Məhkəmə qərarları › İş №2-1(103)-385/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-385/2023

18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-385/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirıiyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirıiyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4092/2022 saylı 23 may 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə 18 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İş materiallarında olan Cavabdeh məxsus pensiya işində olan sənədlərdən görünür ki, Cavabdeh 21 noyabr 2005-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin sonradan cavabdeh inzibati orqan ona ödənilmiş pensiya məbləğinin geri qaytarılmasını tələb etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********3 saylı xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, ona 21 noyabr 2005-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Fondun Daxili nəzarət departamenti tərəfindən aparılmış audit araşdırmaları zamanı məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınız 530,00 manat, qulluq stajına görə əlavəniz 30,05 manat olmaqla orta aylıq əmək haqqınız 560,05 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 9 il 5 ay 15 gün qulluq stajınıza uyğun olaraq orta aylıq əmək haqqınızın (560,05 manat) 53 faizi-296,83 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2013-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində Sizə hər ay 523,33 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində Sizə 11.551,50 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3- cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 9 il 5 ay 15 gün dövlət qulluğu stajınıza görə əmək pensiyanızın hesablanılması üçün vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınızın artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 31,39 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınız 585,00 manat, qulluq stajına görə əlavəniz 33,17 manat olmaqla orta aylıq əmək haqqınız 618,17 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınız (560,05 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqınızın (618,17 manat) arasındakı fərq məbləğinin (58,12 manat) 31,39 faizi-18,24 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanızın (296,83 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanızın məbləği 315,07 manat müəyyən edilmişdir. Lakin xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində Sizə hər ay 561,14 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində Sizə 4.429,26 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınız 880,00 manat, qulluq stajına görə əlavəniz 49,90 manat olmaqla orta aylıq əmək haqqınız 929,90 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınız (618,17 manat) ilə 1 sentyabr 2019cu il tarixindən sonrakı orta aylıq əmək haqqınızın (929,90 manat) arasındakı fərq məbləğinin (311,73 manat) 31,39 faizi-97,85 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanızın (315,07 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanızın məbləği 412,92 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Sizə xx.xx.2019xx.xx.2020-ci tarixləri arasındakı dövr ərzində ümumilikdə 6.606,72 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 12.019,96 manat ödənilmişdir. Bu səbəbdən də Sizə yuxarıda qeyd olunan dövr ərzində 5.413,24 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən Sizə xx.xx.2013xx.xx.2020-ci il tarixləri arasındakı dövr 21.394,00 manat artıq pensiya məbləğinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Həmin artıq ödənilmiş 21.394,00 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. Məlumat üçün bildiririk ki, Mərkəzi Filial tərəfindən cari ilin yanvar ayından etibarən əmək pensiyanız 412,92 manat müəyyən edilməklə müvafiq kart hesabınıza köçürülür. Hazırda iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, “cavabdehə artıq ödənilmiş 21394.00 manat pensiya məbləğinin ondan tutularaq iddiaçının hesabına ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş edir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar, cavabdehə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Daxili nəzarət departamenti tərəfindən aparılmış audit araşdırmaları zamanı məlum olmuşdur ki, “Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə cavabdehin qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 530,00 manat, qulluq stajına görə əlavəsi 30,05 manat olmaqla, orta aylıq əmək haqqı 560,05 manat təşkil etmişdir. Bununla əlaqədar, əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 9 il 5 ay 15 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (560,05 manat) 53 faizi-296,83 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2013xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 523,33 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində cavabdehə 11.551,50 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar, cavabdehin 9 il 5 ay 15 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanılması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 31,39 faiz təşkil edir. “Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən onun vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 585,00 manat, qulluq stajına görə əlavəsi 33,17 manat olmaqla orta aylıq əmək haqqı 618,17 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin qeyd olunan 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (560,05 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (618,17 manat) arasındakı fərq məbləğinin (58,12 manat) 31,39 faizi- 18,24 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (296,83 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 315,07 manat müəyyən edilmişdir. Lakin xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ona hər ay 561,14 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində cavabdehə 4.429,26 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən cavabdehə vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 880,00 manat, qulluq stajına görə əlavəsi 49,90 manat olmaqla orta aylıq əmək haqqının 929,90 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (618,17 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (929,90 manat) arasındakı fərq məbləğinin (311,73 manat) 31,39 faizi-97,85 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (315,07 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 412,92 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2019xx.xx.2020-ci tarixləri arasındakı dövr ərzində ümumilikdə 6.606,72 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 12.019,96 manat ödənilmişdir. Bu səbəbdən də cavabdehə qeyd olunan dövr ərzində 5.413,24 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən cavabdehə xx.xx.2013xx.xx.2020-ci il tarixləri arasındakı dövr 21.394,00 manat artıq pensiya məbləğinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Cavabdehdən həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması məqsədilə yazılı razılığının qısa müddət ərzində iddiaçıya təqdim etməyi xahiş edilmiş və əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Lakin ötən dövr ərzində cavabdeh tərəfindən sözügedən razılıq iddiaçıya təqdim olunmamışdır. Bu səbəbdən də iddiaçı tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələblərinə uyğun qaydada “artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli, **********0 nömrəli Qərar tərtib olunaraq cavabdehin ünvanına göndərilmişdir. Lakin SS750290260 nömrəli poçt xəbərnaməsinə əsasən cavabdehin həmin ünvanda yaşamaması səbəbindən sözügedən qərar iddiaçıya geri qaytarılmışdır. Qeyd olunanları nəzərə alaraq, artıq ödənilmiş vəsaitin məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Cavabdehin əmək pensiyasının məbləği cari ilin yanvar ayından etibarən 412,92 manat məbləğində olmaqla iddiaçı tərəfindən müvafiq kart hesabına köçürülür. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4092/2022 saylı 23 may 2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və məhkəmə qərarının ləğv edilərək iddianın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə məlumat olan məhkəmə bildirişi onun göndərilməsi barədə poçt zərfinin üzərindəki qeydə əsasən «köçüb» səbəbindən geri qaytarıldığı üçün cavabdeh məhkəmə iclası barədə məlumatlandırıla bilməmiş və ona görə də məhkəmə iclasında iştirakını təmin edə bilməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin iştiakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə Cavabdeh iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının tələbi üzrə iddia müddəti mübahisələndirilmədiyindən iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı tələbi “artıq ödənilmiş 21394.00 manat pensiya məbləğinin cavabdehdən tutularaq inzibati orqanın hesabına ödənilməsi” barədədir. Bununla bağlı iddiaçı inzibati orqan tərəfindən cavabdehə məktub göndərilmiş və orada artıq ödənilmiş pul vəsaitinin könüllü büdcəyə ödənilməsi xahiş edilmişdir. Lakin cavabdeh həmin məbləğin geri qaytarılması ilə razılaşmamış və nəticədə iddiaçı orqan hazırki iddia ilə məhkəməyə müraciət etmiş, onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddiaçı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının müvafiq inzibati icraatı apararkən qanunçuluq və etimadın qorunması prinsiplərini gözləmədən qərar qəbul etməsinə, həmin qurumun hazırkı iddia tələbinin əsassız olmasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qərarında qeyd olunanlarla razılaşaraq aşağıdakıların da diqqətə çəkilməsini zəruri hesab edir. Belə ki, iş materiallarından müəyyən olunur ki, cavabdehə xx.xx.2005-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin sonradan cavabdeh inzibati orqan ona ödənilmiş pensiya məbləğinin geri qaytarılmasını tələb etmişdir. Belə ki, iddiaçının cavabdehə ünvanladığı **********3 saylı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, cavabdehə DSMF Xətai rayon şöbəsi tərəfindən təyin edilmiş yaşa görə əmək pensiyasının aparılan araşdırmalar nəticəsində artıq ödənildiyi müəyyən olunmuş və buna görə də cavabdehdən 21394 manat məbləğində artıq pul vəsaitinin geri qaytarılması tələb olunmuşdur. Göründüyü kimi, inzibati orqan tərəfindən cavabdehə xx.xx.2005-ci il tarixdən təyin edilmiş pensiyanın xx.xx.2013-xx.xx.2020-ci il tarixləri arasındakı dövr üzrə artıq ödəmələrlə aparılması ilə bağlı araşdırma iddiaçının öz təşəbbüsü ilə həyata keçirilmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə pensiyanın yenidən hesablanmasından öncə, iddiaçı tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni cavabdehə təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə iddiaçının istinad etdiyi hallara dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda cavabdehin iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, cavabdehə xx.xx.2005-ci il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə təyin edilmiş pensiya bu barədə cavabdehin xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi- cavabdehi inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə ola-ola pensiyanın yenidən hesablanması barədə inzibati akt qəbul edərkən hüquq normalarını pozaraq bu barədə iddiaçıya sadəcə məktubla məlumat verməklə kifayətlənmiş, bununla da cavabdehin qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Əlavə olaraq qeyd olunmalıdır ki, iddiaçı orqan tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli “artıq ödənilmiş pensiya məbləği haqqında” məktubunda cavabdehə təyin edilmiş pensiya ilə bağlı artıq ödəmələrin həyata keçirildiyini bildirmiş və bununla bağlı həmin 21394.00 manat artıq ödəmənin geri qaytarılmasını tələb etməklə kifayətlənmişdir. Kollegiya onu da qeyd edir ki, cavabdehə ünvanlanmış “artıq ödənilmiş pensiya məbləği haqqında” adı çəkilən məktub (i.v. 4-5) əslində, cavabdeh barəsində qanun çərçivəsində həyata keçirilə bilən inzibati icraatın nəticəsi olaraq qəbul edilmiş inzibati aktla bağlı artıq ödənilmiş pensiya məbləğinin qaytarılması barədə göndərilə biləcək “tələbnamə” qismində çıxış edir, çünki həmin məktub “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulan “inzibati akt” anlayışına və meyarlarına cavab vermir. Digər tərəfdən inzibati orqan artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması ilə bağlı cavabdehə məktub göndərsə də, həmin məsələ ilə bağlı tələb olunan 21394.00 manat artıq pul vəsaitinin hansı hesablama qaydasında hesablandığını əsaslandırmamışdır. Nəzərə alınmalıdır ki, iddiaçı orqan “artıq ödənilmiş pensiya məbləği haqqında” xx.xx.2021-ci il tarixli məktubu göndərərkən yuxarıda da qeyd olunduğu kimi, cavabdehin dinlənilmə hüququ ilə yanaşı, inzibati icraatın qanunamüvafiq aparılması qaydalarını da pozmuşdur. Həmçinin iddiaçının tələb etdiyi artıq ödəmənin cavabdehin təqsiri üzündən aparılması faktı da iş materialları ilə müəyyən olunmur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının “artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” barədə iddiasının təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı inzibati orqanın apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4092/2022 saylı 23 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar