatların adlarını bilməmiş, heç bir resept təqdim etməmişdir. Müayinə zamanı sağ qulağında eşitmə cihazı olduğu müşahidə edilmiş, lakin vətəndaş 5 metr məsafədən əyləşmiş, sakit danışmış, verilən sualları cavablandırmışdır. Vətəndaşın alnında, qarının sağ tərəfində, sağ dizində çapıqlar izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətləri sərbəst və ağrısız olmuşdur. Nəzərə alınmışdır ki, təqdim edilmiş tibbi müayinə sənədlərinə əsasən vətəndaş bir ay ərzində beş gün fasilə ilə iki dəfə MRT müayinəsindən, on gün sonra isə KT müayinəsindən keçmişdir. Psixi statusunda demonstrativ şəkildə oturmuş, verilən suallara süst cavablar vermiş, əsəbiliyə, aqressivliyə açıqlama verə bilməmiş, ümumi cümlələrlə yayınmışdır. Psixiatrik xəstəxanaya müraciət yalnız 2023-cü ildə olmuş, gündüz stasionarında müalicə almış, qəbul etdiyi dərman haqqında məlumat verməmişdir. Təqdim edilən instrumental müayinələrin ardıcıllığı və nəticələrinin uyğunsuzluğu diqqəti cəlb etmiş, şəxsiyyətin üzvi mənşəli spesifik inkişafı izlənilməmiş, asteno-nevrotik əlamətlər aktual olmuşdur. X6 və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli Arayışında diaqnoz “Qəlpə yaralanmasından sonrakı vəziyyət. Sağ diz oynağının, sol baldırın yuxarı 1/3- nin ağrılı dartıcı çapıqlaşması. Sağ diz oynağının posttravmatik üçüncü mərhələ artrozu. Ağrılı sinoviti. Diz qapağının bayıra rotasiyası. Diz oynağının kəskin kontrakturası, bükmə 110 dərəcə. Qeyri-stabilliyi, ağrılı oynaq. Aşıq baldır oynağının kontrakturası, bükmə 100 dərəcə, açma 85 dərəcə. Ətrafın funksiya pozğunluğu. Ağrı sindromu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. 2 nömrəli X1 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 1110/23 nömrəli Çıxarışında diaqnoz “Baş beynin üzvi xəstəliyi (travma İ Qarabağ müharibəsi) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalar və yaddaş zəifliyi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli 7502 nömrəli Məsləhət vərəqində diaqnoz “Baş beynin üzvü xəstəliyi (İ Qarabağ müharibəsi travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi. Kobud davranış pozuntusu. Depressiv daxilolmalar və yaddaş zəifliyi” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2023-cü il tarixli 2611 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli (İ Qarabağ müharibəsi zamanı alınmış KBT-sı nəticəsində) şəxsiyyət pozuntusu, kobud davranış, yaddaş zəifliyi və depressiv əlamətlərlə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2023-xx.xx.2023-cü il tarixli ******* nömrəli Çıxarışında diaqnoz “Üzvi mənşəli (İ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, kobud davranış, yaddaş zəifliyi və depressiv əlamətlərlə” kimi qeyd olunsada, klinik olaraq öz təsdiqini tapmamışdır. X12 xx.xx.2023-cü il tarixli BERA testinin nəticəsi “İkitərəfli orta ağır (İİİ-İV) dərəcəli sensonevral tip eşitmə azlığı” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X13 xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Hipoksik vəziyyət. Alın payında tək-tək paroksizmal işarələr. Vegetativ strukturların paroksizmi (β- ləng dalğa) paroksizmidir” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X9 xx.xx.2023-cü il tarixli Kranioserebral MRT müayinəsinin nəticəsi “Serebral korteksin ümumi konfiqurasiyası və həcmi kobud kortikal atrofiyanı əks edir. Subaraxnoidal şırımların həcmi artmışdır. Beyin yarımkürələrində yayılmış fokal qliotik ocaqlar aşkar edilir. Ocaqlar əsasən arxa periventrikulyar nahiyələrdə və soldan alın və təpə nahiyələrin subkorteksində vizualizə olunur. Təpə nahiyəsində dərialtı ateroma qeyd olunur, 5×10×15 mm-ə yaxın ölçülərdədir” kimi qeyd olunsa da, sənədin doğruluğuna ciddi şübhə yaranmışdır. Medistyle Hospitalın xx.xx.2023-cü il tarixli Beyin MR müayinəsinin nəticəsi “Hər iki beyin yarımkürəsində, hər iki pariatal nahiyədə 2- 3 mm ölçüdə bir neçə ədəd T2, FLAİR hiperintens ocaq (Daha çoxunun spesifik ocaq lehinə dəyərləndirilir)” kimi qeyd olunsa da, sənədin doğruluğuna ciddi şübhə yaranmışdır. Berlin Ailə və Uşaq Klinikasının xx.xx.2023-cü il tarixli KT müayinəsinin nəticəsi “İntraparenximatoz həcmli proses qeyd olunur. İnvolyutiv-atrofik dəyişikliklər. Hər iki yarımkürənin serebelyar ağ maddəsində millimetrik ölçülü xroniki angiopatik qliotik ocaqlar” kimi qeyd olunsa da, sənədin doğruluğuna ciddi şübhə yaranmışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Audiometriya müayinəsinin nəticəsi “Sağ qulaq-45 db (İİ dərəcə), sol qulaq- 35 db (İ dərəcə)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1162/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir.

10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəf məhkəmə baxışı zamanı təqdim olunan diaqnoz üzrə kliniki ağırlaşmanın müəyyən olunmadığını əsas göstərmişdir. Lakin məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında "əlilliyin təyini və ya bərpası" məsələlərinə baxılarkən məhkəmə ekspertizaları zamanı ekspertlər tərəfindən verilən rəylərdə “xəstəliklərin ağırlaşması” suallarının cavabı bəzən konkret şəkildə ifadə olunmur. Bu isə həmin halların inkar edildiyi mənasına gəlmir. Əksinə, iş üzrə ekspert rəyindən aydın olur ki, iddiaçıda qeyd olunan psixiatrik pozuntu hal-hazırda da müşahidə olunur və bu, əvvəllər təyin olunmuş əsas diaqnozun davamı və faktiki ağırlaşmasıdır.

11. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1162/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşarlıq təşkil edir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. d) Prosses iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərar ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”:

Bənd 7.7.1. Spesifik şəxsiyyət pozuntuları, fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi F62.0 nəzərdə tutulmuşdur.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda dəyişiklik edilməsi haqqında” Nazirlər Kabinetinin 20 iyul 2023-cü il, 235 nömrəli Qərarı.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”

Bənd 1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2- Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.

19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun:

Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. (2022-ci il iyulun 1-dək olan redaksiya) 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər.... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ...6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

20. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”:

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır:... 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”:

1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”:

1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.7-ci bənd. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

23. 2022-ci il iyulun 1-dək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”:

1. Ümumi müddəalar 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bənd. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 2.2-ci bənd. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın.

24. “İnzibati icraat haqqında” Qanunun:

2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 25.2. Qanunla başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati icraatla bağlı məlumatlar başqa şəxslərə yalnız maraqlı şəxslərin razılığı əsasında verilə bilər. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nailolduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməkləinzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsindəbilmədiyi halda.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.

28. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı (mübahisələndirilən qərarının ləğvi üçün əsasların mövcudluğu ilə bağlı) məsələ birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

31. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur və birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

32. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

33. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

34. Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

35. Əvvəla qeyd edilməlidir ki, məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək iddia tələbinin xəstəliyin səbəbli əlaqəsinin "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar qeyd edilməklə, 22 dekabr 2023-cü il tarixli əlilliyin təyininə imtina barədə qərarın qəbul edildiyi tarixdən, orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi kimi icraata qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.

36. İş materiallarına əasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar “Qapalı KBT dan sonraki kəskin asteno-nevrotik sindrom (ayda 9 dəfə) Kəllə daxili hipertenziya, tez-tez təkrarlanan vegeto damar krizlərlə. Hemolotik anemiya. Sol böyrəyin nefrosklerozu, sol böyrəyin xroniki tez-tez kəskinləşən, piyelonefrit kəskinləşmə dövrü. XBÇ İİ d. Nefrogen hipertenziya. Xr hepatoxolesistit. Xr.pankreatit. Neyrosirkulyator distoniya” diaqnozu əsasında 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.

37. Bakı 2 nömrəli X4 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli (imzalama tarixi xx.xx.2023) forma 088 arayışdan görünür ki, iddiaçıda: Əsas diaqnoz T90.5 “Kəllədaxili travmaların nəticələri, başın travmasının nəticələri”; Ağırlaşma F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş-beyin üzvi xəstəliyi (travma İ Qarabağ müharibəsi) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları depressiv daxil olmalar və yaddaş zəifliyi ilə, MMSE-24”; F07.8 “Baş beyin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, MMSE-24”; F06.3 “Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu MMSE-24”; F06.7 “Yüngül koqnitiv pozuntu, Yüngül koqnitiv pozğunluq. MMSE-24” Yanaşı xəstəliklər Y36.4 “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Hərbi əməliyyatlar”; H90.6 “İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, ikitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə”; G93.4 “Dəqiqləşdirilməmiş ensefalopatiya” S06.9 “Dəqiqləşdirilməmiş kəllədaxili travma” İ67.2 “Serebral ateroskleroz” İ10 “Essensial (birincili) hipertenziya” W32 “Əl odlu silahından atəş” G90.0 “İdiopatik periferik vegetativ nevropatiya” M18.4 “Birinci bilək-əldarağı oynağının digər ikincili ikitərəfli artrozları”

38. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iddiaçıya ikinci dərəcəli əlilliyin təyinindən imtina olunmuşdur. Səbəb – diaqnoz əlillik əlaməti təyin etmir.

39. Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-2272/2024 nömrəli qərardan görünür ki, iddiaçıya diaqnozun əlillik əlaməti təyin etməməsi qərara alınmışdır. 40.Yuxarıda qeyd edilən qanunvericiliyin tələblərində müəyyən olunur ki, iddiaçı əlilliyin təyin olunması üçün Nazirlər Kabinetinin qərarında müvafiq diaqnoz və bundan irəli gələrək ağırlaşmalar mövcud olmalıdır. Hazırkı halda iddiaçıda müvafiq diaqnozun və onun ağırlaşmalarının mövcudluğu sübuta yetirilir.

41. Belə ki, inzibati mübahisənin predmeti olaraq iddiaçıda mövcud olan xəstəliklərin ona əlillik dərəcəsinin yenidən təyin edilməsi üçün əsas verib-verməməsini müəyyən edilməsi məqsədilə işin həllinin xüsusi tibbi bilik tələb etdiyini nəzərə alaraq, Bakı İnzibati Məhkəməsi tərəfindən ekspertiza təyin olunmuşdur.

42. Ekspertiza zamanı forma 088 arayışında qeyd olunan F07.8 kodlu xəstəliyin (üzvi mənşəli şəxsiyyət pozuntusu) iddiaçıda aşkarlandığı müəyyən edilmişdir. Bundan əlavə, hazırkı vəziyyətdə iddiaçıda F07.0 – “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” diaqnozu qeydə alınmışdır.

43. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh tərəf məhkəmə baxışı zamanı təqdim olunan diaqnoz üzrə kliniki ağırlaşmanın müəyyən olunmadığını əsas göstərmişdir. Lakin məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında "əlilliyin təyini və ya bərpası" məsələlərinə baxılarkən məhkəmə ekspertizaları zamanı ekspertlər tərəfindən verilən rəylərdə “xəstəliklərin ağırlaşması” suallarının cavabı bəzən konkret şəkildə ifadə olunmur. Bu isə həmin halların inkar edildiyi mənasına gəlmir. Əksinə, iş üzrə ekspert rəyindən aydın olur ki, iddiaçıda qeyd olunan psixiatrik pozuntu hal-hazırda da müşahidə olunur və bu, əvvəllər təyin olunmuş əsas diaqnozun davamı və faktiki ağırlaşmasıdır.

44. Belə ki, iddiaçıda mövcud olan “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” xəstəliyi hal-hazırda da aktualdır və onun müşahidə olunan kliniki əlamətləri əlillik təyini üçün hüquqi və tibbi əsas təşkil edir. Həmin xəstəliyin klinik xarakteri və simptomatikası, xüsusilə də şəxsiyyət dəyişikliyi, davranış və emosional sabitliyin pozulması, psixi fəaliyyətin ləngiməsi, əmək qabiliyyətini ciddi şəkildə məhdudlaşdırır. 45.Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin həkim-psixiatrı ekspert komissiyasının sədri X5 məhkəmənin xx.xx.2026-cı il tarixli iclasında iştirakı təmin edilmiş, həkim-psixiatr X7 yoxlanılan şəxs İddiaçı hazırda “üzvi mənşəli şəxsiyyət pozuntusu” F07.0 və onun ağırlaşmalarının aşkar olunduğunu qeyd etmişdir. 46.Bununla yanaçı Kollegiya qeyd edir ki, iş materiallarında olan sənədlərdən və verilmiş rəylərdən də iddiaçıda ona təyin edilmiş F07 diaqnozunun ağırlaşması (F07.8 baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları) müəyyən olunur.

47. Bundan başqa məhkəmə diqqətə çatdırmışdır ki, “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun, 1.0.10 və 1.0.11-ci bəndlərinə əsasən, psixiatriya müəssisəsi (psixonevroloji müəssisə) - psixiatriya yardımı sahəsində qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən tibb müəssisəsi və ya onun bölməsi; psixi pozuntu (xəstəlik) – sosial uyğunlaşmanın və səhhətin pozulması ilə müşayiət olunan, kliniki ifadə olunmuş psixopatoloji davranış forması.

48. Həmin Qanunun 15.0 və 15.0.3-cü bəndlərinə görə, dövlət aşağıdakılara təminat verir: ... psixiatriya ekspertizasının bütün növlərinin (hərbi-həkim, tibbi-sosial və məhkəmə psixiatriya ekspertizalarının) aparılmasına, lazım olduqda fəaliyyət qabiliyyətinin müvəqqəti itirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada məhdud fəaliyyə qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə, əlilliyi müəyyən edilməsinə.

49. Göründüyü kimi, psixi pozuntu vəziyyətində olan şəxslərə tibbi və sosial yardım göstərilməsi dövlət təminatı, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquqlarına və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir. Bu sahədə hüquqi mexanizm “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun müddəaları ilə həyata keçirilir. Bu Qanun Azərbaycan Respublikasında psixiatriya yardımı göstərilməsi sahəsində yaranan münasibətləri tənzimləyir, bu sahədə hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini müəyyən edir. Sözügedən Qanunun 15-ci maddəsində dövlətin psixi pozuntu xəstəliyindən əziyyət çəkən şəxslər qarşısında olan təminatların əhatə dairəsi sadalanmışdır ki, bunlardan biri də əlilliyin müyyən edilməsidir.

50. Belə olan halda, 2017-cı ildə qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, ən əsası isə həmin xəstəliyin ağırlaşması da müəyyən olunduğu halda, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır.

51. Beləliklə, iddiaçıda olan xəstəliklər ona əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir.

52. “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın tələbinə görə şəxsə hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda hərbi xidmətlə əlaqədar əlillik müəyyən edilir.

53. Təlimata görə hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir.

54. Bununla əlaqədar xüsusi olaraq qeyd edilməlidir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçının yaralanmasının nəticəsi - diaqnoz “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Bu işin təkzib olunmaz halıdır.

55. Həmçinin, Kollegiya əlilliyin səbəb əlaqəsi ilə bağlı qeyd edir ki, iş materiallarından da müəyyən olunur ki, xx.xx.2017-ci il tarixdə iddiaçıya eyni diaqnoz əsasında Azərbaycan Respublikasının ərazi bötüvlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə əlillik təyin edilmişdir. Eyni zamanda Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” PHŞ 18 aprel və 30 oktyabr 2023-cü il tarixli arayışlarına əsasən iddiaçıya təyin edilmiş diaqnoz üzvi mənşəli şəxsiyyət pozuntusu kobud davranış, yaddaş zəifliyi və depressiv əlamələrlə F07.8 olaraq İ Qarabağ müharibəsi zamanı alnmış KBT-cı nəticəsi olaraq müəyyən edilmişdir.

56. Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5.2.1-ci bəndinə görə şəxsin əlilliyinin səbəblərdən biri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyə əsasən müəyyən edilir.

57. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərar ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlar”ın 7.7.1-ci bəndində nəzərdə tutulmuşdur.

58. Göründüyü kimi, cavabdeh orqan iddiaçıda müəyyən edilmiş diaqnozun əlillik əlaməti təyin etməməsinin əsaslarını sübut edə bilməmişdir.

59. Həmçinin, cavabdeh inzibati orqan iddiaçıya əlillik təyin edildiyi halda sonradan onun barəsində əyani müayinə nəticəsinə əsaslanaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul etmişdir.

60. Cavabdeh inzibati orqan apellyasiya şikayətinin dəlili kimi qeyd etmişdir ki, göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

61. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaq bildirir ki, “Əlilliyin müəyyən olunması meyarları”nda F07.0 kod altında nəzərdə tutulan xəstəlik (üzvi mənşəli şəxsiyyət pozuntusu) əsasında əlilliyin orqanizmin funksiyasının faiz göstəricisinin 35-60% yoxsa 65-80% olmasından asılı olmayaraq yalnız iki il müddətinə təyin olunması nəzərdə tutulmuşdur. Bu səbəbdən də ekspertiza mərhələsində iddiaçının orqanizmin pozulmasının faiz dərəcəsinin dəqiq müəyyən olunması cavabdeh inzibati orqanın Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən diskresion səlahiyyətlərinə aiddir.

62. Belə ki, qeyd edilən məsələ, yəni əlilliyin faiz dərəcəsinin tibbi göstəricilər əsasında müəyyən olunması və nəticə etibarı ilə hüquqi qiymət verilməsi məsələsi cavabdehin diskresion səlahiyyətlərinə aid edilir. Başqa sözlə desək, bu sahədə konkret faiz göstəricisinin müəyyən olunması məhkəmənin deyil, cavabdehin müstəqil qiymətləndirmə salahiyyətinə aid olduğundan, həmin faiz dərəcəsinin məhkəmə tərəfindən müəyyən olunması inzibati orqanın səlahiyyətinə müdaxilə kimi qiymətləndirilir. Lakin iddiaçının orqanizmin pozulmasının faiz dərəcəsinin dəqiq müəyyən oluna bilməməsi də hazırkı halda vəziyyəti iddiaçının ziyanına dəyişmir. Hər bir halda həmin diaqnoz altında olan xəstəliklər əlilliyin yalnız 2 il müddətində təyin olunmasına əsas verir.

63. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

64. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur

65. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

66. Bu mənada apellyasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.

67. Odur ki, yuxarıda qeyd olunanlar baxımından cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.

68. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.

69. Yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1162/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1162/2025 nömrəli, xx.xx.2025-ci il tarixli dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar