Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3840/2024 19.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X6 Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzil uçotuna götürülmə barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9146/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2-ci qrup Vətən müharibəsi əlili kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması barədə sərəncam vermək vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsində qeyd edilmişdir ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup əlillik dərəcəsi almışdır. Ailə üzvüləri ilə birlikdə ümumi evdə yaşayır. O, Qarabağ döyüşlərində iştirak edərək əlil olmuş şəxs kimi mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində güzəştli şərtlərlə uçota durmaq hüququ yaranmış və istər onun, istərsə də ailə üzvülərinin adına Daşınmaz əmlakın dövlət reyestri tərəfindən təsdiq olunan müvafiq arayışa əsasən adına respublika üzrə heç bir yerdə əmlak aşkar edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9146/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzil uçotuna götürülmə barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9146/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı işin hallarından görünür ki, İddiaçıya xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. O, xx.xx.2021-ci il tarixdən Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətina (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, müharibə əlili kimi mənzil növbəsinə götürülməsini xahiş etmişdir. Cavabdeh 3.05.2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “...araşdırma zamanı, siz xx.xx.2024-cü il tarixdən vətəndaş X4 məxsus ümumi sahəsi 58,60 kv.m olan Xətai rayonu, X.Məmmədov küçəsində yerləşən 43 “C” nömrəli evin, 132 saylı mənzilinə daimi qeydiyyata düşməklə mənzil şəraitinizi süni surətdə pisləşdirdiyiniz müəyyən edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol verilmiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən 5 ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərlər. Yuxarıda qeyd olunanlara və qüvvədə olan qanunvericiliyin tələblərini nəzərə alaraq Sizin xahişinizi təmin etmək imkanımız xaricindədir”. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 51.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir; 51.2-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər; 51.3-cü maddəsinə əsasən, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir; 53.1-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosialməişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin” xx.xx.2021-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan qanunvericiliyin məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin edir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının ödənilməsi üçün köməklik göstərilməsidir. Başqa sözlə, sosial müdafiəyə ehtiyacı olan şəxslərə köməklik göstərilməsinin meyarı onların həqiqətən də bu köməyə ehtiyacı olmasıdır. Hazırkı halda iddiaçıya münasibətdə eyni mövqe ona görə tutulmur ki, o, özünün həqiqətən də sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs olmasını sübuta yetirə bilmir. İş materiallarında olan məhkəmə sorğularına verilən cavablardan müəyyən edilir ki, iddiaçının anası X1 adına ünvan 3 ünvanında yerləşən 26 nömrəli mənzil, ünvan 4 ünvanında yerləşən 65A nömrəli mənzil və ünvan 5 ünvanında yerləşən 163 nömrəli mənzil (yeni qaydalarla: AZ 1111, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 20, M4, m1) qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X2 və X1 adına ümumi birgə mülkiyyət hüququ üzrə Ağstafa rayonu, Köçəsgər kəndində yerləşən 0,76 ha torpaq sahəsinə “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı” tərtbi edilmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı subaydır və ailə tərkibi, anası – X3, atası – X2 (vəfat edib). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı anasının mülkiyyətində olan mənzillərdən istifadə hüququnun olmaması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, sosial müdafiəyə ehtiyacı olan şəxs sayılmasını sübuta yetirməmişdir. Bundan başqa, «Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları»nın (Qaydalar XX çağırış Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiayasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmişdir) 4-cü bəndinə görə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu, mənzil sahəsi almaq üçün növbənin müəyyənləşdirilməsi, habelə dövlət və ictimai mənzil fondunun evlərində mənzillərin bölüşdürülməsi ictimai nəzarət altında və aşkarlığa əməl olunmaqla həyata keçirilir. İcraiyyə komitələrinin qərarı ilə bu məqsəd üçün Bakı şəhər və rayon xalq deputatları Sovetlərinin icraiyyə komitələri yanında mənzil məsələləri üzrə ictimai komissiyalar yaradılır. Qaydaların 7.1-ci bəndinə görə Bakı şəhərində daimi yaşayan ailəsinin hər üzvü beş kvadratmetr və daha az mənzil sahəsi ilə təmin edilən vətəndaşlar mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar hesab edilirlər. 17-ci bəndin İ hissəsinə görə, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna qəbul edilmək üçün vətəndaş müvafiq surətdə yaşayış yerində rayon X5 İcraiyyə Komitəsinə ərizə verir. 17-ci bəndin İİ hissəsinə görə, ərizəçi ilə birlikdə Bakı şəhərində nə qədər yaşadıqlarından asılı olmayaraq onunla birlikdə pasport qeydiyyatına alınmış və onunla birlikdə yaşayan arvad, habelə onların öhdəsində olan uşaqlar və səhhətinə görə qulluğa ehtiyacı olan əmək qabiliyyətini itirmiş valideynlər mənzil şəratinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülə bilərlər. 17-ci bəndin İİİ hissəsinə görə, ailənin birlikdə yaşayan digər ailə üzvləri ərizəçi ilə birlikdə mənzil şəratini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna yalnız bu şərtlə qəbul edilirlər ki, son 5 il ərzində Bakı şəhərində yaşamış olsunlar və bunun pasport qeydiyyatı təsdiq etsin. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.2021-ci il tarixədək Ağstafa rayonunda, həmin tarixdən hazırkı vaxatadək isə Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. Göründüyü kimi, iddiaçının Bakı şəhərində 5 il ərzində pasport qeydiyyatında olması da təsdiq edilmir. Belə olan halda iddiaçı qanunvericiliyin istinad olunan tələblərinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab olunmur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9146/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9146/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3840/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3840/2024
19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver