Məhkəmə qərarları › İş №2-1(103)-3843/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3843/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3843/2023 02.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Cavabdehnə qarşı “doğum akt qeydinin bərpa edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10737/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1952-ci il tarixdə Ermənistan Respublikasında doğulmağına dair akt qeydinin bərpa edilməsini, uşaq qrafasında X6, ata qrafasında X7, ana qrafasında isə X5 göstərilməsini Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12293/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddiaçının Cavabdehnə qarşı doğum aktı və nikah aktı qeydlərinə düzəliş edilməsi tələbinə dair iddia mümkün sayılmamışdır. Bundan sonra Xətai rayon Məhkəməsinin 2(011)- 1402/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən isə xüsusi icraat qaydasında doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməmişdir. X1 və anası X5 ailə qurmuşlar. İddiaçı onların ailə ittifaqından xx.xx.1952-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuşdur. X1 xx.xx.1982-ci ildə Ermənistan Respublikasında, anası X5 isə xx.xx.1995-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Hazırda doğum haqqında şəhadətnaməni və ya arxiv sənədləri əldə edə bilmir. Buna əsasən doğum haqqında şəhadətnamənin əldə edilməsi üçün Bakı şəhəri Cavabdehnə müraciət etsə də, həmin orqan məktub ilə doğum haqqında şəhadətnamənin bərpasının qeyri-mümkün olduğunu bildirərək məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, onun xx.xx.1952-ci il tarixdə Ermənistan Respublikasında doğumumun bərpa edilməsi Cavabdeh üzərinə qoyulmalıdır. Cavabdeh orqanın iddiaya yazılı etirazında iddianın təmin edilməsini mümkünsüz hesab edərək bunu onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Həmin Məcəllənin 161-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən həyata keçirilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10737/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddiasına baxılıb təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...O, xx.xx.1952-ci ildə Ermənistan Respublikasının Masis rayonunda doğulmuş və doğumu həmin tarixdə akt qeydləri kitabında 24 nömrə ilə qeydə alınmışdır. Doğum haqqında şəhadətnamədə X1, anası isə X5 olmalarına baxmayaraq soyadı Cabbarova kimi göstərilmişdir. Hal-hazırda şəxsiyyət vəsiqəsində adı "Naidə”, doğum haqqında şəhadətnamədə isə adı "Nahidə” kimi göstərilmişdir. xx.xx.1991-ci ildə X3 ilə nikaha daxil olmuş, ərinin soyadını - "Məmmədova” soyadını götürmüşdür. Sonradan onunla nikahı pozulmuş, nikahı pozulan zaman o, ərinin soyadında qalmış və yenidən nikaha daxil olan zaman isə artıq nikah haqqında şəhadətnamədə İddiaçı göstərilmişdir. Qeyd edilən uyğunsuzluqlar daim hər hansı bir sənədləşmə işləri aparılan zaman problem yaratmışdır. Həmin problemin həllini məhkəmə müdafiəsindən istifadə etməkdə görmüşdır. Ahıl 72 yaşında əvvəlcə Xətai rayon məhkəməsinə müraciət etmiş, xx.xx.1952-ci il tarixdə Ermənistan Respublikasında doğulmasına dair akt qeydinin bərpa edilməsini, uşaq qrafasında X6, ata qrafasında X7, ana qrafasında isə X5 göstərilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsini xahiş etmişdir. Lakin Xətai Rayon Məhkəməsi 2(011)- 1402/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiasını rədd etmiş, qətnaməsini onunla əsaslandırmışdır ki, onun doğum haqqında şəhadətnaməsi mövcuddur və həmin doğum haqqında şəhadətnamənin əsli ondadır. Yəni, doğum haqqında şəhadətnamədə əks olunan doğum qeydinin məhkəmə tərəfindən hüquqi əhəmiyyət kəsb edən fakt kimi yenidən müəyyən edilməsi istisna edilir və ərizəsinə xüsusi icraat qaydasında baxıla bilməz. Odur ki, məsələnin həll edilməsi üçün xx.xx.1952-ci il tarixdə Ermənistan Respublikasında doğulmasına dair akt qeydinin bərpa edilməsini, uşaq qrafasında X6, ata qrafasında X7, ana qrafasında isə X5 göstərilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə Bakı İnzibati Məhkəməsində iddia qaldırmış, Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-10737/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsi isə iddianın mümkün sayılmamasını onunla əsaslandırır ki, iddiaçının doğumunun qeydə alınmasına dair akt qeydi aşkar olunmamış, onun təqdim etdiyi sənədlərdə ziddiyyət vardır. Belə ki, onun şəxsiyyət vəsiqəsində, eləcə də nikah haqqında şəhadətnaməsində adı İddiaçı göstərilmiş, iddiasında isə X2 akt qeydinin bərpasını tələb edir. Odur ki, məhkəmə hesab etmişdir ki, akt qeydinin bərpası üçün məhkəmə qaydasında doğumun qeyd edilmə faktı müəyyən edilməlidir, bu faktın müəyyən edilməsi isə inzibati deyil, mülki mühakimə icraatı qaydasında həyata keçirilir. Beləliklə, mülki qaydada işə baxan məhkəmə - Xətai rayon məhkəməsi onun doğum haqqında şəhadətnaməsinin mövcud olması, həmin doğum haqqında şəhadətnamənin əslinin onda olması, yəni doğum haqqında şəhadətnamədə əks olunan doğum qeydinin məhkəmə tərəfindən hüquqi əhəmiyyət kəsb edən fakt kimi yenidən müəyyən edilməsinin istisna edilməsi və ərizəsinə xüsusi icraat qaydasında baxılmasının mümkün olmaması əsası ilə iddianı rədd etmişdir. Yəni Xətai rayon məhkəməsinin mövqeyinə görə bu mübahisə inzibati mübahisədir. Bakı İnzibati Məhkəməsi isə iddiasını o əsasla mümkün saymamışdır ki, onun mübahisəsi mülki mübahisədir, odur ki, inzibati icraat qaydasında baxıla bilməz. Onun valideynlərinin soyadları Orucov olduğu halda onun soyadının Cabbarova göstərilməsi yanlış və qanunsuzdur. Habelə təbii ki, onun Ermənistanda doğulduğu üçün doğum haqqında akt qeydi Azərbaycanda mövcud deyildir. Lakin hamıya məlumdur ki, doğum haqqında akt qeydində hər hansı bir düzəlişin edilməsi üçün Ermənistandakı dövlət orqanlarına müraciət edə bilmir və həmin yanlışlığın aradan qaldırılması hazırda Azərbaycan Respublikasının dövlət orqanlarının vəzifəsidir. Odur ki, hesab edir ki, onun müraciətinə məhz, inzibati qaydada Bakı İnzibati Məhkəməsində baxılmalı və iddiası təmin edilməlidir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə bildiriş verilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, inzibati məhkəməyə verilən iddia – subyektiv hüququ olan şəxs tərəfindən və inzibati icraat qaydalarına uyğun iddia növünə müvafiq olan və prosessual qanunvericiliyin tələbləri (iddia müddətinə, formasına və s. riayət olunmaqla) qaydasında, cavabdehliyi qanunvericiliklə müəyyən olunan inzibati orqana qarşı qaldırıldıqda və iddiaçının hüquq və azadlıqlarının pozulması (müvafiq sübutlar da əlavə edilməklə) formal olaraq əsaslandırıldığı halda, məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 160.1-ci maddəsinin tələbinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 162.1-ci maddəsinin tələbinə görə vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Konkret halda, iddiaçının tələbindən göründüyü kimi, xx.xx.1952-ci il tarixdə Ermənistan Respublikasında doğulmasına dair akt qeydinin bərpa edilməsini və uşaq qrafasında X6, ata qrafasında X7, ana qrafasında isə X5 göstərilməsinin cavabdehə həvalə edilməsini məhkəmədən tələb etmişdir. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikasında mövcud olmayan, xarici ölkədə qeydə alınan, həm də iki ölkə arasındakı mövcud durumda, faktiki olaraq itirilmiş və bərpası mümkün olmayan doğum haqqında akt qeydinin bərpasını tələb etmişdir. Cavabdehin iddaçının müvafiq müraciətinə ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubunda da məhz, Ailə Məcəlləsinin 161-ci maddəsinə istinadən ərizəçiyə bildirilmişdir ki, itmiş qeydlərin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyətii akının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Eyni zamanda, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarınıda göstərmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Qeyd edilənlərdən göründüyü kimi, iddiaçı tərəfindən inzibati icraat qaydasında qaldırılan məsələnin ailə və mülki prosessual qanunvericiliklə müəyyən edilən başqa həlli qaydası nəzərdə tutulmuşdur. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AR Ali Məhkəməsi Plenumu 12.04.20-19-cu il tarixli 3 nömrəli Qrarının 1.2-ci bəndində də 4-cü bəndində də məhz, AR MPM-in 307.2.3cü maddəsində nəzərədə tutulan faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamış və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin İPM 2.1-ci maddəsi isə nəzərdə tutur ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Göründüyü kimi, hazırkı iddianın inzibati məhkəmə icraatının mümkün sayılmasını zəruri edən faktiki şərtlər mövcud deyildir. Belə olan halda iddianın İPM-in 35.1-ci maddəsinin qeyd olunan tələbləri baxımından, iddiaçının hazırkı iddia tələbinin əsaslandırılmış iddia kimi qiymətləndirilməsi istisna olunur. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələbindən isə görünür ki, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edilir. Birinci instansiya məhkəməsi tərəfindən də məhz, yuxarıda qeyd olunan əsaslardan çıxış edən məhkəmə, əsaslı olaraq iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunmuşdur. Ona görə də məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin, həmin qərardadın əsassızlığını və işə inzibati icraat qaydasında baxılmalı olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır. Xətai rayon Məhkəməsinin qətnaməsinə istinad olunan dəlillərinə gəldikdə, onun tərəfindən həmin qətnamənin əsalılığı apellyasiya qaydasında mübahisələndirilməmişdir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10737/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrini tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10737/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar