Məhkəmə qərarları › İş №2-1(103)-3841/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3841/2024

18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3841/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9058/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş pensiyanın azaldılması barədə qərarın əsassız hesab edilərək ləğv edilməsi, ona xx.xx.2006-cı il tarixdən, yəni 52 yaşı olan gündən təyin edilmiş xx.xx.2024-cü il tarixindən məbləği azadılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əvvəlki məbləğinin bərpa edilərək azaldıldığı tarixdən ödənilməmiş məbləğlərin əmək pensiyasına bərpa edilərək ödənilməsi və 2023-2024-cü illər üzrə 13 ay pensiyasından azaldılaraq ödənilməmiş hissəsinin indeksləşdirmə aparılaraq əmək pensiyasına bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş pensiyanın azaldılması barədə xx.xx.2024 tarixli 3-17- 1/3-3-5311/2024 nömrəli qərarın əsassız hesab edilərək ləğv edilməsi, ona xx.xx.2006-cı il tarixindən, yəni 52 yaşı olan gündən təyin edilmiş xx.xx.2024-cü il tarixdən məbləği azaldılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əvvəlki məbləğinin bərpa edilərək, azaldıldığı tarixdən ödənilməmiş məbləğlərin əmək pensiyasına bərpa edilərək ödənilməsi öhdəliyinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1953-cü ildə anadan olmuşdur. İddiaçı xx.xx.1975-ci il tarixindən əmək fəaliyyətinə başlamışdır, onun 45 ildən çox əmək stajı var. xx.xx.1997-ci il tarixinə kimi 20 ildən çox ümumi və 10 ildən çox güzəştli iş stajı olduğuna görə iddiaçıya hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinin tələbinə əsasən xx.xx.2006-ci il tarixindən, yəni 52 yaşı tamam olan gündən DSMF-nin Yasamal rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məktubla ona bildirilmişdir ki, onun qanunvericiliyə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşınının tamamlandığı xx.xx.2006-cı il tarixdən yox, 57 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixindən yaranır. Ona son 3 il üzrə 51520,08 manat artıq pul vəsaiti ödənildiyi müəyyən olunmuşdur. Həmin artıq ödənilmiş 51520,08 manat pul vəsaitinin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Daha sonra “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, güzəştli şərtlərlə pensiya hüququna yenidən baxılması üçün guya Mərkəzi Filiala dəvət olunmuşdur. Halbuki, bu barədə ona nə məktub gəlib, nə də zəng olunub. Buna baxmayaraq, onun iştirakı olmadan, razılığı olmadan onun pensiya məbləği kəskin dərəcədə aşağı salınmışdır. İnzibati orqanın özünün də bildirdiyi kimi, iki instansiya məhkəməsinin qərarı onun xeyrinə olub. Pensiya hüququ bərpa olunub və əvvəlki pensiya məbləği bərpa olunmuşdur. Lakin 2024-cü ilin aprel ayından pensiya məbləği yenidən aşağı salınıb. Ona hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbinə əsasən xx.xx.2006-cı il tarixindən, yəni 52 yaşı tamam olan gündən DSMF-nin Yasamal rayon şöbəsi tərəfindən düzgün olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Belə ki, Qanunun 9.8-ci maddəsində deyilir ki, bu qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərlə pensiyalar yaşa və staja görə əvvələr qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq sürətdə təyin edilir. Göründüyü kimi, əvvələr yəni xx.xx.1997-ci il tarixinə kimi qüvvədə olmuş Qanunun 13-cü maddəsinin “a” bəndinin tələbinə əsasən 1 nömrəli siyahı üzrə kişilər 20 il ümumi, 10 il güzəştli iş stajı olduqda 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malik olmuşlar. Onun da xx.xx.1997-ci il tarixinə kimi 20 ildən çox ümumi və 10 ildən çox güzəştli iş stajı olduğuna görə ona düzgün olaraq DSMF-nin Yasamal rayon şöbəsi tərəfindən əvvəllər qüvvədə olmuş Qanunun tələbinə əsasən 52 yaşının tamam olduğu gündən, yəni xx.xx.2006-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh qanuna heç bir şərh vermək hüququ olmadığı halda, həmin qanuna şərh verərək, ona 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini qanunsuz hesab edir. Cavabdehin imtinası əsassızdır, onun üzərinə iddiaçıya xx.xx.2006-cı il tarixindən təyin edilmiş və xx.xx.2024-cü il tarixindən məbləği azaldılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əvvəlki məbləğinin bərpa edilməsi vəzifəsinin həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)-9058/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/13-3-5311/2024 saylı qərarı ləğv edilmiş, İddiaçı xx.xx.2006-cı il tarixindən, yəni 52 yaşı olan gündən təyin edilmiş xx.xx.2024-cü il tarixindən məbləği azaldılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əvvəlki məbləğinin bərpa edilərək, azaldıldığı tarixdən ödənilməmiş məbləğlərin əmək pensiyasına bərpa edilərək, ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı iddiası təmin edilərək, onun barəsində qəbul edilmiş 15 aprel 2024-cü il tarixli 3-17-1/3-3-5311/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. İddiaçının tələbi qanuna müvafiq olmadığı üçün təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1 -ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li Siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin, “b” bəndinə uyğun olaraq isə 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını sözügedən Qərarla təsdiq olunmuş 2 №-li Siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıya xx.xx.2006-cı il tarixindən (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixdən tez olmayaraq) Fondun Yasamal rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahı”sında ümumi peşələr bölməsində (12100000-XXİİİ) rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz kəsiciləri (12100000—11618) vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Fondun Yasamal rayon şöbəsinə təqdim etdiyi Zaqfederasiya adına Gəmi Təmiri Zavodunun ona dair arayışında xx.xx.1977-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə Gövdə-qaynaq sahəsində gəmi-gövdə təmirçisi peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi gəmi-gövdə təmirçisi peşəsi yuxarıda qeyd olunan Siyahı üzrə müəyyən edilmiş rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz kəsiciləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən iddiaçının 1 yanvar 2006-cı il tarixinədək 1 №-li Siyahı üzrə güzəştli iş stajı yoxdur. Əlavə olaraq, iddiaçının işlədiyi vəzifə sözügedən Qərarla təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda nəzərdə tutulmuşdur. Bu səbəbdən də onun 52 yaşının tamamlandığı tarixdən deyil, 57 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixindən qanunvericiliyə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göstərilən uyğunsuzluğa baxmayaraq, ona 1 yanvar 2006-cı il tarixindən qanunazidd olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin olunmuşdur. Cavabdeh artıq ödəmənin qanunsuz hesab edilməsi və tutulmuş pensiya məbləğinin iddiaçıya geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə çəkişmələri nəticəsində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 13 iyul 2023-cü il tarixli qərarı ilə iddiaçının pensiya məbləğinin azaldılarkən inzibati icraatın düzgün aparılması əsas göstərilərək təmin edilmişdir. Qeyd olunan məhkəmə qərarında ifadə olunan mövqe nəzərə alınaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada vaxtilə təyin edilmiş dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı inzibati icraata başlanılmışdır. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, cavabdehin pensiya hüququna yenidən baxılmasına əsas olan müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün cavabdeh 2 aprel 2024-cü ilədək X5 Mərkəzinə dəvət edilmişdir. Göründüyü kimi, inzibati icraat “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə tam əməl olunmaqla aparılmışdır. Lakin Bakı İnzibati Məhkəməsi qeyd edilənləri nəzərə almadan əsassız olaraq iddianı təmin etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək təcili əməliyyata getməli olduğunu, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılaraq qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1953-cü ildə doğulmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 29 aprel 2024-cü il tarixli məktubda qeyd edilir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li Siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin, “b” bəndinə uyğun olaraq isə 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını sözügedən Qərarla təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Sizə xx.xx.2006-cı il tarixindən (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixdən tez olmayaraq) Fondun Yasamai rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahı”sında ümumi peşələr bölməsində (12100000- XXİİİ) rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz kəsiciləri (12100000—11618) vəzifəsi nəzərdə tutulmuşdur. X6 rayon şöbəsinə təqdim etdiyiniz Zaqfederasiya adına Gəmi Təmiri Zavodunun Sizə dair arayışında xx.xx.1977-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə Gövdə-qaynaq sahəsində gəmi-gövdə təmirçisi peşəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz gəmi-gövdə təmirçisi peşəsi qeyd olunan Siyahı üzrə müəyyən edilmiş rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz kəsiciləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən də 1 yanvar 2006-cı il tarixinədək 1 №-li siyahı üzrə güzəştli iş stajınız yoxdur. İşlədiyiniz peşə sözügedən Qərarla təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı”nda nəzərdə tutulmuşdur. Göründüyü kimi, Sizin 52 yaşınızın tamamlandığı tarixdən deyil, 57 yaşınızın tamamlandığı xx.xx.2010-cu il tarixindən qanunvericiliyə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnuz vardır. Göstərilən uyğunsuzluğa baxmayaraq, Sizə 1 yanvar 2006-cı il tarixindən qanunazidd olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin olunmuşdur. Göstərilən səbəbdən də, 2023-cü ilin fevral ayında Mərkəzi Filial tərəfindən əmək pensiyanız qanunvericiliyin tələblərinə uyğunlaşdırılaraq 57 yaşınızın tamamlandığı xx.xx.2010-cu il tarixindən hesablanaraq 1421,22 manat məbləğində müəyyən edilib, eyni zamanda Sizə artıq ödənilmiş pul vəsaiti hesablanıb. Həmin artıq ödənilmiş pul vəsaiti haqqında Sizə 11 aprel 2023-cü il tarixli məktubla ətraflı məlumat verilərək, büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyanızdan xx.xx.2023-cü il tarixinədək ümumilikdə 994,84 manat tutulub. Əmək pensiyanızın yenidən hesablanaraq artırılması və tutulmuş fərq məbləğinin geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırmısınız. Məhkəmə çəkişmələri nəticəsində Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 sentyabr 2023-cü il tarixli nömrəli qərarı ilə iddianız pensiya məbləğinin azaldılarkən inzibati icraatın düzgün aparılmaması əsas göstərilərək təmin edilib. Bununla əlaqədar, cari ilin mart ayında pensiyanız yenidən hesablanaraq 3429,79 manat məbləğində müəyyən edilib. Eyni zamanda, əmək pensiyanızdan tutulmuş 994,84 manat pul vəsaiti xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində hissə-hissə əmək pensiyanızın üzərinə əlavə olunmaqla müvafiq kart hesabınıza köçürülüb. Daha sonra “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, Sizin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnuza yenidən baxılması üzrə inzibati icraata başlanılıb. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı mülahizələrinizin dinlənilməsi üçün Sizə qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə xx.xx.2024-cü il tarixli məktub göndərilmiş və 2 aprel 2024-cü il tarixinədək Mərkəzi Filiala gəlməyiniz xahiş edilmişdir. Lakin mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala gəlməmisiniz. Bu səbəbdən də, Sizin pensiyanızın yenidən hesablanmasına dair qəbul olunmuş qərar ləğv olunub və güzəştli şərtlərlə yaşa görə əmək pensiyanızın məbləği cari aydan qanunvericiliyin tələblərinə uyğunlaşdırılaraq 1580,40 manat məbləğində müəyyən edilib. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, son üç il üzrə Sizə 51520,08 manat (müvafiq məhkəmə qərarına əsasən Sizə geri qaytarılmış 994,84 manat pul vəsaiti daxil olmaqla) artıq pul vəsaiti ödənilib. Həmin artıq ödənilmiş 51520,08 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. İş materiallarında olan "xxxx" QSC “Zığ” Gəmi təmiri və tikintisi zavodunun xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı- xx.xx.1953-cü il təvəllüdlü "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunun Gövdə-qaynaq bölməsinin Gövdə sahəsində 6-cı dərəcəli gəmi gövdə təmirçisi peşəsində işləmişdir. xx.xx.1975-ci il “Zaqfederasiya” adına Gəmi Təmiri Zavodunun Gövdə sexində 2-ci dərəcəli gəmi gövdə təmirçisi peşəsinə qəbul edilsin (Əmr 212, xx.xx.1975-ci il), xx.xx.1977-ci il Həmin zavodun Gövdə sexində 3-cü dərəcəli gəmi gövdə təmirçisi ixtisas dərəcəsi verilsin (Əmr 34, xx.xx.1977-ci il), xx.xx.1978-ci il Həmin Sexdə 4-cü dərəcəli gəmi gövdə təmirçisi ixtisas dərəcəsi verilsin (Əmr 76, xx.xx.1978-ci il). xx.xx.1982-ci il həmin sexdə 5-ci dərəcəli gəmi gövdə təmirçisi ixtisas dərəcəsi verilsin (Əmr 59, xx.xx.1982-ci il), xx.xx.1992-ci il həmin sexdə 6-cı dərəcəli gəmi gövdə təmirçisi ixtisas dərəcəsi verilsin (Əmr 33, xx.xx.1992). xx.xx.2012-ci il Müvəqqəti olaraq “Zaqfederasiya” adına GTZ-nun direktor müavini vəzifəsini icra edən təyin edilsin (Əmr K/292, xx.xx.2012ci il). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 18 nömrəli Qərarı ilə “Zığ” Gəmi Təmiri zavodu adlandırılıb. xx.xx.2014-cü il “Zığ” Gəmi Təmiri zavodunun Gövdə-qaynaq sexində 11-ci dərəcəli usta vəzifəsinə keçirilsin (Əmr 79, xx.xx.2014-cü il), xx.xx.2016-cı il Gövdə-qaynaq bölməsində 6-cı dərəcəli gəmi gövdə təmirçisi peşəsinə keçirilsin (Əmr 1/k, xx.xx.2016-cı il). xx.xx.2017-cü il "xxxx" QSC-nin “Zığ” Gəmi Təmiri zavodunun adı dəyişdirilərək "xxxx" QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi zavodu adlandırılsın ("xxxx" QSC-nin 151 saylı xx.xx.2017-ci il tarixli əmr). xx.xx.2020-ci il Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (yaşa görə təqaüdə çıxması ilə əlaqədar) əmək müqaviləsinə xitam verilmişdir (Əmr 129/k, xx.xx.2020-ci il). İddiaçı xx.xx.1975-xx.xx.2012 və xx.xx.2016xx.xx.2020-ci illər ərzində gəmi gövdə təmirçisi kimi gəmi bölmələrinin daxilində qazla kəsmə işləri ilə də məşğul olmuşdur. Göstərilən peşə Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 11.6 “a” əsasən təmirçi gəmi gövdəçiləri, həmin Qərarın 35-ci bəndinə əsasən rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz kəsiciləri, həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 №-li siyahı, bölmə XİV, 2150300a-18908 №-li təmirçi gəmi gövdəçiləri, həmin qərarın 1 N-li siyahı, bölmə XXİİİ, şifrə 12100000- 11618 rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz kəsiciləri kimi güzəştli pensiya almaq hüququna malikdir. İş materiallarında olan "xxxx" QSC “Zığ” Gəmi təmiri və tikintisi zavodunun xx.xx.2024-cü il tarixli arayışından görünür ki, “Zığ” Gəmi Təmiri yə Tikintisi zavodunun keçmiş işçisi İddiaçı xx.xx.1975-xx.xx.2012 və xx.xx.2016-xx.xx.2020-ci illər ərzində müəssisədə gəmi gövdə təmirçisi kimi peşə təlimatına uyğun olaraq gəminin gövdə hissəsində, gəmi bölmələri daxilində təmir-qazla kəsmə işlərini icra etmiş və aşağıda qeyd olunan işləri yerinə yetirmişdir: “Dokda xüsusi mürəkkəblikli, böyük ölçülü həcmli seksiyaların, mürəkkəb haşiyəli gəmi ətraflarının sökülməsi, təmiri, yığılması, nişanlanması, yoxlanması, konturlanması, qurulması, çəkilib bağlanması. Gəmi ətraflarındakı xüsusi mürəkkəblikli konstruktiv əyriliyi olan xarici üz tikişi təbəqələrinin (gəminin arxa hissəsindəki sükan üstü çıxıntının, deydvudun, mortirin və pər vallarının vıkrujkalarının, gəmi ətraflarındakı gil qutularının, yanalma və pər qurğuları təbəqələrinin) dəyişdirilməsi. Gəminin gövdə hissəsinin örtük təbəqələrinin, ətraflarındakı falşbort təbəqələrinin, göyərtə döşənəyəcinin, ikinci dibin, şaxtaların, tamburların döşənəyəcinin, gəminin qapalı sahələrində, tarazlıq anbarlarında, yanacaq çənlərində, kanalizasiya tullantı çənlənndə aşkar edilən nasaz yerlərin qazla kəsən avadanlıqla (oksigen propan qazı ilə işləyən kəsici (“rezak”) alət) kəsilməsini və yenisi ilə dəyişdirilməsi. Müəyyən edilmiş qüsurların aradan qaldırılması ilə gövdə konstruksiyalarının 1.0 Mpa-dan (10 kqq/sm-dən) yuxarı təzyiqlə hidravlik sınaqları. Gəmidə xüsusi mürəkkəblikli və mühüm gəmi avadanlığı, yığılması və qurulması. Xüsusi mürəkkəblikli karkasların, qurğuların hazırlanması. Müxtəlif poladlardan, əlvan metal və ərintillərdən xüsusən mürəkkəb hissələrin nişanlar üzrə əl ilə oksigenlə və propanla işləyən kəsici alətlə kəsilməsi. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının «Əmək pensiyasının yenidən hesablanması haqqında» xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-5311/2024 saylı qərarından görünür ki, hazırki pensiya məbləği 3429,79 manatdır, lakin xx.xx.2023-cü ildən 1421,22 manat, xx.xx.2024-cü ildən isə 1580,40 manat təşkil edir. Yenidən hesablanmış pensiya məbləği 1580,40 manatdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2017-ci ilədək olan redaksiyası). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (xx.xx.2022-ci ilədək olan redaksiyası). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı xx.xx.1953-cü ildə doğulmuşdur. Ona xx.xx.2006-cı il tarixdən (52 yaşından, 1 №-li siyahıya əsasən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin cavabdehin «Əmək pensiyasının yenidən hesablanması haqqında» xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-5311/2024 saylı qərarı ilə iddiaçının pensiya məbləği yenidən hesablanmış və azaldılaraq pensiya məbləği 1580,40 manat müəyyən edilmişdir. Cavabdehin mövqeyi ondan ibarətdir ki, «İddiaçının Fondun Yasamal rayon şöbəsinə təqdim etdiyi Zaqfederasiya adına Gəmi Təmiri Zavodunun ona dair arayışında xx.xx.1977-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə Gövdə-qaynaq sahəsində gəmi-gövdə təmirçisi peşəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi gəmi-gövdə təmirçisi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahı”sında nəzərdə tutulmuş rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz kəsiciləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən iddiaçının 1 yanvar 2006-cı il tarixinədək 1 №-li Siyahı üzrə güzəştli iş stajı yoxdur. İddiaçının işlədiyi vəzifə sözügedən Qərarla təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda nəzərdə tutulmuşdur. Bu səbəbdən də onun 52 yaşının tamamlandığı tarixdən deyil, 57 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixindən qanunvericiliyə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göstərilən uyğunsuzluğa baxmayaraq, ona 1 yanvar 2006-cı il tarixindən qanunazidd olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin olunmuşdur». Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, qanunvericilikdə inzibati icraatın başlanılması üçün əsaslar, onun aparılması və yekunlaşdırılması qaydası ətraflı nəzərdə tutulmuşdur. Lakin hazırkı mübahisə üzrə cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun icraat aparılması müəyyən edilməmişdir. Mövcud qanunvericliyin qeyd olunan normaları istər inzibati aktın qəbulu, dəyişdirilməsi, istərsə də ləğvi üzrə aparılan inzibati icraat barədə inzibati orqan tərəfindən maraqlı şəxsə məlumat verilməsini, habelə işin müəyyən edilmiş faktiki halları və bununla əlaqədar müvafiq tədbirlər haqqında maraqlı şəxsin mülahizələrinin dinlənilməsini tələb etsə də, hazırkı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya əmək pensiyasının yenidən hesablanması ilə bağlı aparılan inzibati icraatda bu tələblərə riayət edilməmiş və bununla da «İnzibati icraat haqqında» Qanunun yuxarıda qeyd olunan müddəalarının tələbləri pozulmuşdur. Nəzərə alınmalıdır ki, qanunun tələbinə görə maraqlı şəxsin inzibati icraat barədə məlumatlandırılması və onun mülahizələrinin dinlənilməsi bu halda mütləq xarakter daşıyır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçı maraqlı şəxs kimi başlanılmış inzibati icraata cəlb edilməli, həmin icraatı iddiaçının dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməli idi. Lakin cavabdeh tərəfindən bu tələblərə əməl edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh inzibati orqan iddiaçıya pensiya təyin edilməsi ilə əlaqədar pensiya haqqında qanunvericilik normalarını, eləcə də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməli idi. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından, inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Təyin olunmuş pensiyanın ləğvini şərtləndirən normada nəzərdə tutulmuş hər hansı əsas aşkar edildikdə, cavabdeh inzibati orqan əvvəlki qərarın qəbulu üzrə inzibati icraatı təzələməli, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı və icraat nəticəsində aşkar olunmuş əsasın təsdiq edildiyi təqdirdə bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Lakin iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsinə əsas olan inzibati akt inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş, bununla bağlı, eləcə də pensiyanın yenidən hesablanması ilə bağlı olaraq cavabdeh orqan tərəfindən qanunvericiliyin tələblərinə uyğun inzibati icraat aparılmamış, iddiaçı inzibati icraata maraqlı şəxs kimi cəlb edilməmiş, onun dinlənilmə hüququ təmin edilməmiş, habelə cavabdeh tərəfindən bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir və hazırda mübahisələndirilən qərar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh iddiaçının Zaqfederasiya adına Gəmi Təmiri Zavodunda Gövdə-qaynaq sahəsində işlədiyi gəmi-gövdə təmirçisi peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahında nəzərdə tutulmuş rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz kəsiciləri vəzifəsinə uyğun olmadığını, bu səbəbdən də iddiaçının xx.xx.2006-cı ilədək həmin siyahı üzrə güzəştli iş stajının olmamasını əsas gətirir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahı”sında ümumi peşələr bölməsində (12100000-XXİİİ) Rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz kəsiciləri (12100000—11618) vəzifəsi nəzərdə tutulmuşdur və işəgötürən tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli arayışlardan (iddiaçının həm tutduğu sahə və vəzifənin adı, həm də yerinə yetirdiyi funksiyaya dair) görünür ki, iddiaçının xx.xx.1975-ci ildən xx.xx.2012-ci ilədək Zaqfederasiya adına Gəmi Təmiri Zavodunda işlədiyi gəmi-gövdə təmirçisi peşəsi həmin vəzifəyə uyğundur. Göründüyü kimi, iş yerinin arayışında da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Qeyd olunanlara əsasən iddiaçının işlədiyi həmin dövrlər onun həmin siyahı üzrə güzəştli iş stajına hesablanmalıdır. Beləliklə, iddiaçıya 52 yaşının tamam olduğu tarixdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini və hesablanması həmin tarixdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İddiaçının ümumi iş stajı cavabdeh tərəfindən mübahisələndirilməsə də, iddiaçı qeyd olunan tarixdə qanunvericiliklə tələb olunan 20 ildən artıq ümumi iş stajına, o cümlədən 10 ildən artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına malik olmuşdur. Sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən iddiaçı üçün əlverişli olan hallar araşdırılmamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin mübahisələndirilən qərarının nömrəsinin «3-17-1/3-3-5311/2024» olmasına baxmayaraq, birinci instansiya məhkəməsinin qərarının «qərara aldı» hissəsində cavabdeh tərəfindən qəbul edilmiş qərarın nömrəsi «3-17-1/13-3-5311/2024» göstərilmişdir. Bu, texniki yanlışlıq kimi qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı cavabdeh tərəfindən qəbul edilmiş qərarın nömrəsi «3-17-1/3-3-5311/2024» göstərilməklə, dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9058/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli qərarı, cavabdeh tərəfindən qəbul edilmiş qərarın nömrəsi «3-17-1/3-3-5311/2024» göstərilməklə, dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar