Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-383/2025 27.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: X5, X14) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 (sədrlik edən və məruzəçi), X8 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X5, X14) “torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-335/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. xx.xx.1999-cu il tarixli bağın icarəyə verilməsi haqqında 28525 nömrəli müqaviləyə əsasən Nardaran bağ massivində yerləşən 0,12 ha olan 920B nömrəli torpaq sahəsi X6 icarəsinə verilmişdir.
2. AZ-İ seriyalı 887422 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X10 xx.xx.2017-ci il tarixli vəfat etmişdir.
3. Bakı şəhəri 5 saylı Notariat ofisi tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanan xx.xx.2021-ci il tarixli 896 nömrəli məktubunda qeyd edilmişdir ki, X6 xx.xx.2017-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsə İddiaçı (bundan sonra – iddiaçı) ərizəsi əsasında tərəfimizdən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Bakı şəhəri, Nardaran qəsəbəsi 920b bağ sahəsi ünvanında yerləşən torpaq sahəsinə dair çıxarışın verilməsi xahiş olunur.
4. Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra – cavabdeh) ünvanlandığı xx.xx.2023-cü il tarixli 3- 21-3-30/2-6324/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi qonşu bağlarla ümumi hasar daxilində yerləşir və ara sərhədləri yoxdur. Ümumi hasardaxili ərazinin sahəsi 1.0288 ha təşkil edir. Bundan əlavə torpaq sahəsinin arxiv qovluğunda cizgisi olmadığından və sözügedən ərazidə hasarlanma işləri plan üzrə aparılmadığından bağ sahəsinin naturada yerləşməsinin düzgünlüyünü aydınlaşdırmaq tərəfimizdən mümkün olmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən təqdim olunan koordinatlar ilə müraciətdə qeyd olunan özəl bağ sahəsi üst-üstə düşmür.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1759/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək ekspertin qarşısında suallar qoyulmuşdur: 1.1. X4 və İstismarı Birliyi ilə baglanmış 28525 saylı 17 oktyabr 1999-cu il tarixli müqaviləyə əsasən mərhum X6 istifadəsinə verilmiş Bakı şəhəri Sabunçu rayonu Nardaran bağ massivində yerləşən 920B nömrəli bağ sahəsinin konfiqurasiyası, koordinatlarının sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyəti, tikililərin mövqeyində hər hansı uyğunsuzluğun və sahə fərqinin olubolmaması, bağların sxematik xəritəsinə uyğun olub-olmaması, uyğunluq olmadığı halda nədən ibarət olması müəyyən edilsin. 1.2. İddia olunan bağ sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan xx.xx.2015-ci il tarixli çıxarışa əsasən X11 mülkiyyətinə verilmiş Bakı şəhəri Sabunçu rayonu Nardaran bağ massivində yerləşən sahəsi 12 ha olan 920b nömrəli bag sahəsinin faktiki yeri və koordinatları ilə kəsişirmi və ya üst-üstə düşürmü, əgər kəsişmə və ya üstüstə düşmə mövcuddursa, həmin hal nədən ibarət olması müəyyən edilsin. 1.3. İddia olunan bağ sahəsi Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X4 və İstismarı birliyi Nardaran bağlar sahəsindəki 119 nömrəli BTK-nın 10 nömrəli orderin təsdiq edilmiş surətinə əsasən X2 ayrılmış Nardaran bağlar sahəsində 119 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 920 b nömrəli bağ sahəsinin faktiki yeri və koordinatları ilə kəsişirmi və ya üstüstə düşürmü, əgər kəsişmə və ya üst-üstə düşmə mövcuddursa, həmin hal nədən ibarət olması müəyyən edilsin.
6. İş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının nəticələrinə dair xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/6474 nömrəli ekspert rəyinə əsasən, göstərilən torpaq sahəsi qonşu bağlarla ümumi hasar daxilində yerləşir və ara sərhədləri yoxdur. Ümumi hasardaxili ərazinin sahəsi 1,0288 ha təşkil etdiyi müəyyən olunmuşdur. Bundan əlavə torpaq sahəsinin arxiv qovluğunda cizgisi olmadığından və sözügedən ərazidə hasarlanma işləri plan üzrə aparılmadığından bağ sahəsinin naturada yerləşməsinin düzgünlüyünü aydınlaşdırmaq mümkün olmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən təqdim olunan koordinatlar ilə müraciətdə qeyd olunan özəl bağ sahəsi üzrə üst-üstə düşmədiyi müəyyən edilmişdir.
7. Cavabdehin iddiaçının müraciətinə imtina məktubunda qeyd edilmişdir ki, “tərəfinizdən göstərilən bağ sahəsi ümumi hasar daxilində yerləşməklə, bağların bölgüsünə dair sxematik xəritəyə əsasən qeyd olunan ərazidə digər bağ nömrələri yerləşir, “920B” bağ nömrəsinə uyğun gəlmədiyi məlum olmuşdur.”
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4 və İstismarı Birliyi tərəfindən xx.xx.1999-cu il tarixdə 28525 saylı müqavilə ilə mərhum X9 ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, sahəsi 1200 kv.m. təşkil edən 920B nömrəli bağ sahəsinin mərhum X9 mülkiyyət hüququ üzrə məxsus olması haqqında Arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iş üzrə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 920B nömrəli bağ sahəsi keçmiş X4 və İstismarı Birliyi (bundan sonra X12) tərəfindən xx.xx.1999-cu il tarixdə 28525 saylı müqavilə ilə mərhum həyat yoldaşı X9 ayrılmışdır. Həmin vaxtdan fasiləsiz olaraq onların istifadəsindədir. Bağ sahəsini mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq qərarına gəldi. Bunun üçün vərəsəlik məktubunu da əlavə etməklə xx.xx.2021-ci il tarixində cavabdeh təşkilata ********** saylı ərizə ilə müraciət etdi. Ərizənin cavabı olaraq xx.xx.2021-ci il tarixli **********64 saylı “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə “Bildiriş” verildi. Bildirişdə hüquqların qeydiyyata alınmasından imtina edilməsinə səbəb kimi göstərildi ki, bağ sahəsi ümumi hasar daxilində yerləşməklə bağların bölgüsünə dair sxematik xəritəyə əsasən qeyd olunan ərazidə digər bağ nömrələri yerləşir, 920В bağ nömrəsinə uyğun gəlmədiyi məlum olmuşdur. Bu səbəbin ziddiyyətli, eyni zamanda həqiqətə uyğun olmayan səbəb olduğunu məhkəmənin diqqətinə çatdırmaq istəyir. Belə ki, bəhs edilən ərazi keçmiş X7 istifadəyə verdiyi bağlardır. Bundan başqa, bağ nömrəsinin sxematik xəritədə öz əksini tapmaması ilə bağlı da mövqelərini məhkəməyə bildirmək istəyir. Yuxarıda haqqında bəhs etdiyi ərazi sxematik xəritədə olsa da, verilmiş nömrələrin sxematik xəritəyə işlənməsi sadəcə olaraq başa çatdırılmamışdır. Fikrincə, bu səbəbin hüquqların dövlət qeydiyyatına imtina üçün əsas kimi götürülməsi qanunsuzdur. Çünki, bağ sahəsini qanuni istifadəsinə almış vətəndaş sxematik xəritənin tərtib edilməsi məsələləri ilə bağlı məsuliyyətli deyil. Sxematik xəritənin keçmiş X12 tərəfindən axıradək işlənməməsi ucbatından vətəndaş kimi malik olmalı olduğu mülkiyyət hüququndan məhrum olur. Hesab edir ki, cavabdeh təşkilatın ixtiyarında olan və fəaliyyətini həyata keçirərkən istifadə etdiyi müasir texniki vasitələr bağ sahəsinin məhz ona ayrılmış olan bağ sahəsi olduğunu müəyyən edə bilər. Sadəcə olaraq, cavabdeh təşkilat tərəfindən vətəndaş müraciətinə lazımi diqqət göstərilməmiş, lazım olan dəqiqləşmə aparılması yerinə, ərizənin icrasından imtina edilməsini daha rahat çıxış yolu hesab etmişdir.
11. Cavabdehin iddia tələbinə yazılı etirazında göstərilmişdir ki, iddiaçı tərəfindən göstərilən bağ sahəsi ümumi hasar daxilində yerləşməklə, bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir və digər bağ sahələrinin ərazisinə uyğun gəlir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır və bu barədə **********64 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Əlavə olaraq bildiririk ki, sözügedən torpaq sahəsinə dair digər fiziki şəxsin (X1) İdarəyə müraciəti olmuşdur. Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-335/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi iddiaçının iradəsindən asılı deyil və bu uyğunsuzluğun aradan qaldırılması cavabdehin səlahiyyətlərindədir.
14. Məhkəmə qeyd etmişdir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Hazırkı işin halları üzrə iddiaçının mərhum ərinin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun məxsus olmasına dair arayışın verilməsindən imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.
15. Həmçinin məhkəmə qeyd etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının nəticələrinə görə torpaq sahəsinin özəl bağ sahəsi üzrə üst-üstə düşmədiyi müəyyən edilmişdir (daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli çıxarışa əsasən X11 mülkiyyətinə verilmiş Bakı şəhəri Sabunçu rayonu Nardaran bağ massivində yerləşən sahəsi 12 ha olan 920b nömrəli bag sahəsinin faktiki yeri və koordinatları ilə və X2 ayrılmış Nardaran bağlar sahəsində 119 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 920 b nömrəli bağ sahəsinin faktiki yeri və koordinatları ilə üst-üstə düşmür).
16. Beləliklə məhkəmə hesab etmişdir ki, inzibati orqan 920 B saylı (hüquq müəyyənedici sənəd üzrə 1200 kv.m) bağ sahəsinə dair mülkiyyət hüququnun mərhum X9 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.
17. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 335/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
18. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə ilə oxşarlıq təşkil edir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu:
2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 7-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
23. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun:
9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
24. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi"
3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.50. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək Xidmətin vəzifəsidir.
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;nur.
26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu:
13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
30. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
32. Belə ki, hazırkı iddia qeyri-yaşayış sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Hansı ki, inzibati orqanın formalaşmış inzibati praktikasına əsasən həmin arayışın verilməsi özündə daşınmaz əmlaka dair texniki pasportun tərtib edilməsini ehtiva edir. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmadan əvvəl müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə (iddiaçı ölmüş şəxsin adına texniki pasport verilməsini xahiş etmiş, həmin tələblə hazırkı tələbin hüquqi və faktiki əsasları eyni olmuşdur) müvafiq qaydada cavabdehə müraciət etmişdir.
33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə dair etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
35. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
36. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
37. İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:
38. İşin sadalanan faktiki hallarından müəyyən olunur ki, Bakı şəhər Soveti İcraiyyə komitəsinin 20 oktyabr 1989-cu il tarixli İİ/409 nömrəli qərarına əsasən vətəndaş X2 119 nömrəli kooperativin tərkibində, Nardaran massivində 0,12 ha torpaq sahəsi olan 920B nömrəli bağ sahəsi verilmişdir.
39. Daha sonra X5 ərizə ilə müraciət edərək ona ayrılmış 119 nömrəli kooperativin tərkibində, Nardaran massivində 0,12 ha torpaq sahəsi olan 920B nömrəli bağ sahəsinin X6 adına sənədləşdirilməsini xahiş etmişdir.
40. xx.xx.1999-cu il tarixli bağın icarəyə verilməsi haqqında 28525 nömrəli müqaviləyə əsasən Nardaran bağ massivində yerləşən 0,12 ha olan 920B nömrəli torpaq sahəsi X6 icarəsinə verilmişdir.
41. İddia olunan topraq sahəsi iddiaçının sələfinin istifadəsinə qanuni əsaslarla verildiyindən, yəni həmin vaxt səlahiyyəti olan orqan tərəfindən verildiyindən və həmin müqavilə hazırda qüvvədə olduğundan və ləğv edilmədiyindən yuxarıda istinad edilən normaya əsasən o, Nardaran bağ massivində yerləşən 0,12 ha olan 920B nömrəli torpaq sahəsinə dair mülkiyyət hüququnu əldə etmişdir.
42. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin tələbinə əsasən müqavilə və ya digər əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir.
43. Beləliklə, iddiaçının həmin normadan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.
44. Hazırkı halda, apellyasiya şikayətinin əsasını bağ sahəsi ümumi hasar daxilində yerləşməklə, bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq və digər bağ sahələrinin ərazisinə uyğun gəlməsi təşkil edir.
45. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə mühəndis-texniki ekspertizasının nəticələrinə dair xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/6474 nömrəli ekspert rəyi apellyasiya şikayətinin dəlilini təkzib edir.
46. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1759/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək ekspertin qarşısında suallar qoyulmuşdur: 1.1. X4 və İstismarı Birliyi ilə baglanmış 28525 saylı 17 oktyabr 1999-cu il tarixli müqaviləyə əsasən mərhum X6 istifadəsinə verilmiş Bakı şəhəri Sabunçu rayonu Nardaran bağ massivində yerləşən 920B nömrəli bağ sahəsinin konfiqurasiyası, koordinatlarının sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyəti, tikililərin mövqeyində hər hansı uyğunsuzluğun və sahə fərqinin olub-olmaması, bağların sxematik xəritəsinə uyğun olub-olmaması, uyğunluq olmadığı halda nədən ibarət olması müəyyən edilsin. 1.2. İddia olunan bağ sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan xx.xx.2015-ci il tarixli çıxarışa əsasən X11 mülkiyyətinə verilmiş Bakı şəhəri Sabunçu rayonu Nardaran bağ massivində yerləşən sahəsi 12 ha olan 920b nömrəli bag sahəsinin faktiki yeri və koordinatları ilə kəsişirmi və ya üst-üstə düşürmü, əgər kəsişmə və ya üstüstə düşmə mövcuddursa, həmin hal nədən ibarət olması müəyyən edilsin. 1.3. İddia olunan bağ sahəsi Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X4 və İstismarı birliyi Nardaran bağlar sahəsindəki 119 nömrəli BTK-nın 10 nömrəli orderin təsdiq edilmiş surətinə əsasən X2 ayrılmış Nardaran bağlar sahəsində 119 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 920 b nömrəli bağ sahəsinin faktiki yeri və koordinatları ilə kəsişirmi və ya üst-üstə düşürmü, əgər kəsişmə və ya üst-üstə düşmə mövcuddursa, həmin hal nədən ibarət olması müəyyən edilsin.
47. İş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1759/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının nəticələrinə dair xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/6474 nömrəli ekspert rəyinə əsasən, göstərilən torpaq sahəsi qonşu bağlarla ümumi hasar daxilində yerləşir və ara sərhədləri yoxdur. Ümumi hasardaxili ərazinin sahəsi 1,0288 ha təşkil etdiyi müəyyən olunmuşdur. Bundan əlavə torpaq sahəsinin arxiv qovluğunda cizgisi olmadığından və sözügedən ərazidə hasarlanma işləri plan üzrə aparılmadığından bağ sahəsinin naturada yerləşməsinin düzgünlüyünü aydınlaşdırmaq mümkün olmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən təqdim olunan koordinatlar ilə müraciətdə qeyd olunan özəl bağ sahəsi üzrə üst-üstə düşmədiyi müəyyən edilmişdir.
48. Ekspert rəyindən göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi təqdim olunan koordinatlar ilə müraciətdə qeyd olunan özəl bağ sahəsi üzrə üstüstə düşmür.
49. Həmçinin, kollegiya qeyd edir ki, cavabdeh həmin bağ sahəsinin başqa şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, cavabdehin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 3619/2024 nömrəli, xx.xx.2024-cü il tarixli sorğusuna verdiyi cavab onun apellyasiya şikayətinin dəlillərindən olan “bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir” dəlilini təkzib edir. Belə ki, cavabdeh sorğuya verilmiş məktubda “Nardaran bağ massivi 119 saylı bağ tikinti kooperativinə aid arxiv qovluğunda bağ sahələrinin ayrıc aktı, eləcə də həmin BTK tərkibində ayrılmış bağ sahələrinin yerləşmə sxemi aşkar edilmədiyini” bildirdiyi halda, sözügedən bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq olduğunu hansı qaydada müəyyən etdiyinə dair sübutları məhkəməyə təqdim edə bilməmişdir.
50. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3619/2024 nömrəli, xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş məktubda qeyd edilmişdir ki, Nardaran bağ massivi 119 saylı bağ tikinti kooperativinə aid arxiv qovluğunda bağ sahələrinin ayrıc aktı, eləcə də həmin BTK tərkibində ayrılmış bağ sahələrinin yerləşmə sxemi aşkar edilməmişdir.
51. Bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etsə belə, bu hal iddiaçının iradəsindən asılı olmamışdır. Əksinə, qeyd olunan məsələ cavabdehin vəzifələrinə daxildir. Həmçinin, həmin bağ sahəsi mərhumun istifadəsində olmuş və qeyd olunan 28525 nömrəli, xx.xx.1999-cu il tarixli müqavilə isə ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir
52. Analoji işlər üzrə Aərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2913/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Hazırkı mübahisəyə münasibətdə daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.
53. Məhkəmə kollegiyası iddia tələbinə etirazın dəlillərinin apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini bildirir, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək həmin dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa zərurət görmür və cavabdehin apellyasiya şikayətinə münasibətdə bir daha qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinin əsasını təşkil etmir.
54. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-335/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-335/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.