Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-385/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “2001-ci ilin yanvar ayından 2014-cü ilin iyul ayına qədər ona aldığı pensiya həcminin fərqində olan məbləğin hesablanaraq ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, X6-Yusiflinin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “2001-ci ilin yanvar ayından 2014-cü ilin iyul ayına qədər ona aldığı pensiya həcminin fərqində olan məbləğin hesablanaraq ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5013/2021 saylı 24 avqust 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 26 yanvar 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1953-cü il təvəllüdlüdür. 003105 saylı 11.12.2000-ci il tarixli vəsiqədən görünür ki, Məhərəm Cahangirov hərbi qulluqçudur. 042226 saylı 07.01.2002-ci il tarixli vəsiqəyə əsasən İddiaçı 2A dərəcəli əlillidr. Eyni zamanda 784931 saylı arayışdan da onun İİ qrup əlil olması müəyyən olunur. M/V seriyalı 00207 saylı 29.11.1996-cı il tarixli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır. Pensiyaçının 011060 saylı uçot vərəqində olan Azərbaycan Respublikası Müdafiə Nazirinin 10 iyun 2014-cü il tarixli 0448 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 01 fevral 1992-ci il tarixli 052 nömrəli və 29 avqust 1992-ci il tarixli 01598 nömrəli şəxsi heyət üzrə əmrləri ilə Əməliyyat İdarəsinin Əməliyyat şöbəsinin rəis müavini təyin olunmuş polkovnik-leytenant İddiaçı xidməti zərurətlə əlaqədar olaraq 01 fevral 1992-ci il tarixdən Əməliyyat İdarəsinin Əməliyyat şöbəsinin rəisi vəzifəsinin icrasına buraxılmış hesab edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 16 iyul 1993-cü il tarixli 0308 nömrəli şəxsi heyət üzrə əmri (polkovnikleytenant İddiaçı “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Əməliyyat İdarəsinin şöbəsinin rəis müavini təyin olunması barədə) ləğv olunmuşdur. Səhhəti ilə əlaqədar olaraq xidməti mənafeyi naminə, polkovnik-leytenant İddiaçı Əməliyyat İdarəsinin Əməliyyat şöbəsinin rəisi vəzifəsindən azad edilərək 16 iyul 1993-cü il tarixdən Səhra Cəbhə İdarəsinin Əməliyyat Şöbəsinin rəis müavini təyin olunmuş hesab edilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin sədrinə ünvanlanmış 02.11.2020-ci il tarixli ərizədən görünür ki, iddiaçı 2014-cü ilin iyul ayından Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin Əməliyyat şöbə rəisinin vəzifəsinə hərbi qulluqçusu kimi pensiya alır və o, müraciət edərək, pensiyaya çıxdığı tarixdən 2014cü ilin ayına qədər ödənilməyən pensiya məbləğinin ona ödənilməsini xahiş etmişdir. Lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********2 saylı 28.01.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, ona 5 yanvar 2001-ci il tarixindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xidmət illərinə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən ona əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 1 sentyabr 2019-cu il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası 1840.60 manat müəyyən edilərək müvafiq kart hesabına köçürülür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq, ərizəsində göstərdiyi dövr Mərkəzi Filiala müraciət edilən tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş üç il müddətindən daha keçmiş dövrə aid olduğundan həmin dövr üzrə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “2001-ci ilin yanvar ayından 2014-cü ilin iyul ayına qədər ona aldığı pensiya həcminin fərqində olan məbləğin hesablanaraq ödənilməsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, istefada olan polkovnikdir. 1970-1991-ci illərdə SSRİ Silahlı Qüvvələrində (Gürcüstan, Çexiya, Ukrayna Respublikalarında), 1991- 2000-ci ilə qədər Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş və 2000-ci ildə xəstəliyinə görə ordu sıralarından təxris edilmişdir. Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi dövrdə Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsində Əməliyyat şöbəsinin rəisi (17 ay), X7 Əməliyyat şöbə rəisi - Cəbhə komandanının müavini (4 ay) və Əməliyyat istiqaməti üzrə Müdafiə nazirinin müavini (10 ay) vəzifələrində çalışmışdır. 1994-cü ildə ağır yaralandıqdan sonra uzun müddətli müalicəsi, səhhətinin bərpa prosesi və xəstəliyi ilə əlaqədar 1995-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında X1 Hərbi kafedrasının rəisi vəzifəsinə təyin olunmuş və Hərbi kafedralar bağlananda həmin vəzifədən xəstəliyi ilə əlaqədar pensiyaya çıxmışdır. Müdafiə nazirinin əmri düzgün tərtib edilmədiyinə görə onun pensiyası Kafedra rəisi vəzifəsinə müvafiq hesablanmış və 787 manat təşkil edirdi. 2014-cü ilə qədər müxtəlif instansiyalara müraciət etmiş, lakin məsələ öz müsbət həllini tapmamışdır. 2014-cü ildə DSMF tərəfindən pensiyası yenidən hesablanmışdır. 2014-cü ilin iyul ayından pensiyasını Müdafiə Nazirliyinin Əməliyyat Baş idarəsinin Əməliyyat şöbəsinin rəisi vəzifəsinə uyğun alır və məbləği 1289 manat olmuşdur. Fərqi 502 manat təşkil edir. 2014-cü ilə qədər aldığı pensiya ilə sonra düzgün hesablanan pensiya arasındakı 14 il müddətinə yığılan pul fərqini almaq üçün əvvəlki Hərbi Qulluqçular və xüsusi rütbəli şəxslərlə İş Departamentinin direktoru Ağalar Xasıyeva 2014-cü ilin iyul ayında yazılı müraciət etmişdir. Müraciətinə indiyə qədər cavab ala bilməmişdir. ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinin sədri Şahin Əliyev cənablarına 2020-ci ilin oktyabr ayında yazılı müraciət etmiş, ərizəsinə cavab ala bilməmişdir. Çoxsaylı müraciətlərindən sonra DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının direktor müavini Elvin Axundovdan cavab almışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müfafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia tələbi tam əsassızdır və təmin edilməməlidir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir.Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. İddiaçıya ilkin olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xətti ilə 06.10.2000-ci il tarixdən əmək pensiyası təyin edilmişdir. İddiaçının adına yenidən “məlumat vərəqi” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.18ci maddəsinə əsasən İdarəyə göndərilmişdir. Tərəflərindən Qanunun həmin maddəsinə uyğun olaraq vəzifə maaşı yenidən hesablanaraq ödənilmişdir. İddiaçının iddia tələbində əvvəlki dövrün hesablanması qanunvericiliyin tələbinə ziddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə, Qanunun 32.1-1-ci maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən “keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir”. Yuxarıda qeyd edildiyi kimi, Qanunun bu maddəsi keçmiş dövr üzrə ödənilməli olan pensiya məbləğinin yalnız vətəndaşın müraciətindən əvvəlki 3 illik dövr üçün ödənilməsinə icazə verir. Bu halda isə iddiaçının tələb etdiyi fərq məbləğinin 2001-2014-cü illəri əhatə etdiyinə görə iddia mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5013/2021 saylı 24 avqust 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, o, 1970 – 1991-ci illərdə keçmiş SSRİ-nin silahlı qüvvələrində, 1991-2001-ci illərdə Azərbaycan Respublikasının silahlı qüvvələrində hərbi xidmətdə olmuş, 2001-ci ildə xəstəliyi ilə əlaqədar ordu sıralarından tərxis olunmuşdur. Ona 2001-ci ildə pensiya hesablanarkən 787 manat pensiya hesablanmışdır. Dəfələrlə pensiyanın düzgün hesablanmaması barədə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat idarəsinə müraciət etsə də, cavab verilməmişdir. Nəhayət 2014-cü ildə müraciəti nəzərə alınmış ona 1289 manat pensiya hesablanmış, yaranmış fərq 502 manat təşkil etmişdir. Lakin pensiyasında yaranmış fərq 502 manat geriyə hesablanmamışdır. O, dəfələrlə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat idarəsinə yaranmış fərq 502 manat pulun geriyə, yəni 2001-ci ildən – 2014-cü ilədək hesablanaraq ona ödənilməsi barədə müraciət etsə də, cavab verilməmişdir. Bakı İnzibati Məhkəməsi hesab etmişdir ki, “Məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 08.oktyabr 2020-ci il tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” AR Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq edilməlidir. AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətdə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Qərarda iddia tələbinin təmin edilməsi hissəsində 3 (üç) illik geriyə hesablama müddətində məzərə alınmamışdır. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 49-cu maddəsində də qeyd edilir ki, hərbi qulluqçulara və onların ailə üzvlərinə hesablanmış və onlar tərəfindən vaxtında tələb edilməmiş pensiya məbləğləri pensiyanı almaqdan ötrü müraciət edildiyi gündən əvvəlki 3 ildən çox olmayan müddət üçün ödənilir. Pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini, apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, əvvəlki 2001-2014-cü illər üzrə olan dövrlə bağlı inzibati orqana yalnız şifahi müraciətlərinin olduğunu, yazılı müraciətinin olmadığını, yazılı müraciətinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə olduğunu bildirmişdir. Bununla bağlı iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, izahatında iddiaçı tərəfindən cavabdeh orqana 2001-ci il tarixdən 2014-cü il tarixə qədər olan məbləğin ödənilməsi ilə bağlı rəsmi müraciətin olunmadığını bildirmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və bununla bağlı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 26.01.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış 3-cü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə 3-cü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 28.01.2021-ci il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə 15.03.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “2001-ci ilin yanvar ayından 2014-cü ilin iyul ayına qədər ona aldığı pensiya həcminin fərqində olan məbləğin hesablanaraq ödənilməsinin cavabdehin üzərinə qoyulması” ilə bağlıdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin edilməsindən imtina etmişdir. Sonradan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş, lakin onun iddiası təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə görə, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Subyektiv hüquq olaraq sosial təminat hüququ, ilk növbədə, hər kəsin qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir. Bu hüquq bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndinə (2-ci abzas) əsasən, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Həmin «Qaydalar»ın 3-cü bəndinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və yahəmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Həmin «Qaydaları»ın 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Göründüyü kimi, hərbi qulluqçular sırasından olan şəxslərə pensiya təyin edilməsi zamanı həm ilkin pensiya təyinatı üçün, həm də təminat xərcliyində baş verən artımlarla bağlı pensiyanın yenidən hesablanması üçün iddiaçının xidmət etdiyi orqan tərəfindən məlumat vərəqinin tərtib olunaraq DSMF orqanına göndərilməsi tələb olunur. İş materiallarından müəyyən olunur ki, iddiaçıya ilkin olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xətti ilə 06.10.2000-ci il tarixdən əmək pensiyası təyin olunmuş, sonradan iddiaçının adına yenidən “məlumat vərəqi” “Əmək pensiyaları haqqında” Qanunun 20.18-ci maddəsinə əsasən DSMF-nun Xüsusi Hərtlərlə Təyinat İdarəsinə göndərilmişdir. Qanunun həmin maddəsinin tələbinə uyğun olaraq vəzifə maaşı üzrə pensiyası yenidən hesablanaraq iddiaçıya ödənilmişdir. Hazırda iddiaçının tələbi 2001-ci ilin yanvar ayından 2014-cü ilin iyul ayına qədər pensiya həcminin fərqində olan məbləğin hesablanaraq ödənilməsi ilə bağlıdır. Cavabdeh inzibati orqan iddiaçının tələbinə münasibətdə əvvəlki dövrün (2001-ci il) hesablanmasının qanunvericiliyinin tələblərinə zidd olması, Qanunun yeni norması ilə keçmiş dövr üzrə ödənilməli olan pensiya məbləğinin yalnız vətəndaşın müraciətindən əvvəlki 3 illik dövr üzrə ödənilməli olması, iddiaçının tələb etdiyi fərq məbləğinin isə 2001- 2014-cü illəri əhatə etməsini əsas gətirərək onun təmin edilməsindən imtina etmişdir. İş üzrə müəyyən olunur ki, cavabdeh iddiaçının “məlumat vərəqi” göndərildiyi tarixdən ona aid olan vəzifələri yerinə yetirmiş, iddiaçıya təqdim edilmiş məlumat vərəqinə uyğun olaraq pensiya hesablamışdır. İddiaçının tələb etdiyi hallar, yəni çalışdığı vəzifələrin düzgün göstərilməsi və xidmət illərinin düzgün hesablanması isə cavabdehin səlahiyyətinə aid olmayıb, Müdafiə Nazirliyinin səlahiyyətinə aiddir. Birinci instansiya məhkəməsi iddiaçının tələbinin rədd edilməsi qənaətinə gələrkən iddiaçının qeyd olunan tarixdə cavabdehə müraciətini təsdiq edən sübutları (poçt qəbzi və s.) məhkəməyə təqdim etmədiyinə, cavabdeh orqanın səlahiyyətli nümayəndəsinin də iddiaçının 2020-ci ildən əvvəlki dövrə aid müraciətlərinin İdarədə olmadığının bildirildiyinə istinad etmişdir. İş üzrə müəyyən olunmuşdu ki, iddiaçı cavabdeh orqana 2020-ci ildə müraciət etmiş, pensiyasının yenidən hesablanması barədə hazırki mübahisə həmin vaxtdan yaranmışdır. Odur ki, məhkəmə hesab etmişdir ki, cavabdeh haqlı olaraq hazırki mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1 və 37.7-ci maddələrini tətdiq etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “iddianın təmin olunmaması” ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq onu da qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il qərarında göstərilmişdir ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. İşin apellyasiya baxışı zamanı sözügedən Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il qərarında sərgilənən hüquqi mövqeyə uyğun olaraq məhkəmə kollegiyası iddiaçının tələbində göstərdiyi dövrlərlə bağlı cavabdeh inzibati orqana müraciət etməməsinin səbəblərini araşdırmış, belə müraciətin 01.07.2017-ci il tarixədək təqdim edilməməsinin nə ilə bağlı olduğu, yəni şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olduğuna dair iddiaçıya suallar vermiş, lakin məlum olmuşdur ki, iddiaçının tələbinin təmin olunması üçün qeyd olunan üzrlü hallar hazırki işdə mövcud deyil. Ayrıca olaraq Kollegiya onu da nəzərə alır ki, iddiaçı 01.07.2017-ci il tarixədək hazırda irəli sürdüyü tələblə bağlı məhz cavabdeh inzibati orqana yazılı müraciət etməsini təsdiq edən hər hansı sübutu da təqdim edə bilməmişdir, odur ki, həmin hal yenə də iddiaçının tələbinin təmin olunmasını mümkünsüz edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı təmin edilmir və məhkəmə qərarının ləğv edilib iddianın təmin edilməsi üçün əsas vermir. Bununla da Kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi ilə bağlı qərarı maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Gösrtərilənlərə əsasən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5013/2021 saylı 24 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5013/2021 saylı 24 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2-1(103)-385/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-385/2022
26.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver