Məhkəmə qərarları › İş №2-1(103)-384/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-384/2022

16.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-384/2022 16.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi xidmətə bərpa edilmə” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-757/2021 saylı, 31.08.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Müdafiə Nazirinin onun barəsində qəbul etdiyi 22 iyul 1995-ci il tarixli əmrinə düzəliş edilməklə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun (3 noyabr, 1992-ci il, nörmə 362) 18ci maddəsinin “v” bəndi ilə (xəstəliyə görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə qeydiyyatın aparılmasının və onun hərbi rütbəsinin (leytenant) bir pillə aşağı salınması haqqında Müdafiə Nazirliyinin əmrinin ləğv olunması və döyüş əməliyyatlarında iştirak edən bir zabit kimi, yaralandığı 13 aprel 1994-cü il tarixində tutduğu hərbi vəzifənin (bölük komandiri) qanunla müəyyən edilmiş qaydada növbədənkənar kapitan rütbəsinin verilməsinin, habelə 1-ci dərəcəli ehtiyat zabiti kimi 1995-ci ilin iyulundan 2009-cu ilin 13 mayınadək hərbi qulluqçu olduğu üçün ona növbəti hərbi rütbə - mayor rütbəsinin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Hərbi qulluqçularının statusu haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə uyğun olaraq onun həqiqi hərbi xidmətinin 30 iyul 2006-cı il tarixinə kimi bərpa edilməsi, hərbi xidmət müddətinə müvafiq tabor komandiri vəzifəsinə təyin olunması, hərbi xidmət müddətinə müvafiq olaraq mayor rütbəsinin verilməsi, 30 iyul 2006-cı il tarixində Azərbaycan Respublikasının “Hərbi xidmət haqqında” Qanununun (3 noyabr 1992 ci il, № 362) 18-ci maddəsinin “v” bəndinə əsasən - xəstəliyə görə İddiaçı Polad oğlu mayor rütbəsi ilə, tabor komandiri vəzifəsindən ehtiyata buraxılmasının Müdafiə Nazirliyinin əmri ilə təsdiq edilməsi (Əsas: Xəstəlik haqqında 21 iyul 2006 il tarixli, № 863, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının verdiyi Şəhadətnamə) barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-757/2021 saylı, 31.08.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-757/2021 saylı, 31.08.2021-ci il tarixli qərardadının ləğv olunmasını, işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsibə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın mümkünlüyünün yoxlanılması zamanı məhkəmə İPM-in 13-cü və 48-ci maddələrindən irəli gələn yardım etmək vəzifəsinə diqqət etməlidir. İddiaçıya sözü gedən yardım edilməyib. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı şikayətə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-757/2021 saylı, 31.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarının 9-cu maddəsində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Baxılan iş üzrə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl iddia tələbində göstərilən məsələlər ilə əlaqədar cavabdeh orqana müraciət etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya təklif edilməsinə baxmayaraq, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdən əvvəl cavabdeh orqana iddia tələbində göstərilən məsələ ilə əlaqədar müraciət edilməsinə dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə müraciət etməmişdən əvvəl iddia tələbində qeyd olunan məsələlərə dair cavabdehə müraciət etməsini təsdiq edən sənədlər apellyasiya şikayətinə əlavə olunmamış, həmçinin məhkəmə iclası zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Belə olan halda iddiaçının iddia tələbi ilə bağlı cavabdehə müraciət etməsi iş materiallarına əsasən müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddianın mümkün sayılmamasına dair qərara gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-757/2021 saylı, 31.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar