Məhkəmə qərarları › İş №2-1(103)-384/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-384/2024

12.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-384/2024 12.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Sərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6235/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cəbrayıl rayonunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. Döyüşlərdə iştirak etməyi Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 243 saylı, 20 dekabr 2005-ci il tarixli arayışda da öz əksini tapmışdır. Sözügedən arayış isə Cəbrayıl rayon Polis şöbəsi tərəfindən verilmiş 03 dekabr 2005-ci il tarixli, Ə-35-1235 saylı arayış əsasında tərtib edilmişdir. 1-ci Qarabağ müharibəsində iştirakı nəzərə alınaraq “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinin təmin edilməsi üçün ərizə və ona əlavə edilmiş sənədlərlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl Rayon Bölməsinə müraciət edib. Müraciəti əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl Rayon Bölməsi sənədlərini aidiyyəti üzrə “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası” na göndərdi. Sənədləri iki dəfə Komissiyanın müvafiq iclasında müzakirə edilmişdir. Komissiya tərəfindən sənədləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl Rayon Bölməsinə geri qaytarılmışdır. Geri qytarılmanın səbəbi isə sənədlərinə əlavə etdiyi Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 243 saylı, 20 dekabr 2005-ci il tarixli arayışda öz əksini tapmış Cəbrayıl rayon Polis şöbəsi tərəfindən verilmiş 03 dekabr 2005-ci il tarixli, Ə-35-1235 saylı arayışın Komissiyaya təqdim edilməməsi olmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl Rayon Bölməsinə ərizə ilə müraciət etməmişdən qabaq vəkili tərəfindən Cəbrayıl Rayon Polis Şöbəsinə xx.xx.2021-ci il tarixli, 540 saylı vəkil sorğusu vermişdir. Həmin vəkil sorğusunda Cəbrayıl rayon Polis şöbəsi tərəfindən verilmiş 03 dekabr 2005-ci il tarixli, Ə- 351235 saylı arayışın hansı hüquqi əsasa dayanılaraq verilməsi barədə cavab istənmişdir. Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli, 3947 saylı cavab məktubunda qeyd edilmişdir ki, Cəbrayıl Rayon Polis Şöbəsində 2015-ci il daxil olmaqla saxlama müddəti bitmiş sənədlər yandırılaraq məhv edilmişdir. Bu səbəbdən qeyd olunan arayışla bağlı məlumat vermək mümkün olmamışdır. Bu cavab məktubu Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl Rayon Bölməsinə təqdim etməyinə baxmayaraq Bölmə tərəfindən təkrar Cəbrayıl Rayon Polis Şöbəsinə 03 dekabr 2005-ci il tarixli, Ə-35- 1235 saylı arayış barədə sorğu göndərilmişdir. Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən eyni məzmunlu cavab göndərilmişdir. Həmin cavab məktubu ərizə və digər sənədləri ilə bərabər təkrar “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası”na göndərilmişdir. Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl Rayon Bölməsi tərəfindən ona verilən xx.xx.2023-cü il tarixli, 3-4314/2-67/2023 saylı cavab məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası onun hüququnu pozmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6235/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsiə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun erməni millətçi dəstələrinə qarşı döyüşlərdə iştirak etməyinin əsl sübutu həmin dövrdə bu barədə səlahiyyətli orqan olan Cəbrayıl rayon Polis şöbəsinin apardığı rəsmi qeydlərdir. Əgər onun döyüşlərdə iştirakı olmasaydı hansı hüquqi əsasa görə, Cəbrayıl rayon Polis şöbəsi tərəfindən ona 03 dekabr 2005-ci il tarixli, Ə-35-1235 saylı arayış verilərdi? Bu arayış ona döyüşlərdə iştirak etdiyi zaman deyil, 2005-ci il tarixində verilmişdir. Demək ki, onun döyüşlərdə iştirakı barədə Polis orqanında qeyd olmuşdur ki, həmin qeydə dayanılaraq ona 03 dekabr 2005ci il tarixli, Ə-35-1235 saylı arayış verilmişdir. Həmin arayışın verilməsinə səbəb olmuş hüquqi sənədin 2015-ci il tarixində yandırılması onun döyüşlərdə iştirakını şübhə altında qoymağa sübut təşkil edə bilməz. Bununla yanaşı Cəbrayil RİH Başçısı tərəfindən ona döyüşlərdə iştirakı barədə Cəbrayıl rayon Polis şöbəsinin 03 dekabr 2005-ci il tarixli, Ə-35- 1235 saylı arayış əsasında verilmiş 20 dekabr 2005-ci il tarixli, 243 saylı arayış “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin tələbinə əsasən mötəbər sənəddir. Onun tərəfıfdən istər Komissiyaya, istərsə də məhkəmə araşdırmasına təqdim etdiyi Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 243 saylı, 20 dekabr 2005-ci il tarixli arayışın həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Tərəflərin izahatları : İşə baxılmanın vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi : Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından aydın olur ki, iddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Sərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (bundan sonra – cavabdeh) Cəbrayıl rayon Şöbəsinə müraciət etmiş, iddiaçının müraciətinin təmin olunmasından xx.xx.2023-cü il tarixli məktubla imtina edilmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, təqdim edilən sənədlər əsas vermədiyi üçün (döyüşdə iştirakını sübut edən təsdiqedici hüquqi sənədlər yoxdur) “müharibə veteranı adı və vəsiqəsinin” verilməsi mövcud qanunverciliyin tələblərinə əsasən mümkün deyil. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ iddia tələbinin təmin edilməməsi ilə yekunlaşmışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 243 saylı, 20 dekabr 2005-ci il tarixli arayışa və Cəbrayıl rayon Polis şöbəsi tərəfindən verilmiş 03 dekabr 2005-ci il tarixli, Ə-35-1235 saylı arayışlara istinad edərək erməni işğalçılarına qarşı gedən döyüşlərdə könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etdiyini iddia edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini tələb edir. İddia ərizəsinə əlavə edilmiş Cəbrayıl Rayon icra Hakimiyyəti Başçısının xx.xx.2005ci il tarixli, 243 nömrəli arayışında qeyd edilmişdir ki, iddiaçı 1989-1991-ci illərdə erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmiş, ön postlarda keşik çəkmişdir. Arayışın verilməsinə əsas kimi Cəbrayıl rayon Polis Şöbəsinin verdiyi xx.xx.2005-ci il tarixli Ə-35- 1235 saylı arayışa istinad edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Cəbrayıl rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli, 3947 № li məktubunda qeyd edilmişdir ki, 2015-ci il daxil olmaqla saxlama müddəti bitmiş sənədlər yandırılaraq məhv edilmişdir. Bu səbəbdən xx.xx.2005-ci il tarixli Ə-35-1235 saylı arayışla bağlı məlumat vermək mümkdün deyildir. Məhkəmənin sorğusuna cavab olaraq cavabdehin Cəbrayıl rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçı könüllü və ya məcburi qaydada həqiqi hərbi xidmətə cəlb olunmamışdır. Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Rayon İcra Hakimiyyətində iddiaçının 1989-1991-ci illərdə erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirakını təsdiq edən sənədlər mövcud deyildir. Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Cəbrayıl rayon sakinlərinin bir çoxu birinci Qarabağ müharibəsi zamanı bu və ya digər şəkildə (özünümüdafiə dəstələrinin tərkibində iştirak etmə, yaralıların döyüş bölgəsindən çıxarılması, tibbi xidmət göstərilməsi və s.) rayonun müdafiəsində iştirak etdiyindən, rayon Polis Şöbəsinin arayışı əsasında Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən arayışlar verilmişdir. Rayon İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2017-ci il tarixə qədər olan sənədləri Cəbrayıl rayon Dövlət Arxivi İdarəsinə təhvil verilmişdir. “Dövlət orqanlarında, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi siyahısı və onun tətbiq olunmasına dair göstəriş”ə əsasən arayış xarakterli sənədlərin saxlanma müddəti 5 il təşkil etdiyindən, rayon İcra Hakimiyyətinin həmin dövrü əhatə edən sənədləri, o cümlədən 2015-ci ilə dair sənədlər ləğv edilmişdir. Bu səbəbdən də məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda iddiaçının 1989-1991-ci illərdə erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirakını təsdiq edən sənədləri mövcud olmadığı qeyd edilmişdir. İş materiallarında olan Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısının cavabdehə ünvanladığı xx.xx.2016-cı il tarixli məktuba əlavə edilmiş “xx.xx.1988-ci il tarixdən 1991-ci il tarixədək Cəbrayıl rayonunun və kəndlərinin müdafiəsi üçün yaradılmış özünümüdafiə dəstəsi iştirakçılarının” Siyahısında iddiaçının adı yoxdur. Beləliklə, qeyd edilənlərə əsasən iddiaçının Cəbrayıl rayonunun müdafiəsi ilə bağlı gedən döyüşlərdə iştirakını təsdiq edən mötəbər sübut müəyyən edilmədiyindən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən müharibə veteranı dedikdə ...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər...başa düşülür. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “Müharibə veteranları” adlanan İ bölməsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı vəsiqəsinin verilməsi üçün müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsas hesab edilir. Göründüyü kimi, hərbi biletlər (hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları birlikdə təqdim edildikdə), şəxsi işlər, orden və medallarla təltif olunma haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdiyi siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər, qanunvericiliklə müəyyən edilmiş müvafiq inzibati ərazi vahidlərində aparılmış döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların hərbi döyüşlərdə iştirakını sübut edən sənəd kimi qəbul edilə bilər. İddiaçıya münasibətdə isə, qeyd edilən əsaslardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. İddiaçının əsas dəlili olan Cəbrayıl rayon Polis şöbəsi tərəfindən verilmiş arayışlara münasibətdə Kollegiya qeyd edir ki, mötəbərliyi “xx.xx.1988-ci il tarixdən 1991-ci il tarixədək Cəbrayıl rayonunun və kəndlərinin müdafiəsi üçün yaradılmış özünümüdafiə dəstəsi iştirakçılarının” Siyahısı, Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli məktubu, Cəbrayıl rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubu ilə şübhə altına alındığından və iddiaçının döyüşlərdə iştirakını təsdiq edən hər hansı mötəbər sübut olmadığından, həmin sözügedən arayışlar özü özlüyündə iddiaçının müharibə veteranı və vəsiqəsini əldə etməsinin müstəqil əsası qismində çıxış edə bilməz. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “....sözügedən arayışlar yalnız o zaman əhəmiyyət daşıyardı ki, iddiaçının özünümüdafiə dəstələrində iştiraka cəlb olunması hər hansı digər sübutlarla (döyüşdə iştirakla bağlı silahın iddiaçıya təhkim olunması barədə əmr, onun döyüşlərdə yaralanması və ya təltif olunması haqqında sənədlər, post kitabının təhvili, o cümlədən onun döyüşlərdə iştirakını sübut edən digər sənədlər) təsdiq olunsun.” Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, beləşərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Cavabdeh tərəfindən inzibati aktın qəbulunu istisna edən faktiki şərtin mövcudluğu sübut edilmiş, iddiaçı isə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6235/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar