Məhkəmə qərarları › İş №2-1(103)-384/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-384/2020

04.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-384/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), X7 və X4 ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin nümayəndəsi X6 iştirakı ilə iddiaçının adının kommersiya qurumlarının dövlət reyestrindən çıxarılması vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1965/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, “xxxxxxxxxxxxx” MTK-nın qanuni təmsilçisi kimi adının kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddia tələbi onunla əsaslandırılmışdır ki,iddiaçı 2006-ci ildə “xxxxxxxxxxxxx” MTK-nın sədri seçilmişdir. Koorperativin nizamnaməsinə uygun olaraq koorperativin sədri ümumi yığıncaq tərəfindən gizli səsvermə yolu ilə 3 il müddətinə seçilir. Lakin 2006-ci ildən bəri koorperativin ümumi yığıncağı keçirilmədiyindən formal olaraq koorperativin sədri vəzifəsində qalmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4863/2018-nömrəli xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, “xxxxxxxxxxxxx” MTK-nın qanuni təmsilçisi kimi onun adının kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarılması üçün bir neçə dəfə ərizə ilə vergi orqanına müraciət etmişdir. Lakin bu günə qədər cavab ala bilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən vergi orqanı tərəfindən “xxxxxxxxxxxxx” MTK-nın qanuni təmsilçisi kimi adının kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarılmalı olduğu halda, əsassız və qanunsuz olaraq bu günədək çıxarılmamışdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı apellyasiya şikayətinə uyğun izahat vermiş, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsassızdır. İşdə olan, Kommersiya təşkilatlarının dövlət reyestrindən xx.xx.2006-cı il tarixli 01/Ç-1657 nömrəli çıxarışa görə, “xxxxxxxxxxxxx” MTK xx.xx.2006-cı il tarixdə 0106- P215-45745 nömrə ilə qeydiyyata alınmışdır, təsisçiləri və nizamnamə kapitalında paylarında miqdarı: İddiaçı - 40 AZN-20%, Rüstəmov Zöhrab Böyükkişi oğlu - 40 AZN- 20%,, X9 - 40 AZN-20%, X5 - 40 AZN-20%, X3 - 40 AZN- 20%, ümumi yığıncağın xx.xx.2006-cı il tarixli qərarına əsasən İddiaçı kooperativin sədri seçilmişdir. “xxxxxxxxxxxxx” MTK-nın nizamnaməsi kooperativin ümumi yığıncağı - İddiaçı, Rüstəmov Zöhrab Böyükkişi oğlu, X9, X5 və X3 tərəfindən təsdiq edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4863/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər X1, X2 və X10 ümumi yığıncağı keçirilməklə İddiaçı işdən azad olunması ilə bağlı məsələnin müzakirə edilməsinə dair olan hərəkətsizliyi qanunsuz hesab edilmiş, İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin hazırlanıb verilməsi vəzifəsi cavabdehlərin üzərinə qoyulmuşdur. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4863/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli icra sənədinə xitam verilmişdir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” AR Qanununun: 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. 9.2-1. Bu Qanunun 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş hərəkətlərin edilməsi tələb olunmadan kommersiya qurumları və publik hüquqi şəxslər üzrə aşağıdakı məlumatlar birbaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilərək qeydiyyata alınır: 9.2-1.1 müvafiq icra hakimiyyəti orqanının aktları ilə təsis sənədlərində və qeydə alınmış faktlarda edilmiş dəyişikliklər; 9.2-1.2. qeydə alınmış faktlarda şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlarda dəyişikliklər. 9.2-2. Bu Qanunun 9.2-1.1-ci maddəsində qeyd edilən məlumat müvafiq icra hakimiyyəti orqanının aktları əsasında, 9.2-1.2-ci maddəsində qeyd edilən məlumat isə müvafiq icra hakimiyyəti orqanından onlayn rejimdə əldə edilir və 5 gün müddətində qeydiyyata alınır. 9.3. Bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. 9.4. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır. 14.1. Dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində aşağıdakı məlumatlar əks etdirilməlidir: 14.1.1. qurumun adı (firma); 14.1.2. qurumun hüquqi ünvanı (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumat); 14.1.3. qurumun təşkilati-hüquqi forması; 14.1.4. maliyyə ili; 14.1.5. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (kommersiya qurumları və publik hüquqi şəxslər üçün), qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi; 14.1.6. qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında, təsisçi dövlət və ya bələdiyyə olduqda, bu Qanunun 5.3.2-1-ci maddəsində qeyd edilən məlumatlar; 14.1.7. qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; 14.1.8. hüquqi şəxsin Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yaratdığı qurumların olduğu yer, təşkilati-hüquqi forması və qeydiyyatı haqqında məlumatlar; 14.1.8-1. qurum barəsində müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirin tətbiq edilməsi haqqında məhkəmənin yekun qərarına dair məlumat; 14.1.9. qurumun ləğvetmə prosesində olması barədə məlumat; 14.1.9-1. məhkəmənin qərarı ilə hüquqi şəxsin yenidən təşkil edilməsinin, yaxud ləğv olunmasının qadağan edilməsi, habelə hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi ilə bağlı məlumatlar; 14.1.10. qurumun ləğv edilməsi barədə məlumat. 14.2. Dövlət reyestrində hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları üçün bu Qanunun 14. 1-ci maddəsində nəzərdə tutulmuş məlumatlardan əlavə, hüquqi şəxsin təşkilati-hüquqi formasından asılı olaraq aşağıdakı məlumatlar göstərilməlidir: 14.2.1. kommandit ortaqlığında - hər bir kommanditçinin mayasının miqdarı; 14.2.2. məhdud məsuliyyətli cəmiyyətdə və ya səhmdar cəmiyyətində - nizamnamə kapitalının miqdarı, hər bir təsisçinin mayasının miqdarı, direktorlar şurası (müşahidə şurası) yaradıldığı halda, onun hər bir üzvünün adı, soyadı, atasının adı və yaşayış yeri; 14.2.3. qeyri-kommersiya təşkilatlarında - fəaliyyət predmeti və məqsədləri, fəaliyyət ərazisi, fəaliyyətinin dayandırılması və bərpa edilməsi, qurumun əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan təsisçisinin (təsisçilərinin) daimi yaşamaq üçün icazə müddətinin bitməsi tarixi, ictimai birliklərin üzvlərinin sayı, fondlarda - himayəçilər şurasının üzvləri, fondun nizamnamə kapitalı və təsisçilərin əmlak paylarının həcmi haqqında məlumatlar. 14.2.3-1. publik hüquqi şəxsdə – nizamnamə fondunun miqdarı, təsisçi tərəfindən verilmiş əmlakın miqdarı, direktorlar şurası (müşahidə şurası) yaradıldığı halda, onun hər bir üzvünün adı, soyadı, atasının adı və yaşayış yeri; 14.2.4. xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərində - Azərbaycan Respublikasında filial və ya nümayəndəliyi olan xarici qeyri-hökumət təşkilatının təsisçiləri, filial və ya nümayəndəliyin rəhbərinin və onun müavininin səlahiyyət müddəti, eləcə də rəhbərinin müavininin adı, soyadı, atasının adı, vətəndaşlığı, yaşayış yeri, habelə dövlət qeydiyyatı ilə əlaqədar bağlanmış sazişin qüvvədə olma müddəti, fəaliyyətinin dayandırılması və bərpa edilməsi barədə məlumatlar. 14.2.5. qeyri-hökumət təşkilatlarında və xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərində - qurumun icra orqanlarının tərkibi və səlahiyyət müddəti, qurumun əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan qanuni təmsilçisinin (təmsilçilərinin) daimi yaşamaq üçün icazə müddətinin bitməsi tarixi, ləğv edilmiş qurumun əmlak məsələlərinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunması, quruma edilmiş xəbərdarlıqlar, verilmiş göstərişlər və onların icrası barədə, məlumatlar.] 14.3. Bu Qanunun 14.1.9-1-ci maddəsində nəzərdə tutulan məlumatlar Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində müəyyən edilmiş qaydada qeydiyyat orqanına göndərilir. Göründüyü kimi, qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri məlumatlar “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” AR Qanununun 14.1.7-ci maddəsi ilə dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində əks etdirilməli məlumatlara aid edildiyindən, eyni Qanunun 9.1-ci maddəsinə tələbinə əsasən bu məlumatlarda edilən hər bir dəyişiklik qeydiyyata alınmalıdır. İşdə olan “xxxxxxxxxxxxx” MTK-nın nizamnaməsinə görə, Kooperativin sədri Ümumi Yığıncağın üzvləri tərəfindən səsvermə yolu ilə seçilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 111.3-cü maddəsinə əsasən, Kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 111.3.1. kooperativin nizamnaməsini dəyişdirmək; 111.3.2. kooperativin müşahidə şurasını yaratmaq və onun üzvlərinin səlahiyyətlərinə xitam vermək, habelə kooperativin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə xitam vermək, bir şərtlə ki, kooperativin nizamnaməsinə görə bu hüquq onun müşahidə şurasına verilmiş olmasın; 111.3.3. kooperativ üzvlərini qəbul etmək və çıxarmaq; 111.3.4. kooperativin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək və zərəri bölüşdürmək; 111.3.5. kooperativin yenidən təşkili və ləğvi haqqında qərar qəbul etmək; 111.3.5-1. bu Məcəllənin 49-1.2-ci maddəsində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək; 111.3.6. kooperativin nizamnaməsi ilə ümumi yığıncağın müstəsna səlahiyyətinə başqa məsələlərin həlli də aid edilə bilər. İddiaçının, onun kooperativin sədri kimi səlahiyyətlərinə xitam verilməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının qərarını qanunvericiliyin tələbinə müvafiq olaraq cavabdeh qeydiyyat orqanına təqdim etməsi iş materialları ilə təsdiqini tapmır, iddiaçı da bu sənədi cavabdehə təqdim etdiyini irəli sürmür, onun cavabdehə xx.xx.2019-cu il tarixli ərizəsinə də ümumi yığıncağın qərarı əlavə olunmamışdır. O, kooperativ üzvlərinin ümumi yığıncağının qərarını əvəz edən sənəd kimi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4863/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsinin cavabdehə təqdim olunmasına istinad edir ki, onun bu dəlili əsaslı deyil. Belə ki, İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin, iddiaçının MTK-nın qanuni təmsilçisi kimi adının kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarılması barədə müraciətinin təmin edilməsindən imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin, kooperativ üzvlərinin ümumi yığıncağının kooperativin sədrinin dəyişikliyi barədə protokolunun təqdim edilməməsinə əsaslanan imtinası qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1965/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar