Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3848/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat X3 qarşı “hesablanmış pensiya məbləğinin ödənilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1471/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat X3 qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona təyin edilmiş və hesablanmış, lakin ödənilməmiş 32.407,52 (otuz iki min dörd yüz yeddi manat, əlli iki qəpik) manat pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.34.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...25 noyabr 2019-cu il tarixli müraciəti və məlumat vərəqəsi əsasında Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun hərbi qulluqçular və xüsusi şərtlərlə iş bölməsi tərəfindən 22 yanvar 2019-cu il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya məbləği hesablanaraq adına olan müvafiq karta köçürülmüşdür. Lakin sonradan pensiya kartı bloklanmış və pensiya məbləğini kartdan çıxara bilməmiş, səbəbini soruşduqda bildirilmişdir ki, pensiyanın təmin ediliməsi və pensiya məbləğinin hesablanması yeni məlumat vərəqəsinə əsasən həyata keçiriləcək, lakin, 32.407,52 (otuz iki min dörd yüz yeddi manat, əlli iki qəpik) ödənilməmişdir. Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun hərbi qulluqçular və xüsusi şərtlərlə iş bölməsi tərəfindən ona 22 yanvar 2019-cu il tarixdən pensiyanın təyin edilməsi, hesablanması, lakin iddiaçının 32.407,52 (otuz iki min dörd yüz yeddi manat, əlli iki qəpik) manatı almaması təsdiq edilir. Yaşayış yerini Bakı şəhərinə dəyişməsilə əlaqədar pensiya işi, o cümlədən, pensiya ödənişinin dürüstləşmiş formada həyata keçirilməsi məqsədi ilə aylar üzrə pensiyanın haqq-hesab cədvəli Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun hərbi qulluqçular və xüsusi şərtlərlə iş bölməsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X3 göndərilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun hərbi qulluqçular və xüsusi şərtlərlə iş şöbəsi tərəfindən onun ehtiyata buraxıldığı tarixdən 30 sentyabr 2020-ci il tarixədək (pensiya işinin Xüsusi Şərtlərlə Təyinat X4 köçürüldüyü tarix) olan dövr ərzində aylar üzrə ödənilib və ödəniliməli olan pensiya məbləği barədə haqq-hesab cədvəlində ona ödənilməyən məbləğ 32.407,52 manat göstərilmişdir. İddiaçı Mərkəzi Filiala müraciət edərək, ödənilməyən 32.407.52 manat pensiya məbləğinin ödənilməsini xahiş etsə də, sonuncu tərəfindən ona ünvanlanmış 22 fevral 2023-cü il tarixli məktubu ilə müraciətinə imtina cavabı verilmişdir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/2-S132718/2023 nömrəli məktubuna əsasən pensiya məbləğinin yenidən hesablanması haqqında məlumat verilmişdir. Bundan narazı qalan iddiaçı məhkəməyə müraciət etmişdir. Bildirilir ki, Mərkəzi Filialda mövcud olan məlumatlara əsasən iddiaçı 25 noyabr 2019-cu il tarixdə Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş bölməsinə yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət etmişdir. Bununla əlaqədar olaraq, sözügedən iş bölməsi tərəfindən İddiaçı 22 yanvar 2019-cu il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə ödənilmişdir. Pensiya işinə dair sənədlərin köçürülməsi ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya 1 oktyabr 2020-ci il tarixdən “Əmək pensiyaları haqqında" Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq təminat xərcliyinin 100 faizi miqdarında hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Naxçıvan MR Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti tərəfindən təqdim olunmuş 11 noyabr 2022-ci il tarixli 18 nömrəli yeni məlumat vərəqinə əsasən əmək pensiyasının təminat xərcliyinin (3580,00 manat) 100 faizi-3580,00 manat məbləğində müəyyən edilmiş və Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsi tərəfindən təqdim edilmiş müvafiq “haqq-hesab cədvəli” nəzərə alınmaqla keçmiş üç il müddət üçün iddiaçıya ödənilməli olan 27026,60 manat pul vəsaiti hesablanmışdır İddiaçının əmək pensiyası üzrə keçmiş üç il müddət üçün hesablanmış 27026,60 manat fərq məbləği cari ilin fevral ayından etibarən “Əmək pensiyaları haqqında" Qanunun 32.1 - 1 -ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (hər ay 444,48 manat) pensiyanın üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Eyni zamanda, "Əmək pensiyaları haqqında" Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyasının həmin tarixdən 3938,00 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 4516,89 manata artırılaraq ödənilir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1471/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı hesablanmış, lakin ödənilməmiş 32.407,52 (otuz iki min dörd yüz yeddi manat, əlli iki qəpik) manat pensiya məbləğinin ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X3 həvalə edilmidir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti iddia ərizəsinə etirazda göstərilənlərə uyğun əsaslandırılmış, eyni zamanda, qeyd olunmuşdur ki, - «…Qərar qanunazidd və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Buna görə də məhkəmənin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımdan rədd olunmalıdır...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda və apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı isə onunla razılaşmayaraq, izahatında bildirmişdir ki, hazırda əvvəlki 3 il üçün ona ödənilən pensiya məbəlğini mübahisələndirmir. Mübahisələndirir ki, 41737 manat pul ona ödənilməmişdi, bu məbləğdən də Naxçıvana dəvət edib dedilər ki, 9330 manatı artıq hesablanıb, o da həmin məbləği ödədi, yerdə qalan və kartına köçürülən 32407 manat 2019-cu ildə ödənilməyən məbləğ isə bu günə kimi ona verilməyib. Odur ki, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını xahiş edir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdehin iddia ərizəsinə etirazında ifadə olunan mövqeyi ilə razılaşmayan birinci instansiya məhkəməsi iddianı təmin edərkən aşağıdakıları qeyd etmişdir: “...Hazırda iddiaçı tərəfindən əvvəlki 3 il üçün ödənilməli olan pensiya məbləği mübahisələndirilmir. Belə ki, ƏPQ-nin 32.1-1-ci maddəsinin məzmunu pensiya hüququ yaranan lakin bu hüququ hər hansı bir səbəbdən realizə edə bilməyən şəxsə münasibətdə şamil edilir. Halbuki, hazırkı mübahisənin mahiyyətindən görünür ki, iddiaçı pensiya hüququnun yarandığı tarixdən, yəni 2019-cu ilin 25 noyabr tarixində müraciətini etmiş və onun müraciəti təmin edilərək 29 noyabr 2019-cu il tarixli qərarla 22 yanvar 2019-cu il tarixdən hesablanmaqla ona pensiya təyin edilmişdir. İddiaçının tələb etdiyi məbləğ Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş əmək pensiyası təminatı üçün hərbi qulluqçu (general mayor) haqqında 07 noyabr 2019-cu il tarixli məlumat vərəqinə əsasən pensiya orqanı tərəfindən ona hüququ yarandığı 22 yanvar 2019-cu il tarixdən təyin olunan, lakin 8 ay ərzində ödənilməyən (2019-cu ilin yanvar ayı üçün 954 manat 52 qəpik, 01 fevral 2019-cu ildən 31 avqust 2019-cu ilədək hər ay üçün 2959 manat, cəmi 7x2959=20713 manat, 01 sentyabr 2019-cu ildən 30 noyabr 2019-cu ilədək ay üçün 3580 manat, cəmi 3x3580=10740 manat) ümumilikdə 32.407,52 manat məbləğin ödənilməsi ilə bağlıdır. Cavabdeh tərəfindən həmin məbləğin düzgün hesablanmaması, yaxud tələb olunan məbləğin iddiaçıya ödənilməsi ilə bağlı hər hansı dəlil təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən 11 noyabr 2022-ci il tarixli məlumat vərəqəsinə istinad etməklə münasibətlər düzgün araşdırılmamış, qanunvericiliyin normaları düzgün tətbiq edilməmişdir...” Məhkəmə kollegiyası aşağıdakılara görə iddiaçının qeyd olunan mövqeyi ilə razılaşır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı)- hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər hesab edilir. Həmin Qanunun 20.14-cü maddəsinə əsasən bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla (01 yanvar 2024-cü il tarixədək olan redaksiya). İddiaçının pensiya işinə əlavə edilmiş sənədələrə əsasən aşağıdakı faktiki hallar müəyyən olunur: - Naxçıvan MR Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş əmək pensiyası təminatı üçün hərbi qulluqçu (general-mayor) haqqında 07 noyabr 2019-cu il tarixli məlumat vərəqindən görünür ki, Naxçıvan MR Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi işləmiş, 38 il 07 ay 19 gün təqvim üzrə xidmət ili, 06 il 06 ay 09 gün güzəştli xidmət illəri olmaqla, cəmi iş stajı və xidmət illəri 45 il 01 ay 25 gün, cəmi pul təminatı 2959,00 (iki min doqquz yüz əlli doqquz manat) təşkil etmişdir. xx.xx.2019-cu il tarixdə "Hərbi xidmət və hərbi vəzifə haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.2-ci maddəsinə uyğun olaraq hərbi rütbəsi general mayor rütbəsində tərxis olunmuşdur. - Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş bölməsinin əmək pensiyası təyin edən komissiyasının 29 noyabr 2019-cu il tarixli 2038 nömrəli Qərarından görünür ki, İddiaçı 22 yanvar 2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.5.1 və 20.14.1-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə müddətsiz 2959 manat məbləğində əmək pensiyası təyin edilmişdir. - Naxçıvan MR Dövlət Sosial Müdafiə X5 şəxsin Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsi üzrə pensiya ödənişinin dürüstləşdirilmiş formada həyata keçirtilməsi məqsədilə əmək pensiyaçısının aylar üzrə aldığı pensiyanın haqq-hesab cədvəlindən görünür ki, əmək pensiyaçısı İddiaçı 2019-cu ulin yanvar ayından həmin ilin noyabr ayınadək hesablanmış pensiya məbləği ödənilməmişdir. Cədvəldə ödənilməmiş məbləğin 32407,52 manat olduğu qeyd edilmişdir. -Naxçıvan MR Dövlət Sosial Müdafiə X5 şəxsin Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsinin müdiri tərəfindən cavabdeh DSMF-in Xüsusi Şərtlərlə Təyinat X3 ünvanlanmış məktubda qeyd olunur ki, “...Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş İddiaçı (FİN: xxxxxxx) adına tərtib edilən 11 noyabr 2022-ci il tarixli 18 nömrəli məlumat vərəqi onun pensiyasında yenidən hesablama aparılması üçün Sizə göndərilir. Məlumat üçün "Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsi tərəfindən İddiaçı ehtiyata buraxıldığı tarixdən 30 sentyabr 2020-ci il tarixədək (pensiya işinin Xüsusi Şərtlərlə Təyinat X4 köçürüldüyü tarix) olan dövr ərzində yuxarıda qeyd olunan məlumat vərəqinə əsasən ona aylar üzrə ödənilib və ödənilməli olan pensiya məbləği barədə cədvəl məktuba əlavə olunmuşdur. Cədvəldə qeyd olunan cəmi ödənilməyən pul vəsaitinin ona ödənilməsinə göstəriş verilməsi Sizdən xahiş olunur.” Tədqiq olunan sübutlarla müəyyən edilən hallardan göründüyü kimi, birmənalı olaraq iddiaçıya ehtiyata buraxıldığı tarixdən 30 sentyabr 2020-ci il tarixədək (pensiya işinin Xüsusi Şərtlərlə Təyinat X4 köçürüldüyü tarix) olan dövr ərzində haqq-hesab cədvəlində ona ödənilməyən məbləğ 32.407,52 manat təşkil etmiş, həmin məbləğ hətta onun pensiya kartına kösçürülmüş, lakin bloklandıbından iddiaçı onu istifadə edə bilməmiş, cavabdeh orqan isə iddiaçı yaşayış yerini Bakıya dəyişdikdən sonra həmin məbləğı ödəməkdən boyun qaçıraraq, pensiya işinə dair sənədlərin Bakı şəhərinə köçürülməsi ilə əlaqədar ona 1 oktyabr 2020-ci il tarixdən “Əmək pensiyaları haqqında" Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq təminat xərcliyinin 100 faizi miqdarında hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə yeni pensiya təyinatı həyata keçirmiş, daha sonra, yeni məlumat vərəqi əldə edərək pensiyasını yenidən, son 3 ilə görə hesablayaraq dolayısı ilə onu çaşdırmağa yönələn hərəkətləri ilə bir növ iddiaçının hazırda 2019-cu ildə hesablanıb ona ödənilmədiyi mübahisələndirilən 32.407,52 manat məbləğində pensiya məbləğini açıq şəkildə ödəməkdən imtina etmişdir. “ Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci madəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə 7.1-ci bəndinə əsasən Əmək pensiyaları Fondun müvafiq banklarla bağladığı müqavilələr əsasında plastik kartlar vasitəsilə yalnız nağdsız qaydada ödənilir. Göründüyü kimi, iddiaçıya pensiya təyinedicisi tərəfindən 2019-cu ildə təyin edilmiş pensiyası ona hər ay ona plastik kartına köçürmə yolu ilə ödəməli olduğu halda, cavabdeh orqan qanunla üzərinə düşən bu öhdəliyini yerinə yetirməkdən imtina edir, bununla da qanunlvericiliklə üzərinə düşən öhdəliyini pozur. İPM-in 34.1-ci maddəsi isə nəzərdə tutur ki, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin təmin olunmasını işin sübutlarla müəyyən edilən hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Qeyd olunanlar baxımından, da məhz, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunazid və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1471/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1471/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3848/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3848/2024
07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver