Məhkəmə qərarları › İş №2-1(103)-3836/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3836/2024

31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3836/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin cavabdeh Abşeron Rayon İcra Hakimiyətinə qarşı “sərəncamın etibarsız hesab edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12069/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi cavabdeh Abşeron Rayon İcra Hakimiyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qaz İxrac İdarəsinin” istifadəsində olan Zabrat-Buzovna Türkan yüksək qaz kəmərinin mühafizə zonasında yerləşən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X1 yerləşən 0.06 ha torpaq sahəsinin X4 ayrılması haqqında Abşeron rayon İHB-nin 070 saylı xx.xx.2004-cü il tarixli sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa X2 yerləşən 0.06 ha torpaq sahəsi iddiaçı “Qaz İxrac İdarəsi”nin istifadəsində olan Zabrat-Buzovna-Türkan yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında yerləşir və həmin torpaq sahəsi üzərində yaşayış evi inşa edilmişdir. Qeyd edilən tikili yüksək təhlükə mənbəyi olmaqla yanaşı həm də iddiaçının qanuni maraqlarına toxunur. Bununla bağlı iddiaçı Cavabdeh Başçısının həmin torpaq sahəsinin X4 ayrılması barədə xx.xx.2004-cü il tarixli 070 saylı sərəncamının etibarsız hesab edilməsi barədə iddia qaldırmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12069/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun verilmiş və iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır, apellyasiya mümkündür. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. İİ.Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının tələbindən göründüyü kimi, Cavabdeh Başçısının 070 saylı xx.xx.2004-cü il tarixli sərəncamının etibarsız hesab edilməsini tələb etmişdir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati icraat qaydasında qaldırılan iddianın mümkünlüyü şərtləririn yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən iddia müddəti çərçivəsində, qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırılmalı və formal olaraq (subutlar da əlavə olunmaqla) əsaslandırılmalıdır ki, mümkün iddia kimi icraata qəbul edilməsi mümükün olsun. Əks halda, Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə aşağıdakılara görə iddiaçının hazırkı iddia tələbinin inzibati məhkəmə icraatını mümkün edən əsaslar müəyyən olunmur. Birincisi, inzibati icraat haqqında qanunvericilik qüvvəyə minənə qədər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin mübahisələndirilən sərəncam qəbul olunarkən qüvvədə (xx.xx.2012-ci il tarixədək) olmuş) 298-ci maddəsi nəzərdə tuturdu ki,şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Bundan əlavə, 2001-ci ilin sentyabr ayının 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəllənin 373.1-ci maddəsi nəzərədə tutur ki, ümumi iddia müddəti 10 il təşkil edir. Eyni zamanda, 1 yanvar 2011-ci il tarixdən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (“İPM”) qüvvəyə minmişdir ki, həmin Məcəllənin də 38.1-ci maddəsi nəzərədə tutur ki, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı isə sözügedən hüquq normaları ilə ona verilən hüquqi imkanından vaxtında istifadə etməmiş, cavabdehin sərəncamını mübahisələndirmək üçün qanunla müəyyən edilən müddətləri ötürülmüşdür. İddia tələbinin cavabdehin sərəncamının etibarsız hesab edilməsi ilə bağlı olmasına gəldikdə, “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 28 dekabr 2015-ci il tarixli qərarında qeyd etmişdir ki, iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünə qiymət verərkən məhkəmə irəli sürülmüş iddia növünün, o cümlədən mübahisələndirmə (İPM-in 2.2.1, 32 və 70–72-ci maddələri), yaxud inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi) haqqında olmasını müəyyən etməlidir. Daha sonra, Konstitusiya Məhkəməsinin Plunmu qərarında aşağıdakıları qeyd etmişdir: «İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində müəyyən edilmişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə – iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır…» Konkret halda da məhz, işin qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiaçı cavabdehin sərəncamı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia edərək, 19 il keçdikdən sonra yalnız, cavabdehin sərəncamını mübahisələndirmişdir ki, bu da Konstitusiya Məhkəməsinin qeyd olunan olunan mövqeyi baxımından, irəli sürülmüş həmin iddianın, inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi qəbul edilməsini istisna edir. İddia müddəti buraxıldığı halda isə hazırkı iddia İPM-in 35-ci maddəsində nəzərdə tutulan əsasalandırılmış iddia kimi qiymətləndirilə bilməz. Bu baxımdan, məhkəmə kollegiyasının mövqeyinə görə birinci instansiya məhkəməsinin qərardadı ilə Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunması işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun hesab edilməlidir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərardadının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12069/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12069/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar