Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3832/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi İddiaçının nümayəndəsi-vəkili Vəkil Əlizamin oğlunun ilə, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəşli şərtlərə yaşa görə əmək pensiyasının 57 yaşdan təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3639/2023 nömrəli, 20 iyul 2023-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı yaşı və stajının tamamlanması və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajının olması nəzərə alınmaqla xx.xx.2018-ci il tarixindən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiyanın hesablanaraq ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci ildə anadan olmuş və əmək fəaliyyətinə Bakı Kondisioneri zavodunda işə başlamışdır. xx.xx.1979-cu ildə Bakı Kondisionerləri Zavodunun “Quraşdırma qurğuları sexinə 2-ci dərəcəli yardımçı fəhlə işinə qəbul edilmişdir” Əmr N: 867,xx.xx.1979-cu il; xx.xx.1979-cu il tarixində “Əvvəlki işi və dərəcəsi ilə quraşdırma qurğularının boyanması və yığılması sexin keçirilmişdir” Əmr N: 921,xx.xx.1979-cu il; xx.xx.1980-cı ildə Sovet Ordusu sıralarına çağırışla əlaqədar Azərb.SSR Əmək Məcəlləsinin 36-cı maddəsinə əsasən işdən azad edilmişdir. Əmr N:374,xx.xx.1980-cı il; xx.xx.1980-cı ildən xx.xx.1982-ci ilə kimi Sovet Ordusu sıralarında xidmətdə olmuş; xx.xx.1982-ci ildə Bakı Məişət kodisionerləri zavodunda “Yaşıllıq təsərrüfatının abadlıq sexinə 3-cü dərəcəli fəhlə qəbul edilmişdir. Əmr N:531 , xx.xx.1982ci il; “Bakıkondisioner” İstehsalat Birliyi, Bakı Məişət Kondisionerləri Zavodunu, “Bakıkondisioner” i/b Baş zavodunun yaradılması haqqında SSRİ ETSN 410 saylı əmri SSRİ ETSN “Soyuzelektromaş” ÜİB; xx.xx.1983-cü ildə Nəqliyyat-anbar əməliyyatları sexinə 2-ci dərəcəli yardımçı fəhlə işinə qəbul edilmişdir. Əmr N: 224, xx.xx.1983-cü il; xx.xx.1983-cü ildə “ İkinci peşə-3-cü dərəcəli “Akkumlyatorçu” peşəsi verilmişdir. Əmr N: xx.xx.1983-cü il; xx.xx.1983-cü ildə “Həmin sexdə 3-cü dərəcəli “akkumlyatorçu” işinə keçirilmişdir”. Əmr N: 817., xx.xx.1983-cü il. Hal-hazırda həmin sexdə çalışır. Qeyd edir ki, “Bakıkondisioneri” i/b-də “akkumlyatorçu” peşəsində işlədiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin vəzifələrin və göstəricilərin siyahısı”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarına əsasən “Ümumi peşələr ” Bölümünün 35-ci səh. 166 akkumlyatorçu peşəsi “güzəştli təqaüdə çıxmaq hüququ verilir.” Belə ki, o, xx.xx.1961-ci ildə anadan olmuş, fasiləsiz olaraq xx.xx.1979-cu ildən hal hazıra kimi əmək fəaliyyəti göstərmiş və onun əmək fəaliyyətinin 22 ili, xx.xx.1983-cü ildən xx.xx.2006-cı ilə kimi zərərli sahadə 22 il fasiləsiz əmək stajı vardır. xx.xx.2006-cı ilə kimi onun əmək stajı 25 il , 2018-ci ilə kimi isə ümumi əmək stajı 37 il əmək stajı vardır. 12.03. 2018-ci ildən ona 57 yaşında güzəştli şərtlərlə pensiya təyin edilməli olduğu halda, bu edilməmişdir. Belə ki, onun şifahi müracitətinə cavab verilməmiş və o, elə hesab etmişdir ki, ona pensiya düşmür. Lakin, hazırda qüvvədə olan qanunvericilikdə ona 57 yaşında pensiyaya çıxmaq hüququnun olması təsbit edilmişdir. Hesab edir ki, cavabdehin onun əmək kitabçasına şübhə ilə yanaşması əsassızdır. Belə ki, onun "xxxx" ASC-də (əvvəllər Bakı Kondisioner zavodu, daha sonra, “Bakı Kondisioneri İstehsalat” Birliyi) işləməsini yoxlamaq üçün X10 Fondunun bazasına daxil olmaqla müəyyən etmək olar. Həmçinin onun fasiləsiz olaraq "xxxx" ASC-də işləməsini yoxlamaq üçün həmin müəssisənin arxivində işçilərin şəxsi vərəqədən müəyyən etmək olar. Qeyd edir ki, o, uzun müddət həmin müəssisədə işləyir və həmin müəssisədə ona əmək kitabçası açılmış, lakin, əmək pensiyasına çıxmaq üçün əmək kitabçası müəssisədə tapılmadığı üçün ona yeni əmək kitabçası verilmişdir. Həmin, əmək kitabçanın həqiqiliyini müəyyən etmək üçün cavabdeh sorğu ilə müəssisəyə müraciət edə bilərdi. Lakin, cavabdeh öz üzərinə düşən vəzifəni yerinə yetirmədən, onun əmək kitabçasına şübhə ilə yanaşması məntiqsiz və əsasızdır. Belə ki, o, 1979-cu ildən bu vaxta kimi fasiləsiz olaraq "xxxx" ASC-də işləyir. O, pensiya çıxmaq üçün yaşı və stajı kifayət etdiyi üçün qanunla ona pensiya təyin edilməlidir. 2006-cı ilin yanvar ayına kimi qüvvədə olan “X3 Haqqında” Azərbaycan Respublikası Qanununa əsasən kişilər 57 yaşına çatdıqda, ümumi 25 il iş stajı olduqda və həmin iş stajının 12 il 6 ay zərərli iş stajı olduqda pensiya almaq hüququna malikdir. Nəzərə çatırır ki, əmək stajının 25 ildən çoxu 2006-cı ilə kimi toplanmışdır. Ona görə ondan 40400,00 manat sığorta stajı üzrə pensiya kapitalı tələb edilməsi əsassızdır. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı əmək kitabçasında şübhə doğuran məqamlar olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, cavabdeh tərəfindən verilmiş imtina qanuna uyğun olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3639/2023 saylı, 20 iyul 2023-cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, İddiaçı əmək kitabçasının 1-2-3-cü səhifələrindəki qeydlər həmin tarixlərdə mövcud olmayan etibarsız, latın qrafikalı möhürlə təsdiqlənmişdir. Eyni zamanda, sözügedən əmək kitabçasında və "xxxx" ASC tərəfindən də iddiaçıya dair verilmiş xx.xx.2021-ci il tarixli KŞ-3 nəmrəli arayışda xx.xx.1983-cü il tarixdən sonra işdən azad edilmə tarixi göstərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq mövqeyini aşağıdakı şəkildə bildirir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakı qanunvericilik normaları diqqətə çatdırır: İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə istinad edərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Belə olan halda iddia tələbinin qanuni əsasını qeyd edilən Qanunun 9.8-ci maddəsi təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “X3 haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “X3 haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 2 nömrəli siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi iş stajı 25 ildən; - güzəştli iş stajı 12 il 6 aydan az olmamalıdır. İddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması işin mübahisələndirilməyən halıdır. Belə ki, Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla 57 yaşı xx.xx.2018ci ildə tamam olmuşdur. İşin mübahisəli halı tələb olunan ümumi və güzəştli iş stajının mövcud olmaması ilə bağlıdır. İddiaçıya məxsus notarial qaydada tərcümə və təsdiq edilmiş ИТ-İ seriyalı əmək kitabçasına əsasən xx.xx.1979-cu ildə Bakı X1rğuları sexinə 2-ci (ikinci) dərəcəli yardımçı fəhlə işinə qəbul edilmiş, xx.xx.1979-cu ildə əvvəlki işi və dərəcəsi ilə quraşdırma qurğularının boyanması və yığılması sexinə keçirilmiş, xx.xx.1980-ci ildə Sovet Ordu sıralarına çağırışla əlaqədar işdən azad edilmiş, xx.xx.1980-xx.xx.1982-ci il tarixlərdə Sovet Ordu sıralarında xidmət etmiş, xx.xx.1982-ci ildə Bakı Məişət Kondisionerləri X4 Abadlıq sexinə 3-cü dərəcəli fəhlə qəbul edilmiş, xx.xx.1983-cü il tarixdə “Bakkondisioner” i\b, Bakı Məişət Kondisionerləri Zavodunun, “Bakkondisioner” i/b Baş Zavodunun, yaradılması haqqında SSRİ ETSN 410 saylı əmri SSRİ ETSN “Soyuzelektromaş” ÜİB nəqliyyat-anbar əməliyyatları sexinə 2-ci dərəcəli yardımçı fəhlə işinə qəbul edilmiş, 01.11.983-cü ildə ikinci peşə - 3-cü dərəcəli akkumlyatorçu peşəsi verilmiş, xx.xx.1983-cü ildə həmin sexdə 3-cü dərəcəli akkumlyatorçu işinə keçirilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən verilmş xx.xx.2021-ci il tarixli 629 nömrəli arayışa əsasən X6 həqiqətən xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. Ehtiyatda olmanın son yaş həddinə çatdığı üçün hərbi qeydiyyatdan çıxarılmışdır. "xxxx" ASC tərəfindən verilmiş KŞ-3 nömrəli xx.xx.2021-ci il tarixli arayışa əsasən, İddiaçı həqiqətən xx.xx.1982-ci il tarixində Bakı Məişət Kondisionerləri Zavodunun məişət xidməti sahəsinə 3 dərəcəli yaşıllaşdırıcı peşəsinə işə qəbul olunmuş, xx.xx.1983-cü ildə nəqliyyat anbarı əməliyyatı sexinə 2-ci dərəcəli köməkçi fəhlə peşəsinə keçirilib. xx.xx.1983-cü ildən həmin sexdə 3 dərəcəli akkumlyatorçu peşəsinə keçirilib. Hal-hazırda işləyir. İddiaçı iş prosesində istehsalın fasiləsiz işini təmin etmək üçün müəssisənin parkında 200-dən artıq akkumlyatorla işləyən elektrokar və avtoyükləyicilərin təmiri ilə məşğul olmuşdur. Bu elektrokar və avtoyükləyicilərdə istifadə olunan akkumlyatorları istifadəyə hazırlamaq üçün onun qurğuşunla təchiz olunmuş banklarına kükürd turşusu və distillə olunmuş su əlavə edilir. Bundan sonra akkumlyator xüsusi aparatla elektriklə qidalandırılr. İş prosesində hər növbədə akkumlyatorlar elektriklə bir neçə dəfə qidalandırılır. Akkumlyatorlar elektriklə qidalandırılarkən onun tərkibində məhlul qaynayır və oradan zəhərli qazlar ayrılır ki, bu da, insan orqanizmi üçün çox zərərlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq İddiaçı “Ümumi peşələr” bölmə 35, səh 166, akkumlyatorçular peşəsi ilə güzəştli təqaüdə çıxmaq hüququ verir, lazımi iş stajı topladıqda. Məhkəmənin sorğusuna əsasən "xxxx" ASC tərəfindən verilmiş KŞ-2 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla verilmiş cavab məktubuna əsasən İddiaçı Bakı Məişət Kondisionerləri Zavoduna xx.xx.1979-cu ildə işə qəbul olub, xx.xx.1980-ci ildə hərbi xidmətə getməsi ilə əlaqədar olaraq işdən azad olunmuş, yenidən xx.xx.1982-ci ildə Bakı Məişət Kondisionerləri Zavoduna işə qəbul olunub və hal-hazırda adı müəssisədə gedir. Məktuba İddiaçı şəxsi vərəqəsi əlavə edilmişdir. Cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin əsas dəlili əmək kitabçısının mötəbərliyi ilə bağlıdır. Belə ki, cavabdeh inzibati orqanın mövqeyinə əsasən əmək kitabçasında işçinin işədaxilolma hissəsində vurulmuş möhür latın qrafikalı möhürdür, halbuki işçi işə daxil olduğu illərdə kiril qrafikasından istifadə edilirdi. Göstərilən dəlilə cavab olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 3.2-ci bəndinə əsasən - İşəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: İşçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1-ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir. 3-cü qrafada işin adı, peşəsi, yaxud vəzifəsi, həmçinin vahid tarif cədvəli üzrə əməyin ödənilməsi dərəcəsi konkret göstərilməklə hansı sexə, şöbəyə, bölməyə, sahəyə, peşə və ya vəzifəyə təyin edilməsi yazılır. İşçinin qəbul edildiyi işin, peşənin, yaxud vəzifənin adı haqqında qeyd fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatına və müvafiq sahələr üzrə fəhlə peşələrinin və qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçalarına və digər müvafiq sənədlərə əsasən aparılır. İşəgötürən hüquqi şəxsin adı dəyişdirildikdə, fəhlə və qulluqçuya yeni dərəcə verildikdə, ştat cədvəlində; vəzifələrdə, əmək şəraitinin şərtlərində dəyişikliklər aparıldıqda əmək kitabçasında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) müvafiq aparılır. Əmək kitabçasının birinci səhifəsində işçi haqqında məlumatları işçi şəxsi imzası ilə təsdiq edir. Pensiya təyin olunması haqqında məlumatda pensiyanın təyin olunması tarixi (gün, ay, il) və təyin olunan pensiya növü göstərilməlidir. Göründüyü kimi, işə daxil olma, həmin işdə başqa vəzifə, peşəyə keçirilmə zamanı aparılan qeydlərin işəgötürənin möhürü ilə təsdiq edilməsi kimi bir şərt yoxdur. Bunun əksinə həmin Qaydaların 4.1-ci bəndində isə qeyd edilir ki, işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Göründüyü kimi, işəgötürənin möhürü ilə bağlı tələb işdən çıxma zamanı zəruridir. Beləliklə, birinci instansiya məhkəməsi və apellyasiya icraatı zaman işin hallarının hərtərəfli araşdırılması nəticəsində iddiaçının əmək kitabçasındakı qeydlərin mötəbərliliyi onun işlədiyi müəssisə tərəfindən verilmiş arayışla təsdiqləndiyindən və eləcə də, həmin müəssisə tərəfindən verilmiş arayışa əsasən onun işlədiyi peşənin güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən peşə olması müəyyən edildiyindən, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən, xüsusi iş stajı isə 12 il 6 aydan artıq təşkil etmişdir. Bununla da, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “X3 haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 57 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Məhkəmə kollegiyası həmçinin, iddiaçının əvvəlki dövr üzrə ödənilməyən pul məbləğinin ödənilməsi ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, iddiaçının tələbi həmin hissədə də əsaslı hesab edilməkdə məhkəmə haqlı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasının 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməli olduğundan, iddiaçıya yaranmış pensiya fərqi onun müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdeh inzibati orqana ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə müraciət edilmişdir və qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri nəzərə alınmaqla ona xx.xx.2022-ci il tarixdən əvvəlki üç il üçün ödənilməmiş pensiya məbləği ödənilməlidir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3639/2023 nömrəli, 20 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-3832/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3832/2023
30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver