Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-383/2022 03.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Baxışova Vüsalə Ələkbər qızı və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “dayandırılmış əmək pensiyasının bərpa edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3671/2021 saylı, 30.06.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Bakı şəhəri 2 saylı Xidmət Nümayəndəliyinə qarşı iddia ərizəsi və sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 04.06.2020-ci ildən dayandırılmış əlilliyə görə pensiyanın həmin tarixdən bərpa edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı 05.07.2005-ci ildən 2-ci qrup əlilliyə çıxmış, 08.04.2014-cü il tarixdən isə əlilliyi “müddətsiz” təyin olunub. Lakin 04.06.2020-ci il tarixdən pensiyası dayandırılmışdır. Rəsmi müraciətindən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ona məlumat vermişlər ki, PAS sistemdə 08.04.2014-cü ildə əlilliyin müddəti 1 il elektron qaydada qeyd olunduğu üçün dayandırılıb və nazirliyin Bakı şəhəri 2 saylı Xidmət Nümayəndəliyinə müraciət edilməsi bildirilmişdir. Həmin texniki səhvin düzəldilməsi üçün cavabdehə müraciət edərək xahiş etsə də hal-hazıra kimi pensiyası bərpa edilməmişdir. Halbuki, 9 nömrəli TSEK-in Forma № TSEK-2 355462 saylı arayışında 08.04.2014-cü il tarixində keçirilən müayinənin növbəti keçmə tarixi “müddətsiz” qeyd olunub və imza möhürlə də təsdiq olunub. O, pensiyanın qanunsuz dayandırılması barədə cavabdehə sübutlarla müraciət etsə də pensiyası bərpa edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3671/2021 saylı, 30.06.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 04.06.2020-ci il tarixdən dayandırılmış əlilliyə görə əmək pensiyasının həmin tarixdən bərpa edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Bakı şəhəri 2 saylı Xidmət Nümayəndəliyinin üzərinə qoyulmuşdur. Cavabdeh (təmsil etdiyi AR ƏƏSMN tabeliyində DSMF-nin Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı vasitəsi ilə) apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmənin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır, iş üçün mühüm əhəmiyyəti oan faktiki hallar tam və hərtərəfli araşdırılmamışdır. Belə ki, iddiaçının müraciəti 2 saylı Xidmət nümayəndəliyində araşdırılarkən məlum olmuşdur ki, onun əlillik müddəti elektron qaydada dayandırıldığı üçün 31.05.2020-ci il tarixinədək əlilliyə görə əmək pensiyasının verilməsi də dayandırılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə verilmiş sorğuya 25.05.2021-ci il tarixli, **********1 nömrəli cavaba əsasən: “Əlillik altsistemi”ndə olan məlumatlara əsasən İddiaçı sağlamlıq vəziyyəti 05.07.2005-ci il tarixdə ilkin qiymətləndirilmiş və növbəti müayinə tarixi 05.07.2006-cı il olmaqla 1 (bir) il müddətinə “ümumi xəstəlik” səbəbi ilə ikinci dərəcə əlil olması barədə qərar verilmişdir. İddiaçı əlillik vəziyyətinin digər qiymətləndirilməsi 08.04.2014-cü ildə keçirilmiş və növbəti müayinə tarixi 08.04.2015-ci il olmaqla “ümumi xəstəlik” səbəbi ilə ikinci dərəcəli əlilliyi 1 (bir) il müddətinə təyin edilmişdir. Əlilliyin qiymətləndirildiyi TSEK tərəfindən verilmiş məlumata əsasən pensiyanın verilməsi dayandırıldığına görə vətəndaşın oğlu Vəlican Rəcəbov anası ilə bağlı müraciətlər edərək anasının əlilliyinin müddətsiz olduğunu bildirmişdir. “Əlillik altsistemində olan məlumatlarla iddiaçının oğlu M.Rəcəbov anası ilə bağlı müraciətləri üzrə anasının əlilliyinin müddətsiz olduğunu bildirməsi ilə bağlı uyğunsuzluq ollduğuna görə əyani müəyinədən keçməsi üçün iddiaçıya göndəriş verilmiş, lakin sonuncu müayinədən keçmədiyi üçün şəhadətləndirilməsi mümkün olmamışdır...” İşə apellyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh Dövlət Sosial Müdafiə X5 Şəxsin Bakı şəhəri 2 saylı Xidmət Nümayəndəliyi, həmin funksiyanı hazırda həyata keçirən, cavabdeh ƏƏSMN DSMF publik hüquqi şəxsin “Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı” ilə əvəz edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi M.Cabbarlı apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi V.Rəcəbov, 9 nömrəli TSEK arayışana əsasən anasının əlillyinin 2014-cü ildə müddətsiz təyin edildiyi halda, pensiya altsistemində onun əlillik müddətinin 1 il müddətinə daxil edilməsi cinayət əməli olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarırını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birincisi, cavabdeh tərəfindən iddiaçıya ödənilən pensiyanın dayandırılması “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1- dən dayandırılır: 37.8.1.əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2.əmək pensiyaçısının dul arvadı(əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Bu Qanunun 41.1-ci maddəsinin tələbinə görə isə əlilliyi olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq təkrar müayinə üçün təyin edilmiş vaxtda müvafiq icra hakimiyyəti orqanına gəlmədikdə, əmək pensiyasının ödənilməsi dayandırılır. İddiaçının əmək pensiyasının dayandırılması üçün qanunvnriciliklə sadalamış həmin hallardan hər hansı biri baş verməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə və işə əlavə olunmuş pensiya işinin materiallarına və “pensiya alt sistemindən (“PAS”) çıxarışlara əsasən müəyyən olunur ki, iddiaçının pensiyasının dayanıdırılmasını pensiya alt sistemində, iddiaçının 08.04.2014-cü ildə keçirilmiş müayinəyə görə əlilliyi “ümumi xəstəlik” səbəbi ilə, növbəti müayinə tarixi 08.04.2015-ci il olmaqla, 1 (bir) il müddətinə təyin edildiyi qeyd olunmuşdur. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, sözügedən 08.04.2014-cü il tarixində “pensiya altsistemi” hələ formalaşmadığı nəzərə alınmaqla, iddiaçının əlilyinin sonradan yaradılimış olan elektron informasıya sisteminə 1 il müddətinə təyin olunması barədə məlumatın hansı sənədlər əsasında daxil edildiyi əsaslandırılmır, bunun texniki səhv olduğu da onun tərəfindən vurğulanmır. Guya ki, iddiaçının nümayəndəsi (oğlu) V.Rəcəbovun müraciətindən sonra onlara əlilliyin müddətsiz təyin olunduğu məlum olmuş və bunun əsasında hansı hüquqmüəyyənedici sənədin durması araşaşdırılmadan, uyğunsuzluq adı altında, iddiaçıya yenidən əyani müəyinədən keçməli olduğu bildirilmişdir. Lakin bu zaman cavabdeh tərəfindən əlilliyinə görə 31.05.2020-ci il tarixinədək iddiaçıya ödədiyi əmək pensiyasının - heç bir inzibati icraat açmadan və iddiaçını da cəlb etməklə araşdırma aparmadan və pensiyanın dayandırılması barədə qərar qəbul etmədən , öz faktiki hərəkətləri ilə dayandırılması tamamilə qanunsuzdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbinə görə qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsidir. Həmin Qanunun 28.1.1-ci maddəsinin tələbi baxımından, sonradan, iddiaçının da onun əlilləyinin etibarsız hesab edildiyi gündən bərpası barədə cavabdehə ünvanlanmış yazılı müraciəti də inzibati icraatın başlanması üçün əsasdır. Həmin Qanunun 36.3-cü maddəsi isə nəzərədə tutur ki, isə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Göründüyü kimi, cavabdeh inziabati icraat haqqında hüquq normaları ilə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, bununla da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İddiaçının iş materiallarına əlavə olunmuş əlillik sənədləri ilə müəyyən olunan hallar isə onu göstərir ki, əgər cavabdeh inzibati qanunvericiliyin qeyd olunan tələbləri qaydasında iddiaçını inzibati icraata cəlb edib araşdırma aparılmasını təmin etmiş olsaydı pensiya altsisteminə öz təşəbbüsü ilə daxil edilən məlumatların həqiqəti əks etdirmədiyi aydın görünmüş olardu. Belə ki, iddiaçının işə əlavə olunmuş pensiya işinə dair sənədlərdən, o cümlədən, ƏƏSMN-nin Tibbi Sosial Ekspert Komissiyasının arayışları, pensiya uçot vərəqi və pensiya alt sisteminin məlumatlarından isə bəlli olur ki, 05.07.2005-ci il tarixdə ümumi xəstəlik səbəbi ilə ilə İddiaçı 2-ci dərəcəli əlillik təyin edilmiş və ona 23.08.2005-ci il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra da o, hər dəfə növbəti müəyinələrdən keçərkən əlilliyi təsdiq olunmuş və pensiya ödənişini almışdır. Nəhayət, ƏƏSMN-nin 9 saylı Xəzər Tibbi –Sosial Ekspert Komissiyasının 08.04.2014-cü il tarixli müəyinə aktı (SER TSE-01№355462) ilə ona 2-ci qrup müddətsiz əlillik təyin olunmuş və 04.06.2020-ci il tarixinədək ona pensiya ödənilmiş, lakin birdənbirə cavabdeh faktiki hərəkətləri ilə səbəbini göstərmədən 04.06.2020-ci il tarixində pensiya ödənişini dayandırılmışdır. Lakin apellyasiya şikayətindən və işdə olan pensiya altsisteminin məlumatlarından görünür ki, 08.04.2014-cü il tarixində müayinə olunarkən, növbəti müayinənin tarixi 08.04.2015-cü il tarixi göstərilmişdir. Halbuki, işə əlavə olunmuş iddiaçının əlilliyin müddətsiz olmasına dair 9 saylı Xəzər Tibbi-Sosial Ekspert Komissiyasının 08.04.2014-cü il tarixli müayinə aktı (SER TSE- 01№355462) iddiaçının pensiya işində mövcud olmuşdur. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan tərəfindən maddi hüquq normaları və inzibati icraat qaydaları ilə üzərinə düşən öhdəliyini aşkarcasına yerinə yetirilməmiş, bununla da iddiaçının pensiya hüququ pozulmuşdur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Beləliklə də qeyd edilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi işin sübutlarla müəyyən edilən hallarına, maddi və prosessual hüquq normalarına uyğundur. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu, maddi və prosesual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3671/2021 saylı, 30.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdr. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3671/2021 saylı, 30.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Vüsalə Baxışova Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-383/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-383/2022
03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver