Məhkəmə qərarları › İş №2-1(103)-383/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-383/2021

11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-383/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı (xx.xx.1974-cü il tarixində Dağıstan Respublikasının Maxaçqala şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamın, plan-cizginin və plan-ölçünün ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2-1(112)-5673/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə 05.08.2020-ci il tarixində Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh Başçısı tərəfindən X4 adına verilmiş № 1975 saylı, 30 dekabr 1998-ci il tarixli sərəncamın qanunsuz hesab edilərək ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X16 ilə İddiaçı arasında Bakı şəhəri 14 saylı Dövlət notariat kontorunda bağlanmış AN-İ ******* nömrəli, 11 avqust 2005-ci il tarixli, reyestrdə 4Ə/522 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən İddiaçı adına verilmiş 29.01.2008-ci il tarixli, 002457 nömrəli torpaq sahəsinin planı və ölçüsü mövcuddur. X2 Zakaryayevaya məxsus torpaq sahəsinə son bir neçə ildə daş tökərək bildirmişdir ki, bura onundur. Bunu onunla əsaslandırır ki, torpağı Cavabdeh başçısının 30 dekabr 1998-ci il tarixli, 1975 saylı sərəncamı ilə əldə etmişdir. Həmin sərəncamın əlavəsi olan cizgi sxemində qeyd olunur ki, ona ayrılmış torpaq sahəsi “415” nömrəlidir. Arxiv sənədləri ilə maraqlananda məlum olub ki, Səbail RİH Aparatı işçiləri tərəfindən tərtib olunmuş sənədlərin həqiqiliyinə şübhə vardır və Səbail RİHB-nin 30.12.1998-ci il tarixli, 1975 nömrəli Sərəncamının məzmunu X5 torpaq sahəsinin ayrılmamasını ifadə edir. Belə ki, Milli Arxiv İdarəsinin 14.08.2013-cü il tarixli məktubunda göstərilmişdir ki, Səbail RİHB-nin 30.12.1998-ci il tarixli, 1975 nömrəli Sərəncamı saxlama vahidində bir neçə şəxslə yanaşı X5 da torpaq sahəsi ayrılması barədə, sərəncamların qeydiyyatı kitabında X3 torpaq sahəsi ayrılması kimi qeyd olunmuşdur. Bu fakt bir daha həmin sərəncamın həqiqiliyinə şübhə yaradır. Həmin torpaq sahəsinin ilkin cizgi sxemi ilə sonradan verilən plan və ölçüdə qeyd edilən koordinatları üst-üstə düşmür. Ümumiyyətlə, Yeganə Quluyevaya torpaq sahəsinin ayrılması barədə həmin sərəncam mövcud deyildirsə, hansı plan və ölçüdən, koordinatlardan söz gedə bilər. Bundan əlavə onun sərəncamında torpaq sahəsi 600 kv.m göstərilsə də, plan və ölçüdə 300 kv.m göstərilmişdir. Sərəncamda qeyd olunur ki, 2 il müddətinə tikinti işləri aparılmazsa, torpaq sahəsi geri alınmalıdır. X22 1998-ci ildə torpaq sahəsini almışdısa, 2014-cü ildə tikintiyə başlamaq üçün daş tökürsə, bu o deməkdir ki, “ona ayrılmış torpaq sahəsi” artıq başqa vətəndaşa verilmişdir. Sözügedən qanunsuz sərəncamın ləğv edilməsi ilə bağlı cavabdeh orqan Cavabdehnə 18.06.2020-ci il tarixli müraciəti cavabdeh orqan tərəfindən 02.07.2020-ci il tarixində qaldırılan məsələ ilə əlaqədar sərəncam və onun tərkib hissəsi olan digər sənədlərin Cavabdeh orqanının arxivində aşkar edilməməsi fikri ilə rədd edilmişdir. Bundan əlavə Bakı şəhər İcra Hakimiyyəti Aparatına İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən X5 Cavabdeh başçısı tərəfindən verilmiş 30 dekabr 1998-ci il tarixli, 1975 saylı sərəncamın elektron sistemdə hansı tarixlərdə, hansı qeydiyyatdan keçmə, onun həqiqiliyini özündə əks etdirən və sərəncamın kök sənədləri olan hüquq müəyyənedici sənədlərə dair məlumatların verilməsi həm Bakı şəhər İcra Hakimiyyəti Aparatı, həm də Cavabdeh Aparatı tərəfindən sözügedən sərəncama dair heç bir arxiv sənədlərin mövcud olmaması fikri ilə cavablandırılmışdır. Sözügedən sərəncam iddiaçının mülkiyyət hüququna və mövcud əmlakı idarə etməyinə qanunsuz şəkildə mane olan X5 hüquq tanıması onun konstitusion hüququnu məhdudlaşdırmışdır. Bundan əlavə sərəncamın qanunsuz olması və 1998-ci ildə deyil, sonradan qanunsuz şəkildə X5 verilmiş saxta sənəddir. AR Dövlət Arxivinin Bakı filialının 14.08.2013-cü il tarixli məktubun məzmunundan da göründüyü kimi sözügedən sərəncamı həqiqiliyinə şübhə vardır. Belə ki, sərəncamların qeydiyyat kitabında sərəncam X4 deyil, X1 adına qeyd edilmişdir. Bu və digər səbəblərdən sərəncamın ləğv edilməsi mütləq və qanuna müvafiqdir. Sonradan iddiaçı 13.08.2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək,iddianın tam təmin edilməsini, Cavabdeh başçısının X4 adıəna verilmiş № 1975 saylı 30 dekabr 1998-ci il tarixli sərəncamının, 13.01.2011-ci il tarixli 02 №-li Cavabdeh tərəfindən tərtib edilmiş plan-cizginin, bu cizgi əsasında keçmiş Dövlət Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A№ 479997 saylı, 29.01.2013cü il tarixli torpaq sahəsinin plan və ölçüsünü qanunsuz hesab edilərək ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2-1(112)-5673/2020 nömrəli qərardadı ilə (hakim A.Oruczadə) İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamın, plan-cizginin və plan-ölçünün ləğv edilməsi” tələbinin mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2-1(112)-5673/2020 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda tərtib edilmişdir. İşin apellyasiya icraatı zamanı 08.02.2021-ci il tarixində iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən sənədlərin inzibati iş materiallarına əlavə edilməsi barədə vəsatət daxil olmuşdur. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmişlər, Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Vəkil (Bakı şəhəri 18 saylı Vəkil Bürosu) apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan sənədlərdə X11, X12, X7 yazılışlarına rast gəlinir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsinə əsasən Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Belə ki, işdən X4 adına verilmiş Cavabdeh başçısının № 1975 saylı, 30 dekabr 1998-ci il tarixli sərəncamının iddiaçıya rəsmi olaraq məhz hansı tarixdə təqdim olunmasının bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 2(009)-2601/2016 nömrəli, 14 iyun 2016-cı il tarixli qətnaməsi ilə (hakim Z.Əliyev) İddiaçı cavabdehlər X8 və X13 qarşı “tikililərin sökülməsi və zərərin ödənilməsi” tələbinə dair iddia tələbinin təmin edilməsi, X6 öz hesabına qanunsuz olaraq zəbt edib tikililər apardığı, İddiaçı mülkiyyətində olan 2,43 ha torpaq sahəsindən tikililər R.İ.Nağıyevin öz vəsaiti hesabına sökülərək çıxarılması, X9 42.000 ABŞ dolları məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 128/2020 nömrəli, 04 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Həsənov, Ş.Məmmədova, X.Sarıyev) İddiaçı, X17 və X14 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin qismən təmin olunması, Səbail Rayon Məhkəməsinin 2(009)- 2601/2016 nömrəli, 14 iyun 2016-cı il tarixli qətnaməsinin “X6 243 kv.metr torpaq sahəsindən çıxarılması və həmin sahədə aparılmış tikililərin onun özünün vəsaiti hesabına sökülməsi” hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamənin qəbul edilməsi, 02.02.2008-ci il tarixli, MH seriyalı, ******* nömrəli çıxarış əsasında İddiaçı mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsinin X14 tərəfindən zəbt edilmiş 243 kv.metr hissəsində Rafiq Nağıyev tərəfindən aparılmış həyət tikilisinin onun öz vəsaiti hesabına sökülərək adı çəkilən şəxsin oradan çıxarılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-156/2021 nömrəli, 25.01.2021-ci il tarixli qərarı ilə (hakimlər A.Hüseynov, İ.Xəlilov, E.Şamayev) cavabdeh X14 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-128/2020 nömrəli, 04 fevral 2020ci il tarixli qətnaməsinin baxılan hissədə-“İddiaçı mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsinin X14 tərəfindən zəbt edilmiş 243 kv.metr hissəsində sonuncu tərəfindən aparılmış həyət tikilisinin onun öz vəsaiti hesabına sökülərək adı çəkilən şəxsin oradan çıxarılması” hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəmənin sorğusuna ünvanlanmış 10.03.2021-ci il tarixli, BA-00897-2021 nömrəli məktubuna əsasən qeyd edilmişdir ki, vətəndaşlara, o cümlədən X3 və X5 torpaq sahəsi ayrılması barədə Səbail RİH-in arxiv fondu üzrə 30.12.1998-ci il tarixli, 1975 saylı sərəncamından təsdiq edilmiş arxiv çıxarışı və həmin sərəncama əlavə edilmiş sənədlərin təsdiq edilmiş ksero surətləri göndərilir, əlavə olaraq bildirilir ki, həmin sərəncamın ləğv edilməsi barədə Dövlət Arxivinin Bakı filialında heç bir məlumat yoxdur. Göründüyü kimi, iddiaçı X4 adına verilmiş Cavabdeh başçısının № 1975 saylı, 30 dekabr 1998-ci il tarixli sərəncamının mövcüdluğundan, mülki qaydada “tikililərin sökülməsi”nə dair iş üzrə iddia ərizəsi verildikdə və yekun məhkəmə qərarı qəbul edildikdə xəbərdar olmuşdur. Məhkəmə sözügedən sərəncamın iddiaçı tərəfindən xəbərdar olmasını 14 iyun 2016-cı il tarixdən qəbul etsə belə, belə olan halda, iddiaçı həmin sərəncamın mübahisələndirmək hüququnun həm 30 günlük müddətini, həmçinin də 6 aylıq müddətini ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2-1(112)-5673/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar