Məhkəmə qərarları › İş №2-1(103)-3831/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3831/2024

17.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3831/2024 17.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı: X3 Cavabdeh: Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı X3 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8162/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1958-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 2/2-2672 nömrəli məktubuna əsasən bildirilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli 376 nömrəli arayışına əsasən xx.xx.N2-ci il tarixdən sonrakı xidmətiniz barədə məlumat olmadığına görə iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir.

3. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon İdarəsinin xx.xx.2019-cu il tarixli, 308 nömrəli arayışında qeyd edilmişdir ki, xx.xx.1958-ci il təvəllüdlü X5 xx.xx.N2-ci il tarixdə keçmiş Nərimanov rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə hərbi xidmətə çağırılmışdır.

4. Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının katibinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 376 nömrəli məktubuna əsasən bildirilmişdir ki, Güzdəkdən gəlmiş X5 N №-li hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 58 №-li əmrilə (əsas: səh-11, §-1, sıra-2, əmrdə adı “Eynulla" yazılmışdır) artlleriya divizionuna göndərilərək ümumi qayda üzrə təmin olunmuşdur. N №-li hərbi hissə komandirinin avqust-dekabr N2-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.

5. Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli, 9/2-9803 nömrəli arxiv arayışına əsasən, Abbasov X2 gəlmiş X5 N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 58 nömrəli əmrilə (əsas: səh.11, §1, sıra-2, qeyd: əmrdə adı Eynulla yazılmışdır) artlleriya divizionuna göndərilərək ümumi qayda üzrə təmin olunmuşdur. Qeyd edirik ki, N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.

6. İddiaçıya məxsus НЗ ******* nömrəli hərbi biletdən görünür ki, o, 29 aprel 1976-cı ildən 17 aprel 1978-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur.

7. Cavabdeh tərəfindən məhkəməyə etiraza əlavə olaraq inzibati icraat materialları təqdim edilmişdir.

8. Məhkəmə sorğusu əsasında Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-25- 4/23272/24 nömrəli cavab məktubuna əsasən bildirilmişdir ki, İddiaçı xx.xx.N2-ci ildə səfərbərliklə hərbi xidmətə göndərilməsi haqqında SHXÇDXnin Bakı şəhər Nərimanov rayon İdarəsi tərəfindən təqdim edilmiş məktubda məlumat mövcud olsa da, hərbi xidmətdən tərxis olunub uçota düşməsi barədə qeyd olunmamışdır.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı X5 Bakı İnzibati Məhkəməsinə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı Müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə müraciət etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N2-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə bağlı hərbi xidmətə çağırılmış, səfərbərliklə bağlı hərbi xidmətə çağırılandan sonra xx.xx.N2-ci il tarixdə Güzdək qəsəbəsində yerləşən hərbi hissəyə apardılar. Güzdək qəsəbəsində olan hərbi hissədə iddiaçı və iddiaçı ilə birlikdə səfərbərliklə bağlı hərbi xidmətə çağırılan şəxslərə bir neçə gün təlim keçdilər. Sonra Ağdam rayonunda yerləşən N nömrəli hərbi hissənin artileriya divizionuna göndərdilər və orada döyüşlərə başlamışdır. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdam rayonunun ərazisində aparılan döyüş əməliyyatlarında N nömrəli hərbi hissənin tərkibində xx.xx.N2-ci tarixdən xx.xx.N2-ci il tarixədək iştirak etmiş və 24 iyul N2-ci il tarixdə tərxis olunmuşdur. Bu barədə onun HZ № ******* nömrəli hərbi biletində N nömrəli hərbi hissənin möhürü və komandirinin imzası ilə təsdiq olunmuş müvafiq qeydlər aparılmışdır. Bu yaxınlarda Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etmiş, Müdafiə Nazirliyinin Aparatı nəzdində «Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

11. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya etirazını təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən 1988-ci il fevralın 1- dən N4-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 12 may N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuzıya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılması nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Alı Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı açlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü ıl tarixli 1202 nömrəli arayışından görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 58 nömrəli əmrilə artilleriya divizionuna göndərilərək ümumi qayda üzrə təmin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin iyun, avqust-dekabr N2-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Beləliklə iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılması Arxiv arayışı və nizami hissə üzrə əmrlərlə təsdiq edilmir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdındə fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının "Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8162/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbini təmin edilməsini istisna edən faktiki hal ondan ibarətdir ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 58 nömrəli əmrilə arteleriya divizionuna göndərilərək ümumi qayda üzrə təmin olunmuş, lakin N nömrəli hərbi hissə komandirinin avqustdekabr N2-ci il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidmət barədə məlumat yoxdur.

14. Birinci instansiya məhkəməsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa, “İnzibati icraat haqqında” Qanunua, Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə istinad etmişdir.

b)Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

15. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8162/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arayışının ikinci abzasında qeyd olunur ki, N №-li hərbi hissə komandirinin avqust-dekabr N2-ci il tarixli nizami hissə üzrə əmrlərində X3 xidməti barədə məlumat aşkar edilməmişdir.Bununla bir daha təsdiq olunur ki, N2-ci ilin avqust ayınadək arxivdə N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri, yəni iddiaçının xidmət keçməyi barədə bütün sənədlər vardır.Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin N №-li hərbi hissə komandirinin avqust-dekabr N2-ci il tarixli nizami hissə üzrə əmrlərində X3, yəni, iddiaçının xidməti barədə məlumat aşkar olunmaması ilə bağlı bildirir ki, o, xx.xx.N2- ci il tarixdə Nərimanov rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə bağlı hərbi xidmətə çağırılmış, Ağdam rayonunda gedən döyüşlərdə iştirak etmiş və 24 iyul N2-ci il tarixdə tərxis olunmuşdur.İddiaçı 24 iyul N2-ci il tarixdə tərxis olunduqdan sonra N №-li hərbi hissə komandirinin avqust-dekabr N2-ci il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat necə aşkar oluna bilərdi.. d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

e) Prosses iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu: 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

21. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin qeydində göstərilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteran adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci maddəsinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara– müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin maddənin qeydində göstərilir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1-inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

28. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, tətbiq edilən normativ hüquqi aktların tələbinə əsasən, məhkəmə tərəfindən aşağıdakı hallar müəyyən edilməlidir: Şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməməsi, eləcə də hərbi xidmətdən qanuni əsaslarla tərxis edilmiş olması; və həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olub-olmaması olmalıdır.

29. İddianın uğurluluğu həmin hallardan asılıdır və bu səbəbdən məhkəmə araşdırmasının həddi qeyd edilən halları müəyyən etməklə məhdudlaşmalıdır.

30. Məhkəmə «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməni təhlil edərək qeyd edir ki, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsinə görə ona müharibə veteranı adı verilməsi üçün tətbiq edilən qanunvericiliyin şərtləri ödənilməlidir.

31. Belə ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir.

32. Tətbiq edilən hüquq normalarının təhlili bu nəticəyə gəlməyə əsas verir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) vacib şərtdir. Yəni, hərbi xidmətin başa çatması, hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir.

33. İş materiallarından müəyyən edilir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakı və qanunauyğun şəkildə hərbi xidmətdən tərxis olunması iş materialları ilə sübuta yetirilmir.

34. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərin getdiyi müddətdə iddiaçının hərbi xidmətdə olması onun müharibə veteranı olmasına dəlalət etmir.

35. İddiaçının iddia tələbini təmin edilməsini istisna edən faktiki hal ondan ibarətdir ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 58 nömrəli əmrilə arteleriya divizionuna göndərilərək ümumi qayda üzrə təmin olunmuş, lakin N nömrəli hərbi hissə komandirinin avqust- dekabr N2-ci il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat yoxdur.

36. İddiaçının hər hansı digər hərbi hissədə sonrakı xidməti, hərbi xidmətdən ehtiyata buraxılması arxiv arayışı və nizami hissə üzrə əmrlərlərlə təsdiq edilmir.

37. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arayışının ikinci abzasında qeyd olunur ki, N №-li hərbi hissə komandirinin avqust-dekabr N2-ci il tarixli nizami hissə üzrə əmrlərində X3 xidməti barədə məlumat aşkar edilməmişdir.Bununla bir daha təsdiq olunur ki, N2-ci ilin avqust ayınadək arxivdə N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri, yəni iddiaçının xidmət keçməyi barədə bütün sənədlər vardır.Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin N №-li hərbi hissə komandirinin avqust- dekabr N2-ci il tarixli nizami hissə üzrə əmrlərində X3, yəni, iddiaçının xidməti barədə məlumat aşkar olunmaması ilə bağlı bildirir ki, o, xx.xx.N2-ci il tarixdə Nərimanov rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə bağlı hərbi xidmətə çağırılmış, Ağdam rayonunda gedən döyüşlərdə iştirak etmiş və 24 iyul N2-ci il tarixdə tərxis olunmuşdur.İddiaçı 24 iyul N2-ci il tarixdə tərxis olunduqdan sonra N №-li hərbi hissə komandirinin avqust-dekabr N2-ci il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidmətim barədə məlumat necə aşkar oluna bilərdi.

38. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, əvvəla iddiaçıya məxsus НЗ ******* nömrəli hərbi biletin notarial təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.N2-ci il tarixdən xx.xx.N2-ci il tarixə kimi Ağdam N saylı hərbi hissədə döyüş əməliyyatlarında iştirak etmişdir.

39. İkincisi, Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin Müdafiə Nazirliyinin Hüquq İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 1202 nömrəli məktubuna əsasən bildirilmişdir ki, Güzdəkdən gəlmiş X5 N №-li hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 58 №-li əmrilə (əsas: səh-11, §-1, sıra-2, əmrdə adı “Eynulla" yazılmışdır) artlleriya divizionuna göndərilərək ümumi qayda üzrə təmin olunmuşdur. N №-li hərbi hissə komandirinin iyun, avqust-dekabr N2-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.

40. Həmçinin, iddiaçı iddia ərizəsində də qeyd etmişdir ki, Ağdam rayonunda yerləşən N nömrəli hərbi hissənin artileriya divizionuna göndərilmiş və orada döyüşlərə başlamışdır. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdam rayonunun ərazisində aparılan döyüş əməliyyatlarında N nömrəli hərbi hissənin tərkibində xx.xx.N2-ci tarixdən xx.xx.N2-ci il tarixədək iştirak etmiş və 24 iyul N2-ci il tarixdə tərxis olunmuşdur.

41. Göründüyü kimi, iddiaçının iddia ərizəsindən və iddiaçıya məxsus НЗ ******* nömrəli hərbi biletin notarial təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.N2-ci il tarixdən xx.xx.N2-ci il tarixə kimi məhz Ağdam N saylı hərbi hissədə döyüş əməliyyatlarında iştirak etdiyi barədə son qeydlər hərbi biletdə N saylı hərbi hissə tərəfindən aparılsa da, N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.

42. Beləliklə, iddiaçının istinad etdiyi dəlillər əsasında iddiaçıya müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi qanunvericiliyin tələblərinə uyğun deyil və müvafiq hal sübut edilmiş sayıla bilməz. Çünki, qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə görə vətəndaşa müharibə veteranı adının verilməsi zamanı bütün sənədlərə məcmu şəkildə qiymət verilməli, şəxsin hərbi xidmətə çağrılması və döyüş bölgələrində iştirak etməsi arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müəyyən edilməlidir.

43. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.

44. Qeyd olunmalıdır ki, tətbiq edilən maddi hüquq normalarının təhlili (Bu qərarın 21-23cü bəndi) belə nəticəyə gəlməyə əsas verir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) vacib şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. İddiaçının hərbi hissədən tərxis olunduğu barədə məlumat təqdim olunmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir.

45. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının qanuni əsaslarla ordu sıralarından tərxis olunması müəyyən edilməmiş, eyni zamanda iddiaçı bu barədə məhkəməyə heç bir sübut (hərbi hissələrin nizami hissə üzrə əmri və ya arxiv arayışı) təqdim etməmişdir.

46. Belə olan halda, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz.

47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

48. Məhkəmə Kollegiyası nəzərə alır ki, İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

49. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-8162/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-8162/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar