Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-384/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, X1 iştirakları ilə, İddiaçı (xx.xx.1959-cu il tarixdə Rostov-Don şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “kompensasiya ödənilməsi və ya artırmanın sökülməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2-1(112)-6322/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı 07.09.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 20 min manat kompensasiya ödənilməsi, ya da tam şəkildə artırmanın sökülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya ünvanlanmış 08 sentyabr 2020-ci il tarixli bildirişdə Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq, iddia tələbində qeyd edilən tələblərə dair cavabdeh orqana müraciəti və cavabdeh orqanın həmin müraciətə cavab (imtina) məktubunun təqdim edilməsi və iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2-1(112)-6322/2020 nömrəli qərardadı ilə (hakim A.Oruczadə) İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb edilməklə “kompensasiya ödənilməsi və ya artırmanın sökülməsi ”nə dair iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı 06.11.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2-1(112)-6322/2020 nömrəli qərardadının ləğv edilməsini və iddianın mümkün hesab edilərək baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad maddi və prosessual normaların kobud şəkildə pozulması ilə çıxarılmışdır, qərardad ləğv edilməli və məhkəmə işə baxaraq onun iddia tələbini təmin etməlidir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılaraq, baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan: - Azərbaycan Respublikası Cavabdeh Tikintidə X3 Agentliyinin 01 avqust 2017-ci il tarixli, 37/V-01850 saylı məktubunun surətindən görünür ki, Yelena Yusupovnanın qonşusu X4 ilə aralarında olan mübahisəli məsələ ilə bağlı Cavabdehnə ünvanladığı 04 iyul 2017-ci il tarixli müraciətə mütəxəssislər tərəfindən yerində araşdırılmış və bildirilmişdir ki, müvafiq tədbirinin görülməsi üçün tərəflərindən Nəsimi rayon İcra Hakimiyyətinə 17 iyul 2017-ci il tarixli məktub ünvanlanmışdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, “hazırkı iddia tələbi üzrə iddiaçı tərəfindən mübahisələndirilən yaşayış sahəsi Azərbaycan Respublikası Cavabdeh tərəfindən tikilmədiyi təqdirdə, həmçinin, cavabdeh tikililərin sökülməsi ilə bağlı fəaliyyət göstərmədiyindən, hazırki iddia tələbi üzrə Azərbaycan Respublikası Cavabdehlik daşımır. Başqa sözlə desək, tərəflər arasında publik hüquq münasibətləri yaranmamış və iddiaçının hüquqlarının pozulması halı aşkar olunmamışdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2006-ci ıl tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə»nin 7-ci bəndinə görə, Nazirliyin fəaliyyət istiqamətləri: mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin olunması, neft və neft məhsullarının qəza nəticəsində axımı ilə əlaqədar yaranmış fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, dövlət material ehtiyatları fondlarının yaradılması sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayır və həyata keçirilməsini təmin edir; mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahələrində, eləcə də fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə vahid dövlət sistemi çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirir; Nazirliyin səlahiyyətlərinə aid edilən məsələlər üzrə normativ tənzimləməni və nəzarət-yoxlama funksiyalarını həyata keçirir; mülki müdafiəni, əhalinin və ərazilərin fövqəladə hallardan və yanğınlardan qorunmasını, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasını, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin olunmasını, dövlət material ehtiyatlan fondlarının yaradılmasını və idarə olunmasını, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini, fövqəladə hallarda çevik reaksiya verilməsini və humanitar yardımların idarə olunmasını təşkil edir və həyata keçirir; Nazirliyin fəaliyyət dairəsinə aid edilən sahələrin inkişafını təmin edir; Nazirlik qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə də fəaliyyət göstərir. Həmin Əsasnamənin 8-ci bəndində Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələri göstərilmişdir . Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddia tələbini tikilinin sökülməsi barədə qərar çıxarılması təşkil etmiş, cavabdeh qismində isə Azərbaycan Respublikasının Cavabdeh göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia ərizəsində nəzərdə tutduğu tikilinin sökülməsi barədə qərar çıxarılması tələbi hazırkı iş üzrə cavabdeh qismində göstərilmiş inzibati orqanın səlahiyyətləri çərçivəsində olmadığından birinci instansiya məhkəməsinin iddia tələbini mümkün sayılmaması barədə gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Göründüyü kimi inzibati məhkəmə icraatında iddianın mümkün hesab edilməsi üçün şərtlərdən biri də onun qanunvericilikdə nəzərdə tutulmuş müddətdə verilməsidir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili olan qərardadın maddi və prosessual normaların kobud şəkildə pozularaq çıxarılması ilə bağlı qeyd edir ki, iddiaçı bu pozuntuların nədən ibarət olmasını əsaslandırmamışdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2-1(112)-6322/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-384/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-384/2021
16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver