Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3828/2025 30.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinə qarşı “hərbi xidmətə çağırışa möhlət hüququnun verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədova və X2 ibarət tərkibdə, Şirazi Elxan oğlu Eldarzadənin katibliyi, İddiaçı X6 və nümayəndəsi Nümayəndə2 Samir oğlu, Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə1, Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinin nümayəndəsi X5 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1897/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və X4 xx.xx.2020-ci il tarixli 40/k nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı “5608.01 Mülki hüquq, ailə hüququ, sahibkarlıq hüququ, beynəlxalq xüsusi hüquq ixtisası” üzrə 1 may 2020-ci il tarixdən fəlsəfə doktoru hazırlığı üzrə əyani doktoranturaya 3 il müddətinə qəbul edilmişdir.
2. Bakı Dövlət Universitetinin xx.xx.2024-cü il tarixli 32 saylı arayışından görünür ki, İddiaçı Hüquq fakültəsinin Mülki hüquq kafedrasının 5608.01 - “Mülki hüquq, sahibkarlıq hüququ, ailə hüququ, beynəlxalq xüsusi hüquq” ixtisası üzrə 2023-cü il 01 may tarixinədək əyani doktorantı olmuş və “Elektron ticarətin hüquqi tənzimlənməsi problemləri" adlı dissertasiya mövzusunu “Fəlsəfə doktoru” elmi dərəcəsi alması üçün Dissertasiya Şurası müdafiəyə təqdim edilməsi barədə yekun qərar qəbul etmiş və dissertasiya işi Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən FD 2.44 Dissertasiya Şurasına müdafiə üçün təqdim edilmişdir.
3. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinin xx.xx.2024-cü il tarixdə Xidmətə ünvanladığı məktubdan görünür ki, Xidmətin Bakı şəhəri Nizami rayon idarəsində qeydiyyatda olan xx.xx.1996-cı il təvəllüdlü İddiaçı xx.xx.2012-ci il tarixdə ilkin qeydiyyata alınmışdır. İddiaçı 2014-cü ilin yanvar çağırışına cəlb edilmiş, lakin Azərbaycan Diplomatik Akademiyasının bakalavr pilləsində təhsil alması barədə Forma 10 arayışına əsasən rayon çağırış komissiyası tərəfindən “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.4 maddəsilə xx.xx.2014-cü il tarixdən xx.xx.2017- ci il tarixədək çağırışdan möhlət hüququ qazanmışdır. Verilmiş təhsil möhləti bitdiyi üçün 2017-ci ilin iyul çağırışına cəlb edilmiş, Azərbaycan Diplomatik Akademiyasının magistr pilləsində təhsil alması barədə arayışa əsasən rayon çağırış komissiyası tərəfindən “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.4 maddəsilə xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək çağırışdan möhlət hüququ qazanmışdır. Təhsil möhləti bitdiyi üçün 2019-cü ilin iyul çağırışına cəlb edilmiş, səhhətilə bağlı müayinə olunması üçün xx.xx.2019-cu il tarixdə 202-li göndəriş verilmişdir. Respublika Dəri Zöhrəvi Xəstəxanasının xx.xx.2019-cu il tarixli 1188 nömrəli aktına əsasən (diaqnoz- çoxsaylı konglobat aknelər) çağırışçı İddiaçı rayon çağırış komissiyasının qərarı İlə “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 62b maddəsinin İ qrafasma əsasən, “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı “ hesab edilmişdir. Lakin, rayon çağırış komissiyasının xx.xx.2019-cu il tarixli 6- 27/277 nömrəli qərarı Mərkəzi Çağırış Komissiyasının xx.xx.2019-cu il tarixli 3/53 nömrəli protokolu ilə ləğv edilmiş, çağırışçı İddiaçı Xidmətin Mərkəzi hərbi həkim komissiyasında şəhadətləndirilərək “Çoxsaylı gənclik sızanaqları. Vulqar aknelər” diaqnozu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” nin “Xəstəliklər cədvəli” nin 63-cü maddəsinin İ qrafasma əsasən “6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız” hesab edilmişdir. Çağırışçı İddiaçı 02 iyun 2020-ci tarixdə “Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul haqqında” Azərbaycan Milli Elmlər Akademiyasının hüquq və X4 təqdim etdiyi əmrdən çıxarışa əsasən “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.4 maddəsilə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək çağırışdan möhlət hüququ qazanmışdır. Çağırışçı 2024-cü ilin iyul çağırışına cəlb edilmiş, dəfələrcə çağırışçıya və valideyininə məlumat verilməsinə baxmayaraq, hərbi-həkim komissiyasına gəlməkdən boyun qaçırmış, Bakı Dövlət Universitetinin Dissertasiya Şurasında iştirakı barədə xx.xx.2024-cü il tarixli 32 nömrəli arayış təqdim etmişdir.
4. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xidmətin Bakı şəhəri Nizami rayon idarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Xidmətin Həqiqi hərbi xidmətə çağırış baş idarəsində aparılmış araşdırma nəticəsində 1996-cı il təvəllüdlü İddiaçı müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ müəyyən olunmamışdır. Bununla bağlı çağırışçının ümumi əsaslarla çağırışa cəlb edilməsi, çağırışdan yayındığı təqdirdə isə əməlinə hüquqi qiymətin verilməsi üçün toplanmış sənədlərin aidiyyəti üzrə hüquq mühafizə orqanlarına təqdim edilməsi təmin edilsin. Görülmüş işlərin nəticəsi barədə Xidmətin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinə məlumat verilsin.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Dövlət Universitetində doktaranturası üzrə əyani təhsilini başa çatdırıb müvafiq elmi dərəcəni alanadək ona müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququnun verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı bildirir ki, 2011-ci ildə Bakı şəhəri, Nizami rayonu, K.Əyyubov adına 12 saylı tam orta məktəbin İX sinfini əla qiymətlərlə bitirərək xüsusi nümunəli şəhadətnaməyə, 2013-cü ildə isə Xİ sinfini qızıl medalla bitirərək xüsusi nümunəli attestata layiq görülmüşdür. Adı məktəbin “Şərəf kitabı”na daxil edilmiş, 2013-cü ildə mümkün 700 baldan 677 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında X1 Siyasi İdarəetmə fakültəsinin Hüquqşünaslıq ixtisasına qəbul olunmuş, 2017-ci ildə bakalavr pilləsi üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2017-2019-cu illərdə ADA Universitetinin “Beynəlxalq münasibətlər və diplomatiya” ixtisası üzrə ingilis dilində təhsil alaraq magistr elmi ixtisas dərəcəsinə layiq görülmüşdür. Təhsil müddətində göstərdiyi yüksək nəticələrə görə “Yüksək performans siyahısı”na daxil edilmişdir. Təhsil almaqla yanaşı universitetin ictimai həyatında fəal iştirak etmiş, 2017-2018-ci illər ərzində X8 çərçivəsində göstərdiyi fəaliyyət ADA Universitetinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş, təltif olunmuşdur. 2020- ci ilin may ayından 2022-ci ilin oktyabr ayına qədər AMEA-nın Hüquq və X4 “5608.01 - Mülki hüquq, sahibkarlıq hüququ, ailə hüququ, beynəlxalq xüsusi hüquq” ixtisası üzrə əyani doktorantıdır. 2022-ci ilin oktyabr ayından isə həmin institutun fəaliyyət istiqaməti dəyişdirildiyindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Bakı Dövlət Universitetinə keçirilmişdir. Hazırda Bakı Dövlət Universitetinin doktorantı olaraq təhsilini davam etdirir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin yarımfinalçısıdır, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva və Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Fərhad Hacıyev tərəfindən xüsusi sertifikatla təltif olunmuşdur. Qanunvericiliklə doktorantura təhsili çərçivəsində üzərinə düşən bütün öhdəlikləri tam yerinə yetirmiş, elmi tədqiqat işini bitirmiş və “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq üçün elmi tədqiqat işinin müdafiəsinə başlamış, dissertasiya işini ilkin müzakirəyə təqdim etmişdir. Dissertasiya işi Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının 13 dekabr 2023- cü il tarixli 04 saylı iclasında ilkin müzakirə olunmuş, “Fəlsəfə doktoru” elmi dərəcəsi almağa layiq olmağı və növbəti mərhələ olaraq işin Dissertasiya Şurasına təqdim edilməsi barədə qərar qəbul edilmişdir. Dissertasiya işi Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən FD 2.44 Dissertasiya Şurasına təqdim edilmiş və hətta 06 iyun 2024-cü il tarixində sözügedən Dissertasiya Şurası elmi seminarın keçirilməsinə dair qərar qəbul etmişdir. Bütün bu proseslərdə Nizami rayon idarəsi ilə davamlı əsasda kommunikasiyada olmuş, zəruri arayışları təqdim etmişdir. Hazırda isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş məktuba istinad edərək Nizami rayon idarəsi tərəfindən onun möhlət hüququ olmadığı bildirilmişdir. Bununla bağlı etibarnamə əsasında atası tərəfindən cavabdeh orqanların rəhbərliyinin qəbuluna düşərək müraciət edilmişdir. Cavabdeh orqan tərəfindən verilmiş 08 iyul 2024-cü il tarixli cavab məktubla ərizənin təmin edilməsindən imtina edilmişdir.
7. Cavabdeh orqan iddiaya dair hər hansı bir münasibət bildirməmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1897/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kollegiyası tərəfindən fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi məsələsinə dair qərar qəbul edilənədək İddiaçı müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququnun verilməsi vəzifəsinim cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.
9. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericliyə əsasən doktoranturada əyani təhsil müddəti 3 ildir, həmin müddət bitdikdən sonra şəxs fəlsəfə doktoru sayılmır. O şəxslər fəlsəfə doktoru elmi dərəcəsi alır ki, onlar xüsusi elmi hazırlığı-doktorantura təhsilini bitirirlər, daha sonra isə fəlsəfə doktoru dissertasiyasının müdafiəsini həyata keçirirlər. Təsadüfi deyildir ki, “Təhsil haqqında” Qanunun 27.1-ci maddəsi təhsilin hər hansı pilləsini və səviyyəsini bitirmənin müvafiq təhsil haqqında dövlət sənədi ilə yekunlaşdığını müəyyən etsə də, doktoranturanı istisna etmişdir. Çünki qeyd edildiyi kimi, doktoranturanı bitirmə hər hansı bir sənədlə rəsmiləşdirilmir. Təhsilin həmin səviyyəsinin bitirilməsində məqsəd fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün tələb olunan şərtin yerinə yetirilməsidir, hansı ki digər şərt dissertasiyanın müdafiəsidir. Belə olan halda aydındır ki, onun Qanunun 21.1.4-cü maddəsinə əsasən yaranan çağırışa möhlət hüququ başa çatmışdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinə əsasən, çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 30 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kollegiyası tərəfindən fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi məsələsinə dair qərar qəbul edilənədək İddiaçı müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ verildiyi təqdirdə şəxsin 30 yaşı tamam olacaq və onun əsassız olaraq müddətli həqiqi hərbi xidmətə cəlb edilməməyinə səbəb olacaqdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, 12 iyul 2024-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək doktorantura təhsilini bitirə bilmək üçün qanunvericiliyə müvafiq olaraq möhlətin verilməsini tələb edəndə müddətli həqiqi hərbi xidmətə çağırışdan azadetmə üçün nəzərdə tutulmuş yaş həddi 35 idi. Məhz məhkəmə araşdırmasının davam etdiyi bir dövrdə 27 dekabr 2024-cü il tarixli 111-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə sözügedən yaş həddi 35-dən 30-a endirildi. Ümumiyyətlə, cavabdehlərin apellyasiya şikayətlərinin “dəlilləri” mahiyyətcə onların birinci instansiya məhkəməsində səsləndirdikləri “dəlilləri” təkrarlamaqla onlarla tamamilə eyniyyət təşkil edir. Lakin cavabdehlər qəbul edə bilmirlər ki, Bakı İnzibati Məhkəməsində araşdırmanın davam etdiyi müddət ərzində onların bütün qanunazidd maneələrinə baxmayaraq, iddiaçı doktorantura təhsilini davam etdirməyə müvəffəq olmuş, ən önəmlisi isə fəlsəfə doktoru dissertasiyasını layiqincə müdafiə etmişdir.
c) Proses iştirakçılarının izahatları
12. Məhkəmədə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə1 və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinin nümayəndəsi X9 apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilrək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdilər.
13. Məhkəmə iddiaçı X6 və nümayəndəsi Nümayəndə2 Samir oğlu apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
15. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun: 18.1-ci maddəsinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: 18.1.1. ailə vəziyyətinə görə; 18.1.2. sağlamlıq vəziyyətinə görə; 18.1.3. təhsili davam etdirmək üçün; 18.1.4. Azərbaycan Respublikası Milli Məclisinin deputatı və bələdiyyələrə üzv seçilmək üçün namizədliyi qeydə alınmış şəxslərin seçki fəaliyyəti ilə əlaqədar (namizədliyi qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc olunduğu günədək); 18.1.5. deputat, hakim, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkil (ombudsman) fəaliyyəti ilə əlaqədar. Maddə 21.1. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında və ya xarici ölkələrdə dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, elmi müəssisə və təşkilatlarda təhsil alan aşağıdakı çağırışçılara təhsilini davam etdirmək üçün təhsil pilləsi (təhsil pilləsinin hər bir səviyyəsi) üzrə yalnız bir dəfə möhlət verilir: 21.1.1. ümumi təhsil müəssisələrində tam orta təhsil alanlara – 20 yaşınadək; 21.1.2. peşə təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara – 20 yaşınadək; 21.1.3. orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara – 21 yaşınadək; 21.1.4. əyani təhsilalma formasında bakalavriatda təhsil alanlara – müvafiq təhsilini bitirənədək, lakin 24 yaşdan çox olmamaqla (bu Qanunun 21.8-ci maddəsində qeyd olunan çağırışçılar istisna olmaqla); 21.1.5. əyani təhsilalma formasında magistraturada təhsil alanlara – müvafiq təhsilini bitirənədək, lakin 26 yaşdan çox olmamaqla (bu Qanunun 21.8-ci maddəsində qeyd olunan çağırışçılar istisna olmaqla); 21.1.6. əyani təhsilalma formasında əsas (baza ali) tibb təhsili səviyyəsində və rezidenturada təhsil alanlara – təhsilini bitirənədək; 21.1.7. əyani təhsilalma formasında doktoranturada (adyunkturada) təhsil alanlara – təhsilini bitirənədək; 21.1.8. doktoranturaya (adyunkturaya) qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara – 3 ay müddətinə. 21.2. Müvafiq təhsil pilləsini (səviyyəsini) bitirən çağırışçılara ali təhsil pilləsinin bakalavriat və ya magistratura səviyyələrinə keçirilən qəbul imtahanlarında iştirak etmək üçün əvvəlki təhsil pilləsini (səviyyəsini) bitirdiyi tarixdən 3 ay müddətinə möhlət verilir. 23.1. Dinc dövrdə aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək ehtiyata keçirilirlər:
23.1.1. fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar; 23.1.2. sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılmış çağırışçılar; 23.1.3. 30 yaşı tamam olanadək müxtəlif səbəblərdən müddətli həqiqi hərbi xidmət keçməmiş çağırışçılar; 23.1.4. alternativ xidmət keçməyə göndərilmiş çağırışçılar;
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
18. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.2-ci maddələrinə əsasən)
20. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 14-16-ci bəndləri) əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir.
21. Hazırki işdən görünür ki, iddiaçı dissertasiya işini müdafiə üçün təqdim etdiyini, doktorantura üzrə təhsilini başa vurmadığını bildirməklə cavabdehlərdən hərbi xidmətə çağırışdan möhlət verilməsini tələb edir. 22.Cavabdeh orqan isə iddiaçının müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ müəyyən olunmadığından onu çağırışa cəlb etmişdir.
23. Məhkəmə kollegiyası iş materialları üzrə müəyyən olunan aşağıdakı hallar və qanunvericiliyin tələbləri nəzərə alınmaqla cavabdeh orqanın qeyd olunan dəliləri ilə razılaşır.
24. Belə ki, işdə olan Bakı Dövlət Universitetinin xx.xx.2024-ci il tarixli, 03-5/929 nömrəli arayışından görünür ki, iddiaçı həqiqətən 2022-ci il 3 oktyabr tarixindən Bakı Dövlət Universitetinin (BDU) Mülki hüquq kafedrasının 5608.01 - “Mülki hüquq, sahibkarlıq hüququ, ailə hüququ, beynəlxalq xüsusi hüquq” ixtisasında dövlət hesabına fəlsəfə doktoru proqramı üzrə əyani doktorantıdır. İddiaçı 5608.01 - “Mülki hüquq, sahibkarlıq hüququ, ailə hüququ, beynəlxalq xüsusi hüquq” ixtisasında hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Elektron ticarətin hüquqi tənzimlənməsi problemləri” mövzusunda dissertasiya işini yerinə yetirmişdir. Dissertasiya işi Mülki hüquq kafedrasının 2023-cü il 13 dekabr tarixli genişləndirilmiş iclasında müzakirə edilmiş və müdafiəyə buraxılması tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 2019-cu il 29 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş “Dissertasiya şuralarının yaradılması və fəaliyyətinin təşkili barədə təlimafa uyğun olaraq, iddiaçının dissertasiya işinin müdafiəsi üzrə sənədləri BDU-nun nəzdində fəaliyyət göstərən FD 2.44 Dissertasiya şurasına təqdim olunmuşdur. FD 2.44 Dissertasiya şurasının nəzdindəki elmi seminarın 2024-cü il 28 oktyabr tarixli iclasının qərarı ilə dissertasiyanın müdafiəyə buraxılması haqqında qərar qəbul olunmuşdur. Təlimatın 4.10-cu bəndinə uyğun olaraq, FD 2.44 Dissertasiya şurası tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 5.22-ci bəndi ilə nəzərdə tutulmuş qaydada rəsmi opponentlər və müdafiənin keçirilməsi tarixi müəyyən ediləcəkdir.
25. İşdə olan Bakı Dövlət Universitetinin arayışından müəyyən olunur ki, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Mülki hüquq” kafedrasının əyani doktorantı İddiaçı 5608.01 - "Mülki hüquq; sahibkarlıq hüququ; ailə hüququ; beynəlxalq xüsusi hüquq” ixtisasında hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Elektron ticarətin hüquqi tənzimlənməsi problemləri” mövzusunda dissertasiya işi xx.xx.2025-ci il tarixində Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən FD 2.44 Dissertasiya Şurasında müdafiə edilmişdir və dissertasiya işi ilə bağlı sənədlər fəlsəfə doktoru elmi dərəcəsi diplomunun verilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına göndəriləcəkdir.
26. İşdə olan Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəsmi internet saytından çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixdə müdafiə etmiş X3 fəlsəfə doktoru elmi dərəcəsi alması üçün Elektron ticarətin hüquqi tənzimlənməsi problemləri” mövzusunda dissertasiya işi Komissiyada müdafiə olunmuş dissertasiya və avtoreferatların siyahısına daxil edilmişdir.
27. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən xx.xx.2025-ci il tarixdə daxil olmuş sorğuya cavab məktubuna əsasən İddiaçı hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Elektron ticarətin hüquqi tənzimlənməsi problemləri” mövzusunda 5608.01 - “Mülki hüquq; sahibkarlıq hüququ; ailə hüququ; beynəlxalq xüsusi hüquq” ixtisasında dissertasiya müdafiəsi Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən FD 2.44 Dissertasiya şurasında xx.xx.2025-ci il tarixində keçirilmişdir. Müdafiənin nəticəsi müsbət olmuşdur. “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 5.58-ci bəndinə müvafiq olaraq dissertasiya şurası müdafiənin nəticəsi haqqında müsbət qərar qəbul etdikdən sonra iki ay müddətində iddiaçının elmi dərəcə almaq üçün Komissiyanın müəyyən etdiyi qaydada tərtib olunmuş sənədlərini, dissertasiyanın bir nüsxəsini və onların elektron versiyasını Komissiyaya təqdim edir. İddiaçı hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsi üçün qanunvericiliklə nəzərdə tutulan sənədlər müvafiq dissertasiya şurası tərəfindən Komissiyaya təqdim edilməmişdir.
28. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən xx.xx.2025-ci il tarixdə daxil olmuş sorğuya cavab məktubuna əsasən İddiaçı hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsi üçün Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən FD 2.44 Dissertasiya şurasının xx.xx.2025-ci il tarixli 11/2025 nömrəli vəsatəti xx.xx.2025-ci il tarixində Ali Attestasiya Komissiyasına təqdim edilmişdir və hazırda baxılmaqdadır. Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2019-cu il tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 6.7-ci bəndinə əsasən Komissiyada fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi üçün təqdim olunan dissertasiyaya və sənədlərə daxil olduğu gündən üç ay müddətində baxılır. Əsasnamənin 6.8-ci bəndinə uyğun olaraq, dissertasiya və sənədlərin ekspertizasının keçirilməsi üçün əlavə müddət tələb olunduğu hallarda bu müddət üç aya qədər uzadıla bilər. Əsasnamənin 6.9-cu bəndinə əsasən elmi dərəcə almaq üçün təqdim edilən sənədlərə baxılma müddətinə ilin iyul və avqust ayları daxil deyildir.
29. Qanunvericiliyin normalarına əsasən kollegiya qeyd edir ki, əyani təhsil alma formasında doktoranturada (adyunkturada) təhsil alanlara təhsilini bitirənədək hərbi xidmətə çağırışa möhlət verilir. Doktoranturada təhsil alma müddəti isə 3 ildir və şəxs həmin müddət bitdikdən sonra şəxs fəlsəfə doktoru sayılmır. O şəxslər fəlsəfə doktoru elmi dərəcəsi alır ki, onlar xüsusi elmi hazırlığı - doktorantura təhsilini bitirirlər, daha sonra isə fəlsəfə doktoru dissertasiyasının müdafiəsini həyata keçirirlər. İddiaçı hazırda elmi dərəcəsi olan vətəndaş olmasa da, fəlsəfə doktoru dissertasiyasının müdafiəsini həyata keçirmiş, bu mərhələni yekunlaşdırmışdır. Ona elmi dərəcənin verilməsi məsələsinə isə artıq baxılmaqdadır.
30. Göründüyü kimi İddiaçı müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 18.1-ci maddəsində nəzərdə tutulmuş əsasların heç biri mövcud deyil.
31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilir. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir
32. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
33. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1897/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv olunmalı, iddia təmin olunmamalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1897/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.