Məhkəmə qərarları › İş №2-1(103)-3835/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3835/2023

28.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3835/2023 28.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-3835/2023 (Açar sözlər:“ güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”) Bakı şəhəri 28 noyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5936/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. -Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə etiraza uyğun məzmunda cavab verilərək imtina edilmişdir.

2. -xx.xx.2012-ci il tarixdə Suraxanı RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır.

3. -НЗ seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1980-cı ildən xx.xx.1982-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur.

4. -15 yanvar 1979-cu il tarixdən doldurulmağa başlanan iddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1979-cu il tarixədək suburaxıcı qurğularının istismarı və cari təmiri üzrə sahəsində fəhlə, xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək Quyuların müasirləşdirilməsi və əsaslı təmiri üzrə qrupda fəhlə, qazmaçı işləmiş, xx.xx.1980-ci ildən xx.xx.1982-ci il tarixədək Sovet ordu sıralarında həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1982-ci ildən xx.xx.1992-ci il tarixədək su quyularının istismarı üzrə xidmətdə qazmaçı, usta, iş icraçısı, xx.xx.1992-ci ildən xx.xx.1994-cü il tarixədək Balıqsatış idarəsində əmtəşünas, sahə rəisi, xx.xx.1994-cü ildən xx.xx.2000-ci il tarixədək Kooperativ “Bulaq” Qazma sahəsində sahə rəisi, xx.xx.2000-ci ildən xx.xx.2000-ci il tarixədək “X7” kompaniyasında fəhlə, xx.xx.2000-ci ildən xx.xx.2001-ci il tarixədək “X7” kompaniyasında qazmaçı, köməkçisi, xx.xx.2001-ci ildən xx.xx.2002-ci il tarixədək “X7” kompaniyasında çilingər, xx.xx.2002-ci ildən xx.xx.2003-cü il tarixədək “X7” kompaniyasında yuxarı fəhlə, xx.xx.2003-cü ildən xx.xx.2004-cü il tarixədək “KCA Deutag Tiefbohrgesellschaft" şirkətində məhlul operatoru, xx.xx.2004-cü ildən xx.xx.2004-cü il tarixədək “KCA Deutag Caspian Limited” şirkətində Məhlul operatoru (Qazma məhlulu operatoru), xx.xx.2004-cü ildən xx.xx.2010-cu il tarixəədək “KCA Deutag Caspian Limited” şirkətində növbə rəisi, xx.xx.2010-cu ildən xx.xx.2011-ci ilədək “KCA Deutag Tiefbohrgesellschaft" şirkətinin nümayəndəliyində stajor növbə rəisi, xx.xx.2011-ci ildən xx.xx.2019-cu ilədək “KCA Deutag Tiefbohrgesellschaft" şirkətində qazmaçı, xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək “Turan Drilling and Engineering" şirkətində qazmaçı işləmişdir. 17.xx.xx.2021-ci ildən hal-hazıradək “Turan Drilling and Engineering” şirkətində növbə supervayzeri vəzifəsində işləyir.

5. -"xxxx" MMC tərəfindən verilən 13 oktyabr 2022ci il tarixli 47-102022 saylı arayışdan görünür ki, arayış İddiaçı ondan ötrü verilmişdir ki, o, həqiqətən, xx.xx.2003-cü il tarixində “KCA Deutag Tiefbohrgesellschaft mbH” şirkətinə Məhlul operatoru (Qazma məhlulu operatoru) vəzifəsinə qəbul edilib. xx.xx.2004-cü il tarixində “KCA Deutag Tiefbohrgesellschaft mbH’’ şirkətindən “KCA Deutag Caspian Limited” şirkətinə köçürülüb. xx.xx.2004-cü il tarixində “KCA Deutag Caspian Limited” şirkətinə Növbə rəisi vəzifəsinə təyin edilib. xx.xx.2010-cu il tarixində “KCA Deutag Caspian Limited” şirkətində əmək müqaviləsinə xitam verilib. xx.xx.2010-cu il tarixində “KCA Deutag Tiefbohrgesellschaft” şirkətinin nümayəndəliyinə Stajor növbə rəisi vəzifəsinə qəbul olunub. xx.xx.2011-ci il tarixində “KCA Deutag Tiefbohrgesellschaft" şirkətində Qazmaçı vəzifəsinə keçirilib. xx.xx.2019-cu il tarixində “KCA Deutag Tiefbohrgesellschaft” şirkətində əmək müqaviləsinə xitam verilib. xx.xx.2019-cu il tarixində "xxxx" MMC-nə Qazmaçı vəzifəsinə qəbul edilib. xx.xx.2021-ci il tarixində "xxxx" MMC-də Növbə supervayzeri vəzifəsinə keçirilib. Hal-hazırda "xxxx" MMC-də Növbə supervayzeri vəzifəsində işləyir. Yuxarıda qeyd olunan şirkətlər Böyük Britaniyanın “KCA Deutag” şirkətinin Azərbaycan Respublikasında nümayəndəlikləri olaraq fəaliyyət göstərmişdir. 26 iyul 2018-ci il tarixində “KCA Deutag” şirkəti "xxxx" MMC ilə birgə olaraq Qazma və mühəndislik sahəsində fəaliyyət göstərən "xxxx" MMC-ni təsis etmişlər. Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi müddətdə nümayəndəliklərin adının dəyişməsindən asılı olmayaraq, eyni qrupa aid olduğundan onların strukturu, göstərdiyi fəaliyyət növü, işin xarakteri, peşələrin (vəzifələrin) adları və vəzifə təlimatları eyni olaraq qalmışdır. İddiaçı yuxarıda qeyd edilən əmək funksiyalarını Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları ilə bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir. Onun işlədiyi Məhlul operatoru (Qazma məhlulu operatoru), Növbə rəisi, Növbə supervayzeri, Stajor növbə rəisi vəzifələrinin adları şirkət daxili beynəlxalq tələblərə uyğun gələrək adlandırılmışdır. Bu səbəbdən, işçi tərəfindən işin eyni funksiylarının yerinə yetirilməsinə baxmayaraq, bu vəzifələrin adları ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 10-cu bölməsində qeyd edilən vəzifələrin adları arasında müəyyən fərqlilik yaranır. Əslində, İddiaçı yuxarıda işlədiyi peşələr (vəzifələr) Qazma briqadasına aiddir və faktiki olaraq siyahıda göstərilən qazmaçı peşəsinin funksiyalarını yerinə yetirmişdir. Yəni onun işlədiyi Məhlul operatoru (Qazma məhlulu operatoru), Növbə rəisi, Növbə supervayzeri və Stajor növbə rəisi vəzifələri Qazmaçı peşəsinə uyğundur. Yuxarıda göstərilən peşələr, yəni İddiaçı: -xx.xx.2003-cü ildən xx.xx.2004-cü ilədək işlədiyi (1 il, 1 ay, 12 gün) Məhlul operatoru (qazma məhlulu operatoru) (bu vəzifədə faktiki olaraq qazmaçı köməkçisinin peşəsinə uyğun işin funksiyasını yerinə yetirmişdir); -xx.xx.2004-cü ildən xx.xx.2010-cu ilədək işlədiyi (6 il, 2 ay, 16 gün) Növbə rəisi (bu vəzifədə faktiki olaraq qazmaçı peşəsinə uyğun işin funkisyasını yerinə yetirmişdir); -xx.xx.2010-cu ildən xx.xx.2011-ci ilədək işlədiyi (11 ay) Stajor növbə rəisi (bu vəzifədə faktiki olaraq qazmaçı peşəsinə uyğun işin funkisyasını yerinə yetirmişdir); -xx.xx.2011-ci ildən xx.xx.2021-ci ilədək işlədiyi (9 il, 8 ay, 21 gün) qazmaçı (bu vəzifədə faktiki olaraq qazmaçı peşəsinə uyğun işin funkisyasını yerinə yetirmişdir); -xx.xx.2021-ci ildən hal-hazıradək işlədiyi (xx.xx.2022-ci il tarixinədək 1 il, 2 ay, 18 gün) Növbə supervayzeri (bu vəzifədə faktiki olaraq qazmaçı peşəsinə uyğun işin funksiyasını yerinə yetirmişdir) peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın təsdiq edilməsi barədə Siyahının 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalında 10.1. Qazma a) fəhlələr: neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları peşələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. İddiaçı xx.xx.2003-cü ildən xx.xx.2022-ci ilədək əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı: 19 il, 02 ay 6 gün təşkil edir.

6. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsi tərəfindən iddiaçıya verilən xx.xx.2023cü il tarixli arayışdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.1980-cı ildən xx.xx.1982-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmiş SSRİ Müdafiə Nazirliyinin xx.xx.1982-i il tarixli 85 nömrəli əmrilə müdətli həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur.

7. -"xxxx" MMC tərəfindən verilən 17 aprel 2023-cü il tarixli məhkəmənin sorğusuna cavab məktubunda aşağıdakılar qeyd edilmişdir: “KCA Deutag Caspian Limited” və “KCA Deutag Tiefbohrgesellschaft mbH” şirkətləri Böyük Britaniyanın “KCA Deutag” şirkətinin Azərbaycan Respublikasında nümayəndəlikləri olaraq fəaliyyət göstərmişdir. 26 iyul 2018-ci il tarixində "KCA Deutag” şirkəti "xxxx" MMC ilə birgə olaraq Qazma və mühəndislik sahəsində fəaliyyət göstərən "xxxx" MMC-ni təsis etmişlər. Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi müddətdə nümayəndəliklərin adının dəyişməsindən asılı olmayaraq, eyni qrupa aid olduğundan onların strukturu, göstərdiyi fəaliyyət növü, işin xarakteri, peşələrin (vəzifələrin) adları və vəzifə təlimatları eyni olaraq qalmışdır. Onun işlədiyi Məhlul operatoru (Qazma məhlulu operatoru), Növbə rəisi, Növbə supervayzeri, Stajor növbə rəisi vəzifələrinin adları şirkət daxili beynəlxalq tələblərə uyğun gələrək adlandırılmışdır. Bu səbəbdən, işçi tərəfindən işin eyni funksiyalarının yerinə yetirilməsinə baxmayaraq, bu vəzifələrin adları ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 10-cu bölməsində qeyd edilən vəzifələrin adları arasında müəyyən fərqlilik yaranır. Əslində, İddiaçı yuxarıda işlədiyi peşələr (vəzifələr) Qazma briqadasına aiddir və faktiki olaraq siyahıda göstərilən qazmaçı peşəsinin funksiyalarını yerinə yetirmişdir. Yəni, onun işlədiyi Məhlul operatoru (Qazma məhlulu operatoru), Növbə rəisi, Növbə supervayzeri və Stajor növbə rəisi vəzifələri qazmaçı peşəsinə uyğundur. İddiaçı işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın təsdiq edilməsi barədə Siyahının 10- cu bölməsində Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalında 10.1. Qazma a) fəhlələr: neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları peşələrinə və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələrinə və peşələrinə uyğun olduğunu nəzərə almağınızı xahiş edirik. Onun işlədiyi peşələr faktiki olaraq qazma sahəsində qeyd edilən qazmaçı peşəsi ilə eynilik təşkil edir, həmin peşəyə uyğun işin funksiyalarını yerinə yetirmişdir. xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi (1 il, 1 ay, 12 gün) Məhlul operatoru (qazma məhlulu operatoru) peşəsində faktiki olaraq, 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 10-cu bölməsində Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalında 10.1. Qazma a) fəhlələr: neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları peşəsinə (vəzifəsinə) uyğun işin funksiyasını yerinə yetirmişdir. Məhlul operatoru (qazma məhlulu operatoru) qazmaçının tabeçiliyində bütün qazma avadanlıqların fasiləsiz fəaliyyətini təmin edir və bu avadanlıqlara texniki xidmət göstərir. xx.xx.2004-cü ildən xx.xx.2010-cu ilədək işlədiyi (6 il, 2 ay, 16 gün) Növbə rəisi peşəsində faktiki olaraq, 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 10-cu bölməsində Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalında 10.1. Qazma a) fəhlələr: neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları peşəsinə (vəzifəsinə) uyğun işin funksiyasını yerinə yetirmişdir. Növbə rəisi buruq rəhbərinin tabeçiliyində qazma əməliyyatlarına, texniki xidmət və qazma qurğusunda həyata keçirilən aidiyyatı olan digər əməliyyatlara rəhbərlik edir və quyunun vəziyyətini izləyir. xx.xx.2010-cu ildən xx.xx.2011-ci ilədək işlədiyi (11 ay) Stajor növbə rəisi peşəsində faktiki olaraq, 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 10-cu bölməsində Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalında 10.1. Qazma a) fəhlələr: neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları peşəsinə (vəzifəsinə) uyğun işin funksiyasını yerinə yetirmişdir. Stajor növbə rəisi buruq rəhbərinin tabeçiliyində qazma əməliyyatlarına, texniki xidmət və qazma qurğusunda həyata keçirilən aidiyyatı olan digər əməliyyatlara rəhbərlik edir və quyunun vəziyyətini izləyir. xx.xx.2011-ci ildən xx.xx.2021-ci ilədək işlədiyi (9 il, 8 ay, 21 gün) Qazmaçı peşəsində faktiki olaraq, 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 10-cu bölməsində Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalında 10.1. Qazma a) fəhlələr: neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları peşəsinə (vəzifəsinə) uyğun işin funksiyasını yerinə yetirmişdir. Qazmaçı Buruq rəhbərinin, Növbə supervayzerinin və İşə salma üzrə aparıcı texnikin tabeçiliyində qazma meydançasında və ərazilərdə həyata keçirilən bütün əməliyyatlara nəzarət edərək quyunun vəziyyətini müşahidə edir. xx.xx.2021-ci ildən halhazıradək işlədiyi (xx.xx.2023-cü il tarixinədək 1 il 8 ay 22 gün) Növbə supervayzeri peşəsində faktiki olaraq, 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 10-cu bölməsində Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalında 10.1. Qazma a) fəhlələr: neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları peşəsinə (vəzifəsinə) uyğun işin funksiyasını yerinə yetirmişdir. Növbə supervayzeri buruq rəhbərinin tabeçiliyində qazma əməliyyatlarına, texniki xidmət və qazma qurğusunda həyata keçirilən aidiyyatı olan digər əməliyyatlara rəhbərlik edir və quyunun vəziyyətini izləyir.” Məktuba həmçinin, iddiaçının işlədiyi vəzifələr (peşələr) üzrə vəzifə təlimatları əlavə edilmişdir. Təqdim olunmuş vəzifə təlimatlarından görünür ki, iddiaçının işlədiyi növbə supervayzeri və ya növbə rəisi (Qazmaçı rəisi) qazma əməliyyatları və həmin vaxt həyata keçirilməsi mümkün və aidiyyəti olan digər əməliyyatların təhlükəsizliyinə və eləcə də, əməliyyatların müştərinin və Şirkətin qaydalarına uyğun olaraq yerinə yetirilməsi üçün cavabdehlik daşıyır. Həmin vəzifənin öhdəliklər sahəsinə aşağıdakılar daxildir: a) bütün qazma buruğu, modullar və aidiyyatı olan avadanlıqlar üçün öhdəlik; b) hündür ərazilərdə işləyən personala nəzarət və rəhbərlik edilməsi; c) ərazilərin və avadanlıqların, planlaşdırılmış yoxlamaların və müvafiq sənədlərin fiziki vəziyyəti. Qazmaçı qazma qurğusunda hər gün həyata keçirilən əməliyyatlar üçün, komandasının və ya tabeliyində olan digər şəxslərion sağlamlığı və təhlükəsizliyi üçün Buruqa rəhbərinin qarşısında cavabdehlik daşıyır. Həmin vəzifənin öhdəliklər siyahısına daxildir: a)qazma meydançası, qüllə, məhlul təmizləmə, preventor, dayaq plitə, çən və nasos otağı; b) yuxarı ərazilərdə işləyən rəhbərlik edilməsi və iş icraatına nəzarət edilməsi; c) ərazilərin, avadanlıqların, planlaşdırılmış yoxlamaların və müvafiq sənədlərin fiziki vəziyyəti. Qazma məhlulu operatoru qazma məhlulu operatoru qazma ərzində məhlul sisteminin idarəedilməsi və endirmə-qaldırma əməliyyatları ərzində qazma kəmərinin boru meydançasında düzləndirilməsi və endirilməsi üçün Qazmaçı qarşısında cavabdeh daşıyır və zərurət yarandıqda Qazmaçı köməkçisinə kömək etməsi də tələb oluna bilər. Qazma məhlulu operatoru boru heyətlərinə də dəstək göstərir və məhlulların daşınması ərzində təchizat gəmiləri ilə əlaqə saxlayacaqdır. Həmin vəzifənin öhdəlikləri aşağıdakılardır: a) Qüllə ərazisi; b)məhlul nasos otağı, məhlul çən otağı, səpələnən kimyəvi maddələr, sement anbarı və məhlul qarışdırılması ərazisi; c) Yuxarı ərazilərdə işləyən personala nəzarət edilməsi və rəhbərlik edilməsi; d)Ərazilərin və avadanlıqların fiziki vəziyyəti, yoxlamaların planlaşdırılması və müvafiq sənədləşmə e) Quru və mayeli məhlulun təchizat gəmirlərindən yaxud təchizat gəmilərinə ötürülməsi, bütün tənzimləmələrin təftiş edilməsi və iki dəfə yoxlanılması, düzgün şlanqın müəyyənləşdirilməsi ilə bağlı buraya göyərtə heyəti ilə əlaqənin saxlanılması, ötürülmələrin başlanılması və başa çatması ilə əlaqədar təchiz gəmisi ilə də əlaqənin saxlanılması; f) məhsulun müvafiq yerə getməsini təmin etmək üçün məhlulun ötürülməsi sistemidən bütün tənzimləmələrin müəyyən edilməsi və iki dəfə yoxlanılmasına nəzarət edir.

8. -Cavabdeh qurumun məhkəmənin sorğusuna cavab olaraq verdiyi məktubdan görünür ki, İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 18779,82 manat, həmin tarixdən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 693916,62 manat olmaqla cəmi pensiya kapitalı 712696,44 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq, İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 20 il 3 ay 10 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 18779,82 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 693916,62 manat pensiya kapitalı qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 60 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2022ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın həmin tarixdən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 23 noyabr 2022-ci il tarixində 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh 22 dekabr 2022-ci il tarixli məktubla iddiaçıya pensiya təyin etməkdən imtina etmişdir. İmtinaya səbəb kimi, iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az (9 il 11 ay 25 gün (xx.xx.2000xx.xx.2001-ci il, xx.xx.2011-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər)) olması göstərmişdir. Bu da iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. İddiaçı hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən tələb olunan ən azı 12 il, 06 ay xüsusi, 25 il ümumi stajını qazanmışdır. Cavabdeh, iddiaçının işlədiyi məhlul operatoru, növbə rəisi və supervayzeri peşələrini güzəştli staj kimi qəbul etməmişdir. Halbuki o, həmin peşələrdə faktiki olaraq dəniz şəraitində, qazma sahəsində qazmaçı peşələrinin işinin funksiyalarını yerinə yetirmişdir. Bu barədə iş yerindən verilən arayışı da cavabdehə təqdim etmişdir. Tələb olunan şərtlərə uyğun şəkildə cavabdeh inzibati orqana müraciət emiş, cavabdeh bundan imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı ona 60 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın həmin tarixdən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

11. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının cavabdeh Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, təqdim etdiyi sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan imtina məktubunda bildirmişdir ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan azdır (9 il, 11 ay 25 gün təşkil edir). Bu səbəbdən cavabdeh orqan tərəfindən iddiaçıya güzəştli şərtlərlə aşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Cavabdeh hesab edir ki, imtina qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Nazirlər Kabinetinin 175 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na 2 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısında şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının əlavə edilməli olması göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) qazma bəndində (10.1) neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları peşəsi nəzərdə tutulmuşdur. İddiaçı V.X4 təqdim etdiyi “X3”-in onun iş stajına dair 13 oktyabr 2022-ci il tarixli xx-xx-2022 nömrəli arayışında xx.xx.2003-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində “KCA Deutag Tiefbohrgesellschaft” şirkətində məhlul operatoru, xx.xx.2004-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində “KCA Deutag Caspian Limited” şirkətində növbə rəisi və xx.xx.2021-ci il tarixdən bugünədək supervayzer vəzifələrində işlədiyi qeyd olunub. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifələr sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları peşəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (9 il 11 ay gün (xx.xx.2000xx.xx.2001-ci il, xx.xx.2011-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, birindən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na 2 nömrəli əlavədə göstərilən arayış formasından da aydın olur ki, arayışda vəzifə Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı Qərarında göstərilən müvafiq bənd və ya yarımbəndə uyğun vəzifə olmalıdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə əsas verən vəzifə, Qanunun 9.1-ci maddəsinin tələbinə uyğun olaraq Nazirlər Kabinetinin 12 saylı Qərarında qeyd edilən vəzifəylə eynilik təşkil etməlidir. Buna görə də cavabdeh orqan tərəfindən verilmiş imtina qanunauyğun hesab edilməlidir. Cavabdeh göstərilənləri və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci, 9.1-ci maddələrini əsas götürməklə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

12. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiləşdirilməsinə dair ərizə təqdim edərək ona 60 yaş 3 aydan, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın həmin tarixdən qüvvədə olan qanunvericliyə uyğun hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

13. Məhkəmənin müvafiq qərardadına əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi yazılı izahatında bildirmişdir ki, mövcud iş üzrə cavabdeh onun güzəştli iş stajının 12 il 6 aydan az - 11 ay 25 gün (xx.xx.2000-xx.xx.2001-ci il, xx.xx.2011-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2021-c tarixləri arasındakı dövrlər)) olması əsası ilə imtina vermişdir. Halbuki onun güzəştli iş stajı 21 il 6 aydan çoxdur. Onun ümumi və güzəştli iş stajı aşağıdakı kimidir: -xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək Suburaxıcı qurğularının istismarı və cari təmiri üzrə sahəsində fəhlə peşəsində (5 ay 16 gün ümumi staj). -xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək Quyuların müasirləşdirilməsi və əsaslı təmiri üzrə qrupda fəhlə və qazmaçı peşələrində (8 ay 21 gün ümumi staj). -xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək Sovet ordu sıralarında həqiqi hərbi xidmət keçmiş (2 il 1 ay 9 gün ümumi staj). -xx.xx.1982-ci ildən xx.xx.1992-ci ilədək Su quyularının istismarı üzrə xidmətdə qazmaçı, usta və iş icraçısı peşələrində (10 il 27 gün ümumi staj). -xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək Balıqsatış idarəsində əmtəşünas və sahə rəisi peşələrində (1 il 6 ay 15 gün ümumi staj). -xx.xx.1994-cü ildən xx.xx.2000-ci ilədək Kooperativ “Bulaq” Qazma sahəsində sahə rəisi peşəsində (6 il 5 ay 21 gün ümumi staj). -xx.xx.2000-ci ildən xx.xx.2000-ci ilədək “X7” kompaniyasında fəhlə (4 ay 8 gün güzəştli staj). -xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilədək “X7” kompaniyasında qazmaçı, köməkçisi peşəsində (3 ay 7 gün güzəştli staj). -xx.xx.2001-ci ildən xx.xx.2002-ci ilədək “X7” kompaniyasında çilingər peşəsində (1 il 3 ay 3 gün güzəştli staj). -xx.xx.2002-ci ildən xx.xx.2003-cü ilədək “X7” kompaniyasında yuxarı fəhlə peşəsində (1 il 1 ay güzəştli staj). -xx.xx.2003-cü ildən xx.xx.2004-cü ilədək “KCA Deutag Tiefbohrgesellschaft" şirkətində məhlul operatoru (qazma məhlulu operatoru) peşəsində (4 ay 28 gün güzəştli staj). -xx.xx.2004-cü ildən xx.xx.2004-cü ilədək “KCA Deutag Caspian Limited” şirkətində Məhlul operatoru (Qazma məhlulu operatoru) peşəsində (8 ay 15 gün güzəştli staj). xx.xx.2004-cü ildən xx.xx.2010-cu ilədək “KCA Deutag Caspian Limited” şirkətində növbə rəisi vəzifəsində (6 il 1 ay 16 gün güzəştli staj). -xx.xx.2010-cu ildən xx.xx.2011-ci ilədək “KCA Deutag Tiefbohrgesellschaft" şirkətinin nümayəndəliyində stajor növbə rəisi vəzifəsində (11 ay güzəştli staj). -xx.xx.2011-ci ildən xx.xx.2019-cu ilədək “KCA Deutag Tiefbohrgesellschaft" şirkətində qazmaçı peşəsində (7 il 5 ay 29 gün güzəştli staj). -xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək “Turan Drilling and Engineering" şirkətində qazmaçı peşəsində (2 il 2 ay 21 gün güzəştli staj). -17.xx.xx.2021-ci ildən hal-hazıradək “Turan Drilling and Engineering” şirkətində növbə supervayzeri vəzifəsində işləyir (60 yaşının tamam olduğu xx.xx.2022-ci tarixədək 8 ay 22 gün güzəştli staj).

14. xx.xx.1979-cu ildən 60 yaşının tamam olduğu xx.xx.2022-ci ilədək ümumi iş stajı 42 il 11 ay, 18 gün, güzəştli iş stajı isə 21 il 6 ay 29 gün təşkil edir. Yuxarıda qeyd edilən əmək funksiyalarını dəniz şəraitində buruqlarda neft-qaz əməliyyatları ilə bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir. İşlədiyi məhlul operatoru (qazma məhlulu operatoru), növbə rəisi, növbə supervayzeri və stajor növbə rəisi vəzifələrinin adları şirkət daxili beynəlxalq tələblərə uyğun gələrək adlandırılmışdır. Bu səbəbdən onun faktiki işlədiyi peşələrlə siyahıda qeyd edilən vəzifələrin adları arasında müəyyən fərqlilik yaranır. İşlədiyi peşələr Qazma briqadasına aiddir və faktiki olaraq siyahıda göstərilən qazmaçı peşəsinin funksiyalarını yerinə yetirmişdir. Yəni məhlul operatoru (qazma məhlulu operatoru), növbə rəisi, növbə supervayzeri və stajor növbə rəisi vəzifələri qazmaçı peşəsinə uyğundur, sadəcə iş yeri xarici şirkət olduğu üçün peşələrin adları beynəlxalq tələblərə görə fərqli göstərilmişdir. Həmin işin funksiyaları barədə güzəştli arayış da verilmişdir. O, xx.xx.1960-cı ildə anadan olmuş, xx.xx.2022ci ildə 60 yaşma çatmışdır. Həmin tarixədək 25 ildən çox (42 il 11 18 gün) ümumi stajı, 12 il 6 aydan çox (21 il 6 ay 29 gün) xüsusi stajı qazanmışdır.

15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5936/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5936/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5936/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarındakı buraxılmış yanlışlıq aradan qaldırılaraq, qərarın nəticə hissəsində “pensiyanın həmin tarixdən hesablanaraq ödənilməsi vəzifəsi” kimi qeyd edilmiş hissə “pensiyanın həmin tarixdə qüvvədə olan qanuna uyğun hesablanaraq ödənilməsi vəzifəsi” kimi oxunması qərara alınmışdır.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

17. Qərardan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5936/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinin dəlilləri

18. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlillərinə oxşar olmaqla onunla əsaslandırılmışdır ki, cavabdeh hesab edir ki, imtina qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Nazirlər Kabinetinin 175 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na 2 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısında şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının əlavə edilməli olması göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) qazma bəndində (10.1) neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları peşəsi nəzərdə tutulmuşdur. İddiaçı V.X4 təqdim etdiyi “X3”-in onun iş stajına dair 13 oktyabr 2022-ci il tarixli xx-xx-2022 nömrəli arayışında xx.xx.2003-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində “KCA Deutag Tiefbohrgesellschaft” şirkətində məhlul operatoru, xx.xx.2004-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində “KCA Deutag Caspian Limited” şirkətində növbə rəisi və xx.xx.2021-ci il tarixdən bugünədək supervayzer vəzifələrində işlədiyi qeyd olunub. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifələr sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları peşəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (9 il 11 ay gün (xx.xx.2000xx.xx.2001-ci il, xx.xx.2011-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, birindən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na 2 nömrəli əlavədə göstərilən arayış formasından da aydın olur ki, arayışda vəzifə Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı Qərarında göstərilən müvafiq bənd və ya yarımbəndə uyğun vəzifə olmalıdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə əsas verən vəzifə, Qanunun 9.1-ci maddəsinin tələbinə uyğun olaraq Nazirlər Kabinetinin 12 saylı Qərarında qeyd edilən vəzifəylə eynilik təşkil etməlidir. Buna görə də cavabdeh orqan tərəfindən verilmiş imtina qanunauyğun hesab edilməlidir. Cavabdeh göstərilənləri və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci, 9.1-ci maddələrini əsas götürməklə apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə iddia ərizəsi ilə oxşar məzmunda yazılı etiraz daxil olmuşdur.

e) Prosses iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

21. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxsləristisna olmaqla)yaşa görə əməkpensiyasıhüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 32.1-cimaddəsinəəsasənyaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 23."Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Qanunun: 1.4.1-cü bəndinə əsasən, Qanunun güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər adlanan 9-cu maddəsinin 1-ci hissəsi aşağıdakı redaksiyada verilmişdir: Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 5.2-ci bəndinə əsasən, 1 iyul 2020 - 30 iyun 2021-ci illər arasındakı dövr üzrə kişilərin yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş həddi 65 yaş müəyyən edilmişdir.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

27. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

29. İddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayəti əsassızdır, odur ki, iddianın təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

22. İlk olaraq məhkəmə Kollegiyası diqqətə çəkir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunludur.

30. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, işin hallarından müəyyən edilir ki, xx.xx.1962-ci il təvəllüdlü iddiaçı ona xx.xx.2022ci il tarixdən hesablanmaqla 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciəti təmin edilməmişdir. Cavabdeh inzibati orqan iddiaçının xx.xx.2003-xx.xx.2004cü il tarixlərdə “KCA Deutag Tiefbohrgesellschaft” şirkətində məhlul operatoru, xx.xx.2004xx.xx.2010-cu il tarixlərdə “KCA Deutag Caspian Limited” şirkətində növbə rəisi və xx.xx.2021-ci il tarixdən hal-hazıradək işlədiyi supervayzer vəzifəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda tutulan neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları peşəsinə aid olmadığını hesab etmiş və bu səbəbdən iddiaçının güzəştli iş stajının tələb olunan 12 il 6 aydan az, 9 il 11 ay 25 gün təşkil etdiyi qənaətinə gəlmişdir.

31. İddiaçı cavabdehin imtinası ilə razılaşmır və hazırkı ilə iddia ilə bu imtinanı mübahisələndirir. 32.Cavabdeh iddiaçının güzəştli şərtlərlə pensiya tələb etmək üçün yaş həddinə çatmasını və ümumi iş stajını mübahisələndirməmişdir. İş materialları ilə də məlum olur ki, xx.xx.1962-ci il təvəllüdlü iddiaçının xx.xx.2022-ci il tarixdə 60 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. Ümumi iş stajına gəldikdə isə iddiaçının əmək kitabçasındakı məlumatlardan onun Qanunla tələb olunan 25 ildən də artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Hazırkı halda iddiaçı ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. Deməli, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin yeni redaksiyasına əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 3 şərt mövcud olmalıdır: a) 60 yaşına çatması; b) Azı 25 il ümumi iş stajının mövcud olması; c) Azı 12 il 6 ay xüsusi iş stajının mövcud olması Cavabdeh inzibati orqanın yeganə mübahisə etdiyi məqam iddiaçının xüsusi iş stajının yetərli olmamasıdır.

33. Məhkəmə Kollegiyası qeyd edir ki, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən.

34. Məhkəmə Kollegiyası əvvəlcə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir.

35. Məhkəmə Kollegiyası cavabdehin imtina və apellyasiya şikayətinin dəlilinə münasibətdə bildirir ki, iddiaçının iş yerindən təqdim etdiyi arayışdan və məhkəmə sorğusu ilə əldə edilmiş vəzifə təlimatlarından müəyyən edilir ki, iddiaçının işlədiyi və cavabdeh tərəfindən xüsusi staja daxil edilməyən vəzifələr qazma briqadasına daxildir və onların əmək funksiyaları bilavasitə qazmaçı peşəsinin icra etdiyi funksiyalarla uyğunluq təşkil edir. İşin xarakteri dənizdə yerləşən buruqlarda neft-qaz əməliyyatları ilə bağlı vəzifələrin icrası ilə bağlıdır. Arayışda mübahəsləndirilən peşələrin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda) 10-cu bölməsi, “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.1. Qazma a) fəhlələr: və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları peşələrinə aid olması konkret olaraq göstərilmişdir. Arayışda həmçinin mübahisələndirilən vəzifələrin adlarının uyğunsuzluğuna da aydınlıq gətirilərək bunun həmin vəzifələrin beynəlxalq tələblərə uyğun olaraq adlandırılması bağlı olduğu vurğulanmışdır.

36. Göstərilənlərə əsasən, məhkəmə cavabdehin apellyasiya şikayətinin dəlilini əsaslı saymır və bildirir ki, iddiaçıya məxsus əmək kitabçası və iş yerindən təqdim edilmiş arayışla iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən vəzifələr üzrə işlədiyi öz təsdiqini tapdığından və təqdim olunan arayışdakı məlumatların həqiqətə uyğun olmaması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən sübut təqdim olunmadığından həmin sənədləri mötəbər sübut kimi qəbul edilməlidir.

37. Belə olan halda iddiaçının xx.xx.2003-xx.xx.2004-cü illərdə işlədiyi məhlul operatoru, xx.xx.2004-xx.xx.2010-cu illərdə işlədiyi növbə rəisi və xx.xx.2021-ci il tarixdən işlədiyi supervayzer vəzifəsi onun güzəştli iş stajına daxil edilməlidir. Bu halda isə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək üçün qanunla tələb olunan 12 il 6 ay müddətdən artıq xüsusi iş stajı yaranmış olur (9 il, 11 ay, 25 gün + 8 il, 2 ay 28 gün= 18 il, 02 ay, 23 gün). 38.Məhkəmə Kollegiyası sonunda apellyasiya şikayətinin dəlilinə münasibətdə əlavə olaraq onu da qeyd edir ki, iddiaçının işlədiyi peşələr qazmaçı peşəsinə uyğundur, lakin iş yeri xarici şirkət olduğu üçün peşələrin adları beynəlxalq tələblərə görə fərqli qeyd edilmişdir.Həmin işin funksiyaları barədə iddiaçıya güzəştli staj baradə arayış, məhkəmə sorğusuna isə vəzifə təlimatları əlavə edilməklə ətraflı cavab verilmişdir. 39.Məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına və mövcud anoloji işlər üzrə məhkəmə praktikasına (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-2346/2022 saylı iş) əsaslanaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5936/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5936/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar